Nəsillərə örnək olan ziyalı:

Nadir Balakişiyev

 

Son bir ayda az qala hər gün vərəqlədiyim bu  kitab qayğıların başdan aşdığı, informasiyaların yaz yağışı kimi üstümüzə  töküldüyü bir vaxtda elə bil ki, könlümə və ruhuma bir dinclik gətirməkdə idi. Həyatı tutumuyla ülvü  hissləri yaşadan şeirlər təkcə insanlara şəfa bəxş edən bir həkimin yox, həm də kövrək qəlbli bir şairin ürəyinin sədası idi. Yeri gəlmişkən deyim ki, üzünü belə görmədiyim bu həkim xanım bəlkə də taleyini ədəbiyyatla, şeirə bağlasaydı heç şübhəsiz ki, bu sahədə  tanınmışlarından biri ola bilərdi...Digər tərəfdən əyani tanımadığım bu müəllifi, həm də qiyabi olaraq tanımışdım. Təqribən 25-28 il əvvəl Nadir müəllim evin sonbeşiyi olan Nailə haqqında, ailənin həkimlik estafetinə sadiqlik edən, çığal və hazırcavab qızı haqqında söhbətləri qismən də olsa yadımda idi.

 

Bakı Ali Partiya Məktəbində (indi Dövlət İdarəçilik Akademiyası) işlədiyim vaxtlarda ara-sıra kafedramızın, daha doğrusu kafedra müdürüm, Azərbaycan KP MK-nın üzvü, "Azərbaycan Kommunisti" və "Kommunist Azərbayjana" jurnallarının baş redaktoru, professor İbrahim Müslümovun dəfələrlə  qonağı olan Nadir müəllim yadımda səmimi bir insan, maraqlı bir ziyalı kimi qalmışdı. O vaxtlara təsadüf edən ilk tanışlığımız da yadımdadır. İbrahim müəlimi ziyarətə DİN naziri, uşaqlıq dostu Cəfər Vəliyevlə gəlmişdi. Nadir müəllim onda tanıdığım ilk dövlət adamı idi ki, adının çəkilməsi belə yasaq edilən Azərbaycan Demokratik Respublikasının qurucusu Rəsulzadə haqqında, onun ideya mübarizəsi haqqında həvəslə danışmışdı, pıçıltı ilə...

İndi isə Nailə Nadir "Səninlə danışmaq..." kitabında  uzun illər rəhbər partiya işlərındə çalışmış, dəyərli ziyalı, ictimai-siyasi xadim Nadir Balakişiyevdən şeir dili ilə danışır. Daha doğrusu atasının unudulmaz xatirəsinə həsr olunmuş kitab, həm də Nadir müəllimin mənalı ömrünə bələdçilk edir. Bu 80-ci illərin sonunda Nadir müəllimin haqqında fərəhlə danışdığı həmin tələbə-həkimin kitabıdır. Memarlıq Universitetinin tələbəsi, nəvə Nadir Fərəcullayevin kitaba çəkdiyi illustrasiyalar-köhnə Bakı tikililərinin, onun külək və yağışının, İcərişəhərin dardaş küçələrinin, Dağıstü parkda hansısa bir işıq dirəyinin vərəqdə qara rənglə çəkilmiş epizodik illustrasiyaları uzaq xatirələri yada salmaqla, həm də nostalji duyğularla şerləri də tamamlyır. Hətta bir avtomat küçə telofonun asılmayan dəstəyinin "nisgilini" də, yaxud yapon sonetlərindəki "nigarançılığın" səbəblərini də adama rahatca duydurur. Bir az əvvəldə dediyim kimi bunlar Bakını çox sevən, İcəri şəhərin hər daşındakı hər bir yazıya dəyər verən, vaxtı ilə bu dövlət qoruğunun rəhbəri olan bir ziyalını- Nadir müəllimi də yada salır...

