Əli Həsənov ümummilli
lider Heydər Əliyevdən yazdı
XX əsrin sonlarında yenidən
müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və
vətəndaş cəmiyyətinin inkişafı istiqamətində
həyata keçirilən siyasi islahatlar strategiyası
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır.
Bunu
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov rəsmi
mətbuatda çıxan məqaləsində deyib.
Ə.Həsənov
bildirib ki, Azərbaycanın ən mürəkkəb və
taleyüklü dövründə dövlətə rəhbərlik
etmək məsuliyyətini öz üzərinə
götürmüş bu görkəmli dövlət xadimi
xilaskarlıq və quruculuq missiyasını şərəflə
yerinə yetirməklə xalqımızın tarixində silinməz
izlər qoymuşdur:
"1990-cı
illərin əvvəllərində yaranmış tarixi şərait
Azərbaycanda hüquqi, demokratik siyasi sistemin və vətəndaş
cəmiyyətinin formalaşması, xalqımızın vahid
amal, milli-mənəvi dəyərlər ətrafında
sıx birləşməsi, ictimai həmrəyliyin yaradılması
və ölkənin bazar iqtisadiyyatı yolu ilə
inkişafına nail olunması üçün
çoxşaxəli islahatlar strategiyasının
hazırlanaraq həyata keçirilməsini zəruri edirdi. Azərbaycanı
dayanıqlı ictimai-siyasi sabitliyə malik olan, müstəqil,
demokratik və dünyəvi bir ölkə kimi dünyaya
tanıtmaq hakimiyyətin qarşısında mühüm vəzifələr
qoyurdu. Lakin həmin dövrdə iqtidarda olan qüvvələr
xalqı ümummilli maraqlar ətrafında səfərbər
edən, onun kimliyini, yaratdığı dövlətin və
siyasi sistemin xarakterini, mənəvi dəyərlərini
qoruyub saxlayacaq məqsədyönlü siyasət həyata
keçirə bilmədi. Keçmiş ictimai-siyasi sistemdə
formalaşmış bütün dəyərlərdən, o
cümlədən elmi, intellektual və mənəvi
potensialdan kütləvi şəkildə imtina meyli cəmiyyətdə
ciddi siyasi-ideoloji boşluq yaratdı.
Bu
cür həssas bir dövrdə respublikada hökm sürən
iqtisadi və siyasi böhranın aradan qaldırılması,
ictimai-siyasi sabitliyin yaradılması, demokratik siyasi sistemə
və bazar iqtisadiyyatına keçidin təmin edilməsi məqsədilə
çoxşaxəli islahatlar aparmaq səriştəsinə
malik, əhalinin əksəriyyəti tərəfindən dəstəklənən
milli liderə ehtiyac olduğu özünü göstərməyə
başladı. 1993-cü ildə görkəmli dövlət
xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışından sonra Azərbaycanda hüquqi,
demokratik dövlətin və vətəndaş cəmiyyətinin
yaradılması istiqamətində elmi-nəzəri əsaslara
söykənən siyasi islahatlar strategiyası həyata
keçirildi. Bu islahatlar xalqımızın dövlət
müstəqilliyinin möhkəmləndirilməsi,
respublikamızın demokratik yolla inkişafına nail
olunması, hüquqa, ədalətə söykənən vətəndaş
cəmiyyətinin əsasının qoyulması, insanların
azad, sərbəst yaşaması və qanunun aliliyinin təmin
edilməsində böyük rol oynadı.
Azərbaycanın
müstəqil milli inkişafı ilə bağlı Heydər
Əliyevin siyasi dünyagörüşü və konseptual
yanaşması ilk dəfə hələ SSRİ
dağılmamışdan qabaq - 1991-ci ilin əvvəllərində
Azərbaycan parlamentinin tribunasından dediyi fikirlərdə
öz əksini tapmışdır. Onun həmin dövrdə
parlament müzakirələrində səsləndirdiyi təklif
və mülahizələr müstəqilliyə doğru uzanan
yolda irəli sürülən yeganə rasional, praqmatik və
uzaqgörən fəaliyyətin parlaq nümunəsi idi. Heydər
Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçilərkən respublikanın
demokratik yolla inkişafının zəruri olduğunu
vurğulayaraq bildirmişdir: "Müstəqil Azərbaycanda
demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə
geniş yol verilməlidir. Azərbaycan Respublikasında
Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir.
