“Mən
tardan inciməmişəm”
Müsahibimiz gənc, istedadlı
tarzən Ruslan Zərbəliyevdi. Ruslan Mədəniyyət və
İncəsənət Universitetində
Muğam kafedrasında,
İbrahim Əbilov adına mədəniyyət
evində müəllim
kimi çalışmaqla
bərabər, bir sıra beynəlxalq festivallarda Azərbaycan musiqisini, mədəniyyətini
layiqincə təmsil edir.
- Ruslan bəy, kifayət qədər milli alətlərimiz var. Amma siz tarı sevdiniz,
secdiniz. Niyə məhz tar?
- Uşaqlıqdan həmişə
tara həvəsim
olub. Musiqi məktəbinə getməmiş, həqiqi tarı əlimə almamış uşaq vaxtı taxtanın üzərinə jilka bağlayıb çalmışam.
Televiziyadan ustadların ifalarını
- Vamiq Məmmədəliyev,
Möhlət Müslümov,
Firuz Əliyev və digərlərinin ifalarını hər zaman maraqla, sevə - sevə dinləmişəm.
- İlk
dəfə tarla nə zaman "görüşdün"?
- Mən tarı gec çalmışam. İlk dəfə tarı İsmayıllıda
13 yaşımda,musiqi məktəbində əlimə
almışam. Daha sonra Bakıda Şövkət Ələkbərova
adına 20 saylı məktəbi bitirmişəm. 2005 - ci ildə Hacı Məmmədov adına Respublika müsabiqəsində I yerə
layiq görülmüşəm.
Həmin
ildə Mədəniyyət
və İncəsənət
Universitetinə daxil olmuşam. 2009 - cu ildə universiteti bitirib, həmin ildən 2014 - cü ilə qədər universitetdə muğam sinfində konsertmester kimi çalışmışam.
2014 - cü ildə İncəsənət
Universitetində magistraturaya
daxil olmuşam. Magistraturanı bitirən ili də
universitetdə muğam
müəllimi kimi çalışıram.
Universiteti bitirdiyim müddətlərdə
İncəsənət Gimnaziyasında,
Aztv - də Əhsən Dadaşov adına Xalq
Çalğı Orkestrində
çalışmışam. İlk dəfə isə İbrahim Əbilov adına
mədəniyyət evində
çalışmışam. 2007 - ci ildən
bu günə qədər orada şalışıram.
- Uzun zamandı sizi həmişə tarla birgə görürük.
Bütün səfərlərinizdə
demək olar ki, tar sinə yol yoldaşlığı
edir. Tarınızdan incidiyiniz, küsdüyünüz
anlar olub?
- Mən tardan heç vaxt inciməmişəm. Amma tarım
məndən inciyib.
Tar elə bir alətdir ki, bir gün ifa
etməyəndə,toxunmayanda
sahibindən ya inciyir, ya kökə
gəlmir. Tar ərköyün
alətdi. Tarı gərək hər
gün çalıb,
dilləndirəsən.
-Ruslan bəy, bir çox xanəndələrlə çalışmısız.
Bunların arasında
həm ustad xanəndələr olub, həm də gənc xanəndə ifaçılar. Hansılarla işləmək daha asandı və ya daha
çətindi?
- Müşaiyət solo ifaçılıqdan
çox fərqlənir.
Müşaiyət tamam başqa
bir şeydi. Deyərdim ki, tarı əlimə
alanda müşaiyət
etməyə marağım
olub. Şükür ki, indiyə
kimi ürəyim istəyən bütün
xanəndələri müşaiyət
eləmişəm. Təbii ki,
hər xanəndənin
öz oxu tərzi, üslubu, xarakteri var. Hərəsindən
də bir cür zövq ala - ala müşaiyət eləmişəm.
- Hansı xanəndələri müşaiyət
etmək istərdin?
- Hazırkı dövrdə istədiyim bütün xanəndələri müşaiyət eləmişəm. Ustad, dünya şöhrətli xanəndə Alim Qasımovdan tutmuş, Canəli Əkbərovun sinfində işləmişəm,Qəndab Quliyeva, Respublikanın əməkdar artisti, mənim üçün çox dəyərli insan Zakir Əliyev, muğam müsabiqələrindən dostlarım olan Kamilə Nəbiyeva, Mustafa Mustafayev və bir çox gənc xanəndələri, ustadları sevə - sevə müşaiyət etmişəm. Öz yaşıdlarımdan mənim üçün ən yaxın ifaçılar Mustafa Mustafayev və Kamilə Nəbiyevadı.
