Səni çox sevdim, Aytən...

 

İnsanın əhvalı onun ruhuna bağlıdı. Bəzən elə olur ki, insan ruhu hansısa bir hadisənin təsirindən haldan-hala düşür. Bu məqamda insan daxilində necə bir prosesin baş verdiyini kəsdirə bilmir, hiss və duyğularının onu hansı istiqamətə apardığını görmür, fırtına içində çabalaya-çabalaya qalır. Bu zaman gözəl bir musiqi onu "fırtınadan" uzaqlaşdıraraq xilaskarına çevrilir. Bu, bir muğam parçası, bəstəkar, xalq mahnısı, klassik musiqi, yaxud da saz ifası ola bilər - baxır kimin ruhuna, zövqünə hansı yaxındı.

Mənim ruhuma saz musiqisi daha yaxındı, daha doğmadı. Qəlbimin bütün tellərini "Ruhani" ilə sızladıb paramparça etmək mümkündü. Yaxud da əksinə darmadağın olmuş iç dünyamı "Ruhani" birləşdirir. "Koroğlu cəngisi" səslənəndə ölmüş ruhumun dirilməsi an məsələsinə çevrilir. "Orta sarıtel" məni çox uzaqlara aparır, dinləyəndə ruhum dincəlir. "Baş sarıtel" isə xoş xatirələrimi qanadlandırıb keçmiş günlərə aparır. Bir sözlə, SAZ mənim üçün bitib-tükənməyən bir xəzinədi...

Azərbaycan xalqının saz musiqisi qədər dəyərli və sanballı olan ikinci musiqi xəzinəsi muğamdı. Demək olar ki, bir ömürdü dinləyirəm, muğam ifaçılarına qulaq asıram. Bir neçə dəfə muğam televiziya musabiqəsini canlı izləmişəm. Və hər dəfə mənə elə gəlib ki, muğamı anlamıram, onu hiss edə bilmirəm. Amma bir müddət əvvəl gənc xanəndə Aytən Məhərrəmova bu qənaətimi alt-üst etdi.

İki il əvvəl Aytənin albom təqdimatına dəvət almışdım. "Ana yurdum" adlı albom Daşkənddə hazırlanmışdı. Təqdimatda canlı olaraq "Heyratı" oxudu. İfaya heyran oldum, Aytənin səsi məni özünə hopdurdu. Səsdəki mərdlik və nikbinlik ovqatı məndə bir cəngavərlik əhvalı yaratdı. Eşitmişdim ki, "Heyratı"nın ən mahir ifaçısı Xan Şuşinski olub. Evə dönəndən sonra internetdə Xan Şuşinskinin ifasında həmin muğamı dinlədim və heyrətə gəldim. Aytən Xan Şuşinskidən qətiyyən geri qalmamışdı, ustad səviyyəsində ifa etmişdi.

Beləcə... Aytən muğamı mənə sevdirdi... sevdirdi yox, muğama bağladı. Sonra Aytənin ifasında "Şahnaz"ı dinlədim, muğamı tamlığı ilə dərk etdim. Üstəlik də onun yüksək səviyyəli ifasına heyran oldum. Və o gün - bu gün Aytən Məhərrəmovanın dinləyicisi oldum, pərəstişkarına çevrildim...

 

***

 

Vədələşdiyimiz kimi işdən sonra gözəl bir məkanda görüşdük. Çay süfrəsi arxasında ordan-burdan söhbətləşdik. Çayın rəngini və ləzzətini, eləcə də mürəbbənin dadını və gözəlliyini təriflədik. Musiqi dünyasından, şou aləmindən söz açdıq. Söhbətin istiqaməti siyasi məcraya yönələn anda qəfildən soruşdum:

-Aytən, sənin üçün muğam nədi?

Düşünmədən cavab verdi:

-Məncə, muğam səmadan enmiş müqəddəs kitab qədər dəyərlidir. Bu dəyərin içində insanı özünə çəkən, onu yaşadan, hiss və duyğularını zamana və şəraitə uyğun kökləyən bir ucalıq var.

Muğam bax, həmin ucalıqda taleyimə işıq tutan, yol göstərən bir varlıqdı. Muğam məni özünə çəkən bir cazibədi, sehrdi. Hərdən özümə sual verirəm ki, muğamsız mən kim olardım?

-Nə cavab verirsən?

-Heç kim. Həyatım mənasız, günlərim hədər gedərdi. Bəlkə də həyatı dərk edə bilməzdim, ömrümü bir boşluq içində başa vurardım.

-Həm də tanınmazdın, sevilməzdin, - əlavə edirəm.

