Turizmin inkişafının ölkə
iqtisadiyyatına müsbət təsiri
Bu sahənin inkişafı işsizliyinin səviyyəsini də
azaldır
Son illər Azərbaycan
iqtisadiyyatının inkişafında turizm
sektorunun özünəməxsus payı var. İstər paytaxt Bakıda,
istərsə də turizm regionlarında
yaradılan infrastruktur ildən-ilə Azərbaycana
daha çox turistin gəlməsini şərtləndirir.
Digər tərəfdən il ərzində
Azərbaycanda bir neçə beynəlxalq
əhəmiyyətli siyasi, iqtisadi, mədəni və humanitar
tədbirlərin keçirilməsi də ölkəmizə
turistlərin marağının artmasına səbəb olan başlıca amillərdəndir. Bundan başqa kütləvi
mədəni və idman
yarışları, həmin yarışlara qatılan
iştirakçı və onların tərəfdarları da potensial turistlərimizdəndir.
Ölkəyə təşrif buyuran turistlərin bayram günlərində sayının daha çox olması da diqqət çəkən məqamlardandır. Heç şübhəsiz ki, həmin turistlərin hər birinin ölkə iqtisadiyyatına da faydası böyükdür. Təsadüfi deyil ki, son bir-iki il ərzində ölkə iqtisadiyyatına gələn gəlirlərin həcmində turizm sektorunun xüsusi pay var. Və bu istiqamətdə cərəyan edən proseslər onu göstərir ki, qeyd etdiyimiz müsbət tendensiya artan xətt üzrə gedəcək. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, bu faktı tək biz deyil, eləcə də müvafiq beynəlxalq təşkilatlar açıq şəkildə ifadə edirlər. Elə Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) bu ay üçün açıqladığı hesabatdan da bunu aydın görmək mümkündür. Hesabatda qeyd olunur ki, 2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub. Nəzərə alaq ki, bu göstərici 2016-cı ildə AZN/USD orta məzənnəsi ilə 1 milyard 437,3 milyon dollar təşkil edib, Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 faiz, yaxud 2 milyard 446,4 milyon manat olacaq. Ümumilikdə isə, 2017-2027-ci illər ərzində isə 6,5 faiz daha artaraq 4 milyard 581,9 milyon göstəricisinə çatacaq. Hesabatda deyilir ki, bu rəqəmlər hər şeydən əvvəl hotellər, mehmanxanalar, turizm agentlikləri, aviaşirkətlər, həmçinin sərnişindaşıma xidmətləri göstərən digər bu tipli bazar iştirakçılarının iqtisadi fəaliyyətini əks etdirir. Bu bir danılmaz faktdır ki, son illər Azərbaycanda otel və mehmanxana şəbəkələri genişlənməkdədir. Təkcə paytaxtda deyil, eləcə də regionlarda müasir standartlara cavab verən yeni turizm obyektləri, otellər inşa olunur. Bu da öz növbəsində xarici turistlərin Azərbaycana olan marağının artmasına müsbət təsir göstərən amillərdəndir.
WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun investisiya və digər parametrlərin daha geniş təsiri daxil olmaqla Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata qədər olub. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6 faiz - 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3 faiz artaraq, 15 milyard 924,5 milyon manat, yaxud ölkə ÜDM-nin 20,6 faizi qədər olacaq. Qurumda qeyd edirlər ki, turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Yeni inşa edilmiş otel və mehmanxana şəbəkəsində yüzlərlə yeni iş yerlərinin açılması ümumilikdə ölkədə işsizlik səviyyəsinin azalmasına gətirib çıxarır. Belə ki, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin edib ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 faizi qədər olub. WTTC təşkilatının proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 faiz, 2027-ci il üçün isə daha 3,5 faiz olacaq. Başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 faizi qədər olacaq. Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil edib. Qurumun ekspertləri proqnozlaşdırır ki, cari ildə sektor 642 min iş yerini təmin edəcək. Bununla yanaşı, 2027-ci ildə iş yerlərinin sayı 3,2 faiz, yəni 883 min artacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9 faizii qədər olacaq.
Heç şübhəsiz ki, ölkəyə turist axını Azərbaycan iqtisadiyyatının inkişafına da təkan verir. Artıq bir neçə ildir ki, bunun müsbət nəticələrini aydın şəkildə görürük. Elə son hesabatda da bu amilə diqqət çəkilir. Qurum ölkəyə turist axınının turizm sənayesinin ölkə iqtisadiyyatına birbaşa təsirinin aparıcı komponenti olduğunu vurğulayır. WTTC təşkilatının məlumatlarına əsasən, 2016-cı ildə "Visitor Exports" (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 milyard 552,2 milyon manat təşkil edib Xatırladaq ki, "Visitor Exports" göstəricisi beynəlxalq turist məsrəfləri üzrədir və əcnəbilərin nəqliyyat və səfər turizminə aid istehlakını səciyyələndirən xərcləri daxil olmaqla, istər işgüzar, istərsə də şəxsi məqsədlərlə xərclədikləri vəsaiti əhatə edir. WTTC təşkilatında hesab edirlər ki, 2017-ci ildə bu göstərici 8,1 faiz artacaq və nəticə etibarilə ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək isə "Visitor Exports" göstəricisi daha 6,5 faiz artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon 254 min turist səfər edəcək ki, onlar da Azərbaycanda 9 milyard 205,3 milyon manat pul xərcləyəcəklər. Hesabatda o da qeyd edilir ki, 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna 479,5 milyon manat yatırım qoyulub. 2017-ci ildə isə kapital qoyuluşunun həcmi 6,2 faiz, qarşıdakı 10 ildə isə 4,9 faiz artaraq 825,1 milyon manata çatacaq. Ümumilikdə, 2027-ci ilədək əcnəbilər hər il Azərbaycanda təxminən 6 milyard dollar xərcləyəcəklər
Süleyman
Olaylar.- 2017.- 29 mart.- S.6.