Bayrağımız-qürur mənbəyimiz
O, hər kəsdə
şərəfli duyğu yaradır
Bu günlər hər bir azərbaycanlının qürur
mənbəyi sayılan Dövlət Bayrağı Günü qeyd edilir. Artıq bir neçə ildir ki, rəsmi bayram günü kimi tarixə
düşən bu gün
bayrağa olan sevgimizi, məhəbbətimizi açıq
şəkildə tərənnüm etdirir,
ortaya qoyur. Bu gün ərəfəsində
paytaxt və bölgələrdə
keçirilən silsilə tədbirlər bir
bayram ovaqatı yaratmaqla
yanaşı, milli atributumuza
olan hörməti, sevgini
özündə əks etdirir. Eyni zamanda bu
yetişməkdə olan gənc nəsildə
vətənpərvərlik hisslərini də artırır, gənclərdə
mili atributlarımıza ehtiram,
hörmət hissi formalaşdırır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, professor Rafail Əhmədli deyir ki, 9 Noyabr Dövlət Bayrağı Günü təqviminin xalqımızın həyatında mənəvi-psixoloji cəhətdən çox önəmli yeri var. Onun sözlərinə görə, öz dövlətçiliyinə, bayrağına sadiq olan, böyük önəm verən xalqımız üçün belə bir günü yaşaması, çox yüksəklərə ucalan bayrağın hər an görməsi ona qürur verir, şərəf duydurur: "Dövlətini, dövlətçliyini, bayrağını sevməsi, canından artıq istəməsi üçün sanki yeni bir təkan verir. Məlumdur ki, parlament tərəfindən "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul edilib. 8 iyun 2004 - cü il tarixində isə Milli Məclis "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanun qəbul edib. Həmçinin, "Dövlət bayrağı haqqında Əsasnamə" də qəbul olunub. Buna qədər bayraqdan necə gəldi istifadə olunurdu. İctimai - siyasi təşkilatlar, müxtəlif qurumlar dövlət bayrağını harda gəldi asırdılar. Bu da dövlətçilik təcrübəsinin zəif olmasından, insanlarda dövlətçilik şüurunun kifayət qədər yetkin olmamasından irəli gəlirdi. Ona görə də, vacib idi ki, belə bir qərar qəbul olunsun. Bu qərarlarla biz Azərbaycan bayrağının müqəddəsliyini, Azərbaycan bayrağının dəyərini bir daha anlamış, dərk etmiş olduq. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır. Bu mənada həmin sənədlər böyük əhəmiyyətə malikdir". Rafail Əhmədli qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət bayramı kimi qeyd etdiyimiz 9 Noyabr Dövlət Bayrağı Günü Azərbaycan xalqının ən əziz bayramlarından biridir: "Bayraq millətin şərəfidir, istiqlal rəmzidir və hər bir millətin var olmasının ən böyük göstəricisidir. Bir müddət öncə ümumi bayraq kimi mövcud olan keçmiş Sovet İttifaqının bayrağı bəlkə də o nəslin çoxunun yadından çıxıb. Çünki o bayrağı görəndə yuxarıda sadaladığımız hisslər keçirə bilmirdik, sadəcə olaraq ona bir dövlət rəmzi kimi baxırdıq. Milli bayrağımızı görəndə isə şərəf və qürur duyuruq, bu bayrağı uca tutmağı, əbədiyyətə qədər var etməyi özümüzün ən ümdə vəzifəmiz kimi fikrimizdə canlandırırıq". Natiq onu da qeyd edib ki, bu gün Azərbaycan bayrağı beynəlxalq təşkilat və qurumlarda dalğalanır: "XX əsrin sonlarından o möhtəşəm üçrəngli bayrağımız beynəlxalq təşkilatların və dövlətlərin bayraqları sıralarında önəmli bir yer tutması, dalğalanması hər kəsdə, bütün millətimizdə qürur hissini artırır, şərəfli duyğu yaradır. Nəinki 10 milyona yaxın Azərbaycan vətəndaşları, dünyada yaşayan 50 milyona qədər azərbaycanlıların qürur mənbəyinə çevrilərək Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi üçün bir mayak rolunu oynayır. Son illərdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlar içərisində