- Həm
universitetdə, həm də mədəniyyət evində
çalışıran. Uşaqların, gənclərin tara marağı və sevgisi
bu gün necədi?
- Ustadlardan üzr istəyirəm, mən hələ özümü müəllim adlandırmağa çəkinirəm. Tarı öyrənmək istəyən, həvəs göstərən uşaqlar da var. Həvəsi olmayan isə onsuz da bu sənətdən uzaqlaşır. Musiqi elə bir sənətdi ki, burada savad lazımdı. Amma insanın öz qanında- canında olmayanda, harda oxumağın önəmi olmur.
- Bu yaxınlarda Yaponiyadan
olan əcnəbi tələbənlə
fotolarını gördük. Əcnəbilər
Azərbaycan tarına, milli alətlərinə
çoxmu maraq göstərirlər?
-Azərbaycanda elə tələbə var ki, onda o cür həvəs, maraq yoxdu. Amma yaponiyalı tələbəm özü musiqiçidi, uzun zamandı Azərbaycana gəlib tarı öyrənmək istəyirdi. Uzun müddət sosial şəbəkə vasitəsilə danışdıq. Daha sonra Azərbaycana gəldi. 10 -15 günlük səfəri sırf tarı öyrənmək üçün edib. Artıq 3- 4 dərsimiz olub. Özünə tar da alıb. Azərbaycan musiqisini çox sevir. Elə musiqi adlarını çəkir ki, bunu sırf azərbaycanlı musiqiçilər bilir. Amma o demək olar ki, Azərbaycan musiqi tarixini araşdırıb, öyrənib. Çox həvəslidi, tarı çox sevir. Neçə illərdi tarı öyrənməyi, özünə məxsus tarın olmasını arzulayıb.
-Bizim
tarla Yaponiyada
hansısa oxşar alət varmı, ona bənzəyən?
-Yox, oxşar, bənzər alətimiz yoxdu. Sadəcə tələbəm Azərbaycan, türk musiqiləri sevir. Azərbaycana gəlməzdən öncə Türkiyəyə gedib, bağlama haqqında məlumatlar topalyıb, bağlama çalmağı öyrənib, özünə bağlama alıb. İndi də Azərbaycana gəlib, tarı öyrənir.
- Bu
yaxınlarda TÜRKSOY - la birgə fəaliyyətiniz,
konsertləriniz oldu.
- 2016 - cı ildə TÜRKSOY Beynəlxalq Mədəniyyət təşkilatının xalq çalğı alətləri orkestrı yarandı. Birinci konsert BMT - də Nyu - Yorkda oldu. Mən o konsertdə iştirak etmədim. Növbəti konsert Şəki şəhərində "İpək yolu" Beynəlxalq musiqi festivalı oldu. Həmin vaxtdan mən festivala qatıldım. Sonra orkestrın üzvü oldum. Daha sonra bir neçə konsert verdik. Qırğızıstanda, Qazaxıstanda Azərbaycanla diplomatik münasibətlərin 25 - illiyinə həsr olunmuş konsertlərdə çıxış elədik. Türkiyədə, Kiprdə, mart ayında Novruz bayramı ilə əlaqədar Türkiyənin bir neçə şəhərində, Ruminyada, Moldovada 20 gün konsert proqramları ilə çıxış elədik.
Çox hörmətli rektorumuz Fərəh xanım Əliyeva artıq üç ildi ki, Mədəniyyət və İncəsənət Universitetinə rəhbərlik edir. Bunu qeyd eləməyi özümə borc bilirəm ki, Fərəh xanımın rəhbərlik etdiyi bu müddət ərzində yaradıcı gənclər, tələbələr, müəllimlərə çox gözəl dəyər verir. Filarmoniyada, Muğam mərkəzində yaradıcı tələbələr üçün konsertlər təşkil olunur. Universitetdə heç vaxt Kamera orkestrı ilə tələbələrin konsert layihəsi olmamışdı. Xalq Çalğı alətləri kafedrasının tələbələri Kamera orkestri ilə birgə konsert proqramında iştirak etdik. Bu yaxınlarda Muğam Mərkəzində Seyid Əzim Şirvaninin, Mikayıl Müşvüqün yaradıcılıq gecələri təşkil olundu. Bütün bu tədbirlər yaradıcı gənclərin peşakar səhnəyə uyğunlaşması üçün çox gözəl təşəbbüsdü.
