Türk dünyasının Bakıda işləyən ilk məşhur

həkimlərindən biri- Batırşina Amina xanım

 

Əvvəlki yazılarımızda oxuculara  1911-1912-ci illərdə Bakıda türk dilində nəşr omunan “İşıq” qəzeti haqqında  ətraflı məlumat vermiş,onu  Kırım tatarlarının “Aləmi-nisvan” qəzetinin kiçik bacısı adlandırmışdıq.Diqqətli araşdırmalar aparılsa,bu iki mətbu orqan arasında çox dəyərli paralellər aparmaq olar.Belə araşdırmalar türk dünyasının bu günü üçün maraqlı məlumat və bilgilərə yol açan  qaranlıqları və alatoranlıqları işıqlandırılan uzaqdan görünən mayaq kimi diqqətəşayanola bilər.

 

“İşığ”ın redaktoru Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü milliyyətcə tatar olan Sübhanqulovun qızı Xədicə xanım idi.O,Tiflisdəki Olqa Qadınlar İnstitutunun tibb fakültəsinin məzunu kimi qadınların sağlamlığının qorunmasında və mühafizəsində Bakıda dəyərli həkimlik fəaliyyəti göstərmişdir.Xədicə xanımın əri şəkili Mustafa bəy  ali məktəb qurtarmasa da, Bakıda dövlət işlərində  öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən milli ziyalı kimi həm xalqın,həm də dövlət məmurlarının  rəğbətini qazanmışdı.Mustafa bəy bağarıqlı natiq və tərcüməçi kimi diqqəti daha çox cəlb edir,həm Azərbaycan,həm də rus dillərində maraqlı elmi və elmi-publisistik yazılar yazırdı.

Əlibəyovlar 1911-ci ilin yanvarında   xalqa çatdırmaq istədikləri öz ürək sözlərini  mətbuat vasitəsilə reallaşdıra bildilər.Bakıda “İşıq” adlı qəzetin nəşrinə başladılar.İki il ərzində “İşığ”ın oxucularla 68 görüşü oldu. “İşıq” Bakıda şuşalı müəllim Haşım bəy Vəzirovun mətbəəsində  oxunaqlı xətlə,gözəl tərtibatla çıxırdı.

Qəzetin birinci səhifəsində yeni mətbuat orqanı özünü belə təqdim edirdi:

“İndilikdə  həftədə bir dəfə şənbə günü nəşr olacaq,  TƏRBİYEYİ-ƏTFALA (uşaqların tərbiyəsinə-N.N.),ədəbiyyata,  təbabət və evdarlığa  dair xanımlar qəzetəsidir”.

Bu sözlərdən sonra rus qrafikası ilə xüsusi məqsəd daşıyan  bir başlıq da verilmişdir:.

Maraqlıdır ki tədqiqatların çöxunda, tarix kitablarında, hətta orta məktəb dərsliklərində  rusdilli bu söz birləşməsini görməyənlər “İşığ”i elmi ictimaiyyətə jurnal kimi təqdim etmişlər.

“İşıq” öz proqramına uyğun olaraq çıxır,burada tərbiyə,ədəbiyyat,təbabət və evdarlığa aid  maraqlı yazılar dərc olunurdu.

Qəzetdə qadınlarla yanaşı,zükür (erkək) qələm sahibləri də həvəslə iştirak edirdilər.Bunlardan Məhəmməd Hadini,Hüseyn Cavidi,Yusif Vəzirovu və başqalarını xüsusilə qeyd etmək gərəkli görünür.

Məncə, bu gün türk dünyasının bütün tibb məktəblərində “İşıq”dakı tibbə dair yazılar əsasında xüsusi seminarlar keçirilə bilər.Ədəbiyyat əsgərləri “İşıq”dakı bədii yazılardan faydalana bilərlər.Uşaqlarına düzgün tərbiyə vermək istəyənlər də “İşığ”a müraciət edə bilərlər.Bu yazıların əsas müəllifi turk dilinin Qafqazda daha çox işlənən qolundan- Azərbaycan dilindən  yazı dili kimi istifadə edən Xədicə xanım Əlibəyovadır.