respublikamızın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi, ona sədrlik etməsi və bu mötəbər beynəlxalq qurumda, onun kürsüsündə Azərbaycan Prezidenti İlham Əliyevi və bayrağımızı görəndə özümüzü dünyanın ən qürurlu milləti hesab etməyə haqqımız çatır. Ümumiyyətlə, dövlət mədəniyyətin ən yüksək forması olduğu üçün onu yalnız millət yarada bilər. Bu anlamda hər bir millətin öz dövlətçilik fəlsəfəsi vardır. Dövlət millət həyatının ən əhəmiyyətli bir fenomenidir. Dövlət və dövlətçilik tarixində millətimiz bəşəriyyətə çox önəmli töhfələr verib. Ən azı beş min illik dövətçilik tarixinə malik olan Azərbaycan xalqının çox zəngin dövlətçilik fəlsəfəsi, ictimai-siyasi tarixi, ideoloji, hüquqi və iqtisadi görüşləri vardır. Tarixdə Azərbaycan dövlətləri və onların davamı sayılan Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası məhz bu ideoloji-siyasi əsaslara dayanaraq yaradılıb. Özünü 1918-1920-ci illərdə var olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi hesab edən müasir müstəqil Azərbaycan Respublikası o zaman xalqımızın yaratdığı üçrəngli bayrağa da yenidən sahib çıxaraq onu ucaltmış və dövlət bayrağı kimi qəbul edib. Bayraq dövlətin həyatında ən mühüm yer tutan atributlardan biri kimi çox önəmlidir. Çünki o mahiyyətində təmsil etdiyi dövlətin xarakterik xüsusiyyətlərini, mənalarını daşıyır". Rafail Əhmədli gənclərimizin də milli atributumuza böyük hörmət bəslədiyini vurğulayıb və qeyd edib ki, bu gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının göstəricisidir: "Bu gün fəxrlə deyə bilərik ki, gənc nəslimizdə çox yüksək dövlətçilik hissi, Vətənə, millətə sevgi ruhu formalaşıb. Gənclərimizdə Vətən əxlaqı, millət əxlaqı formalaşıb. Artıq gənclərimiz müstəqil dövlətin nə olduğunu dərk edib onun bayrağını canları qədər sevir. Ölkəmizin əlamətdar günlərində vətəndaşlarımızın, xüsusilə gənclərimizin əlində saysız-hesabsız bayraqları gördükdə hər birimiz şərəf hissi keçirməyə bilmirik. Bayrağına, dövlətinə bu qədər bağlı olan, onu sevən gənclik hesab edirəm ki, müstəqil dövlətini heç zaman unuda bilməz. Bununla yanaşı çalışmalıyıq ki, bayrağımızın simvollarını onun özündə daşıdığı mahiyyəti böyüməkdə olan nəslimizə dərindən aşılayıb onun keçdiyi tarixi yolu tədris ocaqlarında hərtərəfli izah edək. "Türkçülük, müasirlik, islamçılıq" kimi mahiyyəti özündə əks etdirən ideoloji sistem XIX əsrin ikinci yarısından başlayan milli-mənəvi inkişafın nəticəsi olub, ədəbiyyatın, mətbuatın, ayrı-ayrı mütəfəkkirlərin, siyasət, elm, mədəniyyət və incəsənət xadimlərinin təfəkküründə formalaşıb, cəmiyyətə mərhələ-mərhələ təqdim edilərək sonda dövlət ideologiyası səviyyəsinə qaldırılıb. Bu ideoloji sistem rəsmiləşərək Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət atributu olan üçrəngli, ay-ulduzlu bayrağımızda əksini tapıb. Bu ideoloji sistem xalqımıza eyni sosial-siyasi məkanda milli-mənəvi yaddaşın qorunmasını, onun yüksəlişini təmin edən fəlsəfi-estetik təməli, onun nəzəri əsasını, milli tərəqqi təlimini bəxş edib.Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən devrilməsindən sonra bu üç sütunlu ideoloji sistemə yenidən müstəqillik qazanan Azərbaycan Respublikası sahib çıxdı. Mənəvi irsimiz olan bu ideoloji sistem bugünkü qloballaşma prosesində də öz aktuallığını saxlamaqdadır".
Füzuli
Olaylar.- 2017.- 9-10 noyabr.- S.9.