Azad, plüralist və müstəqil mətbuat
demokratik cəmiyyətin mühüm
komponentidir
Azərbaycan dövlət müstəqilliyini
bərpa etməsinin 25 ili şanlı tarix
yaratdı. Bu dövr hər sahədə dərin
yeniləşmə ilə xarakterizə olunur. İslahatların dövrün tələblərinə
uyğun təkmilləşdirilməsi yeni-yeni hədəflərə
yol açmaqla, inkişafın Azərbaycan modelinə beynəlxalq
baxışı daha da möhkəmləndirir. Bu gün böyük inam və qətiyyətlə
demək olar ki, Azərbaycan islahatçı, dinamik inkişaf
edən ölkədir, onun demokratiya təcrübəsi digər
dövlətlərə nümunə göstərilir. Bu uğurlara yol açan əsas amillərdən
biri isə iqtisadi və siyasi islahatların vəhdətliyidir.
İlk gündən demokratik dövlət
quruculuğu yolunu tutan Azərbaycan bu prinsiplərə
sadiqliyini davamlı addımları ilə təsdiqləyib.
Demokratik cəmiyyətin əsas atributlarından biri olan
mətbuatımız həqiqət carçısı kimi
reallıqlarımızla birgə addımlayır. "Azərbaycanda
azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin
formalaşmasında jurnalistikanın çox böyük rolu
vardır və bu rolu mən yüksək qiymətləndirirəm.
Əminəm ki, gələcəkdə də Azərbaycanda
söz azadlığı və bütün başqa
azadlıqlar təmin ediləcəkdir". Dövlət başçısı İlham
Əliyev bu fikirləri ilə ölkənin davamlı
inkişafında azad mətbuatın rolunu bir daha yüksək
qiymətləndirir.
1993-cü
ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya
Mətbuat Azadlığı Günü (World Press Freedom Day)
elan edib. Bu qərar UNESCO-nun Baş
Konfransının işinin nəticəsi olub. Belə
ki, 1991-ci ildə qəbul edilmiş "Dünyada mətbuat
azadlığının təmin edilməsinə yardım
haqqında" qətnamədə Baş Konfrans azad,
plüralist və müstəqil mətbuatın istənilən
demokratik cəmiyyətin mühüm komponenti olduğunu
tanıyıb.
Möhtərəm Prezidentimiz İlham Əliyevin
vurğuladığı kimi, müasir dünyada inkişaf
etmiş ölkələrdə azad medianın vəziyyəti
hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Qarşıdakı
dövr üçün əsas hədəf isə Azərbaycanı
gələcəkdə inkişaf etmiş ölkələr
sırasında görməkdir. Belə
olan təqdirdə Azərbaycanda media ilə bağlı məsələlər
ən yüksək səviyyədə öz həllini tapmalıdır.
25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın
həqiqətlərinin carçısı olan mətbuat
bütün dövrlərdə üzərinə düşən
missiyanı daha təkmil islahatlar əsasında yerinə
yetirməklə bugünkü inkişaf səviyyəsinə
gəlib çıxıb. Müstəqilliyimizin
ilk illərində digər sahələr kimi, mətbuatda da
yaşanan problemlər məlumdur. Həmin
dövrdə azad, müstəqil mətbuatdan danışmaq
qeyri-mümkün idi. Mətbuat
azadlığı hər addımda boğulur, jurnalistlərə
təzyiqlər göstərilirdi. 1993-cü
ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra ölkədə həyata
keçirilən ardıcıl islahatlar nəticəsində
söz və məlumat azadlığını məhdudlaşdıran
bütün maneələr də aradan qaldırıldı,
kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən
qanunvericilik təkmilləşdirildi, mətbuatın
maddi-texniki bazası möhkəmləndirildi. Ən əsası, senzuranın ləğvi demokratik
cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttini
müəyyənləşdirdi.
Azərbaycanın 25 illik müstəqillik tarixi hər
sahədə keçilən yolun aydın ifadəsini
yaradır.