“İşığ”ın bəzi yazıları rus dilində çap olunurdu.Belə yazıların müəllifi,adı göstərilməsə də,söz yox ki, Mustafa bəy Əlibəyovdur.

“İşıq”da həm qəzet,həm də müxtəlif ədəbi janrlardan istifadə olunurdu. Bu cəhətdən “İşıq”dakı yol qeydləri, dərindən tanıtma reklam xarakterli yazılar,”Tərcüman” qəzetində tez-tez təsadüf etdiyimiz rəylər və təqrizlər,iqtibqslar, məqsədli tərcümələr,yeni kitab və mətbuat orqanları haqqında məlumaqtlar  çox maraqlı görünür.

“İşıq” qəzetindəki portret oşerkləri ən maraqla oxunan materiallardandır.Bu yazıların müəllifinin  o zamanlar Zaqafqaziya müftisi olan H.Ə.Qayıbovun  olması daha çox dəstəklənə bilər.Belə ki,H.Ə.Qayıbov yazılarının birində türk dünyasının qeyrətdə də, şücaətdə də zükurlardan geri qalmayan qadınlar haqqında yazılar yazdığını xəbər verirdi.”İşıq” qəzetində bu silsilədən bir neçə yazıya rast gəlirik.

Belə yazılardan biri Bakıda həkim işləyən  Batırşina Amina xanım haqqındadır.”İşığ”ın  22.10.1911-ci il tarixli 30-cu nömrəsinin 3-cü səhifəsində bəzəkli çərçivə içərisində Amina xanımın   başında qalpaq olan  fotoşəkli verilmiş,haqqında bir sütunda tərcümeyi- halının bir sıra maraqlı məqamları  göstərilmişdir.

 

    Amina xanımın tərcümeyi-halı

 

Xanımın başındakı  zinət Kırımdakı müsalman xanımların rəsmən başlarına qoyduqları qalpaqdır(bu söz indi türrk dilli ölkələrin çoxunda tibb işçilərinin istifadə etdikləri baş geyimidir-N.N.),yəni  məklayiçədir(Bu sözü lüğətlərdə tapa bilmədik,onu  çox çətinliklə oxuduq.Bəlkə də tatarların əksəriyyətinin məişət dilində işlətdiyi sözdür.Materialı diqqətlə oxuyun,bəlkə də aydınlaşdıra bildiniz.Məklayiçə-hər halda qalpağın sinonimi sayıla bilər-N.N.).

Amina xanımın qız familiyası Yeniquyova(bəlkə  başqa cür oxunmalıdır-N.N.),ər familiyası Bahadır Batrışindir.

Bu xanım Saratov bəyzadələrinin qızıdır ki,18 sinnində (yaşında-N.N.)Taşkənd gimnaziyasını qızıl medalla qurtarmışdır.Hərçənd o vəqtdə istəyirdi ki, getsin Peterburqdakı Nikolayevski Təbabət darülfünununa,lakin darülfünun səltənət tərəfindən  bağlandığına görə  gedə bilməmişdi.

Amina xanım  iyirmi yeddi sinnində Daşkənddə təbib Məhəmməd Hənifəyə ərə getmişdir ki,hal-hazırda “Statski sovetnik”,yəni yaranal mənsəbində  Daşkənddə güzəran ediyor.Ərə gedəndən on il sonra Gimnaziyada dübarə imtahahan verib,ərinin razılığı və xeyir-duası ilə Peterburqda övrətlərin Tibiblik Darülfünuna qəbul olunur.Tamam beş il orada  oxuduğuna əvvəlinci dərəcə”attestad”,yəni  şəhadətnamə alıb,sonra iki il tamam PeterburqMoskva şəhərlərinin  klinikalarında  xidmət edibdir.Klinika darülfünunlarin  yanında bina olunan  böyük mərizxanadır. ki,orada  professorlar azarrlılara müalicə ediyorlar.

Qafqaziyyədə övrətlərdən əvvəlinci təbibə Aminə  xanımdır ki, 6 ildir Bakıda  həkimlik   edib. Hal-hazırda neçə ildən bəridir ki, Bakı şəhərinin   üçüncü mərizxanəsinin   təbibəsidir. Fəqət indilikdə şəhər tərəfindən göndərilibdir ki,gedib böyük şəhərlərin  klinikalarında  neçə azarlılaraın müalicəsini  həll eləsin.