Dövlət quruculuğu və cəmiyyətin formalaşması
məhz demokratik prinsiplər əsasında olmalıdır.
Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət,
insan azadlığı, insan hüquqlarının qorunması
və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri
bərqərar olmalıdır".
Ümummilli
lider respublika Prezidenti seçildikdən sonra 1993-cü il
oktyabrın 10-da Andiçmə mərasimindəki
çıxışında da müstəqil Azərbaycan
dövlətinin demokratik dəyərlər əsasında
inkişaf edəcəyini bir daha bildirərək demişdir:
"Müstəqil Azərbaycan Respublikasının
qarşısında duran əsas vəzifələrdən biri
respublikanın dövlət quruculuğunu təşkil etməkdir.
Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan
etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda
demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan
dövləti demokratik prinsiplər əsasında fəaliyyət
göstərməlidir, öz tarixi ənənələrindən
bəhrələnərək, dünya demokratiyasından,
ümumbəşəri dəyərlərdən səmərəli
istifadə edərək, demokratik dövlət quruculuğu
yolu ilə getməlidir".
Heydər
Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın
milli inkişaf siyasətinin, gələcək ictimai-siyasi,
sosial-iqtisadi və mədəni-mənəvi
inkişafının əsasları qoyuldu, daxili və xarici
siyasətin məqsəd və vəzifələri, prinsip və
xüsusiyyətləri, əsas istiqamətləri və
prioritetləri müəyyən edildi. Dövlət müstəqilliyini
möhkəmləndirən, yeni ictimai münasibətlərə,
demokratik normalar və siyasi plüralizmə əsaslanan vətəndaş
cəmiyyəti modelinə keçidi təmin edən siyasi
islahatlar strategiyasının əsas hədəfləri
sırasında:
*
hüquqi dövlətin və vətəndaş cəmiyyətinin
formalaşıb inkişaf etməsi üçün demokratik
tələblərə cavab verən ölkə
Konstitusiyasının yaradılması;
*
xalqın öz iradəsini seçkili orqanlar vasitəsilə
ifadə etməsi üçün demokratik standartlara uyğun
hüquqi qanunvericilik sisteminin formalaşdırılması;
* vətəndaşların
hüquq və azadlıqlarının, onların sosial, siyasi,
dini, irqi mənsubiyyətindən asılı olmayaraq
ictimai-siyasi proseslərdə iştirakının təmin
edilməsi;
*
çoxpartiyalı siyasi sistemin inkişaf etdirilərək təkmilləşdirilməsi;
* cəmiyyətin
intellektual, siyasi resurslarının müstəqil dövlət
quruculuğu prosesinə cəlb edilməsi;
*
ölkə vətəndaşlarının ümummilli ideoloji
dəyərlər və ictimai-siyasi məqsədlər ətrafında
birləşməsinin təmin olunması;
*
demokratik siyasi mədəniyyətin
formalaşdırılması və s. mühüm yer tuturdu.
Antiazərbaycan
mövqe tutan daxili və xarici dairələrin təxribatlarına
baxmayaraq, Heydər Əliyevin respublikada ictimai-siyasi sabitliyi bərpa
etməsi demokratik islahatların aparılması
üçün əlverişli şərait yaratdı ki, bu,
həm müstəqil dövlət quruculuğu proseslərinin
sürətlə getməsində, həm də yeni
iqtisadi-siyasi sistemin formalaşmasında mühüm rol
oynadı. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk
illərdə milli birliyə qarşı yönəlmiş
siyasi təhdidlər respublikada daxili sabitliyin, ictimai-siyasi və
sosial-etnik təhlükəsizliyin təmin olunmasını, vətəndaş
həmrəyliyinin yaradılması və digər ciddi məsələlərin
həllini tələb edirdi. Buna görə də siyasi
islahatlar aparılarkən milli təhlükəsizlik sisteminin
mühüm tərkib hissələrindən biri olan
ictimai-siyasi, sosial-etnik təhlükəsizliyin təmin edilməsi,
cəmiyyətdəki köklü dəyişikliklərin
xalqımızın maraqlarına təsirinin öyrənilməsi
və nəzərə alınması vacib amillərdən
biri oldu.
