Azərbaycan
dilinin tarixi inkişafına aid möhtəşəm
dilçilik əsəri və yaxud 16 il bundan əvvəl
imzalanmış Fərmanın gur işıqları
Ölkəmizin orta və ali məktəblərində
Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni
inkişaf tariximizin tələblərinə cavab verən tədrisi
işinin təkmilləşdirilməsinə ehtiyac vardır.
Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir.
Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir. Kino və televiziya ekranlarında Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşağıdır. Azərbaycan Respublikasının xarici siyasət sahələrində, xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir.
Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyildir. Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur.
Azərbaycan dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və sair lüğətlərinin yenidən latın qrafikası ilə hazırlanıb çap olunması, ikidilli tərcümə lüğətlərinin tərtibi və nəşri məsələləri yubadılır. Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir. Bütün bu və digər məsələlərin əlaqələndirilməsi və tənzimlənməsinin, onların həlli prosesinə nəzarətin vahid mərkəzləşdirilmiş bir qurum tərəfindən həyata keçirilməsinə ehtiyac vardır.
Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılsın. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, komissiya haqqında əsasnaməni bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirsinlər və 2001-ci il avqustun 1-ə qədər ilkin nəticələr haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirilsin və müvafiq təkliflər proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə latın qrafikası ilə yenidən çap olunması təklif olunan elmi və bədii əsərlərin, lüğət və dərsliklərin çap proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
6. Azərbaycan Milli Elmlər Akademiyası bir ay ərzində Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə elmi araşdırmaların cari və perspektiv planlarına yenidən baxıb təsdiq etsin və onların yerinə yetirilməsinin gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.
7. Respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki: – Yerlərdə istifadə olunan lövhə, reklam tabloları, şüarlar, plakatlar və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılması baxımından tədbirlər görsünlər və bu tapşırığın yerinə yetirilməsi haqqında 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə arayış versinlər; – Yerlərdə Azərbaycan dilinin və latın qrafikasının tətbiqi işinə nəzarəti gücləndirsinlər və bu işin gedişi barədə 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, əcnəbi ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış kino və televiziya məmulatının Azərbaycan dilinə dublyajı işinin lazımi səviyyədə qurulması və ölkə ərazisində xarici kino və telefilmlərin Azərbaycan dilində nümayiş etdirilməsi məsələləri barədə təkliflərini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: – Ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etsin; – Azərbaycan Respublikasında Dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara, latın qrafikasının tətbiq olunmasına maneələr törədilməsinə görə məsuliyyət növlərini müəyyən edən Qanunvericilik aktının layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; – Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001-ci il avqustun 1-ə qədər təmin etsin; – Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 iyun 2001-ci il
**************
Fərmanın imzalnmasından sonrakı illər ərzidə ölkəmizdə dilimizin tətbiqi işinin təkmilləşdirilməsi yolunda çox böyük əhəmiyyətli işlər görülmüş, ictimai və bədii fikir tariximiz üçün önəmli hadisə olan dil materiallarının latın qrafikalı əlifba ilə çap edilməsində inqilabi işlər görülmüş,söz sənətimizin gücü və qüvvəsi artmışdır.Azərbaycan dilinin həm yazılı,həm də şifahi variantları zənginləşmişdir.
Bu gün Azərbaycan dili ortaq türk dili kimi işlənməkdə daha önəmli görünür.
Mən istərdimdim ki, Fərmandan irəli gələn bir sıra məsələlər daha sürətlə həll edilsin.Bu məqsədlə “Ziya” qəzetinin latın qrafikası ilə transliterasiya olunması məsələlərinə bir daha yüksək elmi səviyyədə baxılsın.
“Ziya” qəzetinin ransliterasiyadan kənarda qalan ilk 46 nömrəsi də topluya daxil edilsin.Səid Ünsizadənin dərslik və risalələri oxucuların stolüstü kitabı kimi hər bir azərbaycanlının mütaliəsinə yönəldilsin.
Şamaxıdakı Ali Pedaqoji Universitetə Səid Ünsizadənin adı verilsin. Belə ki,1884-cü ilin əvvəllərində Şamaxıda yenidən uberniya Məclisinin sədri və qazı kimi fəaliyyətə başlayan S.Ünsizadənin işıqlı arzularından biri də məhz burada -Şamaxıda universitet açmaq idi.Bu münasibətlə S.Ünsizadənin əqidə və məslək dostu şair S.Ə.Şirvani dostuna həsr etdiyi qəsidəsində yazırdı;
Düşüb ol fikrə kim,Şirvani bir darülfünun etsin,
Qiraətxanə açsın,nəşr qılsın elmi-ədyani.
( “Ziyayi-Qafqasiyyə” qəzeti,1884, N4).
Ali məktəblərin hümanitar fakültələrində Mirzə Kazım bəyin kitabları əsasında xüsusi kurslar keçirilsin.
Ərəb əlifbalı yazılarımızın oxunmasını asanlaşdırmaq yolunda əməli işlər görülsün.
Biz dünyanın bütün türk xalqları ilə dilçilik əlaqələmizi daha da gücləndirməliyik.
Təkliflər çoxdur.Yəqin ki,oxucuların da bu məsələdə səmərəli təklifləri olacaqdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin
sabiq kafedra müdiri və müəllimi,
Respublika Prezidentinin aylıq təqaüdçüsü.
türkoloq.
Olaylar.-
2017.-22 iyun.- S.12.