Söz, fikir və
məlumat azadlığından
sui-istifadə yolverilməzdir
Azərbaycanda söz, fikir və məlumat
azadlığı kifayət qədər yüksək səviyyədə
təmin olunub. Heç
şübhəsiz ki, bu
məsələlər qanunvericilk çərçivəsində
tənzimlənir. Ancaq fakt
ondan ibarətdir ki, məlumat
azadlığı sonsuz deyil,
xüsusən, ölkənin milli təhlükəsizliyi
baxımdan bu sahədə müəyyən
sərhədin olması ümumi işin xeyrinə olardı.
Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində yaşayır və cəbhə xəttindən verilən hər hansı yanlış, dəqiqləşdirilməmiş məlumat dövlətin ziyanına işləyə bilər. Nə qədər ağrılı olsa da son vaxtlar cəbhə xəttində baş verənlərlə bağlı heç bir rəsmi orqana istinad edilmədən yayımlanan məlumatlara rast gəlinir. Etiraf edilməlidir ki, bu tipli məlumatlar daha çox sosial şəbəkələrdə və xüsusi məqsədlər üçün yaradılan saytlarda müşahidə olunur. Diqqət yetirilmir ki, dəqiqləşdirilməmiş məlumatların cəmiyyətə sızdırılması düşmənin xeyrinə ola bilər. Mütəxəssilər isə yaranmış vəziyyəti söz, fikir və məlumat azadlığından sui-istifadə kimi qiymətləndirilər. Maraqlıdır, ölkədə informasiya təhlükəsizliyi necə təmin olunur, dövlət və milli raraqlara zidd məlumatların yayılmasına görə məsuliyyət məsələsi hansı qaydada həllini tapır?
Hüquqşünas Azad Rzayev bildirib ki, Azərbaycan dövlətinin KİV-ə, azad söz və mətbuata göstərdiyi hərtərəfli diqqət və qayğının fonunda bəzi media orqanlarında çaşdırıcı məlumatların yayımlanması halları yolverilməzdir. Lakin qanunvericilikdə müəyyən boşluqlar olduğundan belə hallara yol verilir. Ona görə də, informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu cür halların qarşısını almaq və həmin əməlləri törətmiş şəxslərin məsuliyyət məsələsini müəyyən etmək üçün qüvvədə olan qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsinə ehtiyac duyulur. Hüquqşünas deyir ki, açıqlanması qanunla qadağan edilən məlumatları ictimailəşdirməklə kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Lakin bu qanunazidd əməllərin dövlətimizin suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi, müdafiə qüdrətinin əsaslarına vura biləcəyi zərərlə müqayisədə həmin normanın sanksiyasında nəzərdə tutulan inzibati tənbehin təsir mexanizmi faktiki olaraq yox dərəcəsindədir. Ona görə də, bu qanunazidd əməllərin məsuliyyət msələsinə yenidən baxılmalıdır. Lakin bu, Ermənistan kimi təcavüzkar bir dövlətlə faktiki müharibə şəraitində olduğumuzdan heç bir halda fikir, söz, mətbuat və məlumat azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun mövcuddur. Sözügedən qanunda informasiyanın mühafizəsinin məqsədləri aydın şəkildə göstərilib. Belə ki, dövlət informasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının qarşısının alınması, dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, dövlət sirri təşkil edən və konfidensial informasiyanın qorunması, informasiya proseslərində və informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin işlənməsi, istehsalı, tətbiqi zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının təmin olunması məqsədləri üçün məlumatları mühafizə edə bilər. Paralel olaraq dövlət informasiyanın mühafizəsinin təşkili etməyə borcludur. Belə ki, dövlətə və vətəndaşlara ziyan vura bilən hər hansı informasiya mühafizə olunmalıdır. İnformasiyanın mühafizə rejimi onun hüquqi rejimindən asılı olaraq "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu , "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, digər normativ hüquqi aktlarla müəyyən edilir. Ölkə qanunvericiliyənə görə, informasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər: "Sənədləşdirilmiş informasiyanın mülkiyyətçisi və ya sahibkarı informasiya sistemlərindəki ona məxsus informasiyanın mühafizəsinin norma və tələblərinə riayət olunmasını müəyyənləşdirmək üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu orqanlar informasiyanın özünün və yoxlamanın nəticələrinin məxfiliyi şərtlərinə əməl etməlidirlər". Onun sözlərinə görə, həm informasiyaya məhdudiyyətin qoyulması, həm də bilərkdən yalan informasiyanın yayılması məsuliyyətə səbəb olur: "İnformasiya ehtiyatlarının formalaşdırılması, istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, dəymiş ziyanın ödənilməsi məqsədini daşıyır. Bu hüquqların müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən həyata keçirilir. İstifadəçinin açıq informasiya ilə işləməsinə məhdudiyyətlər qoyulması və ya buraxılmaması, bilərəkdən yanlış informasiya verilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi və ya bağlanmış müqavilələrin şərtləri yerinə yetirilmədiyi hallarda istifadəçi