Pambıqçılığın
inkişafı həm də
məşğulluq probleminin həlli deməkdir
İlham
Əliyev: "Bu il ancaq pambıq becərən rayonlarda 200 min
insan işlə təmin olunacaq"
Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra
ölkədə yaranmış qeyri-müəyyənlik digər sahələrdə olduğu kimi, kənd təssərrüfatına
da mənfi təsirini göstərmişdi. Bir vaxtlar
respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin
dolanışıq, gəlir mənbəyinə çevrilən
"ağ qızıl" istehsalı da tədricən unudulurdu.
Üstəlik torpaqlar kəndlilərə verildikdən, kolxoz
və sovxozlar dağıldıqdan sonra pambıq əkinində
də sərbəstlik yarandı. Texnika, mineral kübrələr
və məhsulu satmaq üçün bazar
olmadığından pambıqçılığa olan maraq
ildən-ilə zəiflədi. Bundan sonra zavodların istehsal
gücü azaldıldı və bu məhsulun bazarında
durğunluq yarandı.
Təsəvvür edin ki, bir vaxtlar bir milyon tondan artıq pambıq toplanan Azərbaycanda cəmi bir neçə on min ton pambıq yığılır. Lakin prezident İlham Əliyevin həyata keçirdiyi şaxələndirilmiş iqtisadi siyasət nəticəsində "ağ qızıl" istehsalında əməlli-başlı dirçəlmə müşahidə olunur. Ölkədə pambıqçılığın inkişafı üçün əvvəlcə onun qanunvericilik bazasının yaradılmasına ehtiyac var idi ki, qısa zaman kəsiyində Parlamentdə "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Burada qarşıya qouylan əsas məqsəd bu strateji məhsulun inkişafını yenidən dövlətin diqqət mərkəzinə çevrməklə "ağ qızıl"ın əvvəlki şöhrəti qaytarmaqdan ibarət idi. Qanunun əsas məqsədi isə dövlət proqramları əsasında ölkədə pambıqçılığın, yüngül sənayenin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilati və iqtisadi zəmin yaratmaqdan ibarət idi. Azərbaycanda pamçıqçılığın inkişaf strategiyasının davamı olaraq dövlət başçısının rəhbərliyi ilə bu sahənin dirçəldilməsi üçün bütün hüquqi və texniki dəstək təmin olunmaqdadır. Pambıqçılığın inkişafının ölkə iqtisadiyyatında xüsusi yerinin olduğunu tövsiyyə edən prezident İlham Əliyev heç bir tərəddüd etmədən bu sahənin daha da genişləndirilməsi məqsədilə bütün mümkün imkanlardan maksimum istifadəni qarşıya məqsəd qoyub.Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyd edib ki, bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir. Dövlət başçısı bildirib ki, bütün hazırlıq işləri vaxtında görülməli, itkilər minimuma endirilməlidir: "Pambıq tarlalarına gedən yollar təmir edilir, qəbul və pambıqtəmizləmə məntəqələri fasiləsiz elektrik enerjisi ilə təchiz edilir. Bu il ancaq pambıq becərən rayonlarda 200 min insan işlə təmin olunacaq". İqtisadçı ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişaf etdirilməsi işsizlik probleminin aradan qaldırılmasında böyük rol oynayacaq. Bu sahənin daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasına kömək edəcək. Bu da yeni iş yerlərinin açılması deməkdir. Nəzərə almaq lazımdır ki, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəmin daha da böyük olacağı gözlənilir. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bu gün rayonda işləmək istəyənlər üçün qeyri-neft sektoru, xüsusən pambıqçılığın inkişafına göstərilən diqqət bir stimul rolunu oynayacaq. Digər tərəfdən, əvvəllər ölkəmizdə fəaliyyət göstərən, son illər isə pambıq istehsalının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandıran müəsssiələr yenidən bərpa olunacaq. Pambıq məhsullarından həm də yeyinti sənayesində istifadə olunur. Ölkənin ərzaq təhlükəsizliyi həmişə dövlətin nəzarətində saxlanılmaqla tənzimlənir. Bildiyiniz kimi, pambıq texniki bitki olsa da, onun toxumundan-çiyiddən emal olunmaqla, ərzaq üçün pambıq yağı və heyvandarlıq üçün qüvvəli yem istehsal olunur. Yüksək səviyyədə rafinə olunmuş pambıq yağı və digər məhsullar daxili və xarici bazarlarda satılır. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, kənd təsərrüfatı mütəxəssisləri, aqronomların hazırlanması vacibdir: "Ölkəyə pivot suvarma sistemləri gətirilir. Həmin sistemlər məhsuldarlığı bir neçə dəfə artırır. Gələcəkdə ölkəmizdə pivot suvarma sistemlərinin istehsalı nəzərdə tutulub. Növbəti illərdə yeni pambıqtəmizləmə zavodlarına ehtiyac yaranacaq. Hazırda 22 pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Onların emal gücü 400 min tondur". Dövlət başçısı nəzərə çatdırıb ki, pambıqçılığın inkişafı yüngül sənayenin də inkişafına təkan verəcək: "Özlüyündə sosial layihə olan bu sahənin inkişafı əhalinin sosial durumunun yaxşılaşdırılmasına təkan verəcək". Qeyd edək ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması da qarşıda duran əsas məsələlərdəndir. Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi prioritet sahə hesab edilir. Sirr deyil ki, respublikamız dünyanın pambıqçılıq ölkələrindən biri hesab edilir. Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. İndi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticələrə nail olmaq mümkündür. Onu da bildirək ki, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Bu məhsula dünyada böyük ehtiyac var. Pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Pambığa dünya bazarında həmişə tələbat olub və indi də var. Odur ki, bu sahənin inkişafı ölkəyə valyuta axınını təmin edə bilər. Nəzərə almaq lazımdır ki, hazırda neftin qiymətinin dünya bazarlarında kəskin şəkildə aşağı düşməsi qeyri-neft sektoruna marağı artırır. Artıq ölkəmizdə də bu sektorun inkişafı prioritet məsələyə çevrilib. Odur ki, əsas diqqət iqtisadiyyatın yanacaq-energetika kompleksindən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı sahəsində ölkəmizdə uğurlu addımlar atılmasına yönəlib. Pambıqçılıq əməktutumlu və yüksək gəlirli istehsal sahəsi olmaqla yanaşı, həm də ölkədə yüngül sənayenin inkişafına ciddi təkan verə biləcək sektordur. Pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, pambıq digər dənli taxıl, tərəvəz, bostan bitkiləri üçün əlverişli sələf bitkisi hesab olunur. Azərbaycanda isə pamçıqçılığın inkişafı üçün kifayət qədər əsaslar məvcuddur. Belə ki, məhsulun sifarişçisi var, məhsulun alınması üçün qiymətlər yüksək həddədir. Dövlət fermerləri lazımi istehsal vasitələri və gübrələrlə təmin edir, üstəlik fəaliyyətin genişləndirilməsindən ötrü güzəştli kreditlər verir. Torpaqlarda milerasiya işlərinin aparılması məqsədilə suvarma sistemi tətbiq edilir, yeni-yeni emal müəssisələri inşaa edilir. Ən əsası isə istər xam pambıq, istərsə də istehsal məhsulları üçün bazar mövcuddur. Qalır bircə, sahibkarların qollarını çırmalayıb işə başlaması, bu işdə də dövlət başçısı onlara hərtərəfli dəstək verir.
Alim
Olaylar.- 2017.- 30 mart.- S.8.