Həyat elə kinodu..!

 

Cavid Təvəkkül : "Tarixin hər şeyə aydınlıq gətirəcəyini düşünürəm"

 

Biz onu "Cavad xan", "Azarkeş, "Sovqat", "100000 AZN", "Əzizim Fellini", "Səhərə inan...", "Döngələr" (teleserial), "Dərs", "Bir günəş altında", "Hoqqa" filmləri ilə tanıdıq, filmlərini izlədik. Sənətkar olduğunu qəbul etdik, sevdik.

Biz həm də onu  "QARABAĞNAMƏ" ilə tanıdıq. Bu film sayəsində bizlər  Cavid Təvəkkülü gözəl bir insan olaraq kəşf elədik. Bəli, bu film Cavid Təvəkkülün filmidi. Heç bir titr, heç bir göstəriş bunu tamaşaçıların yaddaşından silə bilməz və silə bilməyəcək...

- Cavid bəy, saytların birində "Seçilmiş filmlər" siyahınızı təqdim etdiniz. Bu siyahıda Avropa filmləri yer almışdı. Azərbaycanlı rejissorlardan kimləri bu siyahıya elavə edərdiniz?

- Azərbaycanımız böyük mədəniyyətə, tarixə malikdi. Əsrlər boyu böyük insanlar yetişib, yetişmək üzrədi və yetişəcək. Bizsizdə, bizimlədə onlar olacaq. Bu torpaqlarda sənət həmişə olub və olacaqda. Sənət deyəndə tək kinonu nəzərdə tutmuram. Bu torpaq daim istedadlı insanlar yetişdirir.

Sevdiyim bir neçə Azərbaycan rejissorları var. Ən çox sevdiyim rejissor Arif Babayevdi. Rasim Ocaqov isə as hesab olunan sənətkarlardandı. İki ən çox sevdiyim Azərbaycan filmləri var ki, onların remeykini çəkmək istəyərdim. Bu Arif Babayevin Anarın hekayəsi əsasında çəkilmiş "Gün keçdi" və Rasim Ocaqovun Rüstəm İbrahimbəyovun ssenarisinə lentə alınan "Park" filmidi. Yaxşı rejissorlarımız çoxdu. Arif Babayevin bəlkə də bu gün çoxlarının anlaya bilməyəcəyi , Rasim Ocaqovun çox gözəl lirik poetik və indi adlarını çəkmədiyim,unutduğum rejissorların çox sayda filmləri var ki, Azərbaycan kino tarixində önəmli yerləri var. Müasirlərimizə gəlincə isə artıq hamı onları tanıyır, bilir. O rublikada dünya filmlərində olan siyahı təqdim olunmalı idi. Yəni, orada Azərbaycan filmlərinin yer almaması o demək deyil ki, mən öz filmlərimizi sevmirəm. Hər çəkilən filmi izləyə bilməsəm belə, hər çəkilən filmə sevinirəm. İstər komersiya layihəsi olsun, istər art olsun. Azərbaycanda kinonun çəkilməsini, kino istehsalının dirçəlməsini çox istəyirəm. Azərbaycan filmlərinin dünyaya, Avropaya çıxmasını, öz mədəniyyətimizi dünyaya yayılmasını çox istərdim. Avropalıya avropalıları göstərmək lazım deyil düşünürəm. Azərbaycanlının elə azərbaycanlı olduğunu göstərə bilsək bəsimizdi.

 - Bu yaxınlarada kinonun inkişafı ilə bağlı qanun layihəsi müzakirə edildi. Müzakirələrdə siz də iştirak edirdiniz. Müzakirələr rejissor kimi sizi qane etdimi?

- Bu müzakirələr "Buta" filmin təşəbbüsü ilə keçirildi. Və bu qanun layihəsini ərsəyə gətirənlərdən biri vəkil qismində, qanunu müdafiə edən kimi çıxış etdi. Ümid edirəm bizim fikirlər nəzərə alınacaq.