Sovetlər dönəminin  yetirdiyi ziyalılarmızdan olan Nadir Balakişiyev 1930-cu il fevralın 2-də  Azərbaycanın müstəqillik tarixinin qurucusuideya rəhbəri Rəsulşadəni dünyaya bəxş edən, Abşeronun  məşhur kəndlərindən olan Novxanıda dünyaya göz açmışdı.  Əslən novxanılı olan Ağadayı Əbdülsalam oğlunun ailəsinin ilk övladı olan Nadirin uşaqlıq və gənclik illəri daha çox Bakı ilə bağlı olmuşdur. 171 saylı məktəbi də burada fərqlənmə ilə bitirmişdir. Rüstəm və Maqsud İbrahimbəyovlar, Cəfər Vəliyev, Dadaş Asanov, Bayram Tahirbəyov kimi  məşhur  insanlarla bir məktəbdə təhsil alan Nadir, onlarla təkcə qonşu yox, həm də yaxın dost olmuşdu. Yadımdadır ki, Bakı Ali Partiya Məktəbinə də dövrün DİN naziri Cəfər Vəliyevlə gəlmişdi...

Ailə üzvüləri, o çümlədən  atası Ağadayı və anası  Kübra xanım da ilkilərinin həkim olmasını istəyirdilər. Ola bilsin bu arzunun kökündə  Ağadayının böyük qardaşı məşhur professor-anatom kimi tanınan Kamil Balakişiyevin, yaxud da  ailə şəcərəsində həm ana, həm də ata tərəfdən çox məşhur həkimlərin olması  dayanırdı. Amma Nadir həyatının  mənasını başqa sahədə görməkdə idi. Bəlkə buna görə də məktəbi fərqlənmə ilə bitirdikdən  sonra  valideynləri narazı salmasın deyə sənədlərini Tibb İnstitutuna verir, amma  imtahandan "kəsilir".  Sonra isə  NeftKimya İnstitutunda qəbul imtahanlarından uğurla çıxaraq ali məktəbin energetika fakültəsinə qəbul edilir.

Birinci kursu başa vurmamış atasını itirir. Ailənin maddi ehtiyaclarının ödənilməsi də o vaxtdan onun çiyinlərinə düşür. Bu barədə atasından eşitdiyi xatirələri bizimlə bölüşən BDU-nin kafedra müdüri Elmira xanım deyir:

-Atam danışırdı ki, bir dəfə tələbə təqaüdünü alan günün axşamı dostlarla yığışdıq, məclisimiz də xeyli uzandı. Evə səhərə yaxın, saat 4-5 radələrində döndüm. Evdə mətbəxin işığı yanırdı, anam yatmamışdı. Fikirləşdim ki, yəqin məni gözləyir, geç gəlməyimdən narahat olub. Amma içəri geçəndə gördüm ki, peraşki bişirir. Dedi ki, evdə yeməyə bir şey yoxdur, qardaşım Qabilin və bacım Böyükxanımın səhər məktəbə ac getməməsi üçün tezdən durub peraşki bişirəsi oldum... Düzü bir söz deməsəm də pərlik məni çox tütmuşdu: axı son qəpiyinə kimi dostlara xərclədiyim təqaüdün 3-4 manatını saxlayıb səhər yeməyi üçün nəsə ala bilərdim. Anam da bir söz demədi, əksinə xoş bir nəvazişlə gedib yatmağımı təkid etdi.

Elmira xanım deyir ki, atam bu hadisəni elə kövrək hisslərlə danışardi ki, sanki o anı yenidən yaşayır. Və deyərdi ki, mən bu hadisədən sonra zəhmətin, halalığın nə olduğunu daha dərindən anlayıb dərk etdim...

