Plagiat qalmaqalına faktlarla cavab
Təhsil Nazirliyinin müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda yaradılmış işçi qrupunun rəyi ilə sizləri tanış edirik. 10-cu sinif "Azərbaycan tarixi" dərslik layihəsi ilə bağlı keçən yazımızın davamı olaraq yeni plagiat nümunələrini, elmi qüsurları və uyğunsuzluqları təqdim edirik.
Bu yazıda növbəti 3 plagiat nümunəsi ilə tanış olun:
1. Qeyd edək ki, dərslik layihəsinin 94-cü səhifəsində monqolların Azərbaycana birinci yürüşü "təhlil" edilib. Sizlərə 2009-cu ilin 8-ci sinif "Azərbaycan tarixi" dərsliyindən eyni mövzunu fotolarla təqdim edirik. Eyni mətn olduğu kimi 8-ci sinif "Azərbaycan tarixi"nin (2009) 42-ci səhifəsindən mənimsənilib və yeni dərsliyə əlavə edilib (Bax: ).
2. Eyni dərslikdən bir daha müəllif hüququnu tapdalayaraq mətn götürülüb və yeni dərslik layihəsinə əlavə edilib. Layihədə səhifə 118-də verilmiş Şəki hakimliyi və Oyrat nəsli haqqında mətn də eynilə 8-ci sinif "Azərbaycan tarixi"nin (2009) 66-cı səhifəsindən mənimsənilib. (Bax: foto)
3.Növbəti plagiat: layihənin 119-cu səhifəsində verilmiş Səfəvi Ordeni haqqında məlumat eynilə 8-ci sinif "Azərbaycan tarixi"nin 66-cı səhifəsindən köçürülüb. (bax: foto)
Göründüyü kimi, fakt faktlığında qalır: dərsliyi "təhlil" edib rəy verən ekspertlər plagiat dərsliyə (tenderi qazandığı üçün artıq layihə deyil, dərslik də deyə bilərik) yüksək bal veriblər. Əslində o yüksək qiymət köhnə dərsliklərin müəlliflərinə "verilib". Qeyd edim ki, dərsliklərin qiymətləndirmə prosesində ekpertlərin rəyi nəşriyyata göndərilir, rəyə əsasən dərslik layihəsi məcazi mənada desək, cilalanır və sonda ictimai rəy üçün portalda yerləşdirilir. Demək istəyirik ki, bizə təqdim olunan layihə "cilalanmış" layihədir.
Təhlil zamanı çox təəssüf doğuran və nəinki Azərbaycan tarixi konsepsiyasına zidd, hətta heç bir milli, etnik, elmi dəyərlərə sığmayan bir cümlə ilə rastlaşdıq. Dərslik layihəsinin 43-cü səhifəsində yazılıb: Alban tarixçisinə görə, o, (yəni Urnayr) "böyük müharibələrdə sələflərinin şanlı adına varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər" idi. Bununla siz şagirdlərə nə təbliğ edirsiniz? IV əsrdə Ermənistan adlı dövlət var idi? Məlumdur ki, mənbə Musa Kalankatlıya əsaslanır. Şagirdlərə təqdim ediləcək başqa mənbə yoxdur? Mənfur qonşuların tarixini qədim dövrə çəkməklə, gələcəyimiz olan şagirdlərə bunu yeritməklə nəyə nail olmağa çalışırsınız? Sizin müraciət etdiyiniz mənbə və elmi iddialar haqqında elmi müstəvidə hələ də mübahisələr bitməyib. Dərslik şəxsi mövqe yeri deyil. Əgər siz IV əsrdə Ermənistan adlı dövlət olduğunu qəbul edirsinizsə, bu sizin öz işinizdir. Əgər erməni çarlığını nəzərdə tutursunuzsa, onun Azərbaycana heç bir aidiyyatı yoxdur. Bilməlisiniz ki, sizin dərsliyin rus dilindəki variantından (dərsliklər çap olunduqdan sonra pdf formatında portallara yerləşdirilir) mənfur qonşular həmin cümləni götürüb bütün internet portallarında yayıb sübut edəcəklər ki, artıq Azərbaycan dərsliklərində də "qədim böyük Ermənistan"ın varlığı etiraf edilir. Beləliklə, siz saxta Ermənistan tarixinə haqq qazandırmış olursunuz.
Elmi qüsurlara gəldikdə isə növbəti "yenilikləri" təqdim edirik. Həmmüəllifi olduğum 7-ci sinif "Azərbaycan tarixi" (2016) dərsliyində haqlı olaraq Sacilər dövlətinin yaranma tarixi 898-ci il verilib. 2014-cü il nəşrində bu fakt 879-cu il verilsə də monitorinqlərdə (keçmiş TQDK-da) səslənən qeydləri, elmi araşdırmaları nəzərə alaraq bu məsələyə yenidən baxıldı və Sacilər dövlətinin yaranma ili 898-ci il olaraq verildi. Yeni dərslik layihəsində bu tarix 879-cu il verilib. Təbii ki, müəlliflər köhnə dərsliklərə əsaslanıblar (Bax: 7-ci sinif "Azərbaycan tarixi" (2011) səh. 108).