Düşünürəm ki, həmin qanunlarda, müzakirə elədiyimiz mövzularda da dediyim fikirlərimin üzərində yenə də qalıram. İlk növbədə qanunda rejissorların müdafiəsi yoxdu. Rejissorlar ikinci plana çəkilib. Yaxşı olardı ki, rejissorların fikirləri, mövqeleyləri nəzər alınsın.

Müxtəlif kino istehsalıyla məşqul olan şirkətlərə də imkanlar yaradılmalıdır. Prodakşınlarda istedadlı uşaqlar var ki, ssenarilər yazırlar, film çəkmək arzusuyla yaşayırlar. İstərdim onların da ssenariləri seçilsin, heç olmasa əlli əlliyə büdcəsi olsun və film çəksinlər. Yəni onlara da dəstək olunsun, kənarda qalmasınlar.

- Son zamanlar komersiya filmlərinə daha çox üstünlük verilir. Konkret problem və onun həllinə yönəlmiş filmlər demək olar ki, azdı. Tamaşaçılar, filmdə göstərilən probleminin həllini görmür.

- Düşünürəm ki, rejissor informasiya ötürücüsüdü, bir problemin həllini tapmağa çalışan insandı. Film rejissorundu. Hər - hansı bir filmdə problem və onun həlli yoxdusa, rejissor probleminin həllinə çalışmırsa, artıq burada filmdən söhbət gedə bilməz. Çəkilən komersiya filmlərinin içərisində də rejissorun, müəllifin ortaya qoyduğu ismarıclar və problemlər var. Sadəcə, bəzən zarafatlar, skeclər üstünlük təşkil edir deyə, problemlər bir az arxa fonda qalır. Buna da səbəb filmin komersiya niyyətli və müəyən məqsədlərə xidmət etməyidir. Fikrimcə kommersiya yaxud art deyilən bir şey yox,yaxşı və pis film var. Alınan və alınmayan.

- Dünya praktikasında filmlərin çəkilişi zamanı və ya ssenarilər yazılan müddətdə məsləhətçilər iştirak edir. Filmdə mövzuya uyğun və ya filmdə çəkiləcək uşağın psixoloji durumu ilə əlaqədar müəyyən məsləhətçilər, psixoloqlar iştirak edir. Biz də bu gün məsləhətçilərlə birgə çalışılırmı? Sizcə, filmdəki problemin həlli yolu sırf rejissorun üzərinə düşməlidi?

- Əgər, söhbət rejissordan gedirsə, o, hər bir sahənin nümayəndəsidi. Ən azından hər sahədən informasiyası, məlumatı olmalıdı. Əgər bu gün mən hansısa çəkməçi haqında film çəkirəmsə, o peşə ilə bağlı ən azından ilkin məlumatlarım olmalıdı. Xarakter və psixologiya isə tamam başqa şeydi bunlar peşə deyil və bəzən bunu səhv salırlar. Təbii ki, filmlərdə məsləhətçilər olmalıdı. Gözünü yumub, bilib - bilmədən çəkilişə getmək olmaz.

Məşhur İspan rejissoru Pedro Almodovarın özü ilə müsahibəsini oxumuşdum. O özündən soruşur ki, sən özünlə söhbət edirsən..? Deyir ki, hər çəkilişə gedəndə, hər yuxudan oyanan günü mən özüm - özümlə danışıram. Əgər, özün - özünlə bir qərara gələ bilmirsənsə, ətrafındakı insanlarla məşləhətləşmək lazımdı.

Kinoda məsləhət mütləqdi. Rejissorda insandı. Hər şeyi bilməlidi desək də, bilməyə də bilər. Sadəcə istedadı var, görümü var, baxış nöqtəsi fərqlidir, fərqli münasibəti var situatsiaya. Filmdə məsləhətçinin olması məncə, lazım və vacibdi.