Azərbaycanda
ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş
birliyinin təmin olunması siyasi islahatların əsas hədəflərindən
birinə çevrildi ki, bunun da nəticəsində
respublikada hökm sürən xaos və
dağıdıcı qüvvələrin cinayətkar fəaliyyəti
aradan qaldırıldı, dövlət və cəmiyyət həyatının
bütün sahələrini əhatə edən quruculuq işləri
vüsət aldı. Heydər Əliyevin xalqı səfərbər
edərək öz arxasınca apara bilən lider olması ilə
yanaşı, müstəqil Azərbaycan dövlətinin
qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri
yenidən bariz şəkildə təcəssüm olundu.
Ümummilli lider mürəkkəb xarici-siyasi vəziyyətdə,
yeni dünya nizamının tələblərini və
geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan
dövlətinin milli inkişaf strategiyasını müəyyənləşdirdi
və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı.
Respublikanın
milli təhlükəsizliyinə qarşı yönəlmiş
təhdidlərin aradan qaldırılmasının əsas və
ən mühüm şərtini ictimai-siyasi sabitliyin təmin
olunmasında görən Heydər Əliyev bəyan edirdi ki,
nəyin bahasına olursa-olsun ölkə daxilində xaos və
qarşıdurma cəhdlərinə qarşı qətiyyətli
mübarizə aparacaq, qanunçuluğu və milli dövlətçiliyi
möhkəmləndirmək üçün bütün
imkanlardan istifadə edəcəkdir. Buna görə də
müxtəlif vaxtlarda daxili və xarici dairələrin
ölkəmizin konstitusiya quruluşunu sarsıtmaq, ictimai-siyasi
sabitliyi pozmaq, etnik münasibətləri kəskinləşdirmək
cəhdləri baş tutmadı və həmin hadisələr
zamanı aydın oldu ki, siyasi islahatlar ölkədə səmərəli
dövlət idarəçiliyi sistemi, dayanıqlı
ictimai-siyasi sabitlik yaratmışdır.
Heydər
Əliyevin Azərbaycanda ictimai-siyasi sabitliyi yaratdıqdan sonra
dövlət quruculuğunun hüquqi bazasının
formalaşdırılması istiqamətində
gördüyü işlər milli müstəqilliyin qorunub
saxlanması və möhkəmlənməsində
böyük əhəmiyyət kəsb etdi. Ulu öndərin
birbaşa təşəbbüsü ilə hazırlanaraq
1995-ci ildə ümumxalq səsverməsi nəticəsində
qəbul olunmuş Azərbaycanın Respublikasının
Konstitusiyası ilə hakimiyyət bölgüsü prinsipi,
demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsasları,
insan hüquq və azadlıqlarının təmin olunması
və s. bünövrəsi qoyuldu. Bu sənəd müstəqil
Azərbaycanda dövlət quruculuğunun sarsılmaz təməllərini
yaratdı, cəmiyyətdə milli həmrəylik və
tolerantlığın, humanizmin özünə mühüm
yer tutmasını təmin etdi.
1993-cü
ildən həyata keçirilən tədbirlər - milli
qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılması, azad, plüralist cəmiyyət
quruculuğu, qeyri-hökumət təşkilatlarının və
müstəqil mətbuatın yaradılması sahəsində
atılan mühüm addımlar, çoxpartiyalı sistemin
formalaşması, onun əsasında ilk parlament seçkilərinin
keçirilməsi, mətbuat və informasiya üzərindən
bütün dövlət tənzimləyici mexanizmlərin
götürülməsi, senzuranın ləğvi və s.