Ulu Öndər Heydər Əliyevin dahiyanə və
uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət
nəticəsində qarşıdakı il
arxada qalan ildən hər zaman daha möhtəşəm
uğurlarla zəngin olur. Məhz bu
reallıqların təbliğində əsas missiyanı yerinə
yetirən yazılı və elektron KİV-in inkişafı
önəmlidir və vacibdir. "Azərbaycan
KİV-in sayına görə MDB və Şərqi Avropa
ölkələri arasında lider mövqedə
dayanır" fikri təbii ki, günümüzün
reallıqlarına əsaslanır. Bu
gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən
artıq həftəlik və aylıq qəzet fəaliyyət
göstərir. Ölkə ərazisində
10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası
yayımlanır. Azərbaycan internetin tam
azad olduğu ölkədir. Bircə
faktı qeyd etmək kifayətdir ki, ölkədə internet
istifadəçilərinin sayı 80 faizdən çoxdur.
Cəmiyyətin informasiya tələbatının
ödənilməsi üçün bütün zəruri
imkanlar mövcuddur.
Dünya informasiya məkanına sürətlə
inteqrasiya edən Azərbaycanın bu sahədə təcrübəsi
yüksək səviyyədə təqdir olunur. Ötən il
ölkəmizin Dünya Xəbər Agentliklərinin V Konqresinə,
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının XVI Baş Assambleyasına ev sahibliyi
etməsi də səbəbsiz deyildi. Asiyanın 31 ölkəsindən
39 agentliyin 77, Avropanın 23 ölkəsindən 30 agentliyin 51,
Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25, Amerika
qitəsinin 7 ölkəsindən 9 agentliyin 17, habelə
Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndəsinin
qatıldığı tədbirdə medianın aktual problemlərinə
işıq salındı. "Bu tədbirin
Bakıda keçirilməsini həm də müstəqil
medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin
və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin
göstəricisi hesab edirik. Bu, hökumətimiz
üçün prioritetlərdən biridir və
düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki
nailiyyətlərimiz bizim media azadlığı ilə
yanaşı, bütün digər fundamental azadlıqların
təmin edilməsinə müvəffəq olduğumuzu
nümayiş etdirir" söyləyən dövlətimizin
başçısı İlham Əliyev "Ölkə əhalisinin
sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda
sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda
azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində
siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya
keçmiş sahələrdən biri demokratik inkişaf
istiqamətindəki islahatlar olub" fikirləri ilə təcrübə
mübadiləsinə verilən önəmi diqqətə
çatdırmışdır.
Ölkəmizin ayrı-ayrı sahələrdə
qazandığı uğurlara diqqət yönəldən
Prezident İlham Əliyev hər bir ailənin üzvünə
çevrilən internetdən istər ölkə daxilində,
istərsə də dünyada cərəyan edən proseslər
barədə dolğun məlumatların əldə
olunması imkanlarının genişliyini önə çəkərək,
mətbuatın üzərinə düşən vəzifəni
bir daha qeyd etmişdir. İnkişaf, tərəqqi hər sahədə
mütləqdir. Təkmil islahatlar, yeniliklər
bütün sahələri əhatə edir. Təbii ki, bu yeniliklərin, onların
qazandırdığı nailiyyətlərin ölkə və
dünya ictimaiyyətinə çatdırılması
yazılı və elektron KİV-dən böyük məsuliyyət
tələb edir. Cənab İlham Əliyev
vurğulamışdır: "Bir dövlət
başçısı və siyasətçi kimi əminəm
ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə
təhlil edilməlidir. Çünki medianın
rolu gündən-günə artır və bununla
yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən
işıqlandırılan hadisələrin gərginlik, qan
tökülməsi və qarşıdurma
yaratdığının şahidi oluruq. Bu
səbəbdən əməkdaşlıq dəyərlərinin
təşviqi baxımından xəbər agentliklərinin və
medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri
dəyərlərin müdafiəsi üçün yeni
imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin
təşviqində bizə daha ardıcıl və fəal
olmaq fürsəti verilmiş olur. Bəzən
mediada gördüklərimiz və oxuduqlarımız
reallıqdan fərqlənir. Bunu şəxsi
təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin
Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə
malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz
bu və ya digər eyni hadisə onun kim tərəfindən
təqdim edilməsindən asılı olaraq, bəzən fərqli
şəkildə çatdırılır. Bu səbəbdən
biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının
şahidi oluruq. Yaxın Şərq,
müharibələr, Avropa, postsovet məkanı - burada eyni
hadisə fərqli şəkildə təqdim edilir. Yəni biz burada siyasi motivlər və müəyyən
mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin
şahidi oluruq. Hadisələrin gedişi
müəyyən çərçivəyə
salınır, təqdim edilməli olan məsələlər
müəyyənləşdirilir, digər mövzular isə
qadağan edilir".
