Mətbuat və söz azadlığı

bütün ölkə üzrə təmin edilir

 

Bu günlərdə bütün dünya "Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü"nü qeyd edir. Məlumat üçün qeyd edək ki, hər il may ayının 3-ü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1993-cü il dekabr ayının 20-də qəbul etmiş olduğu qərarla qeyd edilir.

Bu bir danılmaz faktdır ki, günümüzdə mətbuat və söz azadlığı cəmiyyətin, dövlətin əsas demokratik inkişaf göstəricisi kimi qəbul edilir. Hər bir ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Eyni zamanda kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Elə buna görədir ki, mətbuat, kütləvi informasiya vasitələri dördüncü hakimiyyət hesab olunur. Bu hər bir ölkədə belədir və dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Sirr deyil ki, bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar vardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit olunub.

Birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycanda söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratdı. Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası formalaşdırıldı, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirildi, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin yeni mərhələyə uyğun olaraq əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmış, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunmuşdur. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoymuşdur. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilmişdir. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynamışdır. Bu gün ulu öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: "Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir". 2003-cü ildən etibarən bu günə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanmış, qanunvericilik aktları təsdiq edilmişdir. Bütün bunlar azad medianın inkişaf etdirilməsinə, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olub. Hazırda Azərbaycan Respublikasında qabaqcıl və azad mətbuat formalaşmışdır. Ölkədə 4400-dən artıq mətbuat orqanı, onlarla jurnalist təşkilatı, ümumrespublika, peyk, regional və kabel televiziyaları, informasiya agentlikləri fəaliyyət göstərir. Söz, fikir, məlumat azadlığı, o cümlədən mətbuatın inkişafı ilə bağlı həyata keçirilən islahatlar uğurla davam etdirilir. Təkcə paytaxt Bakıda deyil, eləcə də bölgələrdə mətbuat inkişaf edir, fikir, söz və məlumat azadlığı təmin olunur. Bu gün istər şimal, istər cənub, istər şərq, istərsə də qərb regionlarında onlarla qəzet, yerli televiziya fəaliyyət göstərir. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu uğurla davam etdirilir. Məlumat üçün qeyd edək ki, 1995-ci ildən ötən dövr ərzində bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub. Kütləvi informasiya orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması muxtar respublikada həm də bu sahədə qəbul olunan qanunların tətbiqi və icrası baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar Respublikanın aparıcı mətbuat orqanı olan "Şərq qapısı" qəzeti həftədə 5 dəfə nəşr olunur. Günümüzdə muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriliyi təmin edilib. Bu sahədə qazanılan uğurlar eyni zamanda elektron medianı da əhatə edir. Belə ki, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Tele-viziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurularaq istifadəyə verilmiş, komitədə yeni nəsil rəqəmsal avadanlıqlar quraşdırılmışdır. "Kanal 35" televiziyasının, "Naxçıvanın səsi" radiosunun da fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması və fəaliyyəti də muxtar respublikamızda bu sahədə həyata keçirilən tədbirlərdəndir. Artıq muxtar respublika sakinlərinə yüksək səviyyədə İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər göstərilir. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Muxtar respublikada məlumat azadlığının və informasiya əldə etmək hüququnun daha effektiv müdafiə və təmin edilməsi məqsədilə 2011-ci il dekabrın 29-da "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir. Qanunda edilən dəyişikliyə əsasən, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsinə nəzarəti həyata keçirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilib. Qanunun icrasını və müvəkkilin bu sahədə fəaliyyətini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən informasiya sahibi olan dövlət orqanları və yerli özünüidarə orqanları müəyyən edilib, onlar haqqında məlumat bazası yaradılıb, eləcə də həmin orqanların rəsmi internet səhifələri və elektron poçt ünvanları məlumat bazasına daxil edilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 6-8 may.- S.15.