-Muğam işığında tanınmağın, məşhurlaşmağın çox gözəl tərəfləri var. Bu işıq yolunu açır və sən özündə çox böyük bir məsuliyyəti daşıdığını hiss edirsən. Bu məsuliyyəti ilk dəfə 2011-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olanda anladım. Həmin məsuliyyəti ona görə çox asanlıqla çiyinlərimə götürdüm ki, müsabiqənin gedişində heç bir haqsızlıq görmədim, ifama verilən yüksək dəyər məni göylərə qaldırdı. Və o zamandan muğam mənim yol yoldaşım, tale sirdaşım oldu...

Aytən həmin müsabiqədə qalib olmaq üçün günlərlə çalışıb, yuxusu qaçıb, bəzən vaxtında çörək də yeməyib, ac qalıb, məşq etməkdən yorulub-usanmayıb. Qarşısına qoyduğu məqsədə çatmağın yollarını arayıb. Natəvanın "Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm" rədifli qəzəlini əzbərləyib. Səhnəyə çıxanda muğamın arasında qəzəli söyləyib. Elə ki,

Baxın bu Natəvan zarə, gunu bəxtim kimi qarə, Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm, -sözləri ilə qəzəli bitirib, münsiflər onu alqışlayıblar. Halbuki yarışmanın şərtlərinə görə ifaçını alqışlamaq olmazdı. Yunanıstan, Hindistan, Türkiyə, Fransadan gələn münsiflər qəzəlin sözlərini başa düşməsələr də Aytənin diksiyasını, səsindəki həzin notları, lirik məqamları hiss etmişdilər. Üstəlik də onlar Aytənin oxuduğu "Şahnaz"ın təsirindən xeyli vaxt çıxa bilməyiblər.

Hələ Aytənin keçirdiyi hissləri demirəm. Qaliblərin adı elan olunanda yaşadığı duyğular indi də yadına düşəndə kövrəlir. Deyir ki, öncə 3-cü, sonra 2-ci yerin qalibini elan etdilər. Mən isə titrəyirdim, adım çəkilmirdi... "Aytən Məhərrəmova 1-ci yer" deyəndə hər şeyi unutdum, sanki, ayaqlarım yerdən üzüldü. Bir də onda özümə gəldim ki, ətrafdakılar məni təbrik edirlər, qucaqlayıb öpürlər, sevinirlər, gülürlər...

Qalibiyyət elə bir hissdir ki, insan o an sevincdən ölə də bilər. Daxilində baş verən proseslərin təsirindən özünü itirib, lal-kar vəziyyətinə də düşər. Bütün bunlar o zaman baş verir ki, günlərlə, həftələrlə çəkdiyin zəhmətin halal haqqını alırsan. Sənin haqqını sinidə hazır şəkildə başqasına təqdim etmirlər. Aytən Məhərrəmovaya halal haqqını vermişdilər...

 

***

 

Aytən danışdıqca Seyran Səxavətin ustad Süleyman Abdullayev haqqında yazdıqlarını xatırlayıram. Yazıcının muğamla bağlı sualına Dədə Süleyman belə cavab verib ki, dünya muğamı dinlədikcə, muğamı duyduqca günahlarından arınacaq, paklaşacaq, ruhu təmizlənəcək. Aləmdə Allahdan sonra güclü, qüdrətli bir möcüzə varsa, o da muğamdı. Muğam insanlığı xilas edəcək.

Altı il əvvəl bir muğam yarışmasında münsiflik edən xarici ölkə nümayəndələri "Şahnaz"ı başa düşübsə, demək ki, Dədə Süleyman havayı söz danışmayıb: "Muğamı yer üzünə Allah göndərib". Aytən oxuyanda mən bu sözlərin gerçək anlamına tapınıram. Hiss edirəm ki, muğamda irfani gözəllik və qüdrətlə yanaşı bir sehr, cazibə var. O, səni bu cazibənin içinə salır və sən çox dəyişirsən, hər şeyi unudursan.

Aytən heç kimə bənzəmir, öz səsi, öz yolu, öz dəst-xətti var. Şirin, məlahətli, kövrək və duyğulu, eləcə də üsyankar səsi ilə dinləyicini heyran edir. Heç bir ifaçını yamsılamır, bir başqasının yolu ilə getmir, özünün açdığı cığırla uğura doğru hər gün bir addım irəli gedir. Oxuduğu mahnılara bəzən özünün impravizasiyasını, boğazlarını əlavə edir. Çox da uğurlu alınır. O, oxuyarkən səs diapozonunu nümayiş etdirmir, muğamlarla yanaşı bəstəkar və xalq mahnılarını ifa edir, yaradır. Deyir ki, böyük sənətkarlarımızın ustalığı, səslərindəki məlahət, muğamın mətni, nəğmənin melodiyası üzərində düşünüb-daşınmaları mənim üçün örnək olan bir məktəbdi, özümü bu məktəbin yetirməsi hesab edirəm.

