Həyatını səhnədə “əridən”
aşiq aktrisa
“Aşiq olmağımın səbəbkarı
Şəfiqə Məmmədovadı”...
İlk baxışda tanımadım, çox dəyişib. Təəccübümü
gizlədə bilmədim: “Siz o xanımsınız, yoxsa...”?
Gülümsünərək cavab verdi ki, həmin adamdı,
sadəcə xəstəlikdən dolayi mədəsində əməliyyat olunub. Ona görə də
arıqlayib, çəkisi azalıb.Amma belə rahatdı,
sağlamdı, özünü çox yüngül və gümrah
hiss edir.
-
Yaxınlarınız, çevrəniz bu
dəyişkənliyi necə qəbul edirlər?
- Çox yaxşı. Mən xoşbəxtəmsə, halımdan məmnunamsa, onlar da eyni hissi keçirirlər. Bilirlər ki, kefimdən əməliyyat olunmadım.
Azərbaycan Dövlət Musiqili Teartın aktyoru, əməkdar artist Nahidə Orucovanın görüşünə birlikdə getdiyimiz gənc aktyor Ənvər Məmmədov söhbətə müdaxilə edir:
-Nahidə
xanım gözəl sənətkardı. Geyimi-kecimi,
ya da ki,
arıqlığı, köklüyü onun istedadına və peşəkarlığına
kölgə salmır.
- Doğrudu, Ənvər, amma zaman o zamandı ki, insanların çoxu başqasının eyiblərini tapmağa, hansısa davranışına məqsədli don geyindirməyə, az qala atdığı hər addıma irad tutmağa fürsət axtarır” düşünsəmi dilə gətirmədən mövzunu dəyişirəm. Aktrisa ilə ilə yaradıcılıq söhbətinə başlayıram.
***
- Nahidə
xanım, illərdi sizi Musiqili
Teatrın səhnəsində görürük.
- İncəsənət İnstitutunu bitirəndən sonra təyinatla getdiyim Sumqayıt Dövlət Dram Teatrında doqquz il çalışmışam. Bu gün isə 24 ildi Musiqili Teatrın səhnəsindəyəm. İfa etdiyim rollar rəngarəngdi. Hər obrazın öz dünyası var. Mən bu dünyanı canlandırmaq üçün can qoyuram.
- “Can qoyuram” deyərkən?..
- Demək istəyirəm ki, heç vaxt məsuliyyətimi itirmirəm. Oynadığım rolların üzərində çox çalışıram, səhnəyə başdansovdu çıxıb tamaşaçını yola vermirəm. Obrazın xarakterini öyrənmək, tamaşaçıya olduğu kimi çatdırmaq üçün var gücümü sərf edirəm. Əvvəllər rejissor tamaşanın mətni ilə tanış olmaq üçün mənə verəndə, oynayacağım obrazın sözlərini yenidən özüm başqa kağızda yazırdım. Nöqtə - vergülünə, eləcə də pauzasına qədər işarələyirdim. İndi bəlkə də heç bir aktyor bu üsuldan istifadə etmir. Üzünü köçürdüyüm mətni oxuyurdum, əzbərləyirdim. Özü də elə-belə əzbərləmirdim, obrazı yaşaya-yaşaya sözləri beynimə həkk edirdim.
-Peşmansınızmı?
-Qətiyyən.
-Sizi
televiziya tamaşalarında da izləyirik.
-Rejissor Məhərrəm Bədirzadə sağ olsun. Televiziya tamaşalarına və ədəbi-bədii verilişlərə dəvət edir.
-Sumqayıt Teatrından niyə çıxdınız?
-Qızımın dünyaya gəlişi məni Sumqayit Teatrından uzaqlaşdırdı. Yol uzaq idi. Qəribədir ki, yolun uzunluğunu qızım doğulana qədər hiss etməmişdim. Amma o doğulandan sonra hər gün Bakıdan Sumqayıta gedib - gəlməkdə çətinlik çəkdim. Çıxış yolunu Musiqili Teatrda tapdım.
-Aktyor
olmaq uşaqlıq arzunuzdu?
