İstiqlal şairi Əhməd Cavad
AMEA Mərkəzi
Elmi Kitabxanasının və AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun təşkilatçılığı ilə
istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr
olunmuş konfrans keçirilib. MEK - dən "Olaylar" - a
bildirilib ki, dövlət himni ilə başlayan konfransda MEK-
in direktoru Leyla İmanova
çıxış etdi. L.İmanova MEK-in Milli Rəqəmsal
Yaddaş (MRY) layihəsi barədə danışaraq onun Azərbaycan
tarixi və mədəniyyətinin təbliği
üçün çox əhəmiyyətli baza olduğunu
vurğuladı. L.İmanova çıxışında ADR-in
100 illiyi ərəfəsində ölkə kitabxanalarında,
arxivlərində, muzeylərində və şəxsi
kolleksiyalarda ADR-ə aid sənədlərin
siyahılarının hazırlanmasını və vahid
elektron kataloqda birləşdirilməsini təklif etdi.
AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli "Milli istiqlal şairi Əhməd Cavad: həyatı, mühiti, ədəbi estetik və sosial-siyasi görüşləri" mövzusunda məruzə ilə çıxış etdi.
"Cavid ömrü" filmində Əhməd Cavad obrazının yaratmış Xalq Artisti Nurəddin Mehdixanlı çıxışında bildirib ki, "Çəkiliş zaman müəyyən arxiv sənədlərilə tanış oldum. Onda mən Əhməd Cavadın nə qədər güclü iradəyə, əqidəyə malik biri olduğunun bir daha şahidi oldum". Çıxışının sonunda Xalq Artisti Nurəddin Mehdixanllı Əhməd Cavadın "Susmaram" şeirini səsləndirdi.
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi İdarəsinin şöbə müdiri Aslan Qasımlı (Aslan Kənan) Əhməd Cavada qarşı olan hücumlardan, onun şərlənməsi, həbsi, öldürülməsi barədə arxiv sənədlərində olan məlumatlardan bəhs etdi.
Tədbirdə Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı səfiri Ufuk Turganeri və Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz iştirak edib. Hamit Karadeniz qeyd edib ki, ilk tanış olub əzbərlədiyi şeir "Çırpınırdın, Kara deniz" şeiri olub. "Keçmişini bilməyən gələcəyinə ümidlə baxa bilməz. Əhməd Cavad "Çırpınırdın, Kara deniz" şeirini hansı inancla, duyğu ilə yazmışsa bugünkü gənclik də bunu hiss etməli və yaşmalıdır." - deyən müşavir bu işi görmək üçün ziyalılarımızın böyük əmək sərf etməli olduğunu bildirib.
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru professor Asif Rüstəmli Əhməd Cavad haqqında yazılan nəşrlərdən, onun "Çırpınırdın, Kara deniz" şeirindən, yaradıcılığından bəhs edib. BDU-nun dosenti Atamoğlan Məmmədli Türk millətinə edilən repressiyalardan danışıb. A.Məmmədli Əhməd Cavadın sayəsində vətən əxlaqının Azərbaycanda nümunəvi bir əxlaqa çevrildiyini deyib: "Təklif edirəm ki, şairin güllələndiyi günü "Repressiya günü" kimi qeyd edək".
Şairin nəticəsi Cavad Axundzadə tədbirin təşkilində iştirak edən hər kəsə minnətdarlığını bildirərək Əhməd Cavadın adını daşımağın onun üçün şərəf olduğunu deyib: "Əhməd Cavad bir dəryadır. Mən arzu edirəm ki, Bakı şəhərində Əhməd Cavadın heykəlinin açılışında iştirak edək".
Olaylar.- 2017.- 16 may.- S.16.