Dini plüralizmin
qorunduğu ölkə
Azərbaycan hər
zaman özünəməxsus xüsusiyyətləri,
müsbət keyfiyyətləri ilə seçilən, ad qazanan, reytinq
əldə edən ölkələrdən biri
olub. Xüsusilə, tarixi
adət və ənənələr, onlara
bağlılıq və həmin ənənələri inkişaf etdirmək baxımından Azərbaycan
hər zaman ilklərə imza
atıb. Bu müsbət tendensiya özünü daha çox tarixdə ikinci dəfə
müstəqillik əldə etdikdən sonra
özünü büruzə verməyə
başlayıb. 1991-ci ilin oktyabrında Azərbaycan
müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik ənənələrə
malik ölkə olaraq
inkişaf etməyə başlayıb.
Günümüzdə də Azərbaycan məhz bu inkişaf tempi ilə öz yoluna davam edir.
Demokratik cəmiyyətlərə malik xüsusiyyətlərdən biri də bildiyimiz kimi plüralizmin təmin olunmasıdır. İstər siyasi, istər mədəni, istərsə də dini plüralizm olsun, bütün bunlara Azərbaycanda yüksək səviyyədə əməl olunur. Elə dini sahədə ölkədə olan mövcud durum da bunu aydın şəkildə təsdiqləyir.
Məlum olduğu kimi Azərbaycan əsrlər boyu, tarixən müharibələrin olduğu, yadellilərin hücum etdiyi, Qərblə Şərqin nüfuz savaşının mərkəzinə çevrildiyi regionlardan, ölkələrdən biri olub. Hər bir hücum, basqınlar özü ilə burada bir iz, mədəniyyət, tarix qoyub. Nəticə etibarilə Azərbaycan dinlərin və mədəniyyətlərlərin qovuşduğu, çulğalaşdığı bir ölkə funksiyasını yerinə yetirib. Bu gün də eyni rolu özündə ehtiva edir, onları üstün tutur.
Qeyd etdiyimiz kimi plüralizmin əsas elementlərindən biri də məhz dini plüralizmdir. Bu sahədə vəziyyətin ölkəmizdə kifayət qədər müsbət olduğu, eyni dinamika üzrə inkişaf etdiyi barədə hər kəs məlumatlıdır. Mövcud vəziyyət təkcə Azərbaycan cəmiyyəti deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də müsbət dəyərləndirilir, Azərbaycanın bu təcrübəsi təqdir edilir. Bəs bu təcrübə, müsbət dinamika nədən ibarətdir? Ümumiyyətlə, Azərbaycan buna necə nail olub? Təbii ki, qeyd edilən suallara cavab axtarmaq üçün ilk növbədə tarixə nəzər yetirmək və tarixin bizə miras qoyduğu əsas elementlərə diqqət etmək lazımdır.
Məlumdur ki, VII əsrdə ərəb xılafəti formalaşmağa başlayandan dərhal sonra İslam dininin digər coğrafiyalara yayılması üçün yürüşlərə, müharibələrə start verildi. İslam dininin yayılma coğrafiyası planında Azərbaycan da ön sırada dururdu və tezliklə Azərbaycan da xilafətin hucumlarına mıruz qaldı. Bu hücumlar bir sıra hallarda dirənişlə qarşılansa da, amma ümumilikdə Azərbaycan da İslam dininin yayılmağa başladığı ölkələr sırasında yer aldı. Beləliklə, Azərbaycan ərazisində İslam dininə xas olan məscidlər inşa edilməyə başladı. İslam mədəniyyəti geniş şəkildə yayıldı. Bu vaxta qədər isə Azərbaycanda qədim Alban dövlətinə xas dini ibadət yerləri, məbədləri vardı. Eyni zamanda zərdüştlük zamanından qalan ibadət məkanları mövcud idi. Tədricən Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkana çevrilirdi. Sonrakı illərdə də eyni tendensiya davam etdi və proses yüksələn xətlə inkişaf etməyə başladı.
Azərbaycanda dini sahədə vəziyyət hər zaman sabit, burada yaşayan müxtəlif dinlərin nümayəndələri üçün ürəkaçıcı bir durumda olub. Yalnız 70 illik Sovet hakimiyyəti dövründə bu sahədə ciddi şəkildə basqılar olub, insanların dini inanclarına qarşı məhdudiyyətlər tətbiq edilib. Sovet hakimiyyətinin ən qaniçən vaxtlarında, dövründə məscidlər qapadılıb, insanların toplu halında ibadət haqqı əlindən alınıb. İnsanlar yalnız öz evində gizlin şəkildə ibadətlə məşğul ola bilərdi. Həmçinin müqəddəs Quranı da oxumaq yasaqlanmışdı. Sovet hakimiyyətinin qəddar və qaniçən qanunları o həddə çatmışdı ki, məscidlərdən Quran kitablarını toplayıb onlara od vururdular.
