“Azərbaycan dünyanın, xüsusilə

də islam aləminin əksər dövlətlərindən

daha azad mətbuata sahibdir”

 

Azərbaycan mətbuatının inkişaf dinamikası günü-gündən artmaqda davam edir. Məhz müstəqil mətbuatın inkişafı ölkədə söz və fikir azadlığnının təminatçısı kimi çıxış edir. Müsahibimiz "Həftə içi" qəzetinin əməkdaşı Vüsal Tağıbəylidir.

 

- Azərbaycanda mətbuatın vəziyyətini necə dəyərləndirirsiniz?

- Hazırda Azərbaycan mətbuatı müəyyən mənada sıxıntılı dövrünü yaşayır. Medianın reklam bazarı zəif olduğundan müstəqil mətbuatın sürətli inkişafında çatışmazlıqlar yaşanır. Jurnalistlərin əmək haqları isə indiki bazar qiymətləri ilə müqayisədə bir qədər aşağıdır. İllərlə əmək sərf edən bir çox jurnalist aşağı maaş qarşılığında işləməkdə davam edir. Belə vəziyyət mətbuatın inkişaf tendensiyasına da təsirsiz ötüşmür. Peşəkarlıq baxımdan da qeyri-müəyyən vəziyyət yaranıb. Bunun əsas səbəbkarı isə, bizim də bilmədən içinə düşdüyümüz, sadəcə xəbərçilikdir. Yəni tanınan agentliklər də daxil olmaqla, saysız-hesabsız saytlar fəaliyyət göstərir ki, müxtəlif tədbirlərdə gənc müxbirlərini biz də görürük. İnandırım ki, insanlar adi jurnalistikadan anlayışlı deyillər. Deməli bunlar işə alınarkən nəyə fikir verilir: dil bilir, ora-bura qaçıb işıqlandıra biləcək, vəssalam. Yəni o bunu dedi, bu onu dedi, belə jurnalist olmaz. Jurnalist reportaj yazmağı, dinamik müsahibə eləməyi, analitik fikir yürütməyi, yazarı olduğu konkret sahənin hadisələrini izləyərək, lazım olanda şərh verməyi bacarmalıdır. Qəzet məktəbi keçməyən jurnalistlərin böyük hissəsi bunların hamısından məhrumdur.

- Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə müsbət təsir göstərib?

- Mətbuatda fikir və söz azadlığı məsələsinə ümumilikdə yanaşanda, bu gün Azərbaycan dünyanın, xüsusilə də islam aləminin əksər dövlətlərindən daha azad mətbuata sahibdir. Mən çox ölkənin media təmsilçiləri, hətta siyasi və iqtisadi sahələrin nümayəndələri ilə sıx əlaqədəyəm. Çoxlu misal göstərə bilərəm. Biz hər zaman Avropa İttifaqına daxil olmağa çalışan qardaş Türkiyədən öyrənməyə çalışırıq. İndi baxın ki, türk mediasının nəhəngləri - "Cümhuriyet", "Sabah", "Hürriyet", "Milliyet"t, "Posta", "Yeni Akit", "Yeni Şafak"," İnternethaber", CNN Türk və sair kimi tirajlı qəzet və saytları, telekanalları hərəsi bir qütbə xidmət edir. "Hürriyet" qəzetində cürət varsa CHP-ni tənqid eləsin, görək edə bilərmi. Yaxud "Yeni Şafak" dindarları, "Milliyyet" iqtidarı tənqid edə bilərmi, əlbəttə yox. Alman qəzetləri bir ucdan Türkiyənin əleyhinə yazır, bnu özlərimi edir, xeyr, birbaşa hökumətin, daha doğrusu dövlətin siyasətini yerinə yetirirlər. Mənə Qərbi Avropa ölkələrindən birini göstərin ki, FETÖ adlandırılan terror təşkilatının, xüsusilə də Fətulla Gülənin əleyhinə nəsə yazsın, mümkün deyil. Çünki təmsil etdikləri dövlətin siyasəti buna imkan vermir. Azərbaycanda hansı geopolitika yazarı hansısa dövlətdən və ya beynəlxalq əhəmiyyətli hadisədən yazarkən qarşısında sədd görür, heç kim. Şəxsən mən istədiyim analitik yazını dərc edirəm və buna görə də səfirliklər narazı qalır, hətta hansısa ölkənin müəyyən dairəsindən emailimə etiraz məktubu yazılır. Dəfələrlə kimlərsə mənə yazdığım yazının dövlətlərimizin yaxşı münasibətinə uyğun gəlmədiyini xatırlatmaqla təsir etmək istəyib, amma bu mənim azad fikrimi cilovlamayıb. Çünki mən arxayınam ki, Azərbaycanda heç kim mənə bunu yaz, bunu yazma kimi limit qoymayıb. Daxili siyasətdə də həmçinin, doğrudur, əndazəni aşmaq, şərəf və ləyaqətin təhqiri kimi addımları atmaq olmaz, amma mediada istənilən məmur barədə yazılar dərc olunur. Məhdudiyyət olsa bunu eləmək olardımı, heç vaxt. Dövlət başçısının işindən də yazılır yeri gələndə, amma nəzərə alaq ki, bütün ölkələrdə dövlət başçıları çox qabardılmır. Hər halda daxili siyasətdə də bir sıra ölkələrlə müqayisədə elə güclü senzuraya rast gəlmirik. Bəzən təzyiqlər olsa da, bunun səsi tez çıxır və yazılan tərəfi daha çox dilə-dişə salır. Bu da azadlığın bir formasıdır.