- "Qarabağnamə" filminin 70 faizi hazır olandan sonra film sizin səlahiyyətinizdən çıxdı. Demək olar ki, film artıq hazır idi. Bu zaman sosial şəbəkədən belə bir sual ünvanladınız: Filmin quruluşçu rejissorun əlindən alınması və montajdan kənar saxlanılması hansı mənəvi və peşəkar amillərə uyğundu? Siz bu sualı soaial şəbəkədən ünvanladınız. Biz də bu sualı sizə veririk. Bu durum hansı mənəvi və peşəkar amillərə uyğundu?

-Heç bir..!

Bu proyektə başlayanda Ramilə xanım Qurbanlı "Qarabağnamə" - dən reportaj eləmişdi. Onunla söhbət əsnasında mən onda ona bildirmişdim ki, bu film mənim hardasa 10 ilimi alıb. İndi isə deyirəm ki, bu film mənim 50 ilimi aldı. Xanım gördü biz nə əziyyət çəkirdik. Təkcə mən yox, orda olan assisent, aktyorlar, operatorlar, qrim ustaları, dekarator rəssamlar, hamı. Hamı əziyyət çəkirdi. Və bütün bu əziyyətlərə bircə ada görə - Qarabağ adına görə idi... O ad bizə bəs idi ki, biz bütün bacarığımızı bu filmə qoyaq. Ortaya da çox gözəl iş qoymuşduq. Bunu hamı da bilirdi və bilir. İndi mənim üçün fərqi yoxdu adım titrlarda getdi - getmədi, ikinci getdi, beşinci getdi... Hamı filmin mənim çəkdiyimi bilir.

Mən həmin vaxt mənimlə olanlara, ondan sonra mənə dəstək verənlərin hər birinə təşəkkür edirəm. Mən nələrisə dəyişmək istədim və buna güc də var idi, amma dayandım və bunun səbəblərini burdan səsləndirmək istəməzdim. İndi çox şeylər danışa bilərlər, çox şeylər deyə bilərlər, qoy desinlər ki, Cavid filmdən imtina etdi, pul istədi , zatən elə belə də deyirlər... Çox sağ olsunlar. Tarixin hər şeyə aydınlıq gətirəcəyini düşünürəm.

- Sosial şəbəkələrdən "Qarabağnamə" ilə bağlı dostlarınızın, həmkarlarınızın dəstəyini yox, təsəllilərini gördük. Məsələ ictimailəşdirilmədi, heç kim vəziyyəti tənqid etmədi.

- Bunun üçün həmrəlik lazımdı, peşə həmrəliyi. Dostlar sağ olsun bacardıqlarını etdilər. Amma heç bir qocaman, ağsaqqal, avtoritet rejissor demədi ki, gətirin o filmə baxaq görək necədi? Bəlkə, Cavid "brak" edib filmi. İki - üç yerə müraciət elədim. "Ağsaqqallarımıza" müraciət elədim, amma faydası olmadı. Mən rejissorluğumla, yardıcılığımla , bacardığım qədər millətimə xidmət edirəm və buna görə mükafatlarım da var. Bir nəfər demədi ki, bu nə məsələdi. Biri irəli çıxıb soruşmadı. Vallah, nə vaxtsa onlardan bunu soruşacaqlar.

- Bütün bu olanlara ən gözəl cavab "Dərs" filminin uğurları oldu. Uşaqlar üçün uzunmüddət idi ki, heç bir film çəkilmirdi. "Dərs" son illər uşaqların gündəlik həyatından, məktəb hadisələrindən bəhs edən yeganə film oldu. Bir çox beynəlxalaq festivallarda mükafat aldı.

