Azərbaycan qadını ictimai
həyatın
hər bir sahəsində
fəallıq göstərir
Qadın hüquqlarının
qorunması sahəsində həyata keçirilən
davamlı tədbirləri yüksək dəyərləndirilməlidir
Tarixin bütün dövrlərində
cəmiyyətdə qadının tutduğu mövqe
mühüm məsələlərdən biri olub. Qadınlar
tarix boyu xalqımızın taleyində əhəmiyyətli
rol oynayıblar. Elə bu səbəbdəndir ki, dövlət
hər zaman qadınlara xüsusi diqqət və qayğı
ilə yanaşıb, onların ölkənin ictimai-siyasi həyatda
rolunun artırılması istiqamətində məqsədəuyğun
addımlar atıb.
Ölkə
rəhbərliyinin uğurlu dövlət idarəçiliyi,
bölgələrin inkişafına yönəldilən
sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli
inteqrasiya, düşünülmüş və
balanslaşdırılmış xarici siyasət Azərbaycanın
regionda lider dövlətə çevrilməsini şərtləndirir.
Bütün bu nailiyyətlər Azərbaycan
qadınlarının özünü cəmiyyətdə təsdiq
etməsi, eləcə də ictimai həyatın bütün
sahələrində aktiv iştirakı üçün
imkanlar yaradır. Elə Milli Məclisin deputatı, Yeni Azərbaycan
Partiyası Qadınlar Şurasının sədr müavini,
Sevinc Hüseynova da bu qənaətdədir. Millət vəkilinin
sözlərinə görə, hazırda ölkəmizin elə
bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar:
"Bu isə əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan və möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü
dövlət qadın siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan qadını həmişə öz iradəsi və
mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə
bağlılığı ilə cəmiyyətimizin həyatında,
Azərbaycan dövlətçiliyinin güclənməsində,
xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşmasında mühüm rol oynayıb. Tarixin
bütün dövrlərində qadınlarımız həm
sədaqətli, ləyaqətli həyat yoldaşı, həm
görkəmli ictimai xadim, həm də təmsil olunduğu
sahədə özünü peşəkar mütəxəssis
kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə
mübarizə aparıb. Heç də təsadüfi deyil ki,
Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan
qadınları haqqında yüksək fikirlər bildirir,
onların idarəçilikdə təmsil olunması, fəallığının
artırılması, bütün problemlərinin həllinə
yönəlmiş tədbirlərin həyata keçirilməsi
məsələlərinə çox diqqətlə
yanaşırdı. Ümummilli lider Heydər Əliyev cəmiyyətdə
qadının rolunun yüksəldilməsi məsələsini
həmişə diqqət mərkəzində saxlamaqla
qadınların dövlət strukturlarında, parlamentdə,
siyasi və ictimai təşkilatlarda geniş təmsil
olunmasına çalışıb. Dövlət müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın
hüquqlarının qorunması üzrə çox
mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul
olunub. Bu qərarların müəllifi də Ulu öndər
Heydər Əliyev olub. İlk olaraq, Azərbaycan bütün
mühüm beynəlxalq sənədlərə, o cümlədən
1995-ci ildə "Qadınlara qarşı
ayrı-seçkiliyin bütün formalarının ləğv
olunması" üzrə Konvensiyasına, 2000-ci ildə isə
onun Əlavə Protokoluna qoşulub. Bilirsiniz ki, məhz Ulu
öndərin Sərəncamı ilə 1998-ci ildə
Qadın Problemləri üzrə Dövlət Komitəsi
yaradıldı. 1998-ci ildə həmçinin, "Azərbaycanda
qadınların rolunun artırılması haqqında" Sərəncam
imzalanıb. Ulu öndərin 6 mart 2000-ci il tarixdə "Azərbaycan
Respublikasında Dövlət Qadın Siyasətinin həyata
keçirilməsi haqqında" Fərmanı isə
respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli
hədiyyə oldu. Fərmanda respublikanın bütün
dövlət qurumlarında fəaliyyət növü nəzərə
alınmaqla qadınların rəhbərlik səviyyəsində
kişilərlə bərabər təmsil olunması, Dövlət
Statistika Komitəsinə Qadın Problemləri üzrə
Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən
statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə
ölkədə gedən iqtisadi islahatlar çərçivəsində
həyata keçirilən işlərdə gender siyasəti tələblərini
rəhbər tutaraq qadınlar üçün kişilərlə
bərabər imkanlar yaradılması, qaçqın və məcburi
köçkün qadınların məşğulluğunun
təmin edilməsi məqsədi ilə onların münasib
işlə təmin edilməsi proqramının
hazırlanıb həyata keçirilməsi, qadınların
hüquqlarının müdafiəsinin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
qanunlarında dəyişikliklər və əlavələr
edilməsi üçün təkliflər verilməsi
haqqında tapşırıqlar verilməsi Ulu öndərin
qadınlara böyük diqqəti idi. Eləcə də,
"Azərbaycan Respublikasının Qadın Problemləri
üzrə Milli Fəaliyyət Planı" və digər sənədlər
dövlət qadın siyasətinin uğurla həyata
keçirilməsi prosesində mühüm amil olub". Millət
vəkili qeyd edib ki, ümummilli liderimizin siyasi kursu bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir və ölkəmizdə qadın siyasətinin həyata
keçirilməsində də mütərəqqi nailiyyətlər
əldə olunub. Azərbaycanda məqsədyönlü gender
siyasəti həyata keçirilir və bu sahəyə aid
xüsusi dövlət proqramı qəbul olunub: "Bu isə
bir daha onu göstərir ki, Azərbaycan dövləti,
Prezident İlham Əliyev bu sahəyə böyük diqqət
və qayğı göstərir.
Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunun üçün mükəmməl və zəruri normativ-hüquqi baza yaradılıb, müvafiq təsisatlar fəaliyyətə başlayıb.
Bildiyimiz kimi 11 il öncə Prezident İlham Əliyevin qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və bu yöndə böyük uğurlara imza atır. Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndirilməlidir. Görülən bu işlər dövlətimizin siyasi iradəsinin təzahürüdür. Həyata keçirilən səmərəli gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradır. Bu gün Azərbaycan qadını ölkəmizin milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparırlar. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, gördüyü işlər hər birimiz üçün örnək təşkil edir. Tam məsuliyyətlə söyləyə bilərik ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, təhsil və mədəniyyət ön sıralardadır. Eləcə də, dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında da qadınların təmsilçiliyi artmaqdadır. Bu məqamlar Azərbaycan qadınlarının cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür".
S. İsmayılbəyli
Olaylar.- 2017.- 7 mart.- S.4.