Bundan əlavə, Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə bir neçə ölkədə konsert proqramlarımız olub. 2016 - cı ildə universitetin təşkil elədiyi Slovakiyanın Litva şəhərində Beynəlxalq festivala qatıldıq, Avstriyanın Vyana şəhərində Azərbaycan Mədəniyyət mərkəzində konsert proqramlarımız oldu, Türkiyənin Mərmərə Universitetinin təşkil elədiyi festivalda hörmətli rektorumuz Fərəh xanım Əliyeva ilə birgə iştirak elədik.
-Xarici
səfərlərdə solo ifalara geniş yer ayrılır. Konsertlərdə iştirak edən əcnəbilər tara maraq göstərirlər?
- TÜRKSOY- un Xalq Çalğı alətləri orkestri Türk dövlətlərinin qədim alətlərindən ibarət bir ansambldı. Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Qaqauz, Türklər - burada hər ölkənin musiqiçiləri öz ölkəsinin əsərlərini ifa edirlər. Şəhriyar Musayevlə birgə biz, Həsən Rzayev "Cahargah rapsodiyası"- nı ifa etdik. Bundan sonra proqramımıza başqa musiqi əsərlərimizi daxil edəciyik.
Azərbaycan musiqisi Türk dünyasında ən zəngin musiqidi, gözəl musiqidi. Xarici konsertlərdə, Beynəlxalq festivallarda dəfələrlə bizə yaxınlaşıb tarla, kamança ilə bağlı çoxlu suallar verirlər.
- Bir çox
musiqiçilər ifa etdikləri əsərləri
sosial şəbəkələr vasitəsilə
paylaşırlar. Sizdə bu halı
müşahidə etmirik. Bunu
tənbəlliklə əlaqələndirək, ya vaxtın azlığı ilə?
-Düşünmürəm ki, tənbələm. Zəhməti sevən biriyəm. Əslində, bu çox gözəl addımdı. Mənim sırf işim müşaiyətdi, müşaiyətlə bağlıdı. Gələcək planlarımda solo ifaya yer ayırmaq fikrim var. Amma hal - hazırda bunun olmaması tənbəlliklə bağlı deyil.
-Ruslan
bəy, hansı əsərləri solo ifa etmək istərdin?
-Dinləyiciyə zövq verəcək əsərləri ifa etmək istərdim. Çalmaq xatirinə nəsə ifa etmək istəmirəm. Ürəyə, qəlbə yaxın əsərlər ifa etmək istəyirəm. Kimsə nəsə ifa elədi, mən də tez nəsə ifa edim kimi hallardan uzağam. Texnika elə bir şeydi ki, onun vasitəsilə nəsə əldə eləmək olar. Amma ürək elədir ki, onu tərpətmək çətindi. İfaçı olaraq ürəyə toxunmaq, qəlbə girmək tamam başqa şeydi. İstəyirəm ki, ifa etdiyim musiqi, əsər kiməsə toxunsun.
- Son olaraq, gələcək planlardan
nə deyə bilərdiniz?
- Sentyabr ayında Qazaxıstanda 30 ölkənin
iştirakı ilə
Beynəlxalq İfaçılar
müsabiqəsi var. Ora
hazırlaşırıq. Universitetdə çalışan kanon ifaçısı Samirə Əliyeva ilə
birgə həmin müsabiqəyə
hazırlaşırıq. Müsabiqə II turdan
ibarətdi. I turda
Qazaxıstan əsəri, II turda hər
iştirakşı öz ölkəsinə
məxsus əsər ifa etməlidi. İyul ayında da Özbəkistana
səfərimiz olmalıdı. Qarşıda bir
çox səfərlərimiz var. İnşallah,
reallaşandan sonra ətraflı məlumat verərik.
NigarNigar
Olaylar.- 2017.- 13-15 may.- S.12.