Azərbaycanda dini plüralizm

ənənəsi formalaşıb

 

Dini tolerantlıq ölkə vətəndaşlarının həyat tərzinə çevrilib

 

Dini plüralizm dinlərin və dini ənənə daxilindəki fərqliliklərin çoxluğu anlamına gəlir. Məssəblər və dinlərarası tolerntlıq isə dini plüralizmin fundamental göstəriciləridir. Çox təəssüf ki, hazırda bir sıra inkişaf etmiş ölkələrdə belə dini tolerantlıq ənənləri formalaşmayıb. Azərbaycan isə nadir ölkələrdəndir ki, burada dini plüralizm, tolerantlıq bərqərar olub. Müxtəlif dini əqidələrin sahibləri dostmehriban şəraitdə yaşayırlar. Heç şübhəsiz ki, ölkəmizdə belə bir ənənənin formalaşması dövlətin həyata küçirdiyi dini siyasətin nəticəsində mümkün olub.

Ölkəmizdə dinlər və məzhəblər arası toleratlıq ənənəsinin mövcudluğu və bu durumun diğər ölkərə örnək təşkil etdiyi fikri təsadüfən formalaşmayıb. Din sosiologiyası doktorantı  Asəf Qənbərov  hesab edir ki, dövlətin rəsmi din siyasətinin də öz növbəsində, toleratliq ənənəsinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilməsi din sahəsinin prioritet məsələsi halına gəlmişdir: "Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycanda tarixi toleratlıq ənənəsinin siyasi bir təbliğat alətinə çevrilməsi bəzi həqiqətləri görməyimizə əngəl təşkil etməkdədir. Belə ki, mustəqillikdən sonra milli və mənəvi dəyərlərin yenidən canlanması prosesində, dindarlığın ümümi cəkisinin artması və dini qrup və cameələrin sayindakı çoxalma halları cəmiyyətin nisbi homogen dini strukturunda fundamental bir dəyişikliyə səbəb olmuşdur. Təssuflər olsun ki, dini pluralizmin artması cəmiyyətimizdə dini qrup və cameələrin qutbləşməsi prosesi ilə də müşaiyət olunmaqdadır. Zənnimizcə nəzərdən qaçan məqam da, məhz dini pluralizm ilə dinlər arası dözümlüyün tərs mütənasib bir quruluşa malik olmasıdır: yəni dini müxtəlifləşmə artdıqca fərqli inanc və əqidələrə dözümlülük azalır". Onun sözlərinə görə, dözümlülük ənənəsinin amillərini təyin etməyə cəhd edərkən, cəmiyyətimizi xarakterizə edən iki təməl xüsusiyyətlə qarşılaşırıq. Bu iki xüsusiyyətin sekulyar cəmiyyət və nisbi homogen dini struktur olduğu qənaətinə gəlmək mümkündür. Sekulyarlaşma və ya dünyəviləşmə prosesi XX əsr sosioloji düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran mövzusudur. Sekulyarlaşma prosesi, konkret olaraq " institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi" şəklində izah edilir. Sekulyarlaşma prosesinin mahiyyəti haqqındakı uzun mübahisələrə girmək mövzumuz üçün vacib deyil. Burada əsas üzərində durmaq istədiyimiz məqam sekulyarizmin dini toleraltlıqla qarşılıqlı münasibətidir.  Çünki sekulyar dünya göruşü, başqa inanc və əqidəyə dözümlü yanaşmağı şərtləndirən əsas amillərdən biridir.  İnsanlar arasında qarşılıqlı münasibətlərdə dini identifikasiyanın arxa plana atılması, dini zəmində qarşıdurma yaratma ehtimalını təbii olaraq yox dərəcəsinə endirir: "Azərbaycan cəmiyyətini sekulyar cəmiyyət adlandırmaq üçün yetərli səbəblərimiz var. Bu, həmçinin  Sovet dönəmindəki rəsmi dövlət ideologiyasının dini təsisatları zəiflətməsi və məcburi dünyəvi təhsilin nəticəsidir. Müstəqillikdən sonra dini həyatda müəyyən canlanma yaşansa da, Post-Sovet məkanında müstqətilliyini yeni qazanmış diğər ölkələrlə müqayisədə Azərbaycan cəmiyyətinin daha az dindar olduğu görülür. Bu mövzuda aparılan empirik tədqiqatlar və monitorinq nəticələri ilə müşahidələrimiz üs-üstə düşür. Amma gələcəkdə dünyəviləşmə prosesinin geriləməsi, yəni dindarlaşmanın artması dinlər arası münasibətlərə təsirsiz ötüşə bilməz. Bir çox tətqiqatçıların iddia etdiyi kimi, sekulyarizmin geriləməsi və ictimai-siyasi sferada dini hərəkatların aktivləşməsi prosesi qlobal xarakter almışdır.  Nəticə olaraq cəmiyyətin dünyəviləşmə dərəcəsi və toleratliq arasındakı münasibətləri daim diqqət mərkəzində saxlamaq lazımdır".