Bu təbibə Bakı mərizxanəsində hər gün əllidən  yetmişə kimi  övrətlərə müalicə edəndən sonra  evində də əlac etməgə talib bir xudapərəst və millətin sevən xanımdır.

Bu xanımın həmşirəzadələri  Statskiy sovetnikAhmed Muxtar bəyin qızları Hənifə  xanım və Zinət xanım Naqay  bəyin  zadələri- Daşkənd  gimnaziyasını tamam edib, hal-hazırda Pererburqda  darülfünunlarda  elm təhsil ediyorlar.Hənifə xanım diş həkiməlgi şöbəsində, Zinət xanım isə  Psixonevroloji  İnstitutda tibbiyyəni öyrənir”.

Batrişina Amina haqqında 1913-cü ilə aid  bir soraq kitabçasında- (“Баку и его район” 1913 года – справочный ежегодник. Изд. М. С. Шапсович )      maraqlı qeydlərə rast gəlirik.Burada Bakıdakı qadın həkimlərinin cərgəsində Amina xanımın adı birinci verilmişdir.İllik soraq kitabçasından məlum olur ki, Amina xanım xəstələri  “İşıq” qəzetinin redaksiyasınln yaxınlığındakı ünvanda- (Церковная, уг. Спасской, 51) qəbul edirmiş.Onun qəbul saatları gündə  iki saat çəkirmiş-səhər saat səkkizdən  doqquza qədər və günorta saat birdən ikiyədək.

Отдел II. Женщины-врачи

Батршина Амина-Ханум, – женск. и акуш. Приемн. часы: 8 – 9 и 1 – 2. Церковная, уг. Спасской, 51

Глазер Г.Л. – Приемн. часы: 8 – 10 и 3 – 6. Воронцовская 21

Горюшкина – Тер-Мкртычянц Н.Г.

Гукасова В.Ф., – детск. Бол. Приемн. часы: 11 – 1 и 4 – 7. Уг. Карантинной и Б.-Морской, д. Дадашева, тлф. 18 – 51

Дыхно-Лейбзон Розалия Альбертовнаяженск. болезни и акушерство. Приемнасы:9–11 и 4–6. Воронцовская 29, тлф. 3 – 61

Каган М.Ф. – жен. и акуш. Приемн. часы: 11 – 1 и 4 – 6. Колюбакинская, уг. Мариинской, тлф. 8

Корона Вера Моис. – Ул. Гоголя, д. Асадуллаева, тлф. 9 – 84

Крутикова Елена Павл.

Левенсон К.И. – Приемн. часы: 10 – 12 и 5 – 6. Воронцовская 61, тлф. 3 – 16

Матинянженск. и акуш. Приемн. часы: 9 – 10 и 5 – 7. Балаханская 35, тлф. 21 – 57

Мекленбурцева Н.М., – завед. город. воспитат. домом на Шемахинке

Пахлавуни- Мелкумянц Азат Овакимовна, – жен. и акушриемн.часы: 8–9 и 4–7. Ст.-Полицейская 21,

Рабинович С.А., – женск. и внутр. Приемн. часы: 2 – 6 ч. дня. Белый гор., д. «Электрич. Силы»,

Сарумова Елизавета Абрамовн. – вн., детск. и женскриемн. часы: 8 – 9 и 4 – 6. М.-Морская 2,

Сегаль Валент. Савельев. – женск. и акушриемн. часы: 4 – 6. Докторский пер. 3, тел. 28 – 69

Тер-Григорова Соф. Мих. – Меркурьевская, д. Дадашева

Фейнберг-Орбант М.Б. – Ст.-Полицейская 22, тлф. 14 – 36

“Баку и его район” 1913 года – справочный ежегодник. Изд. М. С. Шапсович

 

Nazim Nəsrəddinov,

 

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Prezidentinin aylıq təqaüdçüsü,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra

müdiri müəllimi, türkoloq

 

 

Olaylar.- 2017.- 24 may.- S.14.