İranda qədim
tariximizə
aid ana dilimizdə ilk əsər
Müjdəçisi Milli Qəhrəmanımız
Firidun İbrahimidir
Uşaqlıq və yeniyetməlik
çağlarımın oylağı qədim Gəncədə
iki ata yurdumuz qalıb. Birincisi özündə həyatımın
ilk altı, digəri on iki ilinin xatirələrini yaşadır.
Kövrək dünyamın hər iki mərhələsi ilə
üzbəüz qalanda nədənsə sayca azı ilə
söhbətləşməyi üstün tuturam. Hərçənd
o 12 ildən də danışmaqla qurtarmaz.
Yaddaşımda
daha çox qalanı isə Namazallılar məhəlləsindəki
qonşularımızın Gəncə çayı sahilindəki
köhnə tikililəri yaz, payız sellərinin
aparmasını təlaşla, həyəcanla seyr etmələri
və bir də evimizdə sayını itirdiyim gecə ziyafətləridir.
Həftədə iki-üç dəfə bura gələn
iri qamətli insanlar heç də qonaq
sayılmırdılar. Onların hər biri "21 Azər"
Hərəkatının qələbə bayrağının
Təbrizdə, Ərdəbildə dalğalanmasına töhfələrini
verən yenilməz mübarizlər-fədailər idilər.
Müraciət tərzindən, söhbətlərindən əksərinin
atam Məhəmməd Huşiməndinin onların komandiri
olduğu sezilirdi.
Qəzet,
kitab oxunuşundan sonra aparılan fikir mübadilələri məclislərə
hakim kəsilirdi. Mətnlərin məzmununun, söhbətlərin
yekununun yaratdığı təəssüratlar əksərən
bir-birinə bənzəmirdi. Sifətlərdəki cizgilər
sükutun özündə belə duyğulara bələdçilik
edrdi. Bəzən heyrətdən donub qalırdım. Məmməd
Səid Ordubadinin iri həcmli "Qilınc və qələm"indəki
müsbət personajların faciəsinə, acı talelərinə
pəhləvan cüssəlilərin hönkürtü
vurmalarını izləmək nə qədər qəribə
idisə, onların Mirzə İbrahimovun "Gələcək
gün" romanının qəhrəmanı, Milli
Hökümətin Baş Prokuroru Firidun İbrahiminin ürəklərə
dağ çəkən edamı səhnəsindən sonra
uzun müddət sükuta dalmalarının şahidi olmaq bir
o qədər təzadlı səhnə təsirini
bağışlayırdı. Vulkana bənzər qəzəbli
baxışlar, ildırım kimi yayından
çıxmağa hazır gözlərdəki intiqam oxları
bunun yalnız bir xalqın deyil, bütün mütərəqqi
bəşəriyyətin itkisi olduğundan xəbər
verirdi.
"Ay
namərdlər, heç belə oğula da
qıyardılar!", "Firidun sonadək məramına
sadiq qaldı, şəhadət şərbətini içməyi
üstün tutdu. İstəsəydi mühacirət edib
sağ qalardı. Yaxud İran şahı da əməkdaşlıq
əvəzində məmnuniyyətlə ona istədiyi vəzifəni,
var-dövləti verərdi", "Yox, o, nəslimizin,
bütün İran xalqlarının iftixarı Qəni
kişinin oğlu olduğundan başqa yol seçə bilməzdi",
"Firidunun amalı bizlərə örnəkdir, o gün gələcək!"
- bu nidalı, həyəcanlı cümlələrin
arxasından boylanan Firidun İbrahimi obrazının tam səciyyəsinə
varmağım üçün mənə hələ on illər
lazım gələcəkdi.
İndi
şəhadətinin 70 illiyi ərəfəsində çapa
hazırladığımız onun "Azərbaycanın qədim
tarixindən" kitabına ön söz yazarkən əslində
Firidun İbrahimi dünyasına kifayət qədər bələd
olmadığımdan sıxıntı keçirirəm.
Şair və yazıçılarımız belə desək
qismən işlərin görüblər. Mirzə
İbrahimovdan sonra Balaş Azəroğlu, Mədinə
Gülgün, Söhrab Tahir, onların davamçıları
Arif Səfa, Tariyel Ümid... poema və digər poetik nümunələrdə
öz sözlərini deyiblər. Lakin jurnalist, publisist,
yazıçı, tarixçi, bir neçə dildə səlis
danışan siyasətçi, dövlət xadimi,
hüquqşünasın malik olduğu xəzinə hələlik
arxivlərdə arayıcılarının yolunu gözləməkdədir.
İnternet
resurslarında mövcud olan bank da bəsitliyi ilə xəcalət
gətirir. Bu mənada nəşr Firidun İbrahimi xatirəsi
fövqündəki ağır boyun borcumuzun yüngülləşməsi
yolunda atılmalı olan çoxsaylı addımlardan
yalnız biridir.
