Söz və fikir azadlığından

sui-istifadə yolverilməzdir

 

Azərbaycanda söz və məlumat azadlığının tam şəkildə təmin olunması bəzi hallardan sui-istifadə hallarına yol açıb. Belə ki, istər yerli, istərsə də xarici internet istifadəçiləri yaranmış bu azadlıqdan istifadə edərək ölkəmiz, dövlətimizin tarixi və mədəniyyəti ilə bağlı təhrif olunmuş məlumatların yayımı ilə məşğul olurlar.

Millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü  Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda söz fikir və məlumat azadlığı tam şəkildə təmin olunur. Lakin bundan sui-istifadə hallarına yol verilir: "Düşünürəm ki, medya azadlığı deyəndə biz müəyyən məhdudiyyətlərdən də danışmalıyıq. Ona görə ki, azadlıq hər şeyə icazə vermək demək deyil. Bu gün müasir mediada biz onu müşahidə edə bilirik ki, müəyyən tendensiyalar mövcuddur və müəyyən şəxslərin, eləcə də müəyyən hadisələrin, saytların populyarlaşması   üçün yalnış məlumatların yayılmasına yol verilir. Hesab edirəm ki, bununla çox ciddi mübarizə aparılmalıdır. Mən bir məsələyə də diqqəti cəlb etmək istərdim. Bu gün uşağların intiharlarının sayı artır və burada təbii ki, medyanın və internet resurslarının rolu böyükdür. Ona görə ki, saytların populyarlaşması, yəni partlayış vasitələri, partlayıcı cihazların necə hazırlanması, hansı intihar növlərinin mövcud olması, zorakılığların növləri və bunların hamısı   açıq şəkildə mediada yayımlanır. Qrup şəklində, Youtube-da  və ya başqa vasitələrdə uşaqlar tərəfindən izlənilir və bir nümunə kimi bəzi hallarda qəbul edilir. Son illər ərzində Rusiya, Qazaxıstan və Azərbaycanda  çox böyük populyarlıq əldə etmiş bir internet oyunu  mövcuddur. Bu, "Mavi balina" adlı bir oyundur. Həmin oyun azyaşlı uşaqları intihara məcbur edən bir oyundur. O, psixoloji təsir vasitələri ilə müəyyən mərhələləri keçərək, uşaqların özünə fiziki zədə yetirməsi ilə intihara aparır.  Mən düşünürəm ki, bu çox böyük bir faciədir. Uşaqlar valideynlərdən gizlin   bunu izləyir. Bunun hansısa formada tənzimlənmə metodu olmalıdır.   Arzu edərdim ki, milli qanunvericilikdə belə oyunların, çağırışların   qarşısı alınsın".  Millət vəkili Vüsal Hüseynov qeyd edib ki, informasiya ehtiyatları resurslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilir. Belə halların qarşısını almaq üçün bütün ictimaiyyət fəallıq nümayiş etdirməlidir: "Hazırda Vikipedia dünyada ən geniş istifadəçi sayı olan elektron informasiya vasitəsidir. Bu elektron informasiya vasitəsinin prinsipi ondan ibarətdir ki, hər kəs məlumatı redaktə edə bilər. Bu səbəbdəndir ki, burada mübadilə redaktələri deyilən   anlayış var. Bir nəfər bir fikri paylaşır, digəri isə girib onu asanlıqla dəyişə bilər. Bu da bir reallıqdır ki, Azərbaycan barədə- tariximiz, Dağlıq Qarabağ haqqında məlumatlar təhrif edilir. Çox təəssüf ki, qanunvericilik və nəzarət orqanları vasitəsi ilə belə halların qarşısını almaq   yolları məhduddur. Ona görə də bu sahədə müəyyən məsələlər nəzərə alınmalıdır. Əsas geniş ictimaiyyət bu məsələdə aktiv iştirak etməlidir. Hər bir kəs məlumatları yenilədikdə müəyyən istinadlar əlavə etməlidir, müəyyən əsaslandırılmış məlumatlar göstərməilidir ki, nəticə olaraq bu həmin məlumatın həqiqiliyini   saxlasın. Digər tərəfdən, Vikipediada mühafizə olunan məlumatlar deyilən bir funksiya da var.   