Maraqlıdır ki, bu faktın 898-ci il verilməsi Təhsil Nazirliyinin dərsliklər şöbəsinə çoxlu sayda məktubların gəlməsinə səbəb olub. Təbii ki, cavab vermək və əsaslandırmaq üçün həmin məktublar biz - müəlliflərə yönləndirilib. Biz isə öz növbəmizdə iradlara əsaslandırılmış cavablar vermişik.
Məktubların hər birində tarix müəllimləri mənbə olaraq köhnə dərslikləri göstərirlər. Lakin hər bir fənn müvafiq olaraq elm sahəsinə əsaslanır. Dərslik vəsaitdir, mənbə deyil.
Bu
mübahisələrə son qoymaq üçün mənbəyə
əsaslanaq. "Azərbaycan tarixi"
(7 cilddə) külliyatında yazılır:
"Əbu-s-Sacın böyük oğlu Məhəmməd ibn
Əbu-s-Sac 879-cu ildə Məkkə və Mədinə şəhərlərinin
hakimi, Məkkə yolunun
rəisi, 882-ci ildə Ənbərin canişini,
Fərat və Rahba yollarının rəisi
təyin olunur. Sonradan o,
Mosul hakimi, Kinnəsrin
və başqa şəhərlərdə
canişin vəzifələrini icra edir. . . 898-ci ildə xəlifə,
Məhəmməd Afşin ibn Əbu-s-Sacı nəinki Azərbaycanın,
eləcə də Ərminiyənin canişini
təyin edir" (Bax:
Azərbaycan tarixi. 7 cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı,
"Elm", 2007, səh. 238-240).
Qeyd edim ki, Ərməniyyənin indiki ermənilərlə,
haylarla heç bir əlaqəsi yoxdur.
Hörmətli 10-cu sinif "Azərbaycan tarixi" dərsliyinin müəllifləri, siz şagirdlərə ziddiyyətli
faktlar təqdim edirsiz. Bunun yaradacağı digər
mühüm problem isə,
gələcəkdə qəbul
imtahanlarının sualları
olacaq. Abituriyentlər çıxılmaz vəziyyətdə qalacaq.
Elmi qüsur və uyğunsuzluqlar bununla da bitmir. Dərslik layihəsində
xalqın təşəkkülü
sxemində din birliyi verilməyib. Mövzuda
din birliyinin əhəmiyyəti
vurğulanmayıb. Halbuki VII əsrdən
İslam dininin Azərbaycanda yayılması
xalqın təşəkkülü
prosesini sürətləndirən
ən mühüm amildir. Bunu inkar etmək
nə dərəcədə
doğrudur?
Layihədə səhifə
48-də belə bir fakt verilib: "644-645-ci illərdə azərbaycanlılar
ərəblərə qarşı
üsyan qaldırdılar".
Hansı
mənbəyə, elmi
araşdırmaya əsasən
azərbaycanlılar yazmısınız?
Nəzərinizə çatdırım ki, VII əsrdə azərbaycanlılar adlı
xalq, millət və ya tayfa
yox idi. VII əsrdə Azərbaycan
türk xalqının
formalaşması prosesi
başa çatmaqda idi.
Metodika haqqında müəlliflərə
və ekspertlərə
suallarımız var. Bir
mövzuda 24 xronolji anlayış vermək olarmı? Dərslik layihəsində mövzularda xronoloji faktlar saymaqla bitmir. 19, 20, 21, 24 xronoloji fakt verilmiş paraqraflar var. Şagirdləri faktoloji yükləməklə kurikulumun
hansı standartlarını
yerinə yetirmiş olursunuz?
Əksər oxucuların bilmədiyi bir məqama toxunmaq istəyirəm. İstər ekspertlərin
kimliyi, istərsə də dərslik layihələri müəlliflərinin
kimliyi gizli saxlanılır. Buna səbəb obyektivliyi qorumaqdır. Görünür, hal-hazırda da bizim işçi qrupunun yazılarına cavab verilməməsinin səbəbi də məhz onların hələ də gizli saxlanılmasının
vacibliyidir. Əslində bizim məqsədimiz polemika yaratmaq deyil, gələcəkdə
dərsliklərlə bağlı
yarana biləcək problemlərin qarşısını
almaqdır. Hər
bir təhsil işçisinin, fənn müəllimlərinin, dərslik
müəlliflərinin məqsədi
eynidir: islahatlarla inkişafa nail olmaq. Təhsil elə bir sahədir
ki, o daim inkişaf etməlidir, köçürmələrlə yerində saymamalıdır.
Leyla Hüseynova
Tarixçi-alim
Olaylar.-
2017.-23 iyun.- S.13.