Yalnız
sözünü ona görə işlətdim ki, istər Azərbaycanda,
istərsə də onun hüdudlarından kənarda Firidun
İbrahimi əsasən hüquqşünas, baş prokuror
kimi tanınsa da cəmi 28 il ömür sürmüş gəncin
dövrünün necə böyük zəka sahiblərindən
olduğunu arxiv materialları hifz etməkdədir.
Tam səmimi
deyirəm, jurnalistika sahəsində kifayət qədər
mükafatlarım, üstəlik fəxri adım olsa da mən
həmin yaşda qələmə aldıqlarımın
qarşılıqlı müqayisəsinə cəsarət
etməzdim. Hələlik onun "Ajir", "Azərbaycan"
qəzetlərində işıq üzü görmüş
yazılarının mütaliəsindən aldığım
zövq və ləzzətə istinadən bunu deyirəm.
Heç şebhəsiz növbəti addımlarımız F.
İbrahimin mətbu külliyyatının toplanılıb dərci
olacaq.
Şəhidin
bacısı, hamımızın xoş duyğularla
andığımız tarix elmləri doktoru İranduxt
İbrahiminin də ruhu bizdən qardaşı barədə
monoqrafiyasının nəşri sahəsində konkret hərəkətə
keçəcəyimizi gözləyir.
F.
İbrahiminin bu kitabına gəldikdə isə bizlər
öncə onun adını, soyadını daşıyan,
prokrorluq orqanlarında 37 il qüsursuz işləyib təqaüdə
çıxmış, Azərbaycan Respublikasının prokurorluq
orqanlarının fəxri əməkdaşı adına layiq
görülmüş Firidun Ənuşirəvan oğlu
İbrahimiyə minnətdarıq. O, 70 il arxivlərdə
yatan, 1946-cı ildə Təbrizdə buraxılan kitaba bir
növ əsirlikdən nicat verərək Azərbaycan oxucusuna
təqdimatının təşəbbüskarı olub.
1946-cı
ildə Təbrizdəki Sovet Mədəniyyət Evinin Nəşriyyatı
tərəfindən əski əlifbamızla buraxılan
kitabın indiyədək kimsə tərəfindən digər
qrafikalarda dərci, başqa dillərə çevrilməsi
barədə axtarışlarımız nəticə vermədi.
Fars dilinə ciddi qüsurlarla tərcümə olunan
variantının nəşrimizə daxil edilməsini
özümüzə və mərhumun ruhuna hörmətsizlik
saydığımızdan gördüyünüzlə kifayətləndik.
Bəs F.
İbrahiminin "Azərbaycanın qədim tarixindən"
kitabının yeddi onillikdən sonra iki əlifbada nəşrini
nələr şərtləndirib?
1.
İranda qədim Azərbaycan tarixinə dair ana dilində qələmə
alınan bu ilk əsər müəllifin müasirlərinə
və sonrakı nəsillərə həmin sahədəki ətalətin
aradan qaldırılması üçün tövsiyəsi,
çağrışıdır.
2.
Bütün imperiyaların mahiyyətində
istilaçılıq, başqa xalqların haqlarına şərik
çıxma xüsusiyyəti var. Ona görə də zatən
demokrat, mütərəqqi insan olan F. İbrahimi
qarşıya Midiya imperiyasının timsalında heç də
fövqaladə bir modelin təqdimatını məqsəd
qoymayıb. Bununla belə sətiraltı, bəzən
birbaşa mənalarla sözünü deyib.
3.
Böyük mütəfəkir və ziya sahibi olan müəllif
əsərdə işlətdiyi parslara aid ifadələr onun
azərbaycanlıların əsrlər boyu qonşuluqda
yaşadıqları farslara həqarətinin ifadəsi kimi qətiyyən
qəbul edilməməlidir. Kitabı diqqətlə oxuyan arif
oxucular bunu asan sezə bilərlər.
F.
İbrahimi bütün İran xalqlarının, o cümlədən
farsların bəşəri hüquqlarının təsbiti
yolunda mübarizə aparan İran Xalq Partiyasının və
Azərbaycan Demokrat Firqəsinin ünlü təmsilçilərindən
biri kimi belə yanaşmanı yaxınına buraxa bilməzdi.
4. Əsərin
sonundakı münacət onun zamanında
yazıldığının göstəricisidir. Hiss olunur
kitabın ilk oxucuları "21 Azər" Hərəkatının
qələbəsinə imza atanlardır. O yazır: "Bu
gün Midiya millətinin rəşid balaları öz tarixi əzəmətinin
ehyası üçün qiyam etmişdir və təsmim (qərar)
almışdır ki, öz azadlıq bayrağını
hürriyyət müdafeyi olan və şanlı Midiya millətini
qoruyan qələlərin üstündə vurub
özünü qəhrəman babalarının həqiqi
varisi olduğunu bütün dünyaya
tanıtdırsın".
Bax,
müəllif məramını da burada axtarmaq
lazımdır!!!
Rəhim
Hüseynzadə,
"İranlı
Mühacirlər Cəmiyyəti"
İctimai Birliyin sədri,
Azərbaycanın əməkdar
jurnalisti
Olaylar.- 2017.- 20-22 may.- S.13.