Azərbaycanda fikir, söz və
məlumat azadlığı təmin edilir
İnqilab
Süleymanov: "Dövlət KİV-lərə maliyyə
yardımı ayırsa da, onların müstəqil fəaliyyətinə
maneə törətmir"
"Fəaliyyətini
tamamilə şəffaflıq prinsipi ilə davam etdirən
KİVDF müntəzəm olaraq həyata keçirdiyi
müxtəlif layihələri ilə media nümayəndələrinin
təcrübəsinin artırılmasına da töhfəsini
verir"
Bu gün Azərbaycan dünya
birliyinin bir üzvü olaraq demokratik dəyərləri,
prinsipləri üstün tutan, onu
inkişaf etdirən ölkələrdən biri kimi tanınır.
Demokratik dəyərlərin tərkib hissəsi,
ayrılmaz qolu olan əsas amillərdən biri də fikir,
söz, məlumat azadlığı, plüralizmin təmin
edilməsidir. Qətiyyətlə
demək mümkündür ki, bu gün yuxarıda qeyd edilən
hər bir istiqamət üzrə durum ölkəmizdə
yüksək səviyyədədir. İstər kütləvi
informasiya vasitələrinə yaradılan şərait, fikir,
söz və məlumat azadlığının inkişaf
etdirilməsi, istərsə də plüralizmin təmin edilməsi.
Təsadüfi deyil ki, qeyd edilən istiqamətlərdə əldə
edilən yüksək nailiyyətlər, uğurlar media
nümayəndələri tərəfindən də təqdir
edilir, yüksək qiymətləndirilir. Elə Newscenter.az
baş redaktoru İnqilab Süleymanov da bu qənaətdədir.
-İnqilab bəy,
müstəqillik illərindən etibarən bu günə qədər
Azərbaycan mətbuatının keçdiyi yolu necə dəyərləndirərdiniz?
-Azərbaycan mətbuatının müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər, hazırkı durumu və digər mühüm məqamlara toxunmaq, aydınlıq gətirmək üçün ilk növbədə gərək mətbuat tariximizə nəzər yetirək. Çünki mətbuatımızın tarixini bilmədən, onun hansı çətinliklərdən, çətin olduğu qədər də şərəfli bir yol qət etdiyini öyrənmədən onun bu günkü durumuna qiymət vermək, dəyərləndirmək doğru olmazdı. Məlum olduğu kimi Azərbaycan Milli Mətbuatının əsası 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə qoyulub. Müəyyən fasilələrlə 2 il işıq üzü görən qəzet 1877-ci ildə nəşrini dayandırır. Ondan sonra Azərbaycanda çoxsaylı qəzetlər çıxsa da, lakin Azərbaycan mətbuatının ilk qaranquşu məhz Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti olur. Hər kəsə bəllidir ki, istər "Əkinçi"nin nəşr edildiyi dövrdə, istər Sovet Hakimiyyəti qurulana qədər, istərsə də Sovetlərin zamanında mətbuat sahəsində çox ciddi problemlər vardı. Yəni, əslində qeyd etdiyim dövrlərdə mətbuat sözünün özü vardı. Reallıqda isə situasiya tamamilə başqa cür idi. Bu və ya digər formada işıq üzü görən qəzet və jurnallar yalnız yuxarıların tapşırığı və icazəsi əsasında yazılar dərc edirdilər. Qəzet səhifələrində qətiyyən müstəqil fikrə, yanaşmaya, yaxud hansısa sahədə mövcud olan nöqsana dair araşdırma materiallarına rast gəlmək mümkün deyildi. Amma Sovetlərin dağılmasından sonra bu problem tədricən aradan qalxdı və ölkədə müstəqil mətbuatın inkişafı üçün münbit şərait yarandı.
-Amma müstəqillik
əldə etdiyimiz ilk illər heç də mətbuatımız
üçün uğurlu deyildi?
-Əlbəttə. Əslində bunu da normal qarşılamaq lazım idi. Çünki ölkə yeni müstəqillik əldə etmişdi. Çoxsaylı problemlər mövcud idi. Ən əsası Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr hələ də mövcud idi və vaxtaşırı müəyyən təxribat cəhdləri həyata keçirir, Azərbaycanın yenidən Rusiyanın boyunduruğu altına girməsinə çalışırdı. Təbii ki, bütün bu mənfi hallar mətbuatın durumuna da öz mənfi təsirini göstərirdi. Bu mənfi tendensiya 1993-cü ilin iyun ayına qədər davam etdi. Nəhayət, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra üst-üstə yığılıb qalmış problemlər mərhələli şəkildə həll edilməyə başlandı.
-Ümummilli lider
Heydər Əliyevin müstəqil medianın, kütləvi
informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində
əsas xidmətləri nələr olub?
-Ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətləri kifayət qədərdir və sadaladıqca bitməz. Heydər Əliyevin bu sahədə atmış olduğu ən mühüm addım isə senzuranı ləğv etməsi oldu. Mən deyərdim ki, elə həmin tarixdən Azərbaycanda azad söz, fikir və ifadə azadlığı, plüralizmin təməli qoyuldu. Artıq kütləvi informasiya vasitələri heç bir senzuradan keçmədən, materialları qəzet səhifələrindən çıxarılmadan işıq üzü görürdülər ki, bu da həmin dövrdə KİV sahəsində edilmiş inqilabi bir dəyişiklik idi. Sonrakı dövrlərdə də ümummilli lider müstəqil respublikanın müstəqil mediasının formalaşması, inkişaf etməsi məqsədilə bir çox məqsədyönlü addımlar atdı, qərarlar qəbul etdi. Ümummilli lider hər zaman mıtbuata diqqətlə yanaşır, kütləvi informasiya vasitələrinin üzləşdiyi problemlərin həlli istiqamətində təqdirəlayiq addımlar atırdı. Qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması da məhz bu qəbildən atılan adımlardan idi. Məhz bütün bu atılan addımlar, mətbuata göstərdiyi əvəzsiz diqqət və qayğının göstəricisi idi ki, ümummilli lider Heydər Əliyev ölkənin media cameəsinin birmənalı mövqeyinin nəticəsində "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdü. Bu həm də mətbuatla dövlətin, onun rəhbərliyinin sıx əməkdaşlıq etdiyinin bariz nümunəsi idi.