Hər hansı bir məlumatı mühafizə edən statusunu müəyyən etsək, həmin məlumatın   artıq redaktə olunması daha mürəkkəb prosesə   düşür.   Bu baxımdan hesab edirəm ki,   biz gənclərimizi, geniş ictimaiyyəti   bu prosesə aktiv olmağa dəvət etməliyik və nəzarət orqanlarından bu sahədə tələblərimiz yüksək olmalı deyil".   Nəqliyyat, informasiya və   yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda  İnformasiya Komunikasiya Texnologiyaları   sahəsi çox dinamik inkişafdadır. O cümlədən internet   tam sərbəst şəkildə istifadə edilməkdədir. Lakin bu məslələr qanunvericiliklə tənzimlənməlidir: "Telekommunikasiya haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələrində  olan düzəlişdə  internet məkanında baş verən qanuna zidd   fəaliyyətin qarşısının alınmasına yönəlmiş müddəalar əksini tapıb.   Bunlar həm də ölkəni kiber   və ümumiyyətlə informasiya   təhlükəsizliyinin təmin olunmasına   yönəlmiş olan tədbirlərdir.   Hesab edirik ki, bu qanun layihələrində   verilmiş maddələr ölkəmizdə informasiya təhlükəsizliyi   sahəsində   hüquqi   əsas yaradacaq. Ən əsası da ki, beynəlxalq təcrübəyə uyğun olan praktikanın ölkəmizdə tətbiqinə imkan verəcək".  Onun sözlərinə görə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda internet saytlarının sahiblərinə, hətta domen sahibinin özü üçün   məhsuliyyət müəyyənləşdirib. Müəyyən edilib ki, əgər orada yerləşdirilən məlumatda, hətta o məlumatın   aşaqısında verilən şərhlərdə qanuna zidd fikirlər olarsa, onlar biləvasitə bunun aradan qaldırılmasını, məlumatın dərhal silinməsini həyata keçirməlidirlər. Ona görə də bu məqsədlə qanunda müəyyən vaxt müəyyənləşdirilib: "Digər bir məslələ qanunda əksini tapmış müddətin 8 saat olması ilə bağlıdır. Bu müddət ondan ötrü müəyyən edilib ki, 8 saat ərzində məsələnin mahiyyətinin müəyyən edilməsi və məhkəməyə çıxarılması təmin edilir. Bununla yanaşı, qanunda konkret olaraq qeyd edilir ki, provayderlər informasiya sistemində yerləşdirilmiş internet informasiya ehtiyatlarının yayılması qadağa olunan informasiya aşkar etdikdə və yaxud bu barədə məlumat daxil olduqda dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlərin görülməsi təmin edilməlidir". Nazir müavini bildirib ki, informasiya ehtiyatları həm milli domində, həm də müxtəlif domin zonalarında yaradıla bilər. Əgər bu domin zonalarında da Azərbaycana qarşı, Azərbaycanın milli maraqlarına qanunazidd informasiyalar olarsa, onların da ölkə ərazisində yayılmasının məhdudlaşdırılması qanundakı düzəlişələrlə   tənzimlənəcək. Hesab edirik ki, qanunvericilikdə edilən düzəlişlər nəticəsində mümkün olacaq ki, Azərbaycan ərazisində qanunazidd məlumatların yayılması tam şəkildə məhdudlaşdırılsın.   Onun sözlərinə görə , Vikipedia informasiya mənbəyi olmaqla yanaşı,   son zamanlarda əslində   təhrif olunmuş informasiya mənbəyi kimi də çıxış edir.   Hətta müəyyən məlumatlar da var idi ki,   Böyük Britaniyada Vikipediadan dərs prosesində də mənbələr kimi istifadə edilmək səlahiyyəti də verilmişdi.   Son dövrlərdə həmin məktəblərdə mənbələr kimi istinad edilməsi   ləğv edilmişdir.   