Belə tədbirlərin
hər bir ölkə üçün əhəmiyyətini
önə çəkən cənab Prezident İlham
Əliyev bu vacib məqamı xüsusi qeyd etmişdir ki,
hamımız azad medianın tərəfdarıyıq:
"Hamımızın, xüsusilə də 70 il Sovet
İttifaqının tərkibində yaşamış Azərbaycan
kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O
dönəmdə yalnız vahid rəsmi siyasət və vahid
ideologiya mövcud idi və bizim heç bir məlumata
çıxışımız yox idi. Təkcə
bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən
nələrin baş verdiyi ilə bağlı məlumat əldə
etmək hüququ var".
Azərbaycanın 25 illik müstəqillik tarixinin
güzgüsü olan mətbuat hər zaman dövlətin diqqət
və qayğısı ilə əhatə olunmuş,
davamlı islahatlar, həyata keçirilən tədbirlər
inkişafı daha da stimullaşdırmışdır. Ulu Öndər
Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla
davam etdirən Prezident İlham Əliyev "Hüquqi dövləti
mətbuatsız təsəvvür etmək
qeyri-mümkündür" söyləməklə bu istiqamətdə
bir-birindən əhəmiyyətli addımlar
atmışdır. Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına dair Dövlət Konsepsiyasının qəbulu,
bu sənədə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil
şəraitinin yaxşılaşdırılması ilə
bağlı imzalanan ardıcıl sərəncamlar və s. bu
diqqət və qayğının davamlılığından
xəbər verir.
Davamlı
addımlar bir daha bu reallığı ortaya qoyur ki, ölkədə
güclü, müstəqil, obyektiv informasiya
daşıyıcısı olan, insanların informasiya almaq
ehtiyacını ödəyən, onları beynəlxalq aləmdə,
respublika daxilində baş vermiş hadisələr barədə
düzgün məlumatlandıran, eyni zamanda, dövlətçilik
prinsiplərinə sədaqət nümayiş etdirən, milli
maraqların təəssübkeşi olan mətbuatın
formalaşması və inkişafı dövlətin media
siyasətinin əsas fəlsəfəsini təşkil edir.
Günümüzün əsas tələbi dünya
informasiya məkanına inteqrasiya istiqamətində davamlı
addımlar atmaqdır. Məqsəd qeyd olunduğu kimi, ölkə
reallıqlarını, ən əsası başlıca
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə
çatdırmaqdır. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
mövcud imkanlar bu kimi məqsədlərə yüksək səviyyədə
nail olmağa əsas verir: "XXI əsr informasiya mübarizəsi
əsridir. İnternetin mövcudluğu əlbəttə
ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz
reallıqlarımızı dünya birliyinə
çatdırmalıyıq. Burada əlbəttə
ki, əsas vəzifəni ilk növbədə dövlət
öz üzərinə götürür. Ancaq media nümayəndələri də
çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli mövqeyimizi dünya birliyinə
çatdırsınlar. Müxtəlif dillərdə
internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər
dünya birliyinə çatdırılmalıdır.
Belə olan halda biz informasiya mübarizəsində daha da
böyük uğurlara nail ola biləcəyik.
Hər halda, son illər ərzində Azərbaycan
informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox
böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir.