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu istiqamətdə situaisya müsbətə doğru dəyişməyə başladı. Əsas etibarilə də ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra. Qısa müddətdə hər bir sahədə olduğu kimi dini sahədə də bir canlanma meydana gəldi. Sovetlərin zamanından baxımsız vəziyyətdə qalan dini ibadət yerləri, məscid və mədrəsələr dövlətin hesabına təmir edildi, həmin ibadət məkanları yenidən dini inanclı insanların üzünə açıldı. Ümummilli lider Heydər Əliyev Sovetlərin zamanından qalan din qorxusu, təhdidini aradan qaldırmaq, insanlarda inam, etibar hissini yaratmaq üçün həmin dini ibadət məkanlarının açılış mərasimlərində şəxsən iştirak etdi. Bununla insanlarda bir güvənc hissi yaratdı. Heydər Əliyev müsəlman ölkəsinin dövlət başçısı olaraq təkcə İslam dininə xas xüsusiyyətləri inkişaf etdirmir, eyni zamanda Azərbaycan ərazisində yaşayan qeyri-İslam dininin nümayəndələrini də diqqətdə saxlayır, onlara məxsus dini ibadət yerlərini müntəzəm olaraq təmir etdirirdi. Hər il müqəddəs Ramazan ayı ərəfəsində ölkədə fəaliyyət göstərən müsəlman ölkələrin səfirləri ilə bir araya gələrək onlarla iftar süfrəsində bir arada olması, katoliklərin bayramını hər il təbrik etməsi, bir neçə dəfə onların ibadət məkanlarına baş çəkməsi ümummilli liderin dini dəyərlərə verdiyi önəmin göstəricisi idi. Bu həm də Azərbaycanda dini plüralizmin mövcud olduğuna əyani sübut idi. Həm də dini plüralizmin dövlət səviyyəsində təmin olunduğunun göstəricisi idi.
Ümummilli lider Heydər Əliyevin başlamış olduğu və bütün dünya tərəfindən təqdir edilən bu siyasət günümüzdə bu siyasi kursun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. İlham Əliyev də Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirərək ölkədə dini plüralizmin təmin edilməsi istiqamətində məqsədyönlü addımlar atır. Mirmövsüm Ağa ziyarətgahının, Təzə Pir Məscid Kompleksinin, Bibi Heybət məscidinin, Gəncə İmamzadə Kompleksinin, Şamaxı Məscidi və digər dini ibadət məkanlarının təmir və bərpası, eləcə də Qafqazın ən böyük məscidi sayılan Heydər Məscidinin tikilib istifadəyə verilməsi dövlətin dini inanclı insanlara, din adamlarına olan diqqət və qayğısının tərənnümü, nümunəsi idi. Paralel olaraq Azərbaycanda yaşayan digər dinlərin nümayəndələri də dövlətin diqqət və qayğısı altında idi. Bu mənada Bakıda Azərbaycan dövlətinin hesabına katoliklərə məxsus sinaqoqun tikilməsi, xristian provaslavlara aid kilsələrdə yenidənqurma işlərinin aparılması və digər bu kimi amillər Azərbaycanda dini plüralizmin bariz nümunələrindəndir. Ölkəmizdə dini plüralizmin yüksək səviyyədə təmin olunduğunun ən bariz nümunələrindən biri isə Bakıda erməni kilsəsinin belə Azərbaycan dövlətinin hesabına təmir edilməsidir. Azərbaycanın 20 faiz ərazilərini işğal edən bir ölkəyə məxsus dini ibadət məkanının mühafizə edilməsi, onun məhz Azərbaycan dövləti tərəfindən təmir olunması ölkəmizin dini plüralizm sahəsində ən nümunəvi bir dövlət olduğunu ortaya qoyur. Amma müqayisə üçün Ermənistana nəzər salsaq, tamamilə fərqli bir situasiyanın şahidi olarıq. Belə ki, Ermənistan adlı işğalçı dövlət nəinki öz ərazisindəki məscidləri dağıdaraq baxımsız hala gətirib çıxarıb, eyni zamanda işğal etdiyi Azərbaycan ərazilərindəki məscid və digər dini ibadət məkanlarını tamamilə yararsız vəziyyətə salıb, onlardan mal-qara saxlanması üçün tövlə kimi istifadə edir. Təəssüflər olsun ki, bu acı tendensiya bu gün həqiqət, siyasi, mədəni və dini plüralizm axtarışında olan dünyanın gözü qarşısında baş verir.
Azərbaycanda dini plüralizmin mövcud olduğunun daha bir göstəricisi mövcud vəziyyətin elə dünya tərəfindən qəbul edilməsi, etiraf olunmasıdır. Bunun ən bariz nümunəsi elə bu sahədə bir sıra vacib beynəlxalq toplantı və forumların Azərbaycanda keçirilməsidir. Ümumdünya Mədəniyyətlərarası Forumu, BMT-nin Sivilizasiyalararası Forumu, Beynəlxalq Humanitar Forum, elə bu günlərdə keçirilən IV İslam Həmrəylik Oyunları və bu kimi tədbirlər deyilənlərin təsdiqidir. Məhz bu kimi mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin Azərbaycana həvalə edilməsi burada dinlərarası və mədəniyyətlərarası anlaşmanın yüksək səviyyədə təmin edildiyindən xəbər verir.
Azərbaycanda dini plüralizmin mövcudluğunun
digər bir nümunəsi bir
neçə il öncə ölkəmizdə
ilk dəfə vəhdət
namazının qılınması idi. Etiraf etmək lazımdır ki,
günümüzdə İslam
dünyasının daxilində belə bir
sıra problemlər, ziddiyyətlər mövcuddur.
Bir sıra hallarda bu mənfi tendensiya və hallara, ziddiyyətlərə elə
ayrı-ayrı İslam dövlətləri
rəvac verir, yol
açırlar. Bu kimi
halların baş verməməsi üçün bütün
müsəlmanların bir vəhdət
şəklində hərəkət etməsi zəruridir. Bu baxımdan bir neçə
il əvvəl Bakıda vəhdət
namazının qılınması, elə müsəlmanların
birliyi, vəhdətinə təkan verən
amillərdən idi.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 23 may.- S.15.