ölkəmizin beynəlxalq aləmdə demokratik imicini
formalaşdıraraq dünya dövlətlərini onunla daha
geniş əməkdaşlığa ruhlandırdı. Siyasi
islahatlar yeni ictimai münasibətlərin inkişafını
təmin edib ölkədaxili demokratiyanın səviyyəsini
Avropa standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci
ildə Azərbaycanın Avropa Şurasına daxil olması,
Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri
yaratması, dünyanın nüfuzlu təsisatlarına
inteqrasiyası və s. ilə nəticələndi. Siyasi
islahatlar ədalətli cəmiyyət və
sosialyönümlü dövlətin möhkəmlənməsini,
vətəndaşların sosial-iqtisadi və mənəvi tələblərinin
dolğun təminatını, habelə maddi resursların insan
potensialının inkişafına yönəldilməsini
şərtləndirdi.
Müstəqil
dövlətin siyasi-ideoloji əsaslarının, idarəçilik
mexanizminin yaradılması və milli inkişaf
konsepsiyasının formalaşdırılması istiqamətində
Heydər Əliyevin gördüyü işlər bir tərəfdən
Ermənistanla hərbi qarşıdurma, digər tərəfdən
isə Azərbaycanı təsir altında saxlamaq istəyən
daxili və xarici güclərlə kəskin mübarizə
şəraitində baş tutmuşdur. Lakin ümummilli lider
bu çətinliklərə baxmayaraq, özünün şəxsi
nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik
təcrübəsi sayəsində bütün milli
resursları vahid amal uğrunda səfərbər etmiş, Azərbaycanın
dövlət müstəqilliyini qoruyub saxlayaraq, onu sabit
inkişaf yoluna çıxarmış və müstəqil
subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasına
nail olmuşdur.
Heydər
Əliyevin 1993-2003-cü illərdə irəli
sürdüyü ideya və fikirlər, siyasi və sosial-mənəvi
sahədə reallaşdırdığı kurs, praktiki tədbirlər
bir ictimai-siyasi sistemdən digərinə keçidin, demokratik
cəmiyyətin, habelə ictimai həyat normalarının əsaslarını
yaratmışdır. Ümummilli liderin siyasi-ideoloji
baxışları sosializm sistemindən azad olaraq müstəqillik
yolu tutmuş, lakin region və dünya güclərinin
üst-üstə düşməyən, kəsişən
maraqları ilə üz-üzə qalmış, getdikcə
qloballaşan dünyada öz yerini axtaran, milli
maraqlarını və təhlükəsizliyini qorumağa
çalışan gənc Azərbaycan dövləti
üçün böyük əhəmiyyət
daşıyır. Heydər Əliyevin uzaqgörən siyasəti
uzun illər öz dövlətçiliyindən, milli-mənəvi
köklərindən ayrı salınmış
xalqımızın özünəqayıdış və
özünütəsdiqində mühüm, səfərbəredici
funksiya yerinə yetirmiş, dövlət strukturlarının
rəsmi və praktiki fəaliyyətinin, həyata keçirilən
iqtisadi-siyasi, hüquqi və sosial-mənəvi proqramların əsasında
dayanmışdır.
Siyasi
islahatlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin varislik
prinsipi saxlanılmış və vaxtilə onun birləşdirici
ideya kimi irəli sürdüyü azərbaycançılıq
ideologiyasına müraciət edilmişdir. Heydər Əliyev
xalqımızın müstəqillik tarixində Xalq
Cümhuriyyətinin oynadığı rolu yüksək qiymətləndirmiş
və onun ənənələrinin davam etdirilməsinin vacib
olduğunu vurğulayaraq demişdir: "1918-ci ildə
yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir,
tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər,
onilliklər də həyatımızın böyük mərhələləridir,
parlaq səhifələridir, xalqımızın böyük
nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə
indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm
intellektual, həm də mədəni potensialını
yaradıbdır".