On doqquz yaşlı Nadir qardaşı Qabilin, bacısı Böyükxanımın, evdar qadın olan anasının problemlərinə dəstək olmaq üçün tələbəlik illərindən əmək fəaliyyətinə başlayayır, müəssələrin birində mühəndis-energetik vəzifəsinə işə düzəlir. Nə qədər əzab-əziyyətli olsa belə təkcə inistitut imtahanlarından yox, həm də  həyat dərslərindən uğurla çıxır. 1953-cü ildə institutu bitirəndən sonra  Dövlət Nəzarəti Komitəsində işə götürülür. Bu Nadir müəllimin həyatında yeni bir dövrün başlanğıcı olur.

Az bir zaman kəsiyində özünü səriştəli və bacarıqlı işçi kimi tanıda bilir. Nadir müəllimin bu keyfiyyətləri Respublika Xalq Nəzarəti Komitəsinin sədri H. Əfəndiyevin nəzərindən yayınmır. Parlaq fərdi keyfiyyətləri, istedadlı təşkilarçılıq qabiliyyəti onun daha irəli çəkilməsinə imkan yaradır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi, o vaxtlar respublikada kadr işinə bilavasitə nəzarət edən  V. Semiçastnının yanına söhbətə dəvət olunurbu söhbət o qədər də çətin keçmir. 1961-ci ilin yanvarında Mərkəzi Komitənin təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir.

Bu Nadir müəllimin həyatında yeni bir addım olsa da o, bu təyinatdan bir il sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovla görüşünü həyatının yeni mərhələsi adlandırırdı: "32 yaşım vardı. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun qəbuluna dəvət olundum. Çox həyacanlı idim, amma Vəli müəllimin xeyirxah təbbəssümü və qayğılı münasibəti  tez bir zamanda bu həyacanımı yox etdi. Eşitdiklərim və mənə olan böyuk etimad bir yuxuya bənzəyirdi, amma həqiqət idi: büronun qərarı ilə Sumqayıta işləməyə göndərilirsən, birinci katib vəzifəsinə. Vəli müəllimin bu son sözləri indi də qulaqlarımdadır. Bu hadisə 1962-ci il oktyabrın 18-də baş verirdi, Sumqayıta gəldik. Vəli müəllim şəhər fəalları qarşısında çıxış etdi, mövcud problemlərdən danışdı. Sonra məni təqdim elədi. Həmin vaxt zalda əyləşənlərdən biri sual etdi ki, bu vəzifə üçün Balakişiyev çox gənc deyilmi? Vəli müəllimin cavabı cox yığcam və əhatəli oldu: gənc şəhərin gənc də rəhbəri olmalıdır"...

Uzun illər Sumqayıtda partiya-sovet işlərində çalışan həmyerlim Vaqif Qasımov Nadir müəllimin bu şəhərdə işlədiyi vaxtları gənc şəhərin yüksəliş illəri kimi dəyərləndirir. O, deyir ki,  Sumqayıt Kamran Hüseynov, Zülfü Haçıyev kimi rəhbərlərin dövründə inkişaf, çiçəklənmə dövrlərini yaşayıb. Bu sırada 1962-ci ildən birinci katib vəzifəsini tutan Nadir müəllimin də adı mütləq çəkilməlidir. Sumqayıta 10 ilə yaxın rəhbərlik edən bu dəyərli ziyalı bütün həyatını şəhərlə bağlamışdı. Onun dövründə şəhərin sosial təyinatlı obyektlərinin tikilib isdifadəyə verilməsinə xüsüsi önəm verilmişdi.  Doğrudan da 60-cı illər Sumqayıtın sosial-iqtisadi həyatı böyük quruculuq işləri ilə yadda qalan olmuşdur. Bu dövrdə şəhərin kimyametallurgiya sənayesinin inkişafı fonunda sosial təyinatlı obyektlərə də ciddi ehtiyac vardı.Yeni birinci katib ilk günlərdən bu məsələni xüsusi nəzarətə götürdü. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə adına 20 min tamaşaçı üçün nəzərdə tutulan stadion, 600 yerlik "Rusiya" (indi "Nizami") kinoteatrı, rəssamlıq qalereyası, şəhərin tarixi muzeyi, uşaq kitabxanası, çörək və süd zavodları, təzə balıq məmulatlarını saxlamaq üçün akvarium-hovuz, 500 çarpayılıq xəstəxana kompleksi, sənaye müəssisələrində 7 yeni tibb məntəqəsi, Sumqayıt Dövlət Gənclər Teatrı, musiqi texnikumu, bir çox sanatoriyalar, pioner düşərgələri və s. kimi sosial obyektlərin gənclər şəhərində tikilib istifadəyə verilməsi Nadir müəllimin fəaliyyətinin bəhrəsi olmuşdur. 60-cı illərin axırlarında isə Sumqayıt respublikamızın ikinci sənaye mərkəzinə çevrilmişdi.