- "Dərs" filmi 4- 5 mükafat alıb. Təzəlikcə 3 festivala da dəvət alıb. Uğurlu film oldu. Bu filmdə çox istedadlı uşaqlar işləyirdi, gözəl aktyor ansamblı var idi. Balaca aktyorları nəzərdə tuturam. Filmoqrafiyaya və bioqrafiyaya yazılan filmlər var. Bu film hər iki qrupa aiddi. Rafiq Əliyev adında özümə dost kəşf elədim. Ayna , Tamerlan, Aliyə, Rəşid kimi çox gözəl , istedadlı uşaqlarla tanış oldum. Bizim qarşımızda duran minimum məqsədin, biz maksimum dərəcədə yerinə yetirdik. Çox gözəl, pozitv əhvallı bir film alındı.

 - Bakı Film İnstitutunda gənclərlə birgə çalışırsınız. Gənclərin maraqlarını, həvəslərini nəzərə alsaq kinonun gələcək proqnozunu necə verərdiniz?

- Müəllif kinosu, art hous çəkən bəzi gənclər heç özləri də bilmir ki, müəllif kinosu, art hous nə deməkdi. Çəkməkləri yaxşı haldı, amma bilməməkləri pis. Çəkdikcə təbii ki, öyrənəcəklər. Əgər ağıllıdırlarsa səhvləriylə, tənqidlərlə öyrənəcəklər. Gənclərin içində çox istedadlı uşaqlar var. Film çəkmək eşqi ilə, həvəsi ilə gözləyirlər, axtarırlar. Elə gənclər var ki, flm çəkmək üçün evini, maşının satır. Onun məqsədi pul qazanmaq deyil, o film vasitəsilə ürəyində olanları demək istəyir. Mənim onlara sözün yaxşı mənasında yazığım gəlir. Amma bir qrup gənclər də var ki, qlamur həyat yaşayacaqlarını sanıb kinoya gəlirlər. Bu gün özünü kino aləmində hər şeyi bilən, "sənətkar" adlandıranlar var ki, sizə deyim onlar heç bilmirlər kinoda Klyuşov effekti nədir və dərin mizan səhnəylə daxili montajı səhv salırlar. Təbii ki, söhbət bəzilərindən gedir. Adam kino çəkirsə bunları bilməlidir.

Gənclərdən bir istəyim var  ki, meydana heç bir iş qoymadan, lovğalanmasınlar. 12 dəqiqəlik bir "film" də, bir oğlanı ordan oyana qaçırda - qaçırda müəllif kinosu adından istifadə etməsinlər. Azad kino anlamı yoxdu. Kino elə kinodur, onun azadı yaxud həbsdə olanı olmur.

Gənclər ancaq təhsil almalıdılar, oxumalıdırlar. Xarici ölkələrədə oxusunlar, qayıtsınlar. Gənclərə mühit lazımdı, əhatələrini genişləşdirmək lazımdı.

Ürəyinizə icazə verin kino dilində danışsın, səhvlərinizdən utanmayın, qınaqlardan çəkinməyin. Film çəkin, çox çəkin, çəkərək dərk edin məhz belə səmimi olduğunuz görünəcək və belə olan halda imzanız meydana çıxacaq. Kino dilinin nə olduğunu anlamaq, çox oxumaq, filmlərə çox baxmaq lazımdı.

Azərbaycan kinosu haqdasa praqnozum müsbətdir. Hər şey yaxşılığa doğrudur.

- Növbəti çəkəcəyiniz filmin dövlət sifarişi ilə, ya da özəl prodakşınlarla birgə həyata keçirmək istəyirsiniz?

- Bir ssenarim var. Gürcüstanda onun pitçinqi də oldu. Post -pradakşın işlərini Almniya şirkəti öz üzərinə götürdü. 30 min manat pula görə mən o filmi çəkə bilmədim və pul tapmaq üçün mənə verilən müddət bitdi. Ondan sonra düşündüm ki, bir müddət fasilə vermək istəyirəm kinoya.

Bütün çəkilən və çəkiləcək filmlərə uğurlar arzulayıram! Həyat elə kinodu..!

 

Nigar Adil

 

Olaylar.- 2017.- 31 may.- S.12.