Azərbaycan parlamenti siyasi

plüralizm məkanına çevrilib

 

Heydər Əliyev Milli Məclisə siyasi mədəniyyət gətirdi

 

Azərbaycanda siyasi plüralizm ənənələrin foprmalaşmasında  ümumilli lider Heydər Əliyevin rolu danılmazdır. Müstəqil Azərbaycanda demokratk prinsiplərin təmin olunmasında əsas vasitələrdən hesab olunan söz, fikir azadlığı, siyasi partiya və vətəndaş cəmiyyətlərinin formalaşması, eləcə də parlamentarizmin inkişafında ulu öndərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Cəmi 4 ay  Ali Sovetin sədri  vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin  ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Mübaliğəsiz  demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri  vəzifəsində  çalışdığı  qısa zaman  kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının  təməli qoyuldu.  Heç    təsadüfi  deyildir ki, 1993-cü il 3 oktyabr  prezident  seçkilərində seçicilərin 98,8 faizi  Heydər Əliyevə  səs  verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə  həvalə  etmək niyyətində  olduqlarını bütün  dünyaya  nümayiş etdirdilər. Ölkə  başçısı kimi Heydər Əliyev iqtisadi,  siyasi,  sosial,  hüquqi  islahatların həyata həyata keçirilməsini, demokratik dəyərlərin  cəmiyyətdə  bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o ölkənin yeni Konstitusiya  layihəsinin  hazırlanmasına böyük əhəmiyyət  verir, bu işə  şəxsən özü rəhbərlik edirdi. Uzun müzakirələrdən  sonra  1995-ci il noyabrın 12-də  ümumxalq  səsverməsi ilə  müstəqil Azərbaycanın  ilk demokratik  Konstitusiyası qəbul olundu.  Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı. Ölkənin Əsas  sənədinin  qəbulu  dövlət  quruculuğu,  cəmiyyətin gələcək inkişaf modeli üçün  hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar  dövrünün  təməli  qoyuldu. Tezliklə  ölkə başçısının 21 fevral  1996-cı il  tarixli  sərəncamı ilə  Hüquq  islahatları Komissiyası yaradıldı.  Komissiyada  qısa  müddətdə   ölkə  həyatının  müxtəlif sahələri  üzrə yeni  qanun  layihələri işlənib  hazırlandı.  Bu işdə  parlament  Heydər Əliyevə  dəstək  verdi. Bu  dövrdə  qəbul olunmuş qanunlar  arasında  aşağıdakıları  göstərmək  olar: Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə,  İnzibati Xətalar Məcəlləsi,  Cinayət Məcəlləsi, Cinayət-Prosessual  Məcəllə,  Cəzaların İcrası Məcəlləsi, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Ticarət  gəmiçiliyi Məcəlləsi və başqa  məcəllələr, "Torpaq  islahatı haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmə və hakimlər  haqqında",  "Prokurorluq  haqqında", "Polis haqqında", "Vəkillər    vəkillik fəaliyyəti haqqında", "Diplomatik xidmət haqqında və sair. Statistikaya  müraciət etsək, görərik ki,  1993-cü  il oktyabrın 10-dan  2002-ci il  dekabrın 30-dək  Milli Məclis tərəfindən  qəbul edilmiş 1715 qanun və qərardan  975-i  Prezident  Heydər  Əliyevin  təşəbbüsü ilə qəbul edilmişdir. Bu  sənədlər  ölkədə  hüquqi, demokratik, dünyəvi  dövlətin  və vətəndaş  cəmiyyətinin,  bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı.1998-ci ildə Heydər  Əliyevin  təşəbbüsü ilə  Şərq  aləmində ilk demokratik  respublika  quran Azərbaycan bu  dəfə də ilk dəfə olaraq  ölüm cəzasını  ləğv etdi. Bu İnsan  hüquq    azadlıqlarına  dövlət  səviyyəsində göstərilən  diqqətin  bariz  nümunəsi idi. Heydər Əliyev milli qanunvericiliyimizin daha da təkmilləşdirilməsi, ölkəmizin Avro-atlantik məkana inteqrasiyasını  daha  da sürətləndirmək məqsədi ilə 2002-ci il iyunun 22-də öz fərmanı ilə Konstitusiyada  dəyişikliklər  edilməsi  haqqında  referendum  aktının  layihəsini ümumxalq  səsverməsinə çıxardı.  