-Bəs
günümüzdə mətbuatın durumu hansı səviyyədədir?
-Bu gün Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır desək yanılmarıq. Bunu təkcə biz deyil, eləcə də bizim qonşularımız, beynəlxalq təşkilatlar açıq şəkildə ifadə edirlər. Bu gün Azərbaycan mətbuatı bütün parametrləri üzrə inkişafdadır. Bu da ondan qaynaqlanır ki, proses sağlam təməllər üzərində qurulub. Yəni, ümummilli lider Heydər Əliyevin zamanında mətbuatla qurduğu iş, onun inkişafına yönəlik fəaliyyəti bu gün Heydər Əliyev siyasi kursunun davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla daha da irəliyə aparılır.
-Prezident İlham
Əliyevin kütləvi informasiya vasitələrinin
inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini
qısaca olaraq necə xarakterizə edərdiniz?
-Yuxarıda qeyd etdiyim kimi İlham Əliyev də ümummilli lider Heydər Əliyev kimi dövlət başçısı seçildiyi ilk gündən kütləvi informasiya vasitələri, mediaya diqqətlə yanaşdı, onlara öz qayğısını əsirgəmədi. Azərbaycan Prezidentinin bu sahədə atmış olduğu ilk addım qəzetlərin Azərbaycan Nəşriyyatına uzun illər yığılıb qalmış borclarının silinməsi oldu. Məlumat üçün qeyd edim ki, bundan əvvəl ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarını dondurmuşdu. Həmin borcların Prezident İlham Əliyev tərəfindən silinməsi qəzetlərin maddi durumunu yaxşılaşdırmağa yönəlmiş bir addım idi. Bundan sonrakı dövrlərdə Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının yaradılması dövlətin, dövlət başçısının ölkədə KİV-in inkişafına yönəlik fəaliyyətinn bariz nümunəsi idi. Atılan bu kimi addımlar eyni zamanda Azərbaycan dövlətinin azad söz, müstəqil fikir, plüralizmə nə qədər böyük önəm verdiyini ortaya qoyurdu. Bu addımlar həm də beynəlxalq aləmə Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edildiyinin əyani sübutu idi. Bu həm də rəsmi Bakının beynəlxalq təşkilat və qurumlar qarşısında götürdüyü öhdəliklərin yüksək səviyyədə icrası demək idi. Ancaq dövlətin, xüsusilə dövlət başçısı İlham Əliyevin KİV-lə bağlı atdığı addımlar bununla bitmirdi. Belə addımlardan biri dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını təsdiq etməsi, bir müddət sonra isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması oldu. Təxminən 10 ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ölkədə fəaliyyət göstərən media orqanlarının layihələrini maliyyələşdirməklə, onların maddi texniki bazasının yaxşılaşdırılmasına öz töhfəsini verir. Burada xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, KİVDF, yəni dövlət tərəfindən media orqanlarına maddi yardım ayrılsa da, lakin bu heç də həmin mətbu orqanların dövlətdən asılılığına gətirib çıxarmır. Mətbu orqanlar dövlətdən maliyyə yardımı almalarına baxmayaraq, öz müstəqil fəaliyyətlərini davam etdirir, qəzet səhifələrində media təmsiçiləri öz müstəqil fikirlərini, yanaşmalarını cəmiyyətə çatdıra bilirlər. Burada KİVDF-nin də fəaliyyəti xüsusi qeyd edilməlidir. Fəaliyyətini tamamilə şəffaflıq prinsipi ilə davam etdirən KİVDF müntəzəm olaraq həyata keçirdiyi müxtəlif layihələri ilə media nümayəndələrinin təcrübəsinin artırılmasına da töhfəsini verir. Azərbaycan Prezidentinin mətbuata göstərdiyi ən yüksək diqqət və qayğının daha bir nümunəsi isə jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atmış olduğu addım oldu. Məlum olduğu kimi Milli Mətbuatın yaranmasının 135 illiyi ərəfəsində dövlət başçısı jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisi barədə sərəncam imzaladı. Həmin sərəncam əsasında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binası mətbuatın 138 illiyində dövlət başçısının bilavasitə iştirakı media nümayəndələrinə təqdim edildi. Hazırda isə daha bir binanın tikintisi davam edir və cari il ərzində həmin mənzillər də media nümayəndələrinə təqdim ediləcək. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, mənzillərin verilməsi zamanı iqtidar və ya müxalifət mətbuatı nümayəndələri arasında heç bir fərqin qoyulmaması özü də əslində ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edildiyinin bir göstəricisidir. Yəni, hətta radikal müxalifət düşərgəsində olmasından asılı olmayaraq sosial, mənzil durumu yaxşı vəziyyətdə olmayan media təmsilçisi dövlət strukturları, hökuməti, iqtidarı kəskin, bəzən isə hətta qərəzli şəkildə tənqid etməsinə baxmayaraq, dövlətin yaratdığı imkanlardan faydalana bilir. Bütün bunlar öz-özlüyündə Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin ən yüksək səviyyədə təmin olunmasının bariz nümunəsidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2017.- 28 mart.- S.15.