məlumat sahibinin yuxarı orqanına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək, habelə məhkəməyə şikayət vermək, o cümlədən bu hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.Vətəndaşların informasiya ilə işləmək hüququnun əsassız olaraq məhdudlaşdırılmasında təqsirli olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Lakin bu heç də o demək deyil ki, informasiyanın məhdudlaşdırılması, yaxud dəqiqləşdidirməmiş məlumatların yayılmasının qarşısının alınması söz və fikir azadlığına qarşıdır. Əksinə, bununla dövlət özünün və vətəndaşlarının təhlükəsizliyini təmin etmiş olur". "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mətbuata açıqlamasında bildirib ki, həm ötən ilin aprelində, həm də bu ilin fevralında cəbhədə baş verən hadisələrdən sonra internet media və sosial şəbəkələrdə Azərbaycanın maraqlarına uyğun olmayan hərbi informasiyaların yer alması müşahidə olundu. Bu, qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Belə problemlərin həllini də qanunvericiliyə uyğun həyata keçirmək lazımdır. Azərbaycan hüquqi dövlətdir. Burada bütün məsələlər hüquqa söykənir. O qeyd edib ki, internet media və sosial şəbəkələrdə Azərbaycanın maraqlarına uyğun olmayan təxribat xarakterli məlumatlar, hərbi əməliyyatlar barədə informasiyalar, hərbi sirrlərin yayılmasının qarşını almaq üçün maarifçilik istiqamətində işlər daha da çoxaldılmalıdır: "Hazırda Azərbaycanda hərbi vəziyyətlə bağlı qanunvericilik aktı hazırlanır. Bu qanun layihəsi Milli Məclisdə artıq iki oxunuşdan keçib. Orada internet media və sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müəyyən müddəlar öz əksini tapıb. Eyni zamanda Müdafiə Nazirliyi, Mətbuat Şurası və digər qurumların da bununla bağlı tövsiyəedici açıqlamaları var. Bilməyərəkdən belə işlər görənlərin qarşısını maarifləndirmə ilə almaq olar. Ancaq məqsədyönlü şəkildə Azərbaycanın maraqlarına zidd informasiyaları yayanlara qarşı daha sərt mövqe sərgilənməlidir. Artıq bununla bağlı aidiyyəti dövlət qurumları monitorinqlər aparırlar və qanunvericiliyə uyğun olmayan informasiyaların yayılması ilə əlaqədar bəzi internet resurslara xəbərdarlıq edilib". Onun sözlərinə görə, nəhəng sosial media qurumlarının rəhbərlikləri ilə əlaqələrin güncləndirilməsi, həmin resursların ölkəmizdə nümayəndəliklərinin açılması, onlarla daha yaxından əməkdaşlıq belə məsələlərin qarşını almaqda kömək edə bilər. İctimai, məsul şəxslər, siyasətçilər, dövlət məmurları, dövlət qurumları daha çox sosial mediaya inteqrasiya etməlidirlər. Dövlət qurumları sosial media, internet üzrə daha peşəkar mütəxəssisləri cəlb edib və bu sahədən daha effekktiv istifadə etməlidirlər. Faydalı informasiyalar çox olanda fayddasızlar itib-batırlar. Azərbaycanın maraqlarına uyğun olan informasiyalar daha tez və çoxlu şəkildə sosial şəbəkələrdə yayılmalıdır ki, faydasızları sıradan çıxarsın".
Xatırladaq ki, son dövrlərdə Müdafiə Nazirliyi ilə kütləvi informasiya vasitələri arasında əlaqələr xeyli genişlənib. Hazırda istənilən mətbuat orqanı silahlı qüvvələrimizlə bağlı nazirlikdən istənilən məlumatı əldə etmək imkanına malikdir. Nazirliyin rəhbərliyi mətbuatla münasibətlərin dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasını prioritet vəzifə kimi qoyub. O da məlumdur ki, nazirliyin yeni rəhbərliyi sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarı imicini qazanıb. Belə halda media vasitələrinin rəsmi dövlət orqanına istinad etmədən məlumat yayması başa düşülən deyil. İstənilən Azərbaycan vətəndaşı, o cümlədən sayt rəhbəri, sosial şəbəkə istifadəçisi dərk etməlidir ki, ordu məsələsində qərəz, kin, ayrı-seçkilik qəbuledilməzdir. İnformasiyaların ötürülməsində hərbi xidmətin və müharibə şəraitinin xüsusiyyətləri, Müdafiə Nazirliyinin qapalı qurum olması və bir sıra digər amillər mütləq nəzərə alınmalıdır. Çoz təssüf ki, reallıqda tamamilə başqa mənzərənin şahidi oluruq. Hərbi hissələrin nömrələri, təyinatı, dislokasiya yerlərinin göstərilməsi, xidməti təyinatlar və yerdəyişmələr barədə məlumatlarda şəxslər haqqında fərdi informasiyaların yayılmasının yolverilməzliyi dəfələrlə tövsiyə olunmasına baxmayaraq, bəzi media nümayəndələri hələ də bu praktikanı davam etdirirlər. Vəziyyət o həddə çatıb ki, Ermənistan mediası Ordumuz haqqında dezinformasiya yayır, bəzi media vasitələri bu məlumatları olduğu kimi, heç bir dəqiqləşdirmə aparmadan, tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırlar. Bu isə birmənalı şəkildə söz, fikir və məlumat azadlığından sui-istifadədir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 4-6 mart.- S.15.