Ona görə də biz buna hazır
olmalıyıq".
Qarşıda duran vəzifələrin icrasında
jurnalist peşəkarlığı və məsuliyyəti
vacib amil kimi önə çəkilir. Müasir
dövrün informasiya-kommunikasiya texnologiyaları əsri
olduğunu nəzərə alsaq, bu məsələnin
aktuallığı daha qabarıq şəkildə
özünü büruzə verir. "Müasir cəmiyyətdə,
internet dövründə hər hansı bir yalan məlumatın
ömrü uzun ola bilməz" söyləyən
dövlətimizin başçısı cənab İlham
Əliyev obyektivliyin və qərəzsizliyin əsas prinsip
kimi öndə saxlanılmasını, məsuliyyətin daha
da artırılmasını vacib məqam kimi diqqətə
çatdırır: "Jurnalistlərin peşəkarlığı,
məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi
- bütün bu məsələlər çox vacibdir".
Ölkənin hərtərəfli inkişafı dövlət
siyasətinin əsasında dayanır. Uğurlu təkmil
islahatlarla yanaşı, hər ilin konkret bir sahənin adı
ilə bağlanması da bu inkişafı
stimullaşdırır. Ötən il
ölkəmizdə "Multikulturalizm ili", bu il isə
"İslam Həmrəyliyi İli" elan edilib. Müxtəlif sivilizasiyaların qovuşuğunda
yerləşən Azərbaycanın zəngin maddi-mənəvi
irsə və tolerantlıq ənənələrinə malik
olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
"Multikulturalizm ili" çərçivəsində
keçirilən tədbirlərdə multikulturalizmin həyat
tərzinə çevrildiyi Azərbaycanın dünyaya
tolerantlıq nümunəsi olaraq daha geniş
tanıdılmasının vacibliyi, eləcə də
ayrı-ayrı ölkələrdəki müxtəlif
multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və
digər aspektlərin Azərbaycan reallığında təhlili
və təşviqinin əhəmiyyəti daha aydın nəzərə
çarpdı. Qərblə Şərqin
qovşuğunda yerləşən Azərbaycan bu körpü
rolunu uğurlu addımları ilə zənginləşdirir,
yeni əlavələr edir.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər bir
dövlətin gücü onun iqtisadi qüdrəti ilə
yanaşı, həm də milli və dini birlikləri ilə
ölçülür. Millətlərarası, dinlərarası
münasibətlərin sağlam istiqamətdə
inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər
həqiqətən öyrənilməyə və təbliğ
olunmağa layiqdir. Ulu Öndər Heydər Əliyevin
"Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət
quraraq, bütün bəşəri dəyərlərdən
istifadə edərək, ümumbəşəri dəyərlərin
xalqımız üçün və milli mentalitetimiz
üçün, mənəviyyatımız üçün
uyğun cəhətlərini götürüb tətbiq edərək
heç vaxt dilimizdən, adət-ənənələrimizdən
ayrıla bilmərik və imtina edə bilmərik" tezisinin
davamı olaraq dövlətimizin başçısı
İlham Əliyevin söylədiyi "Azərbaycanın təcrübəsi
hesab edirəm ki, əslində, multikulturalizm
ideyalarının təbliği üçün çox dəyərli
və qiymətlidir. Çünki bir daha demək
istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir.
Nisbətən yeni anlayış olmasına
baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan
bir anlayışdır" fikirləri ölkəmizdə mədəniyyətlərin
sintezinin mövcudluğunun təsdiqidir. Multikulturalizm
meyillərinin gücləndirilməsi üçün səylərin
birləşdirilməsi, birgə addımların
atılması vacib şərt kimi diqqətə
çatdırılır. Bu fikirlər, həmçinin
cənab İlham Əliyevin 2017-ci ilin "İslam Həmrəyliyi
İli" elan edilməsi ilə bağlı Sərəncamında
da öz əksini tapıb. Azərbaycan
tolerantlıq mühitinin təşəkkül tapmasına,
multikulturalizmin, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin
dünyada təbliğinə böyük töhfələr
vermişdir. Azərbaycanın İslam aləmində
qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci
ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin
paytaxtı elan olunmasında öz ifadəsini
tapmışdır. IV İslam Həmrəyliyi
Oyunlarının 2017-ci ildə Bakı şəhərində
keçirilməsi ilə bağlı qərar isə ölkəmizin
İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində
növbəti əməli addımlar atması
üçün əlverişli şərait yaradır.