-Əslində mən diktor olmaq istəyirdim. Bakıdaki 167 saylı orta məktəbdə rusca təhsil aldığım üçün Azərbaycan dilində mükəmməl danişa bilmirdim. Ona görə də diktor müsabiqəsindən keçə bilmədim. Hələ də bu arzu ürəyimdən silinməyib.
-Ali məktəbi də rus dilində oxumusunuz?
-Yox. 1980-ci ildə İncəsənət
İnstitutunun rus
bölməsi bağlandı. Məcbur oldum ana dilində öyrənməyə. Mikayıl Mirzə və Fuad Hacıyevin kursunda oxuyurdum. Mikayıl Mirzə mənə Azərbaycan dilini öyrədirdi. Dilin
incəliklərini qavramağım
üçünböyük zəhmət
çəkib. Ona çox
borcluyam, ruhu qarşısında baş
əyirəm.
-Bu gün sizi televiziyada veriliş aparmaq üçün dəvət
etsələr qəbul
edərsinizmi?
-Etiraz etmərəm. Teatrla, aktyor sənəti ilə bağlı veriliş hazırlayardım.
-Sizcə, verilişiniz
reytinq qazanardımı?
-Mən buna çox
əminəm. Bu gün tamaşaçı
şou verilişlərdən
doyub, onu daha çox ciddi proqramlar maraqlandırır.
-Bunun üçün
lazım olarsa, teatrdan uzaqlaşarsınızmı?
-Teatrın cazibəsinə
düşən adamı
ordan çıxarmaq
mümkün deyil. Səhnə, onun işıqları sirli-sehrli dünyadır, bir möcüzədir. Bu aləmə düşənlər
ətraf dünyanı
unudurlar. Şəxsi həyatları,
sevgiləri teatr sevgisini üstələyə
bilmir. Efir heç vaxt
teatr səhnəsini əvəz edə bilməz. Televiziyanın
tələbləri teatrdan
gələn aktyor
üçün bəzən
keçərli olmur. Ona görə də teatrı televiziyaya qurban vermərəm.
-Belə başa düşdüm ki,
sizin teatr sevginiz digər sevgilərlə müqayisədə
daha ucadadı.
-Bəli. Mənim həyatım teatrın səhnəsində “əriyib”,
taleyim tamaşaçı
alqışları ilə
“yazılıb”. Teatra
aşiq olmağımın, səhnəyə
vurğunluğumun kökündə
onun nağıl dünyası, ecazkar aləmi durur.
-Bu aşiqlik və vurğunluq nə zamandan başlayıb?
-Səhnəyə vurğunluğumu
bacım yaradıb. Konservatoriya təhsili almışdı,
İslam Rzayevin ansamblında kamança ifaçısı idi.
Bir dəfə filarmoniyada konsertləri var idi. Necə olmuşdusa konsertin aparıcısı Eldost Bayramov gəlməmişdi.
Mənə təklif etdilər
ki, səhnəyə çıxıb konserti elan edim. O zamanlar indiki kimi müğənni konsertinəözü aparıcılıq
etmirdi. Hər mahnıdan sonra
aparıcı növbəti
musiqi nömrəsini elan edirdi. Mən də ilk musiqi nömrəsini elan etdim. Çox həyəcanlı idim. Söylədiyim 3-5 kəlmə söz həyatımın istiqamətini
müəyyənləşdirdi. Hiss etdim ki, səhnə
məni özünə
ahənrüba kimi çəkdi. Onda orta məktəbin
yuxarı siniflərində
oxuyurdum.
Teatra aşiq olmağımın
səbəbkarı isə
xalq artisti Şəfiqə Məmmədovadı.
Mirzə
Cəlilin “Dəli yiğincağı”ndakı Pırpız
Sonaya baxan gündən Şəfiqə
xanim kumirimdi. Pırpız
Sonanın səhnədəki
hərəkətləri - yerişi,
duruşu, tamaşaçı
ilə davranışı,
baxışları... illər
keçib, amma hələ də gözlərimin önündədi. Şəfiqə
xanım sanki, uçurdu, yerimirdi, balerina kimi ayaqlarının
ucunda hərəkət
edirdi.
-Teatrda istədiyiniz rolların
hamısını ifa
etmisinizmi?