O, oxuduğu xalq və bəstəkar mahnılarının melodiyasına öz qəlbini bükür. Onu dinləyəndə səsinin içindəki ürək çırpıntılarını eşitmək olur. Bu, ona görə belədir ki, Aytən oxuduğu mahnını əyninə geyinir. Ölçünü dəqiq bilir, ondan balaca, ya da böyük olanını "geyinmir". Çünki bu, çox eybəcər görünəcək, tökülüb-itəcək. Aytən oxuyanda təpədən - dırnağa kimi mahnılaşır, muğamın sehrində itib-batır. Ona görə də həyatda olduğu kimi, səhnədə də səmimidir, xoşdur, cazibadardır. Təbiilik və səmimilik sənətin tacıdır.

Aytən deyir ki, mahnı onu deyil, o, mahnını öz zövqünə, üslubuna və imkanlarına görə seçir. Hər hansı bir mahnının ifa ömrü 5-6 dəqiqədir. Təsirinin ömrü ifasının ömrünə bərabər olan nəğməyə mahnı demək olmaz. Aytənin oxuduğu "Aman ayrılıq", "İntizar", "Gəl inad etmə", "Xatırla məni", "Anama deyin", "Heyfim gəldi", "Ey nazlı canan", "Heç küsməyin yeridirmi?", "Qurbanam o gözlərə", "Qərarsız mən oldum", "Sədaqətim var", "Gəl bizə yar" və s. mahnıların isə ömrü uzundu. İllərlə yol gəlib, zamanında Azərbaycanın məşhur, dünyaca tanınmış xanəndələri, müğənniləri ifa ediblər. Bu gün isə Aytən həmin mahnıları ifa edəndə, sanki, dinləyici qəlbinin "sarı siminə" toxunur.

 

***

 

Çoxları kimi onun da uşaqlığı adi keçib. Amma bu adiliyin içində bir maraq, bir həvəs onu heç vaxt dinc qoymayıb, onu bacısından fərqləndirib. Dil açanda piano istəyib. Beş yaşında atası oyuncaq piano alıb. Amma oyuncaq piano qızcığazın içindəki ilahi səsin, musiqi marağının, çalıb-oxumaq həvəsinin qarşısında duruş gətirə bilmirdi. Əsil musiqi aləti lazım idi. Aytən çox istəyirdi, çox arzulayırdı pianoda ifa etsin.

Bunu hiss edən valideynləri ona piano aldılar. O, tək əllə kimsədən dərs almadan öz-özünə çalmağa başlayıb və öyrənib. Valideynləri görüb ki, Aytən yaşıdları ilə oynamaq əvəzinə bütün günü pianonun arxasında oturur. Ona görə də musiqi məktəbində təhsil almaq üçün onu məktəbə yazdırırlar. Burada müəllimləri Aytənin səsindəki istedadı görüb təklif edirlər ki, xanəndəlik sinfində oxusun.

Təklif qəbul olunur. Aytən daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alaraq, Əlibaba Məmmədovdan öyrənir. Muğamın dərinliklərinə enmək, orada gizlənən sehr və cazibəni üzə çıxarmaq üçün ali təhsilə gedən yola çıxmaq lazim idi. Şuşa Musiqi Kolleci onu "çağırırdı". O, bu çağırışa səs verdi, kollecdə Mənsum İbrahimovu Tanrı onun qarşısına çıxardı. Sonra da Azərbaycan Milli Konservatoriyasında magistr təhsilini başa vurdu. Orada da Mənsum İbrahiomov Aytənin muğam dünyasında bir məşəl oldu. Aytən sevimli müəllimi haqqında belə deyir:

-Bu sənətdə, bu pillədə olmağımda göydə Allahıma, yerdə isə ustadım Mənsum İbrahimova borcluyam. O, nəinki mənə, eləcə də bütün tələbələrinin lazım olan pilləyə qalxmaları üçün əlindən gələni əsirgəmir. Özü necə, hansı cığırla irəli gedirsə, çalışır ki, bizi də o yolla aparsın.

