Elçibəy işığı

 

ELÇİBƏY haqqında yazmaq, onun barəsində söz demək çox çətindir. ELÇİBƏY ucalığına aşağıdan yuxarı boylanan adam onun layiq olduğu kəlmələri yazmaq üçün söz axtarışına çıxmalıdır. Və bu axtarışın nəticəsinə uyğun fikir bildirməlidi.

Əbülfəz Elçibəy haqqında yazmaq bir şərəf işidi, həm də məsuliyyətdi. İnsan onun adını dilinə gətirəndə belə ucalır, paklaşır, mənəvi rahatlıq tapır. İndi bu sətirləri yaza-yaza məhz həmin dinclik, rahatlıq, mənəvi paklıq demək olar ki, bütün ruhuma hakim olub. Bütün varlığımla ELÇİBƏY ucalığına, ELÇİBƏY sadəliyinə köklənmişəm...

Dahilərin doğum günü bəlli olsa da, ölüm günləri məlum olmur. Dahilik təkcə nəsə ixtira edib, nəyisə kəşf etmək, yaxud da bəşəriyyət üçün gərəkli olanı yazıb-yaratmaq deyil ki?! Ən böyük dahi milləti, xalqı üçün, qoynunda doğulub, uyuduğu torpağı üçün təmənnasız xidmət edəndi. Dahilik həm də gözlərini geniş açaraq yer üzündəki bütün olan-qalan gözəlliyi su kimi içmək, dünyaya heyrət, təəccüb və maraq dolu baxışlarla baxmaq, nəyicə dəyişmək gücünə malik olmaq, haradan gəldiyini, hara getdiyini, kim, nəçi olduğunu unutmaq, sevdiklərini və səni sevməyənləri təmənnasız olaraq qucaqlayıb bağrına basmaq, ürəyinə yerləşdirməyi bacarmaqdır.

Azərbaycan Milli-Azadlıq Hərəkatının başçısı, onun hərəkətverici qüvvəsi Əbülfəz Elçibəy bütün bu parametrləri öz ömründə yaşadan, gözü-könlü tox, təmənnasız bir dahi idi. Bu gün Elçibəy bütöv bəşəriyyətin müqəddəsliyi qarşısında baş əydiyi Peyğəmbər qədər onun da ruhunun qarşısında əyilə biləcəyimiz, məkr və biclikdən uzaq bir şəxsiyyət zirvəsindədir.

Həyatda hər dövrün öz xarakteri, öz yaşantıları var. Kim ki, əyilib sınmaq hesabına olsa da dövrün xasiyyətinə uyğunlaşır, dövr onu bağışlayır. Kim ki, uyğunlaşa bilmir, dövr ona qarşı amansız olur, hər maddiyyəti onun əlindən alır. Yalnız qəlbindəki millət sevgisinə, vətən eşqinə, uca və təmiz məvəviyyatına, böyük ideallarına, gələcək arzularına toxuna bilmir. Əbülfəz Elçibəy yaşadığı dövrün tələbi qarşısında əyilmədi, sınmadı. Dövr ona qalib gələ bilmədi. Çünki dövran onun qəlbindəki azadlıq yanğısını, azadlıq atəşini söndürmək gücündə deyildi, ola da bilmədi.

O insan xoşbəxtdir ki, dünyasını dəyişəndən sonra da müəyyən bir müddət bu dünyada "yaşayır". Yəni, ən azı, onun doğmaları və əzizləri xatirəsini yaddaşlarından uzun müddət silmir, adını unutmur. Əbülfəz Elçibəy Azərbaycan xalqının yaddaşına öz ideyaları, azadlıq eşqi, mənəviyyat ucalığı ilə əbədi hopdu. Onu yaddaşlardan silmək sadəcə, mümkün deyil.

Əbülfəz Elçibəy bir alov idi. O, canından çox sevdiyi Türk Dünyasının, Turan Dövlətinin, doğma vətəninin və xalqınınm yolunda yandı, şam kimi gilə-gilə əridi. Biz bu yanan alovun işığını gördük, istisinə də qızındıq. Nə xoşbəxtik!

Elçibəy bütün vardan da, dövlətdən də, vəzifə kürsüsündən də ucada duran bir Şəxsiyyət idi. O, Vətəninin Məcnunu, Türk dünyasının dəli-divanəsi idi. Məcnundan bircə fərqi var idi: Məcnun cəmiyyətə şəxsi arzusunun fövqündən baxırdısa, Elçibəy əksinə, cəmiyyətin fövqündən öz istək və arzularına baxırdı. Bütöv Azərbaycan idealını həyata keçirib ona çatmaq üçün yollar axtarırdı.

Bəziləri onun haqqında "zəif adam idi" deyirlər. Mən bilmirəm, daha doğrusu, dərk etməkdə çox zorlanıram ki, böyük ideal sahibinə, təmannasız dahiyə "zəif adam" adını necə demək olardı? "Zəif adam" dünyanı lərzəyə gətirən, nəhəng sovet imperiyasına asi çıxa bilərdimi? "Zəif adam" DTK zindanına düşə bilərdimi? "Zəif adam" bütöv bir xalqın, bir millətin, nəhayət Vətənin ağrı-acıları ilə nəfəs ala bilərdimi? Yox, Əbülfəz bəy zəif olmayıb. Allah sevdiyi, istədiyi bəndəsinə verdiyi ən gözəl, ən ali dəyərləri ona vermişdi. O bütün varlığı ilə xalqına, millətinə bağlı idi və Azərbaycan üçün həyata keçirmək istədiyi ideyalarla nəfəs alırdı.

O, Vətən sevgisindən doğulmuşdu. Mən Elçibəyin Vətən, xalq, millət sevgisindən o yana bir sevgi tanımıram. Onun sevgisi heyrət doğuran sevgi idi.

Sağlığında az qala ona pataloji nifrət edənlər belə illər öncə bu Şəxsiyyətin ölümünü həyəcansız qarşılaya bilmədilər. Çünki o, adi biri olmadığı kimi ölümü də adi qarşılana bimədi.

Bu gün ELÇİBƏYİN doğum günüdür, 79 yaşı qeyd olunur. Bu gün o, cismani olaraq həyatda yoxdur. On yeddi ildir onu sevənlər, divanəsi olanlar Elçibəy yoxluğunun kədərini çiyinlərində daşıyırlar. Lakin bu "yük" digər yüklərdən fərqli olaraq bir kimsəni incitmir. Çünki hər bir Azərbaycan türkünün içindəki Elçibəy işığı onun əlindən tutub zülmətdən çıxararaq azadlığa aparır.

Bu gün içimizdə xoşbəxt bir işıq yanır və o İŞIQ heç zaman sönməyəcək. Ona görə xoşbəxtik ki, ƏBÜLFƏZ ELÇİBƏYLƏ bir zəmanədə yaşamış, onunla bir əsrdə doğulmuş, bu Vətən və azadlıq pərvanəsinin nurlu əməllərinin şahidi olmuşuq.

Mən illərdi Allahın xoş saatda yaratdığı bir insan olaraq bu fədaini şəxsən görmək və tanımaq xoşbəxtliyini yaşayıram. Nə gözəldi!..

 

Züleyxa Nadir

 

Olaylar.- 2017.- 24-29 iyun.- S.14.