-Vaxtilə Dezdemonani
istəmişəm, amma
qismət olmayib.
İndi də Gertrudanı
canlandırmaq arzusundayam.
- Aktyorun keçdiyi həyat yolu, teatr və
kino yaradıcılığı
cəmiyyətdəki mövqeyinə
təsir edirmi?
-Şübhəsiz. Aktyorluq
elə bir sənətdir ki, cəmiyyətin
hər pilləsində
bir iz qoyur.İfa
etdiyi rollar, yaratdığı obrazlar bütün təbəqələri
əhatə etdiyi üçün o, cəmiyyətdə
də, ictimaiyyətdə
də yaradıcı adam kimi tanınır.
Yaratdığını tam olaraq ortaya
qoyub tamaşaçıya
sevdirəndə isə
onun şəxsiyyəti
ilə keçdiyi həyat yolu müəyyən bir nöqtədə üst-üstə
düşür. Tamaşaçı ona pərəstiş edir, fanat ordusu
qazanır.
-Sizin fanatınız varmı?
-Var...
Bayaqdan söhbətimizə sakitcə qulaq asan Ənvər Nahidə xanımın sözünü kəsir:
-Mən onun fanatıyam.
Həm də təkcə aktyor kimi deyil,
gözəl bir insan kimi sevirəm.
O, mənim üçün
doğmalarım, əzizlərim
qədər qiymətlidir.
Mənə “balam” deyir, xətrimi çox istəyir, övladı qədər hörmət
edir. Nahidə xanim çox
gözəl anadır.
Mənə də ana kimi faydalı məsləhətlər verir,
həyat yolunda düzgün addımlamağım
üçün hər
zaman qolumdan tutur. Aktyorluğun bəzi
incəliklərini də
ondan öyrənirəm.
- Teatrda və kinoda oynadığınız rollardan
hansıların adını
çəkmək istəyərdiniz?
-Teatrda Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, Emin Sabitoğlu, Tamara Vəliyeva
«Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq,
Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də
Səkinə xanım,
Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım, Ramiz Mustafayev, Cahangir Məmmədov «Məsmə
xala dayımdır»da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik”də
Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Qəmər
xanım, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Zuzu xanım,
Süleyman Ələsgərov,
Şıxəli Qurbanov
«Özümüz bilərik»də
Nailə xanım, Üzeyir Hacıbəyli
"Ər və arvad”da Minnət xanım, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da
Nazlı Qəmzəli,
Süleyman Ələsgərov,
Şıxəli Qurbanov
"Milyonçunun dilənçi
oğlun”da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli "O olmasın
bu olsun”da Sənəm, Faiq Sücəddinov, Tamara
Vəliyeva "Mən
dəyərəm min cavana”da
Sevda, Üzeyir Hacıbəyli "Arşın
mal alan”da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Tekle. Kinoda "Asif, Vasif, Ağasif” (musiqi müəlliməsi)
"Ayrılıq imiş”
(xidmətçi), " Biz qayıdacağıq” (həkim),
"Xüsusi vəziyyət”
(şikayətçi), "Kişiləri qoruyun” (Rübabə),
"Qızlar” (Sədaqət),
"Moskva-Bakı qatarı”
(satıcı), "Nə
gözəldir bu dünya” (Asim Əliyeviçin arvadı), "Spasibo” (yengə), "Tam məxfi”
(Səbinənin anası), "Yanmış
körpülər” (Qreta),
"Yük” (qulluqçu
Kübra) "Yurd yeri” (Hüsniyyə)...
***
... Zahirən dəyişən
aktrisanin daxilən dəyişmədiyini,
sənətini ucada tutmağın yollarını
hər gün öyrənən, 33 ildə
33, bəlkə də
daha çox obrazın həyatını
yaşayan Nahidə xanımla həmsöhbət
olduğum müddətdə
gözüm onun yeni görünüşünə
alışdı. Doğrudan da
belə qəşəng
görünür. İndiki zərif,
incə, gənc görünüşlü xanim
hara, əvvəlki iri bədənli, kök qadın hara?
Allah sağlam ömür versin,
Nahidə xanım.
Züleyxa NADİR
Olaylar.- 2017.- 21 noyabr.-
S.10.