“Ölkəmizdə fikir, söz, mətbuat azadlığı və plüralizm

daim inkişaf edir və yüksək səviyyədə qorunur”

 

Söz, fikir azadlığının təmin olunması, plüralizmin inkişaf etdirilməsi hər bir dövlətin qarşısında duran əsas məsələlərdəndir. Odur ki, dövlətlər demokratiyanın təməl prinsiplərindən hesab olunan bu dəyərlərin tətbiqi və inkişaf etdirilməsində maraqlıdırlar. O da faktdır ki, söz, fikir azadlığı və informasiya əldə etmək haqqının tanınması azad mətbuatın mövcudluğundan keçir. Heç şübhəsiz ki, sözügedən azadlıqların təmin olunması üçün təkmil qanunvericilik bazasına ehtiyac var.

Sirr deyil ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyətini təmin edən qanunvericilik bazası Avropa standartlarına cavab verməklə yanaşı, bir sıra ölkələr üçün model qanun hesab olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda KİV-in fəaliyyətini təmin edən qanunvericilik aktları Avropa Şurasının ekspertləri tərəfindən müsbət qiymətləndirilib. Mütəxəssislər hesab edirlər ki, demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Hüquqşünas Azad Rzayev hesab edir ki, kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ölkəmizdə söz azadlığının təmin olunmasını üçün geniş imkanlar yaradılıb. Belə ki, ümummilli Lider Heydər Əliyev ölkəmizdə söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət verib, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir", - deyən Ümummilli Lider ölkəmizdə söz azadlığının təmin olunmasını, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasını daim diqqətdə saxlayaraq jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb. Dahi şəxsiyyətin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi böyük diqqət və qayğısı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur. Onun sözlərinə görə, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 və 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlardır. Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Sosial məslələr üzrə ekspert Mirzə Manafov bildirib ki, ölkədə görülən işlərin nəticəsidir ki, fikir, söz, mətbuat azadlığı və plüralizm daim inkişaf edir və yüksək səviyyədə qorunur: "Məlumdur ki, beynəlxalq ictimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası, nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Həmin səbəbdən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıdır. Çünki Azərbaycanın uğurlarını qəbul etməyən ermənipərəst dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. İkili standartdan çıxış edən bəzi dairələr tərəfindən Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin tərkib hissələrindəndir. Belə şəraitdə qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır".

O, qeyd edib ki, plüralizmin inkişafı kimi, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyllərin mövcudluğu təbiidir. Bu, hərəkətverici qüvvə kimi hər bir normal cəmiyyətdə olmalıdır: "Lakin burada dövlət və milli maraqların üstün tutulması jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir. Söz, mətbuat azadlığı həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməli, "kim nəyi necə istəyir, elə də yazır" praktikasından imtina edilməlidir. Çünki dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ digərinin hüququ başlayan yerdə bitir. Burada müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Qərbin ikona-şəkil demokratiyasına uyan bəzi saytların cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edərək dövlət və cəmiyyətimizi nüfuzdan salmağa çalışması da qətiyyən yolverilməzdir. Çünki belə KİV-lər Qərbdə formalaşan düşüncə və yaşam tərzini cəmiyyətə təqdim etməklə, əslində, özünəməxsus mədəniyyəti olan ölkənin demokratiyanı formalaşdırmasını yox, yad demokratiyanın ölkəni formalaşdırması tezisini müdafiə edirlər. Halbuki, hər bir xalqın dövlət quruluşu, demokratik durumu onun dini, fəlsəfəsi, incəsənəti ilə, ümumiyyətlə, onun mədəniyyəti ilə birgə vahid bir substansiyanı, vahid ruhu əmələ gətirir. Bu vahiddən onun istənilən tərəfini ayırmaq nə qədər zərərlidirsə, ona anti-milli fikri, sözü calaq etmək də bir o qədər zərərlidir. Təəssüf ki, qərbin cazibəsinə düşən bəzi yazarlar onun demokratiya şablonundan çıxmaq imkanından məhrum olaraq milli kimliyini, adət-ənənəsini unutmaq dərəcəsinə enib, daxili problemlərin ölkə xaricində qərəzli müzakirəsinə can atırlar. Mətbuatın cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, şübhəsiz ki, problemlərlə bağlı öz sözünü deməlidir. Amma yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Elə ölkəmizdə demokratik təsisatların, o cümlədən fikir, söz, məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirən Azərbaycan dövlətinin və cəmiyyətin də istəyi budur".

  Xatırladaq ki, müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Şübhəsiz ki, mətbuatımızın inkişafı, bu sahədəki uğurlar göz önündədir. Azərbaycanda azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Bu sahədə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Yüzdən çox həftəlik, 40-a yaxın gündəlik qəzet nəşr edilir, təxminən 10 ümumrespublika telekanalı, eləcə də bir neçə internet televiziyası fəaliyyət göstərir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 14 mart.- S.15.