Bu, Heydər Əliyevin dərin  fəlsəfi düşüncələrinin məntiqi nəticəsi kimi ilk növbədə  dövlətçiliyimizin, demokratik norma və prinsiplərin daha da möhkəmləndirilməsinə  yönəlmişdir. Bu  dövrdə artıq parlament Avropa məkanına inteqrasiya sahəsində çox vacib qanunlar qəbul etmişdir. Bunların  arasında  "Azərbaycan Respublikasının İnsan  hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Azərbaycan Respublikasında  insan hüquq və azadlıqlarının  həyata keçirilməsinin tənzimlənməsi haqqında", " Nazirlər kabinetinə Azərbaycan  Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya  qanunları  kimi   çox mühüm sənədlər var idi. 2002-ci il avqustun 24-də əhalinin  böyük əksəriyyəti  referendum  aktına  səs  verərək Heydər Əliyevin  rəhbərliyi ilə ölkədə aparılan  hüquqi islahatları dəstəklədiyini  bildirdi.  Konstitusiyaya  edilmiş  dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya  məhkəməsinə  müraciət  etmək hüququ  verildi. Milli Məclisin  səlahiyyətləri  dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə  hakimlərin təyin olunması  hüququ  verildi.  Bu  dəyişikliklərin bir qrupu  məhkəmə hakimiyyətinin rolunun artırılması, Prokurorluğa  qanunvericilik təşəbbüsü  hüququnun  verilməsi ilə bağlı idi. Ölkənin əsas  sənədinə edilmiş  dəyişiklik Azərbaycan Respublikasındakı  reallığı  özündə əks etdirməklə xalqımızın, dövlətçiliyimizin  gələcək  tərəqqisinə xidmət edirdi.  Heç də  təsadüfi  deyildir ki, parlament  bu məsələ ilə əlaqədar  özünün 2002-ci il  29 iyul tarixli  müraciətində Heydər Əliyevin  hüquq  siyasəti  sahəsindəki bu  təşəbbüsünü  dəstəklədiyini  birmənalı şəkildə ifadə  etmişdir.  Bu, Heydər Əliyev  və parlament iş birliyinin ən parlaq  nümunələrindən  biri idi. Heydər  Əliyevin  xarici  siyasət  strategiyasında  parlamentin beynəlxalq  əlaqələrinin inkişafı mühüm  yer tuturdu.  Bu  siyasətin məntiqi nəticəsi  kimi bu gün  Milli Məclis respublikanın  iştirak etdiyi bir sıra  nüfuzlu  beynəlxalq  qurumların parlament  məclislərinin, o  cümlədən  Avropa Şurası Parlament  Assambleyasının,  Parlamentlərarası İttifaqın,  ATƏT-İn  Parlament  Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı  Parlament  Məclisinin, MDB-nin  Parlamentlərarası  Assambleyasının, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı  Parlament  Məclisinin tam  hüquqlu  üzvüdür, Avropa  Parlamenti və Şimali Atlantika Parlament  Assambleyası  ilə  yaxından əməkdaşlıq edir. Milli Məclisdə  dünyanın 70-dən çox ölkəsinin  parlamenti  ilə əlaqələr  üzrə işçi qrupları yaradılmışdır.  Parlament nümayəndə  heyətləri  tez-tez xarici ölkələrdə  səfərlərdə olur, Milli Məclisdə  xarici ölkələrin  siyasi və dövlət  xadimləri, parlament  üzvləri ilə görüşlər  təşkil edilir. Bütün bunlar  qanun  yaradıcılığı sahəsində  təcrübə  və informasiya  mübadiləsi  baxımından çox əhəmiyyətlidir.  