Ölkəmiz
bu il növbəti mötəbər idman tədbirinə
ev sahibliyi edəcək. Nəzərə alınsa ki, idman eyni
zamanda siyasətdir, bu halda bu kimi tədbirlərə ev sahibliyi edən ölkəmizin malik olduğu
imkanlar daha aydın nəzərə çarpır. Nazirlər
Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlətimizin
başçısı İlham Əliyev bu məqamı
xüsusi vurğulamışdır: "Əgər kimsə
hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir,
səhv edir. Bu, böyük siyasi tədbirdir,
bu, böyük mədəni tədbirdir, bu, böyük
ictimai hadisədir. Bu, bir daha Azərbaycanı
müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə
sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi
göstərir və bu gün İslama qarşı çirkin
kampaniya aparanlara da bir cavab olacaq. Çünki
onlar İslam haqqında rəy formalaşdırırlar ki,
İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm
ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları
çərçivəsində rəy formalaşdırırlar
ki, İslam dünya üçün təhlükədir,
İslamı terrorizmlə eyniləşdirirlər,
islamofobiyaya rəvac verirlər, xalqları dinə görə
bölürlər, müsəlman qaçqınlarına
qarşı hörmətsizlik edirlər. Avropa
İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri
"Stop İslam" deyirlər. Bəziləri
deyirlər ki, biz miqrantları qəbul etməyə
hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz
yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb.
Ona görə, İslam Həmrəyliyi Oyunlarının
çox böyük mənası var. Biz bu Oyunları
keçirməklə bir daha gücümüzü,
imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə
sadiqliyimizi nümayiş etdirəcəyik,
çalışacağıq ki, İslam aləmini birləşdirək.
Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə
qarşı qoymaq istəyənlər öz hədəflərinə
çatmamalıdırlar".
Azərbaycanın davamlı inkişafı
reallıqdır. Ölkəmizin müstəqillik tarixində
qazandığı uğurların fonunda müəyyənləşdirilən
yeni hədəflər "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında öz əksini
tapıb. Azərbaycanı qarşıdakı
illərdə inkişaf etmiş ölkələr
sırasında görmək əsas hədəflərimizdəndir.
Dövlətimizin başçısı cənab İlham
Əliyev digər sahələr kimi, mətbuatda da dünya təcrübəsindən
bəhrələnməyi əsas vəzifə kimi
qarşıya qoyur: "Bizim şəraitimizə, milli adətlərimizə
uyğun ən mütərəqqi təcrübə Azərbaycanda
tətbiq edilməlidir. Ona görə inkişaf
etmiş ölkələrin, xüsusilə, demokratik
inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi
bizim üçün çox maraqlıdır, cəlbedicidir.
Biz bu təcrübədən istifadə edirik və
edəcəyik".
Ölkəmizin
ev sahibliyi etdiyi, tərəfdaşlığa
və dostluğa xidmət edən beynəlxalq səviyyəli
tədbirlər malik olduğumuz imkanların təqdimatı ilə
yanaşı, təcrübə mübadiləsinin
aparılmasına, hər bir ölkənin inkişaf
strategiyasını öyrənməyə əlavə imkanlar
yaradır. Dünya Xəbər Agentliklərinin V Konqresinə,
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının XVI Baş Assambleyasına UNESCO-nun
baş direktoru xanım İrina Bokovanın videomüraciətində
bu fikir öz əksini tapmışdır: "Bu, gələcək
fəaliyyətimizin uğurunun başlanğıc nöqtəsidir.
