“Demokratik inkişafı azad mətbuatsız

təsəvvür etmək mümkün deyil”

 

Aysel Vəliyeva: "Demokratik ölkə kimi fikir, söz və məlumat azadlığının təminatı dövlətimizin başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu açıq-aşkardır"

 

Azərbaycan demokratik cəmiyyətin bir parçası kimi bu ənənələrin inkişaf etdirilməsi, onun bərqərar olmasını hər zaman diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atıb. Azad söz, fikir və məlumat azadlığı, plüralizmin təmin olunması da demokratik ənənələrdən sayıldığından ölkəmizdə bu sahədə də zaman-zaman məqsədyönlü tədbirlər həyata keçirilir, mətbuatın azad, müstəqil şəkildə fəaliyyəti üçün münbit şərait yaradılır.  KİV-lərin azad, müstəqil fəaliyyəti üçün ölkədə yaradılan münbit şərait birmənalı olaraq yüksək qiymətləndirilir, təqdir edilir.  Elə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini, ensonxeber.az saytının köşə yazarı Aysel Vəliyeva da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Aysel Vəliyeva qeyd edilən istiqamətdə Azərbaycanda mövcud olan vəziyyət barədə danışıb.

 

-Aysel xanım, bu gün Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?

-Bildiyiniz kimi, Azərbaycan xalqının iqtisadi, mədəni-ictimai həyatına aid yazılar XIX əsrin 20-ci illərindən başlayaraq Tiflisdə dərc olunmağa başlanılmışdır. XIX əsrin ikinci yarısından başlayaraq isə Bakıda qubernator mətbəəsində "Əkinçi" qəzetinin nəşrinə başlanıldı və milli mətbuatımızın əsası qoyuldu. Milli mətbuatımız 1918-ci ildə qurulmuş ilk demokratik müstəqil dövlətimiz zamanında, SSRİ-nin tərkibində olduğumuz müddətdə də  davam etdirilərək bu günkü inkişaf mərhələsinə qədəm qoymuşdur. Böyük və uğurlu yol keçmiş mətbuatımız hazırda dövlətçiliyimizin inkişafında iştirak etməklə yanaşı ölkəmizin, xalqımızın və milli-mənəvi dəyərlərimizin dünyada təbliğ olunmasında əhəmiyyətli rol oynamaqdadır.

-Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə əməl edir?

-Yüzlərlə qəzet, jurnal, telekanallar, senzurasız və azad internetin mövcud olması Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunmasının nəticəsidir. Sovet İttifaqının dağılması ilə müstəqillik qazanmış ölkəmizdə kommunist rejimdən qalmış senzuranın rəsmi şəkildə ləğvi böyük və tarixi bir addım idi. Ümummilli lider Heydər Əliyevin atdığı bu addım azad mətbuatın inkişafına əngəl yaradan ən böyük məhdudiyyəti aradan qaldırdırdı.  Daha sonra müasir dünya standartlarına uyğunlaşdırmaqla qanunvericiliyin təkmilləşdirilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün bir çox güzəştlərin müəyyənləşdirilməsi həyata keçirildi. Ötən əsrin 90-cı illərində - Azərbaycanın keçid dövrünə qədəm qoyduğu həmin dövrlərdə ölkəmiz üçün fikir, söz, məlumat azadlığının təmin edilməsi ən zəruri məsələlərdən idi. Söz azadlığının təmin edilməsi ölkəmizə, ölkəmizin inkişafına, demokratiyanın inkişafına, nəhayət hüquqi dövlətin qurulmasına əvəzedilməz töhfə verdiyini bizə göstərdi. Azərbaycan dövləti bu sahədə apardığı məqsədyönlü və ardıcıl siyasətlə gələcəyə inamla addımlamaqdadır. Azərbaycanda bu istiqamətdə atılan son addımlar fikir, söz, məlumat azadlığını təmin etməklə bütün demokratik prinsiplərə cavab verir.  Hesab edirəm ki, mətbuat, KİV əməkdaşları da yaradılmış  bu şəraitdən sui-istifadə etməməli, qərəzli mövqe tutmamalı, milli məsələlərdə həssas davranmalı, reket məsələləri aradan qaldırılmalıdır. Əksinə, bu şəraitdən yararlanaraq onlar öz peşəkarlıqlarını daha da artırmalı, işə peşəkarlıqla yanaşaraq cəmiyyətə kin, nifrət yox, sevgi aşılamalıdırlar, zəruri, faydalı məlumatları, həqiqətləri çatdırmalıdırlar.

-Ümumiyyətlə digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakterizə edilə bilər?

-Postsovet ölkəsi kimi MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən ilk ölkə idi. Bu tarixi faktdır əlbəttə. Ümumiyyətlə mətbuatımızın inkişaf tarixində Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı yeni bir mərhələnin əsasını qoydu. Heydər  Əliyev Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımları atdı və bunun demokratiyanın tələbi kimi dəyərləndirərək bu istiqamətdə müstəsna xidmətlər göstərdi. Bu siyasəti bu gün Prezident İlham Əliyev də uğurla davam  etdirir. Bu gün ölkəmizdə hər bir insan azad şəkildə məlumat alır, mətbuatı, televiziya və radio kanallarını izləyir, internetdən, internetdəki sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə edir. Əlbəttə ki, demokratik azadlıqların olmadığı ölkələrdəki vəziyyət belə deyil, belə nümunələr kifayət qədərdir, həmin ölkələrdəki mətbuatın, internetin, ümumiyyətlə KİV-lərin mövcud vəziyyətindən hamımız məlumatlıyıq.