-Bu gün mətbuat nə dərəcədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verir?

- Mətbuatda fikir və söz azadlığı, əlbəttə, jurnalistikanın dinamik inkişafına birbaşa təsir edir və edəcək də. Adi bir sitatla fikrimi aydınlaşdırmaq istəyirəm. Bir il öncə Türkiyənin Çanaqqala şəhərində qatıldığım beynəlxalq toplantıda çoxsayda ölkənin türkdilli jurnalistləri ilə təmaslarım olurdu. Türkmənistannın tanınmış jurnalistlərindən biri ilə yaxın dostluq etdiyim halda, ölkəsinə dair nəsə söhbət edib, söz soruşanda tamamilə qapanırdı. Hətta mənə orda başqa bir türkmənistanlının olduğunu və hər birinin də bir-birinin ağzına qaravul çəkdiyini dedi. Yəni açıq etiraf edirdi ki, ölkəsində yaşadıqlarından nəsə deyə bilməz kənarda. Qazaxıstan jurnalistlər yalnız və yalnız Nazarbayevin tərifi ilə məşğul idilər. Doğrudur, subyektiv fikrimcə, Nazarbayev təriflənəsi liderdir, amma qazax jurnalistlər ölkələrində pis heç nə olmadığını deməklə, dolayısı yolla media sahəsindəki ciddi məhdudiyyətləri sərgiləyirdilər. İraqdan gələn jurnalist də onlar kimi, filan agentliyi təmsil etdiyi üçün danışa bilməyəcəyini deyirdi. Bolqarıstan və Makedoniyadan gələn jurnalistlər isə, ümumiyyətlə, lal olub qalırdılar. Amma mən orda açıq və sərbəst fikirlərimlə hamının diqqətindəydim və buna görə məndən bəzi sözləri cilovlamağı məsləhət görənlər də olurdu. Mən isə Azərbaycan jurnalistlərinə dövlətimi tərəfindən nəyi demək olar, nəyi yox təlimatı verilmədiyini, bu sahədə hər kəsin azad olduğunu bildirirdim. Əlbəttə, söhbət zamanı adını çəkmək istəmədiyim bəzilərindən aldıqları məlumata əsasən, "axı biz belə eşitmişdik" kimi sözlər də deyirdilər. Yəni orda haqqımızda yaradılan qara fikirlərin dağıdılması üçün azad jurnalist olmağın vacibliyini anladım. Bu, Azərbacanda azad fikrin mövcudluğunun mənə verdiyi üstünlük idi.

- Dövlətin mətbuata göstərdiyi diqqət və qayğı fikir və söz azadlığının daha da inkişaf etməsinə nə dərəcədə dəstək olur?