Biz insan hüquqları və ləyaqəti,
qanunun aliliyi və yaxşı idarəetmə, demokratiya və
davamlı inkişaf naminə müstəqil, etik və
plüralist medianın vacibliyinə inanırıq. Keyfiyyətli jurnalistika cəmiyyətlər
üçün heç vaxt olmadığı qədər
vacibdir və onun başlıca vəzifəsi əsasən
böhran və münaqişələr zamanı cəmiyyətin
etibarlı informasiyaya tələbatını ödəməkdən,
onun maraqlarını təmin etməkdən, söz
azadlığı üçün əlverişli zəmin
yaratmaqdan ibarətdir".
"Media müxtəlifliyi və plüralizm fərdi
idealları zənginləşdirmək, ümumi mədəni
təcrübəni müxtəlif rəylər, hekayətlər
və informasiya ilə dərinləşdirmək imkanı
yaradır. Bu cür vasitələrlə sərhədlər
aşılaraq ölkələr arasında mədəniyyətlərarası
dialoq təşviq edilir, azad mətbuat və fərqli rəylərin
təmin olunmasını mümkün edən ifadə
azadlığı möhkəmlənir" söyləyən
UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida isə
vurğulamışdır ki, biz, həmçinin bilməliyik
ki, xəbər agentlikləri məlumatın əldə edilməsi
və mübadiləsində əsas iştirakçı
olaraq qalır.
Medianın rolu dəqiq, obyektiv xəbər verərək
azad düşüncəni ifadə etməklə ictimai
maraqlara xidmət göstərməkdən və xüsusən
də böhran, münaqişə zamanı cəmiyyətin
maraqlarının keşiyində durmaqdan ibarətdir. Ümumiləşdirmə
aparsaq, həqiqətlərin olduğu kimi ölkə və
dünya ictimaiyyətinə çatırılması əsasdır
ki, bu missiyanı da mətbuat yerinə yetirir. Fikrin hansı səviyyədə formalaşması mətbuatın
öz funksiyasını hansı səviyyədə yerinə
yetirməsindən asılıdır. Obyektivlik,
qərəzsizlik və dövlətçilik prinsiplərinin
qorunduğu halda hansısa yanlış, mənfi fikir yaradan məlumatdan
danışmaq mümkünsüzdür. Digər tərəfdən,
bu günümüzün əsas
çağırışlarından birinin informasiya təhlükəsizliyinin
təmin edilməsi olduğunu da nəzərə alsaq,
yazılı və elektron KİV-lərlə sosial media
arasında rəqabətin artdığı müasir
dövrümüzdə jurnalistikanın inkişaf problemləri
ilə yanaşı, hər dövlətin milli təhlükəsizliyi
ilə eyni səviyyədə dəyərləndirilən,
ictimai rəyin formalaşdırılmasında başlıca
aparıcı rola malik informasiya təhlükəsizliyinin
qorunması bütünlükdə cəmiyyətin,
insanların vətəndaşlıq borcu olmalıdır.