Siyasi
islahatlar yeni şəraitdə azərbaycançılıq
ideyasının - ümumvətəndaşlıq, vətənə
bağlılıq, Azərbaycan dilinə və mədəniyyətinə
sevgi, dövlətin sevinci və kədəri, dəyərləri
və problemləri qarşısında ümumi və bərabər
məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın -
milli inkişaf siyasətinin ideoloji əsaslarını ortaya
qoydu. Heydər Əliyev ölkə vətəndaşlarını
vahid ideya və məqsəd ətrafında birləşdirəcək
milli ideologiya məsələsini ümumdövlət səviyyəsinə
qaldırdı. Azərbaycançılığın müstəqil
dövlətin bütün əhalisinin ali ideologiyasına
çevrilməsi və milli birliyin təmin olunmasından irəli
gələn məsələlər ictimai-siyasi, elmi və
yaradıcı dairələrin müzakirəsinə
çıxarıldı. Azərbaycançılıq
ideologiyasının təməlində dayanan milli-mənəvi
dəyərlər - ana dili və milli mədəniyyət,
tarixi keçmişlə bağlı olan adət-ənənələr,
azərbaycanlıları tanıdan və fərqləndirən
bütün atributlar qorunub saxlanılaraq inkişaf etdirildi.
Bütün bunların nəticəsidir ki, Heydər
Əliyevin indiyə qədər toplanılmış nəzəri-siyasi
irsi müstəqil Azərbaycan dövlətinin əsasları
və milli inkişafı haqqında zəngin mənbəşünaslıq
bazası, bitkin bir təlim hesab olunur. Bu təlimin bir çox
tezisləri 1992-ci ildə Yeni Azərbaycan Partiyasının
yaradılması ilə bağlı ümummilli liderin ölkə
ziyalılarına ünvanlanmış müraciətində,
partiyanın proqramında, digər hissəsi isə
1993-2003-cü illərdə prezidentlik fəaliyyəti
dövründə qəbul edilmiş ayrı-ayrı dövlət
proqramlarında, səsləndirdiyi fikir və mülahizələrdə,
çıxışlarında, ortaya qoyduğu nəzəri-siyasi
ideyalarda öz əksini tapmışdır.
Heydər
Əliyev milli ideologiyanı Azərbaycanın tarixi
keçmişi, dövlətçiliyinin dünəni,
bugünü və gələcəyi, ölkədə
yaşayan millət və xalqların adət-ənənələri
ilə sıx şəkildə əlaqələndirdi. Bu məqsədlə
dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının
vahid dövlətçilik ətrafında birləşdirilməsi
üçün ciddi iş aparıldı. Azərbaycançılıq
ideyası ölkənin milli-etnik xüsusiyyətlərinə
və onun müasir inkişaf tələblərinə
uyğunlaşdırıldı. Heydər Əliyevin bu sahədə
həyata keçirdiyi islahatlar xalqımızın qədim
dövlətçilik ənənələrinin üzə
çıxarılaraq müasir tarixi dəyərlərlə
sintezində əvəzsiz rol oynamışdır.
Siyasi
islahatların mühüm xüsusiyyətlərindən birini
Azərbaycanda daxili inkişafın təkamül yolu ilə
getməsinin əsas götürülməsi, demokratiya və
siyasi plüralizmin yaradılmasında inqilabi yanaşmadan
qaçılması təşkil edir. Bununla bağlı
olaraq Heydər Əliyev bildirir ki, dövlət həyatında
heç nəyə birdən-birə nail olmaq mümkün
deyil. Nə iqtisadi, siyasi, sosial-mədəni inkişafa, nə
də demokratiya, vətəndaş cəmiyyəti və siyasi
plüralizmə bir-iki gündə çatmaq olar. Bunun
üçün uzunmüddətli ciddi təşkilati işlər
görülməli, milli inkişaf resursları səfərbər
olunmalı, daxili idarəçilikdə, insanların
şüurunda dəyişiklik edilməlidir. Bütün
bunları heç bir inqilabla etmək mümkün deyil, bunu
yalnız təkamül yolu ilə, tədricən həyata
keçirmək olar.
Heydər
Əliyevin apardığı siyasi islahatlar həm ictimai
şüurun, həm də cəmiyyətin inkişaf
qanunauyğunluqlarına söykənirdi və belə bir ideya
əsas götürülürdü ki, yeni siyasi-iqtisadi sistemə
keçid prosesi mexaniki şəkildə, ani və
sıçrayışlı yolla mümkün deyil. Bu, bir tərəfdən
ictimai-siyasi və iqtisadi sistemin uzun illər
formalaşmış strukturları arasındakı əlaqələrin
tez bir zamanda qırılmasının
qeyri-mümkünlüyü ilə bağlıdırsa, digər
tərəfdən də mənəvi-psixoloji amillərlə əlaqədardır.
