Dostluq və zəfər nəğməkarı
Qədim
Türküstanın bağrını doğma Azərbaycan
sazının-sözünün nəfəsi heç vaxt tərk
etməmişdir. Görkəmli şair və dramaturq Maqsud
Şeyxzadədən (1908-1967) sonra qardaş Özbəkistanda
onun ənənələrini layiqincə davam etdirən
başqa bir soydaşımız şair, tərcüməçi
və ədəbiyyatşünas Akif Azalpdır. O, 1954-cü
ildə Şahbuz rayonunun Nursu kəndində doğulmuş,
1971-ci ildə orta məktəbi Qızıl medalla bitirərək,
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olmuşdur. 1974-cü ildə təhsilini davam etdirmək
və bir tərcüməçi-türkoloq kimi yetişmək
üçün dövlət xətti ilə Daşkənd
Dövlət Universitetinin filologiya fakültəsinə
göndərilmişdir. Fərqlənmə diplomundan sonra
Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat
İnstitutunun aspiranturasını (1979-1982) uğurla başa
vurub, həmin institutun müxtəlif
şöbələrində elmi işçi kimi fəaliyyət
göstərmişdir.
Akif Azalp indiyə qədər Azərbaycan və özbək dillərində ərsəyə gələn yüzlərlə şeir və tərcümələrin, bir sıra poema və balladaların("Türkmənçay", "Habil", "Paytaxt", "Olimp", "Məva", "Nuhçıxan", "Müsyö Feniks", "Özbəknamə" və s.), "Mələklərin eşqi" adlı mənzum-musiqili dramın, bir neçə şeir və tərcümə kitablarının("Sabahın işığı", "Turan havası", "Krım-tatar xalq şeirindən seçmələr", "Özbək xalq şeirindən seçmələr" və s.), eləcə də, "Türkdilli poeziyada tuyuq(janrın poetikası və tarixi)", "Bədii ideal və tarixi həqiqət(problemin nəzəriyyəsinə dair)", "Dahinin zövqü və zövqün dahisi", "Turanın qürur zirvəsi və birlik rəmzi", "Əsrlərin romanı - nəsillərin manifesti("Bir gəncin manifesti"nə yeni baxış)", "Bədii həqiqətin gücü( yaxud "Daş yuxular"dakı Tülkü obrazının məğzi)", "Daş yuxular"ın daşnak suyumu", "Ömər Xəyyamın bir rübaisi və Nuh tufanının tarixi", "Yüz ilin tənhalığı" yox, "Tənhalığın yüz ili!(yaxud böyük adlar təsadüfən seçilmir)" və s. kimi elmi tədqiqat və məqalələrin müəllifidir. Hal-hazırda "Məzhəkədən mərsiyəyə gedən yol("Gorus - 2010..." və "Daş yuxular")" adlı tədqiqatla yanaşı, "İstiqlalnamə" adlı poema üzərində çalışır. Akif Azalp yaradıcılığında xüsusi yer tutan idman dəyərləri və Olimpiya ideallarının tərənnümü ümumən çağdaş poeziyada böyük yenilik kimi qiymətləndirilir.2005-ci ildə bədii uğurlarına görə paytaxtımızda keçirilən I Beynəlxalq Bakı konfransında Azərbaycan Yazıçılar Birliyinin mükafatına, 2014-cü ildə birillik Prezident təqaüdünə layiq görülmüşdür.Təsadüfi deyil ki, Akif Azalp vaxtında öz istedadı ilə Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar, Nəriman Həsənzadə, Fikrət Qoca, Sabir Rüstəmxanlı kimi Azərbaycan və Camal Kamal, Azad Şərəfəddinov, Abdulla Arif, Rauf Pərfi, Şükür Xalmirzə, Osman Əzim kimi Özbəkistan xalq şairləri və yazıçıları tərəfindən etiraf olunmuş sanballı söz adamıdır. Onun haqqında və iştirakı ilə hər iki ölkədə bir neçə sənədli telefilm çəkilmişdir.
Akif Azalpın qardaş ölkədəki fəaliyyətinin bir hissəsi (1986 - 2005) qeyrətli özbək ziyalıları ilə birlikdə Özbəkistandakı erməni lobbisinə qarşı ciddi və ardıcıl mübarizədən ibarət olub.Onun öz vaxtında Qdlyan və Melkumovlara qarşı özbəkcə yazılmış və çoxsaylı mitinqlərdə oxunmuş "Özbək nidası" (1986-1991) adlı poetik triptixi türkdilli ədəbiyyatlarda böyük əks-səda yaratmış, çoxsaylı ithaf və nəzirələrə qaynaq olmuşdur. Uzaq illərdən bəri "Azərbaycan ədəbiyyatının Özbəkistandakı və özbək ədəbiyyatının Azərbaycandakı səfiri" (Anar) kimi tanınan Akif Azalpın xalqımızın qəlbinə həmnəfəs olan iki şeirini oxucularımıza təqdim edirik.
Olaylar.- 2017.- 24-29 iyun.- S.12.