- Dövlət mətbuata dəstək verməsə anarxiya baş verər. Azadlıq beşiyi adlandırdığımız ABŞ-ın qulağının dibindəki Mekskada kimin cürəti var ki, adicə kafe sahibindən yazsın, redaksiya qarışıq məhv edərlər. Çünki dövlət onları qoruya bilmir ifrat azad insanların və ya qoçuların qəzəbindən. Azərbaycanda da belə təzyiqlər edilə bilər, bunu kimsə gizlədə bilməz. On il əvvəlki illə müqayisədə bu gün jurnalistlər hansı halda həbs olunur və incidilir, bilirsiniz. Konkret yazısına, əmək fəaliyyətinə görə yox hər halda. Amma bəzən hansısa dövlət məmurunun hansısa jurnalisti məhkəməyə verdiyini eşidirik. Doğrudan da, hansısa nazir haqqında yazılanlarla razı deyilsə və bu müstəvidə özünə əmindirsə, məhkəmə ədalətin ortaya qoyulduğu ən yaxşı vasitədir. Buyurub, versinlər məhkəməyə. Orda əgər jurnalist haqlıdırsa, təbii ki, nazir uduzacaq, yox jurnalist sifariş yerinə yetiribsə və ya mənasız ad çıxarmaq eşqinə düşüb belə yazıb, kmisə şərləyibsə, qanunla cəzasını alacaq. Bütün bunlar dövlətin medaya verdiyi dəstək deyilmi? Dövlət bu qaydaları tətbiq eləməsəydi, vəzifəsindən asılı olmayaraq, haqqında yazı yazılan adamlar jurnalisti özləri cəzalandırardılar. Yəni Mekiska variantı burda da mövcud olardı. Azərbaycan jurnalisti hər şeydən və hər kəs haqqında yaza bilir, sadəcə təhqir etmədən, dövlət sirri varsa onu qorumaqla, vətəndaşların hüquq və azadlıqlarına toxunmadan.

- Hazırda Azərbaycan mətbuatında elektron medianın rolunu necə dəyərləndirisiniz?

- Mən fikrimə ilk başlayanda elektron mediadan bəhs etmişdim. Indi geniş yayılıb və xəbərləşmə baxımından əlverişli olan elektron mediaya ehtiyac böyükdür. Məsələn, qəzet yazarı olsam da, bizim qəzetin də elektron versiyası mövcuddur. Mən də istənilən yazı və ya tədbirdən xəbərləri anındaca saytımıza yerləşdirirəm. Qəzet isə daha sonra yayımlayır - presudur sizə məlumdur. Amma saytlarımızın sadəcə xəbərçilik, bəzən isə ağına-bozuna, cümlə quruluşuna belə baxmadan xəbər yaymaqdansa, bəzən qəzetlərin verdiyi araşdırmalara, reportajlara, ətraflı yazılara da yer verməlidir. Çünki sadəcə filan hadisə baş verdi deyil, onun nəyə görə baş verdiyini bilmək də oxucunun arzusudur. Mən elektron medianı belə təsəvvür edirəm. Mən Azərbaycan bazarında ad çıxarmış elə agentlik tanıyıram ki, tədbirlərdə müxbirlərini görürəm, ancaq xəbər yazmağı bilirlər, necə deyərlər, dünyadan xəbərləri yoxdur. Sadəcə dil bilmələrinə deyil, çalışacaqları sahədə bilgili olmalarına fikir verərık onları işə götürənlər, daha böyük uğur qazana bilərlər. Çünki ölkə xaricinə çıxanda, əcnəbi jurnalistlərlə bir masada oturanda onların bilgisi, dünyagörüşü önündə susmamalıdır jurnalistlərimiz və təəssüf ki, indiki saytlarımızda belə savadlı və dünyagörüşlü müxbirlər get-gedə azalır. Səbəb isə, yenə deyirəm, işə götürülərkən nəyə qadir oldmasına deyil, sadəcə, ali məktəb qurtarmasına və dil bilməsinə üstünlük verilir, qalan yuxarıda görmək istədiyimiz yetənəklərə isə ehtiyac duyulmur. Amma bütün hallarda çap və elektron mediasını bir arada və bir-birindən ayrılmadan görürəm. Medanın inkişafı ancaq bu halda mümkündür. Düyanın bir ölkəsini, hətta Qərb dövlətlərini göstərin ki, orda elektron media qəzetləri sıradan çıxarıb. Yenə də biz hansısa mənbədən xəbər alanda, "Vaşinqton Post", "Nyu York tayms", "Le Monde", "Times", "Əl Ahram", "Milliyet", "Hürriyet", "Nezavimisiya qazeta" və sair qəzetlərə istinad edirik, saytlara yox. Ona görə də gəlin hər şeydə olduğu kimi, təzə nəsə əldə edərkən keçmişimizin üstündən xətt çəkməyək.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 2 mart.- S.15.