Bunu nəzərə alan Heydər Əliyevin sözlərinə
görə, bir ölkədə hətta inqilabi dəyişikliklər
belə köhnə sistemi dərhal dəyişdirmir, onu yeni
bir sistemlə əvəz etmir, inqilab köhnəni vurub
dağıdır, ancaq ondan fərqli sistem yaratmaq
üçün müəyyən vaxt və illər
lazımdır. Buna görə də siyasi islahatlar həyata
keçirilərkən sosial sistemləri dağıdıb
yenidən vaxt və qüvvə sərf etmədən, öz
daxili enerjisi hesabına dəyişdirərək, proseslərin
təbii gedişini istiqamətləndirmək taktikasına
üstünlük verilmişdir.
Heydər
Əliyev dühasının əzəməti həm də
ondadır ki, o, təkcə öz dövrünün nəbzini
tutmaqla məhdudlaşmadı, ölkəni ictimai-siyasi,
sosial-iqtisadi inkişafın birinci fazasından uğurla
çıxarmaq missiyasını başa vurdu və bununla
kifayətlənməyərək, vaxtında ikinci fazanın təməl
daşını qoydu, bu mərhələdə ölkəyə
rəhbərlik edə biləcək yeni siyasi güc mərkəzini
yaratdı. Bəzi qonşu ölkələrdən fərqli
olaraq, Azərbaycan yeni iqtisadi sistemin üstqurumu kimi ortaya
çıxan siyasi dünyagörüşü və yeni
siyasi lideri müxalifətdə deyil, iqtidar partiyasının
içərisində yetişdirdi.
Siyasi
islahatlar cəmiyyətdə konstruktiv əməkdaşlıq
və vətəndaş həmrəyliyi prinsipinin özünə
mühüm yer tutmasını şərtləndirmişdir
ki, bu da demokratik siyasi sistemi səciyyələndirən əsas
cəhətlərdən biridir. Ümummilli lider hər kəsin
müstəqil mövqeyini, fərqli düşünmək
hüququnu qəbul edir, hətta opponentlərin əsassız
tənqidlərinə hədsiz dözümlülük
göstərirdi. Heydər Əliyev demokratiyaya dərk
edilmiş nizam-intizam, yaradıcı proses kimi baxır və
bu anlayışdan sui-istifadə edərək cəmiyyətdə
xaos yaratmağa cəhd edən siyasi avantüristlərə
qarşı barışmaz mövqe tuturdu. Hüquqi dövlətin
və vətəndaş cəmiyyətinin inkişafı naminə
ictimai-siyasi qüvvələrin birliyinə nail olmaq və
milli mənafelərdən irəli gələrək şəxsi,
qrup maraqlarını arxa plana keçirib qarşıdurmalara yol
verməmək siyasi islahatlar zamanı diqqət mərkəzində
dayanmışdır. Ölkənin əksər siyasi qüvvələri
arasında konstruktiv əməkdaşlığın
yaradılması müstəqil dövlət quruculuğu
proseslərini sürətləndirən əsas amillərdən
biri olmuşdur.
Ümummilli
liderin adı ilə bağlı olan siyasi islahatlar
strategiyasının hazırda Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən müasir dövrün tələblərinə
uyğun olaraq təkmilləşdirilib uğurla həyata
keçirilməsi Azərbaycanın müstəqil dövlət
kimi mütərəqqi inkişafında və dünya
birliyində böyük nüfuz qazanmasında mühüm
rol oynayır.
Ötən
illərin təcrübəsi göstərir ki, siyasi
islahatların ardıcıl və sistemli şəkildə
aparılması ictimai həyatın bütün sahələrinin
ahəngdar inkişafı, milli maraqlardan irəli gələn
məsələlərin çevik və lazımi səviyyədə
həllini tapması üçün əlverişli imkanlar
yaratmışdır. Bütün bunların nəticəsində
Azərbaycan keçid dövrünü başa vuraraq,
ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji
transformasiyasının yeni mərhələsinə daxil
olmuşdur.
Olaylar.- 2017.- 3 may.- S.8-9.