-Dövlət və onun prezidenti ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması istiqamətində hansı addımlar atır?

-Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Demokratik ölkə kimi fikir, söz və məlumat azadlığının təminatı dövlətimizin başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu açıq-aşkardır. Onun rəhbərliyi dövründə Azərbaycan bu sahədə böyük və uğurlu yol keçmişdir. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərməsi, dünyada və ölkəmizdə gedən bütün prosesləri sərbəst şəkildə izlənilməsini təmin edən senzurasız və azad internetin mövcud olması həmin azadlıqların təmin olunmasının bəhrəsidir. Bütün bu təminatlara əlbəttə ki, müvafiq qanunvericilik aktları qəbul edilməklə hüquqi dəstək verilmişdir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda mətbuata öz öhdələrinə düşən vəzifələri yerinə yetirmək üçün hər bir şərait yaradılmışdır. Məsələn, bu gün hər hansı bir mətbuat orqanı ölkəmizin hər hansı bir sahəsi ilə əlaqədar cavabdeh dövlət orqanlarının fəaliyyətini heç bir maneə ilə rastlaşmadan araşdırır, təhlil edir, çatışmazlıqlar varsa tənqidi yazılar verir, yoxdursa  mövcud vəziyyəti göstərir.

-Bəs bu məqsədlə mətbuata hansı imkanlar və şərait yaradılır?

-Konkret olaraq dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən KİV-lərə dövlət dəstəyi göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunu yaradılması haqqında Fərmanın, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, orden, medal və fəxri ad kimi müxtəlif dövlət  təltiflərinin verilməsi haqqında sərəncamların imzalanmasını göstərə bilərəm. Bütün bunlar mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunələrindəndir.

-Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsi nəyə hesablanıb və məqsəd nədir?

-Bu gün bütün dünyada, xüsusilə ölkəmizə yaxın bölgədə, Yaxn və Orta Şərqdə, müsəlman şərqində misli görünməmiş böhranlar yaşanır, vətəndaş müharibələri gedir, kütləvi insan qırğınları törədilir, terror aktlarının ardı-arası illərdir kəsilmir və getdikcə daha da artmaqdadır. Yerləşdiyimiz bölgə də daxil olmaqla, ümumiyyətlə bütün dünyada radikal axınlar və təlqinlər tüğyan edir, bunlar ölkəmizin sərhədlərini aşmağa çalışır. Bu gün Azərbaycan bütün bu təhlükələri özündən uzaqlaşdırmağa nail olmuş, sabitlik, demokratiya, fikir, söz və məlumat azadlığını tam təmin etmişdir. Bu gün Azərbaycan öz taleyini özü müəyyən edir, müstəqil siyasət aparır. Bu siyasət də ilk növbədə Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının maraqlarını təmin edir, həmçinin regionda sülhün, barışın təminatçısı kimi çıxış edir. Görünən budur ki, Azərbaycanın bu vəziyyəti ilə barışa bilməyən güclərin himayəsilə bəzi beynəlxalq təşkilatlar "ikili standart"lar nümayiş etdirirlər. Ərazilərinin 20 faizinin işğal olunmasına, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə əhəmiyyət verməyən həmin təşkiatlar bunların səbəbkarı olan, torpaqlarımızı işğal etmiş və işğalçılıq siyasətini davam etdirən təcavüzkar Ermənistanı açıq-aşkar himayə edirlər, öz maraqları naminə ədalətsiz mövqelərini hər zaman davam etdirmişlər. Bu gün də həmin qüvvələr fikir, söz və məlumat azadlığının təmin olunmasında ölkəmizə münasibətdə eyni qərəzli mövqe tutmuşlar. Ümumiyyətlə dünyada mütləq, sərhədsiz azadlıq mövcud deyil. Belə olduqda bundan sui-istifadə etməklə istənilən ölkənin həmin azadlıqların təmin olunmamasına dair müxtəlif iddialarla çıxış etmək olar, hansını ki, ölkəmizə qarşı bu həyata keçirilir.

-Azərbaycan mediasının gələcək perspektivlərini necə qiymətləndirərdiniz?

-İlk növbədə qeyd edim ki, çox çətin dövrlər yaşamış Azərbaycan mediası da çətin sınaqlardan keçmişdir. Müşahidələrim bunu deməyə əsas verir ki, ölkəmizin mediası, KİV-ləri ən strateji, ümummilli məsələlərdə xalqımızın mənafeyinə uyğun olaraq ümumi mövqe ortaya qoymuşdur. Məsələn, Azərbaycan mediasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı olaraq Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının maraqlarını təmin edən mövqe ortaya qoymuşdur. İnanıram ki, mediamız bu mövqeyini daha da möhkəmlətməklə Azərbaycan ərazilərinin işğal faktını, işğal olunmuş ərazilərdən, həmçinin işğalçı Ermənistandan qovulmuş azərbaycanlıların məruz qaldıqları vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində öz fəaliyyətini daha da artıracaq. Mediamız milli birliyin vacibliyini daha da diqqətlə daim diqqətdə saxlayacaq, bununla da düşmənlərimizin bəd niyyətlərini puça çıxaracaq. Müxtəlif radikal axınlar və təlqinlərin tüğyan etdiyi bu zamanlarda  gənclərin tərbiyəsi ilə bağlı məsələlər, gənclərimizə vətənpərvərlik hissinin aşılanması istiqamətində fəaliyyətlərə üstünlük verəcəkdir. Milli dəyərlərimizi, zəngin adət-ənənələrimizi, mədəniyyətimizi, incəsənətimizi dünyada təbliğ edəcək.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 7 mart.- S.15.