Ona görə ki, Vikipedia da artıq o qədər təhriflər baş verir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir: "Onu qeyd edək ki, Vikipedia kimi mənbələr istifadəçilər tərəfindən yaradılan mənbələrdir və həmin mənbələrin qayda-qanunları ilə tənzimlənir. Yəni hər hansı milli səviyyədə qanunların qəbul edilməsində onun qarşısının alınması real görünmür. Bu baxımdan, o fikri dəstəkləmək olar ki,   Vikipediada   biz daha çox Azərbaycan   haqqında düzgün, doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanla bağlı həqiqətəuyğun olan məlumatlar   tapılsın.   Eyni zamanda həqiqətə uyğun olmayan məlumatlara qarşı da öz mübarizəmizi aparmalıyıq, bunların təhrif olunmasının qarşısını almalıyıq". Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın müharibə şəraitində yaşaması çox böyük bir zərurət yaradır ki, informasiyanın təhlükəsizliyi məsələsi önə çıxsın: "Nəzərə alsaq ki, Azərbaycan kimi ölkələrdə- bir tərəfdən ərazisi işğal olunan, digər tərəfdən müharibə şəraitində yaşayan, ətrafında ölkəmizlə marağında olan bir sıra ölkələr fəaliyyətdədirsə, informasiya təhlükəsizliyinə ciddi riayət edilməlidir. Bu qanunla müəyyən edilməlidir ki, Azərbaycanla bağlı həqiqətə uyğun olmayan informasiyanın mənbəyi haradan gəlib, bu informasiyadan kimlər hansı məqsədlə istifadə edir, və həmin informasiya cəmiyyətdə hansı abu-havanı yaradır. Elementar bir məsləyə toxunmaq istərdim ki, dünyada intihar hallarına görə birinci yeri tutan Fillandiya bu intihar hallarının müxtəlif səbələrini deyil, sadəcə onun statistikasını verməklə kifayətlənir. Hər bir fərdin həyata keçirdiyi intihar hadisəsi olduğu kimi çatdırılmır. Keçmiş Sovetlər birliyində də intihar halları, avtomobil qəzaları   baş verirdi. Lakin bu informasiyalar elə çatdırılırdı ki, onlar təbliğat rolunu oynamırdı. Bu gün ölkə mediasında əsas xəbərlər kənarda qalıb, belə hadisələr isə ən yüksək səviyyədə təqdim edilir. Lakin başa düşmürlər ki, informasiyanın belə tərzdə təqdim edilməsi əslində onun təbliğinə xidmət edir. Məsələn, informasiya saytlarında belə bir xəbər verilmişdi ki, bir sinifdə 5 uşaq intihar edib. Bu informasiya digər uşaqlar üçün bir mənbə rolunu oynaya bilər. Avtomobil qəzaları ilə bağlı da eyni səpkidə informasiyalar verilir. Ölkədə fəaliyyət göstərən televiziyaların hamısı cinayət xronikasını verir. İnformasiyanı reytinq xatirinə tələm-tələsin cəmiyyətə ötürmək məsələsi düzgün hesab olunmamalıdır. Televiziyada çox yaxşı bir veriliş var idi. "Rezonans" adlı həmin veriliş Ədliyyə Nazirliyi və Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə əməkdaşlıq edirdi. Bu verilişdə göstərilirdi ki, insan törətdiyi cinayət əməmlinə görə peşiman olub, bu da digərlərinə dərs olurdu. İndi televiziyalar bunun tərsini göstərir ki, nəticədə biməyənlərə öyrədir ki, özünü hansı formada asmaq olar, özünü vurmaq hansı formada olmalıdır, başqasını vurub gizlətmək necə olur və sair. Hazırda da bu tipli informasiyanı alan insanların sayı çoxdur. Həmin informasiyalara şərh və rəylərin yazılması isə məsləni bir az da qəlizləşdirir. Ona görə də internet saytlarında dərc olunan   məqalələrə şərh yazmaq, rəy bildirmək məsələsinə xüsusi diqqət yetirilməlidir".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 28 mart.- S.11.