Əsas diqqət yetirilən sahə isə müasir
jurnalistikaya ciddi təsir göstərən sosial şəbəkələrdə
yerləşdirilən informasiyaların ölkələrarası
əməkdaşlığın genişləndirilməsindəki
rolunu və əhəmiyyətini düzgün dərk etmək
və məsuliyyətlə yanaşmaqdır. Həyatımızın
ayrılmaz parçasına çevrilən, cəmiyyətin
hər üzvünü hadisələr haqqında məlumatlandıran
internetin ictimai rəyin formalaşdırılmasındakı
rolu böyükdür. Əsas məsələ
isə internetdən istifadə zamanı informasiya məsuliyyətini
əsas tutaraq, məlumatların ictimaiyyətə
çatdırılmasında, auditoriyanın
formalaşdırılmasında peşəkarlığı
artırmaqdır. "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ermənistan Respublikası
Silahlı Qüvvələri ilə təmas xəttində bəzi
təhlükəsizlik tədbirləri haqqında" Sərəncamı
ilə informasiya təhlükəsizliyinin təminatının
prioritet olduğunu bir daha önə çəkən möhtərəm
Prezidentimiz İlham Əliyev bildirmişdir ki, əsassız,
ictmai rəyi əks etdirməyən təxribat xarakterli məlumatların
qarşısının alınmasında güclü vasitə
olan informasiya təhlükəsizliyinin təminatı Azərbaycan
həqiqətlərinin olduğu kimi dünyaya
çatdırılması baxımından daha önəmlidir:
"İnformasiya təhlükəsizliyi də indiki dövrdə
çox vacibdir... Bizə qarşı informasiya
müharibəsi aparılır. Bu həqiqətdir... Bu informasiya müharibəsinin aparılması
işində, əlbəttə ki, ilk növbədə erməni
lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan
reallıqlarını danmaq, Azərbaycanı geridə
qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim
etmək cəhdləri ilk növbədə erməni lobbisinin
çirkin əməllərindən qaynaqlanır". "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli
Strategiya"da da informasiya təhlükəsizliyi sahəsində
vahid dövlət siyasətinin parametrləri əksini
tapır. Bu sahədə hüquqi
bazanın təkmilləşdirilməsi, ölkənin milli
informasiya məkanının, o cümlədən informasiya təhlükəsizliyini
təmin edən sistemin inkişaf etdirilməsi dövlət
siyasətinin əsas istiqamətləri kimi diqqətdə
saxlanılır.
Azərbaycanın
uğurlarına qısa baxış bu reallığı təsdiqləyir
ki, hər bir sahənin inkişafı təkmil islahatların
həyata keçirilməsindən asılıdır. Azərbaycanın
1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından başlanan inkişafı
davamlıdır, dayanıqlıdır. Son 13 ildən artıq
müddətdə bu siyasətin möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
Azərbaycana daha möhtəşəm uğurlar
qazandırır. Azərbaycan dünyanı bürüyən
maliyyə və iqtisadi böhran dövründə təkmil
islahatları ilə diqqət mərkəzində olmuş,
bir-birindən önəmli beynəlxalq tədbirlərə ev
sahibliyi etməklə inkişaf modelini təqdim etmişdir. Hər
sahədə uğurlu addımların atılması təbii
ki, ölkəmizin iqtisadi qüdrətinə əsaslanır.
Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir"
tezisi bütün dövrlərdə öz
aktuallığını qoruyur və yeni hədəfləri
şərtləndirir. Azərbaycanı qarşıdakı illərdə
inkişaf etmiş ölkələr sırasında görmək,
yüksək gəlirli dövlətə çevirmək istəyimiz
də bu tezisdən irəli gəlir. Möhtərəm
Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi,
biz daim irəliyə baxmalıyıq.
Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın qarşısında geniş üfüqlər açır. Atdığı addımları, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri, ən əsası yerləşdiyi coğrafi mövqeyi ilə dövlətlər, xalqlar arasında körpü rolunu hər zaman qoruyan Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir. Düşünürük ki, "İslam Həmrəyliyi İli" çərçivəsində istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda keçiriləcək tədbirlər Azərbaycanın bu gerçəkliklərinə işıq salacaq. Kütləvi informasiya vasitələri dövlətçilik maraqlarını öndə saxlayaraq, həmrəylik nümayiş etdirib cəmiyyətin düzgün məlumatlandırılmasında daha fəal olacaq, öz missiyasını yüksək səviyyədə yerinə yetirməyə səy göstərəcək. Bu əminliyi yaradan təbii ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi düşünülmüş siyasət və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində mətbuat üçün yaradılan geniş imkanlardır. Azərbaycanın müstəqillik tarixinin hər bir səhifəsini vərəqləmək və əldə olunan uğurları ictimaiyyətə çatdırmaq mətbuatın gündəlik işi olmalıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev "İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik" söyləyərək, dərin islahatlarla zəngin olan inkişaf strategiyamızın uğurlarına və perspektivlərinə bir daha işıq saldı.
Vüqar Rəhimzadə
Olaylar.- 2017.- 11 may.- S.12; 14.