Mənsum müəllim nurlu insandı. Yaxşı günümüzdə də, pis günümüzdə də yanımızdadı, ağsaqqalımızdı. Çox vaxt dərd-sərimi, problemlərimi, adlaya bilmədiyim əngəllərimi ona söyləyir, məsləhət istəyirəm. Belə məqamlarda Mənsum müəllimin təklif etdiyi, göstərdiyi yolla gedirəm. Başlanğıcım da, sonum da Mənsum müəllimdi. O, heç nəyini məndən əsirgəmir...

 

***

 

Bu gün Aytən özü müəllimlik edir. İlk müəllimlik fəaliyyətinə 19 yaşı olanda Şuşa Musiqi Kollecində başlayıb. Tələbələrə Azərbaycan xalq musiqi tarixini öyrədib. Gənclərə hər hansı bir muğamın, təsnifin ifaçıları haqqında, tarixi haqqında bigilər verib. Musiqi məktəbində təhsil alan, gələcəyin müğənnisi, xanəndəsi olan gəncin Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin kim olduğunu, hansı musiqiləri, muğamları, təsnifləri ifa etdiyini bilməməyə haqqı yoxdu.

Hazırda Milli Konservatoriyada müəllimlik edir, tələbələrinə muğamla yanaşı qaval dərslərini də keçir. Özü bu musiqi ocağında tələbə olarkən Konservatoriyanın rektoru Siyavuş Kərimi onun istedadını görüb, bəyənib və təhsilini başa vurduqdan sonra məktəbdə qalıb işləməyi Aytənə təklif edib.

Aytən qaval səsini, onun ritmini düstura salıb, şifahi səsləri, ritmləri yazıya köçürüb. Hələ bu vaxta kimi heç kim belə bir iş etməyib. Bu, bir ilkdi. Muğam ifası qavalsız olmaz. Tar və kaman kimi qaval da muğam ifaçısının yol yoldaşı, qəlb sirdaşıdı.

Aytən fonoqramadan çox canlı ifaya üstünlük verir. Dediyinin sübutu kimi belə bir hadisə danışdı:

-Bir neçə il əvvəl Çelyabinskidə konsert verirdik. Dedilər ki, fonoqrama ilə oxumaq lazıımdı. Ürəyimcə olmasa da razılaşdım. Amma səhnəyə çıxan kimi fikrimi dəyişdim. Fonda musiqi səslənməsinə baxmayaraq mən canlı, həm də mikrofonsuz oxumağa başladım. Bunu görən musiqiçilər məni müşaiyət etməyə başladılar, arxa fondakı səsi kəsdilər. Mahnını oxuyub bitirəndən sonra uzun-uzadı alqışladılar, hiss etdim ki, fonoqramasız oxumağım tamaşaçıların ürəyincə olub. Bu hərəkətim haqqımızda yüksək fikir formalaşdırdı.

-Operada işləyirsən...

-Bəli, iki ildi Akademik Opera və Balet Teatrının solistiyəm. "Şah İsmayıl"da Ərəbzəngi, "Leyli və Məcnun"da Leylinin anasını oynamışam. İçimdən gələn ən müqəddəs istəyimdi ki, Leyli rolunu canlandırım. İnanıram ki, yaxın zamanlarda rejissor Leylini mənə həvalə edəcək...

 

***

 

Musiqi elə bir qidadır ki, insan mənəviyyatının bir çox məqamları onun melodiyasına və ritminə köklənərək, ürək döyüntüləri ilə həmahəng olur. Bu, mənəvi dünyanın musiqiyə bağlılığından irəli gələn bir haldır. Həmin bağlılığın müəllifi ifaçı və onun səsidi. İfaçının səsindəki melodiyanın həzinliyi, sözlərin lirika ilə səsləndirilməsi, duyğularının musiqiyə bükülərək təqdim olunması... bunlar yoxdursa, dinlədiyin musiqinin də təsir gücü olmur. İfaçı dinləyicinin iç dünyasında "gəzişib" onun ruhunu tərpədə bilmirsə, deməli musiqi duyumu, musiqi yozumu yoxdur.

Bu sadaladıqlarım Aytən Məhərrəmovanın daxili dünyası və sənəti ilə birləşərək harmoniya yaradıb. O, bəstəkar və xalq mahnılarında, eləcədə muğamlardakı baş motivi, yəni əsas fikri səs naxışına çevirib dinləyicinin zehninə, ürəyinə rahatlıqla ötürən və duyduğunu qəlbindən süzülən hisslərin alovuna bürüyən ifaçıdı. Bu onun sevilməsi üçün ən böyük stimuldu.

Mən də səni çox sevdim, Aytən!

 

Züleyxa Nadir

 

Olaylar.- 2017.- 2 may.- S.10.