Müstəqillik bizim üçün ən böyük sərvətdir

 

İlham Əliyev: "Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaq"

 

Mayın 26-da "Buta" sarayında Azərbaycanın milli bayramı-Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər..Azərbaycanın dövlət himni səsləndirildikdən sonra dövlət başçısı rəsmi qəbulda çıxış edib.  Bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edən prezident bildirib ki, 99 il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb: "Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək üçün bu yaxınlarda mənim tərəfimdən Sərəncam imzalanıb". Prezident təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı: "İki ildən sonra müstəqilliyimiz əlimizdən alındı. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi". 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, ancaq tarix sanki təkrarlanırdı və iki ildən sonra yenə də müstəqilliyimiz üçün böyük təhlükələr yaranmışdı: "1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi. Azərbaycan xalqı müdriklik göstərərək böyük lideri - Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildən sonra Azərbaycanda inkişaf dövrü başlamışdır və bu gün bu dövr davam edir. Bir sözlə, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi. Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir. Cəmi 23 il ərzində - 1993-cü ildən başlayaraq, görün, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan nə qədər güclənib, görün, Azərbaycan dünyada hansı möhkəm mövqelərə sahib olub. İqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə Azərbaycan böyük uğurlara imza atıb və bu gün bütün dünya bunu bilir və qəbul edir. Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir". Çıxışında ölkəmizin qarşısında duran vəzifələrə də toxunan prezident deyib ki, biz gələcək illərdə də müsbət dinamikanı saxlamalıyıq və əminəm ki, saxlayacağıq: "Daxili siyasətə gəldikdə, ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir. Deyə bilərəm ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır. Eyni zamanda, Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmurqoşulmayacaq. Biz ilk növbədə öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Əgər hansısa beynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, əlbəttə ki, biz buna müsbət yanaşa bilərik. Ancaq ilk növbədə, milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir. Çünki bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsuslar olsun ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır. Bununla bərabər, Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz varbu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır. Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkələr üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda, Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər. Bunun sirri çox sadədir. Sadəcə olaraq, düzgün siyasət aparılmalıdır, inkişaf olmalıdır, savadlılıq artmalıdır, millidini siyasət düzgün aparılmalıdır. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər. Bu gün bu vəziyyət reallıqdır. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi, mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdürbiz bunu qoruyuruq, qorumalıyıq. Şadam ki, bizim siyasət, bu istiqamətdə atılan addımlar xalq tərəfindən tam dəstəklənir. Ona görə, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi sayılır". Prezident deyib ki, bundan sonra da Azərbaycanda sabitlik davam etdiriləcək: "Bu gün artıq reallıqdır ki, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz, sabit olmayan ölkələrə heç kim sərmayə qoymaz, heç kim turist kimi gəlməz, belə ölkələrlə heç kim gözəl münasibətlər qurmağa çalışmaz. Ona görə, sabitlik hər bir ölkənin əsas amilidir, inkişafın əsas amilidir. Ancaq sabitliyi inzibati yollarla əldə etmək mümkün deyil. Bu, müvəqqəti olacaq. İndi bir neçə ölkədə xüsusi təhlükəsizlik tədbirləri görülür, xüsusi rejim tətbiq olunur. Bu, inzibati yollardır. Amma sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz bax, bu sabitliyi yaratmışıq və Azərbaycanda hökm sürən sabitliyin təməlində bu amillər dayanır - xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar. Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edirbütün istiqamətlərdə böyük uğurlar qazanıb. Daxili siyasət məsələlərinə gəldikdə, əlbəttə ki, biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın. Azərbaycanda bir çox sosial təşəbbüslər irəli sürülmüşdür, sosial infrastruktur layihələri geniş vüsət alıb. Eyni zamanda, Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir". Prezident deyib ki, Azərbaycan xarici siyasət sayəsində böyük uğurlar əldə edib: "Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük. Bu gün bizim beynəlxalq təşkilatlarla da çox yaxşı münasibətlərimiz varbiz bu təşkilatlarda fəal rol oynayırıq. Mən onların içərisində, ilk növbədə, İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istərdim. Azərbaycan bu təşkilatın fəal üzvüdür. Bu təşkilat erməni təcavüzü ilə bağlı keçən il Kontakt Qrupu yaratmışdır. Erməni təcavüzü, ötən ilin aprel ayında onların törətdikləri təxribat hadisələri İslam Əməkdaşıq Təşkilatı tərəfindən pislənildi. Azərbaycan dövlətinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinə daim dəstək göstərilir.

Eyni zamanda, Azərbaycan bu təşkilat çərçivəsində ikitərəfli əlaqələri də genişləndirir. Mən bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşünü xüsusi qeyd etmək istəyirəm. Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak etmişdir. Hesab edirəm ki, bu Zirvənin çox böyük mənası var. İlk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirmişdir və təqdirəlayiq haldır ki, Amerika Prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika Prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni, bu səfərin və Zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika Prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir. Ümid edirəm ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaqbizim işimizə qarışma cəhdləri aradan götürüləcək. Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldugörürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq. Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın. Azərbaycan ləyaqətli dövlətdir. Öz qürurumuzu qorumuşuq və qoruyacağıq". Dövlət başçısı onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Keçən ilin aprel döyüşləri bunu göstərdi: "Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq". Prezident sonda deyib ki, müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq.

 

S. İsmayılbəyli

 

Olaylar.- 2017.- 27-30 may.- S.9.