Onun bildirdiyinə görə, dini plüralizm dedikdə nəzərdə tutduğumuz fəlsəfi mənada dinlərin çoxluğunu və hər birinin relativ həqiqətə sahib olduğunu müdafiə edən idea deyil, əksinə cəmiyyətdə dini qrup və hərəkatların müxtəlifliyi və getdikcə dini müxtəlifliyin artması prosesidir. Azərbaycanda isə sözün həqiqi mənasında dini plüralizm hökm sürməkdədir. Çünki dini plüralizmi təşkil edən bütün elementlər özünü Azəbycanda büruzə verməkdədir: "Ölkə qanunvericiliyində  nəzərdə tutulan din və etiqad azadlığı barəsindəki müddəalar prosesin dini pluralizmə aparacağı gözlənilən durumdur.  Buna baxmayaraq ənənəvi din və etiqadlara meydan oxuyan yeni din və məzhəblərin yayılması istər siyasi, istərsə də ictimai sferada təhdid kimi qavranılır. Pluralizmin cəmiyyətin inteqrasiyasını zəiflədən bir amil kimi  qavranılması onu basqı altına almaqla nəticələnir. Ənənəvi və qeyri ənənəvi din ayırımı da dini pluralizmi sıxışdırmanın məntiqi sonucundan başqa bir şey deyildir. Humanizm prinsiplərinə zidd olan, dinlər və məzhəblər arası dözümsüzlük, kin və nifrət yayan inanışların qanunda nəzərdə tutulan qaydada qadağan edilməsi, ənənəvi və qeyri ənənəvi din ayırımı tamamilə gərəksiz qılır. Çünki ənənəvi olub-olmamasından asılı olmayaraq yuxarıda qeyd edilən prinsiplərə zidd olan inancların təbliğ edilməsi gadağandır. Bunları nəzərə alaraq dini pluralizmin uğurlu idarə edilməsindən bəhs etməmiz mümkün deyil. Nəticə olaraq milli sərvətimiz sayıla bilən tolerantlıq ənənəsinin sərmayəsini, sovetlər dövründən bizə miras qalan sekulyarizm və həmcins dini quruluş olduğunu söyləmək olar. Lakin ənənəvi sosial sistem dəyişdikcə bu sərmayələr tükənməklə qarşı-qarşıya qalmaq üzrədir. Dini cərəyanlar arasındakı qütbləşmə tendensiyasının qarşısını almaq üçün pluralizmi sıxışdırmaq və ya qarşısını almaq mümkün deyil. Bunun yerinə ictimai müzakirələrə şərait yaradaraq müxtəlif və fərqli inanışlara hörmətlə yanaşma ənənəsini inkişaf etdirmək lazımdır ki, bu proses Azərbaycanda həyata keçirilməkdədir". O, qeyd edib ki, Azərbaycandakı dini tolerantlıq və dini plüralizmi beynəlxalq aləmə nümayiş etdirməkdən ötrü cəmiyyətimizin dini strukturunu dərindən analiz edən elmi tədqiqatların aparılmasına ehtiyac hiss olunur. Əslində Azərbaycanın dini plüralizm modeli elmi- nəzəri yanaşma tələb edir. Bu yanaşma isə ölkdə belə bir durumun mövcud olub-olmaması, dözümlülük ənənəsinin şərtləndirən əsas ictimai amillərin aydınlaşdırılması məsələsini gündəmə gətirir. Qısa və uzun dönəmdə cəmiyyətin dini quruluşunda bas verən dəyişikliklərin dinlər və məzhəblərarası dözümlüyə necə təsir göstərəcəyini təxmin etmə və potensial təhlükələrə qarşı zamanında tədbir görülməsi baxımından da bu sahədə geniş miqyaslı nəzəri və elmi tədqiqatların aparılması böyük əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır. Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların din xadimi kimi fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. Dini qurumlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər. Xatırladaq ki, dini plüralizm ənənələrinin qorunub-saxlandığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, sülh və əminamanlıq şəraitində, qarşılıqlı etimad və hörmət üstündə vahid ailə kmi yaşayırlar. Ölkəmizin bütün milli və dini azlıqları millətlərarası və dinlərarası münasibətlərə, eləcə də vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhvəsini veriərək ictimai-siyasi və sosial mədəni həyatın bütün sahəlrində yaxından iştirak edirlər. Dini plüralizmin Azərbaycan nümunəsi bir daha göstərdi ki, millətlər və dinlərarası münasibətlərdə yaranmış çətinlikləri aradan qaldırmaq üçün mültikulturalizm və tolerant dəyərlərin daha geniş şəkildə təbliğ edilməsinə ehtiyac var. Hazırda dünya əhalisinin sayı 7 milyard 3 yüz milyonu ötüb. Paralel olaraq dünyanın müxtəlif  bölgələrində millətlərin, müxtəlif dini daşıyıcıların bir-birinə qarşı münasibətlərinin fərqli olması ortadadır.  Sözsüz ki, bu fərqli münasibətlər müəyyən problemlər yaradır. Belə bir şəraitdə sürətlə inkişaf edən, müasir texnologiyalara malik ölkələrlə yanaşı, hələ də inkişaf baxımından geridə qlan xalqlara qarşı ögey münasibətlər  sərgilənməkdədir. Azərbaycan isə dünyaya dini tolerantlıq modeli təqdim etməkdədir. İstər keçmiş, istərsə də müasir dövrdə yaşananlar göstərir ki, hər bir cəmiyyətdə, hər bir dövlətdə sabitliyin əsas sütunlarından biri də multikultural və tolerant dəyərlərin qorunması, inkişaf etdirilməsidir. Son illər bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin - tolerant və multikultural ənənələrin beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var. O model ki, indi dünyanın bir çox ölkələri tərəfindən tədqiq edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti hər kürsüdə, hər görüşdə vurğulanır. Bu isə o deməkdir ki, artıq Azərbaycan dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Ölkəmizdə irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur. Əksər ölkələr üçün örnək olan multikulturalizm və dini tolerantlıq modeli müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 26 may.- S.15.