Azərbaycan  parlamenti ölkənin  beynəlxalq  əlaqələrinin inkişafına  öz layiqli  töhfəsini  verməkdədir. Müstəqil Azərbaycanda  Prezident -  parlament münasibətlərinin yüksək  səviyyədə  olduğunu  göstərən ən bariz  nümunələrdən  biri  2001-ci il fevralın 23-24-də  Milli Məclisin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin  sülh  yolu ilə həlli  prosesinə  aid məsələyə  həsr  edilmiş iclası olmuşdur. İclasda Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə əlaqədar baş verən prosesləri şərh edərkən haqlı olaraq qeyd edirdi ki, əgər müstəqilliyin ilk illərində bütün Azərbaycan xalqını hiddətləndirən, vahid sarsılmaz bir qüvvə kimi  meydanlara toplayan milli qürur, milli oyanış hisslərindən lazımi şəkildə istifadə olunsaydı, vəziyyət bu dərəcədə mürəkkəbləşməzdi. Ölkə başçısının  iştirakı ilə  keçirilən bu iclasa  ölkədə  fəaliyyət  göstərin  siyasi partiyaların, qeyri-hökumət  təşkilatlarının, habelə ziyalıların, bütövlükdə geniş ictimaiyyətin  nümayəndələri  dəvət  olunmuşdular.  Bu prezidentin əslində  xalqla   məsləhətləşməsi idi.  Belə vacib tədbirin Milli Məclisdə keçirilməsi, şübhəsiz, Heydər Əliyevin parlamentin  nüfuzunu yüksək  tutduğunu sübut edir. Heydər Əliyev parlamentarizm  ənənələrinin  inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından  yanaşır, bu sahəni dövlətçilik  məfkurəsinin  ayrılmaz  tərkib  hissəsi  hesab  edirdi. O, dəfələrlə  qeyd  edirdi ki,  müstəqil Azərbaycan XX əsrin əvvəllərində  mövcud olmuş Xalq Cümhuriyyətinin  varisidir. Hakimiyyətin mühüm  qollarından  biri kimi  bugünkü Milli Məclis də varislik prinsipinə sadiq  qalaraq parlamentarizm  ənənələrini inkişaf  etdirməkdədir. Heydər Əliyev Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibəti ilə Milli Məclisin təntənəli iclasında çıxış edərkən bu barədə  öz  fikirlərini  belə  açıqlamışdı: "Azərbaycan  Respublikasının  Milli Məclisi Xalq Cümhuriyyətinin  yaratdığı  Parlamentin  indi də varisidir. Varislik həmişə, eyni  zamanda, böyük məsuliyyət  demək olubdur.  Varislik o demək deyil ki,  sən o hadisəni olduğu kimi  təkrar edəsən,  yaxud o səviyyədə  yaşayasan.  Hər bir varis varislik prinsipini əzizi  tutaraq, o dövrün, o hadisənin  varisi olaraq  o hadisəni, o dövrü, o quruluşu  daha da  yüksəklərə  qaldırmalıdır.  Biz Azərbaycanda bunu edirik və bu sahədə çox şeylərə nail olmuşuq.  Hesab  edirəm ki,  Azərbaycanın bugünkü  Milli Məclisi  varislik adını  şərəflə daşıyır, eyni zamanda,  ötən illərdə  və xüsusən  son  dövrdə Azərbaycanın  müstəqil dövlətini inkişaf etdirmək  üçün çox işlər  görübdür." Bugünkü Milli Məclis Xalq Cümhuriyyəti Parlamentinin varisi kimi  Azərbaycan dövlətçiliyini əbədi etmək üçün  Heydər Əliyev  ideyalarından bəhrələnir. Zəngin idarəçilik təcrübəsinə və yenilməz iradəyə malik belə bir tarixi şəxsiyyətin ölkədə yenidən siyasi hakimiyyətə  qayıdışı Azərbaycanın  müstəqil  dövlətçiliyini, siyasi  varlığını məhv olmaq  təhlükəsindən  xilas etməklə yanaşı həm də  Azərbaycan parlamentarizm tarixində yeni bir dövrün  başlanğıcını qoydu. Onun heyrətamiz  xilaskarlıq  missiyası nəticəsində  Azərbaycan ötən əsrin əvvəllərində  mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu. Azərbaycan  tezliklə  təlatümlərindən, sarsıntılardan  uğurla çıxaraq gələcəyə, inamla baxan  bir dövlətə çevrildi.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 9-10 may.- S.15.