Sumqayıt Nadir Balakişiyevin yaradıcı fəaliyətinin ən önəmli və məhsuldar dövrü olmaqla, həm də şəxsi həyatında da silinməz işlər qoymuşdur.  İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib. Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi olduğu dövrdə göstərdiyi  xidmətlərə görə  Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. Taleyinin 10 ilə yaxın bir dövrünü bu şəhərlə bağlayan Nadir müəllim sonralar da Sumqayıtla əlaqəsini kəsməmiş, bu sənaye şəhərinin zəhmətsevər sakinləri ilə daim ünsiyyətdə olmuşdur.

1971-ci ildə o, Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi təyin olunub. 1978-1990-cı illərdə energetika sahəsində ixtisası üzrə işləyib. 1991-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru təyin edilib və 1997-ci ilədək bu vəzifədə çalışıb. Harada, hansı vəzifədə olmağından asılı olmayaraq, o, gördüyü işin vurğunu olduğunu heç vaxt gizlətməyib.

Nadir müəllim həm də  gözəl ailə başçısı idi.  Mina xanım Mustafabəyova ilə ailə həyatı qurmuş, 45 illik niğahıları dövründə 3 övlad böyütmüşlər. Mina xanım indi yaşlansa da Nadir müəllim haqqında gənclik təravəti ilə danışır, sifətinə gələn ilahi bir nur bu təravəti bir az da işıqlandırır. Deyir ki, işi çox olardı, işinə çox məsuliyyətli insan idi. Amma ailə münasibətlərində də məsuliyyəti işindəkindən az deyildi. İşdən çox yorgun gələndə belə uşaqlarla ünsiyyəti ona bir dinclik gətirər. Hərdən bir zarafatla deyərdi ki, məni uşaqlar işdən "qovduracaq". Mina xanım vaxtilə Nadir müəllimin öz dilindən  eşitdiyim kiçik bir əhvalatı da yada salır: kiçik qızımız Nailənin doğum xəbərinin eşidəndə büronun iclasını aparırmış. Bu xəbərdən sonra içlası təxirə salır. Sonralar bu barədə ciddi bir şəkildə deyərdi: ömrümdə bir dəfə işimə "xəyanət" etdim, hətta büro iclasını da təxirə salıb doğum evinə qaçdım...

İndi atalarının şərəfli həyat yoluna işıq salan övladlardan 2-si  müəllim, biri isə həkim kimi çalışmaqda, müstəqil Azərbaycanımıza dəyərli töhvələrini verməkdədirlər. 2004-cü il mayın 26-da həyatdan köcən Nadir müəllimin işıqlı xatirələrdə yaşayan ömrü isə davam edir. Bu ömrü onun qədirbilən övladları ilə yanaşı, nəvə-nəticələri, birondan yadigar qalan qurub-yaratdıqları və xeyirxah işləri yaşatmaqdadır.                                                             

 

Namiq Qədimoğlu,

Əməkdar Jurnalist,

"Qızıl Qələm" , "Araz", Həsən bəy Zərdabi 

TURKSOY-un Ali Mediya mükafatcısı

 

Olaylar.- 2017.- 3 noyabr.- S.11.