İnsan hüquq və
azadlıqlarının müdafiəsi Azərbaycanın ən
ali məqsədidir
Dünyanın inkişaf etmiş və demokratik ölkələrinin yaranışından və quruluşundan bu günə qədərki tarixinə nəzər salsaq görərik ki, hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Çünki demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Insan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyi, bu cəmiyyətin təməl qanunları isə insan hüquqlarıdır. Ona görə də prezidentdən tutmuş adi vətəndaşa qədər hər kəs bu hüquqların gözlənilməsi üçün məsuliyyət daşıyır. Demokratik cəmiyyətdə bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin və onların bərabər və ayrılmaz hüquqlarının tanınması azadlıq, ədalət və ümumi sülhün əsasıdır. Demokratik dövlətdə isə insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin edilir, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaradılır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Insan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Ona görə də ölkəmiz müstəqillik qazandıqdan sonra əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Müstəqil Azərbaycan Respublikası bu gün dünya birliyinin tamhüquqlu üzvü kimi demokratik, hüquqi və dünyəvi dövlət yolu seçib, insan hüquqları üzrə əsas beynəlxalq konvensiyalara qoşulub, ölkəmizdə insan haqlarının təmin edilməsi sahəsində zəngin qanunvericilik bazası yaradılıb. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib. Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması, ölkəmizdə hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquq və azadlıqlarının reallığa çevrilməsi isə müstəqil dövlətimizin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ulu Öndərimizin ölkəmizə rəhbərliyi dövründə insan hüquq və azadlıqları sahəsində ardıcıl tədbirlər görülüb, normativ-hüquqi baza formalaşdırılıb, insan hüquq və azadlıqları ən ali dəyər kimi dövlətin prioritet məqsədləri sırasına daxil edilib.
Hüquqşünas İlkin Mustafayev bildirir ki, Ümummilli Liderimizin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanıb, yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilib: "Konstitusiyanın 48 maddədən ibarət III fəsli bütövlükdə insan hüquq və azadlıqlarına həsr olunub. Əsas qanunun 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir, bu hüquqları və azadlıqları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulur. Bir sözlə, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşması vasitəsilə xalqın hakimiyyət funksiyasının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və bu kimi digər məsələlər əsas qanunumuzun mahiyyətini təşkil edir. Bir sözlə, ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbulu Azərbaycanda hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə Heydər Əliyevin ölkə Prezidenti olaraq, 22 fevral 1998-ci il tarixdə imzaladığı fərmanda insan hüquqlarının müdafiəsinə dair dövlət proqramının layihəsinin, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması və digər məsələlər öz əksini tapıb. Ulu Öndərimizin bu fərmanından irəli gələn vəzifələri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə imzaladığı 18 iyun 1998-ci il tarixli sərəncamı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramında İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması və digər mühüm məsələlər nəzərdə tutulub. Ümumiyyətlə, Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olub. Dövlət quruculuğu tarixində ilk dəfə olaraq Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi təsbit olunub. Çünki Konstitusiyanın bir fəsli bütünlüklə əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilib".
İlkin Mustafayev əlavə edir ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı gündən üzübəri insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması dövlətin ən ümdə siyasi xəttinə çevrilib. Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Hüquqşünas vurğulayır ki, dövlət başçısı tərəfindən hər il insan hüquq və azadlıqlarının təminatı istiqamətində də kompleks tədbirlər həyata keçirilir: "Bunun nəticəsidir ki, bu gün sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycan Respublikası beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilib. Uzun illərdir, dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdən ölkəmizin hazırda BMT ilə əlaqələri yüksək səviyyədə davam etdirilir. Aydın siyasi iradənin, çağdaş hüquqi dövlət quruculuğu işində qısa müddətdə mühüm uğurlar əldə edilməsinin, cəmiyyət həyatının bütün sferalarını əhatə edən demokratik islahatların qətiyyətlə və ardıcıl həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib. 2006-cı ilin mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın bu quruma üzv seçilməsi ölkəmizin əldə etdiyi ən mühüm nailiyyətlərindən biridir. Azərbaycan-BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə isə 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi olub. İnsan hüquqlarının qorunmasını və inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə 26 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı", 2011-ci il dekabrın 27-də isə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilib. İnsan hüquqları sahəsində dövlət siyasətinin konkret istiqamətlərini müəyyənləşdirən bu sənədlər, əsasən, yeni mexanizmlər müəyyənləşdirərək həyata keçirilib. Bütün bunlar da Azərbaycanın demokratik cəmiyyətin və hüquqi dövlətin yaradılmasında maraqlı olmasının bariz nümunəsidir".
Hüquqşünas Kamran Məmmədov deyir ki, insan haqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalar, eləcə də Azərbaycan daxilində qəbul edilən qanunların hamısı insanın söz azadlığına, fikir plüralizminə xidmət edir: "Bu, ona verilən hüquqdur. Bu hüquqdan onun istifadəsinə isə dövlət təminat verir. Hər bir Azərbaycan vətəndaşının Konstitusiya çərçivəsində hüquqları qorunmalıdır və qorunur. Onun seçmək və seçilmək, etiraz etmək, KİV-də və istənilən tribunalarda öz fikrini azad şəkildə cəmiyyətə çatdırmaq hüququ bu sənədlərlə tənzimlənir".
Ekspert Ramil Süleymanov isə qeyd edir ki, son illər Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə kifayət qədər iş görülüb. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən layihələr və onların icrasına xərclənən vəsaitlər, qəbul edilən qanunlar, mövcud qanunlara edilən əlavə və dəyişiklilər öz bəhrəsini verməkdədir: "Xüsusilə də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq olunması haqqında" sərəncam bu istiqamətdə görülən bütün işlərin keyfiyyətini və əhatə dairəsini artırıb. Bunun nəticəsidir ki, əvvəlki illərlə müqayisədə artıq insanlar öz hüquq və azadlıqlarını daha aktiv müdafiə edə bilirlər. Qanunlarımız Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə də hərtərəfli şərait yaradıb. Yəni, qanunlarımız, dövlət başçısı tərəfindən təsdiqlənmiş sərəncam və fərmanlar vətəndaş cəmiyyəti inistitutlarına Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə aktiv fəaliyyət göstərməyə geniş imkan verir. Xüsusilə də ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin edilməsi, gənclər təşkilatının fəaliyyətlərinin daha da gücləndirilməsi, seçkili və dövlət idarəetmə orqanlarında gənclərin daha geniş kütləsinin təmsil olunması, regionlarda yaşayan gənclərin təşkilatlanması, gənc liderlərin və gənclərin siyasi düşüncə tərzinin formalaşması məqsədilə bir sıra işlər görülür".
Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqları sahəsində yeni-yeni uğurlara imza atır. Çünki ölkəmizdə həyata keçirilən hüquq islahatları, ilk növbədə, qanunçuluğun daha da möhkəmlənməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına hesablanıb. Ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi isə bu sahədə daha yüksək nəticələrin əldə olunmasına imkan yaradacaq.
Nahid Canbaxışlı
Olaylar.-
2017.-21 iyun.- S.14.