İnsan ömrünün ən

çətin mərhələsi qocalıqdı

 

Həmidə Ömərova: “Çox istərdim ki, roman yazım

 

Həmidə Ömərova hər zaman canlandırdığı bütün obrazları ilə öz tamaşaçı auditoriyasının sevimlisi olub. Bütün bu obrazlarla hər kəsin sevimlisi olmaq, əlbəttə hər sənətkara qismət olmur.

Son zamanlar çəkildiyi seriallarla efirlərdə olan Həmidə xanımla görüşdük.

 - Həmidə xanım, necəsiniz? İşləriniz necədi, hansı seriallarda çəkilirsiniz?

- İşlərim çoxdu. Amma buna sevinirəm. Qocalmağımı mənə hiss elətdirsələr , işlərimin çoxluğu sayəsində bunu hiss eləmirəm. Çox əziyyət çəkirəm. Buna baxmayaraq, təki həmişə olsun, həm yaradıcılıq işi. Bu mənim həyatımdı, işimlə nəfəs alıram.

Xəzər TV - yayımlalan, Rüfət Şahbazovun "Ata ocağı" serialında çəkilirəm. Xasiyyətimə, xarakterimə tamam zidd bir obrazı canlandırıram. onu da deyim ki, heç vaxt belə obraz yaratmamışam. Serialda müti, 30 il həyat yoldaşının kölgəsində olan, ondan qorxan, yalnız ailə işlərinə başı qarışan, heç bir azadlığı, sərbəstliyi olmayan bir qadının həyatını canlandırıram.

Serial gündəlik yayımlandığı üçün gün ərzində 18 - 19 saat çəkilişlərimiz olur. Bundan əlavə Mədəniyyət İncəsənət Universitetində magistr tələbələrimə kino tarixindən dərs keçirəm, onların elmi rəhbəriyəm, müqavilə ilə Gənc Tamaşaçılar Teatrında Əli Əmirlinin, Bəhram Osmanovun quruluşunda "Hasarın o üzündə" tamaşası ilə, Teatr Xadimləri İttifaqında Azərpaşa Nemətovun rəhbərliyi rejissor İlkin Mehdiyevin quruluşunda, fransız dramaturqu Ejen İoneskonun əsəri əsasında "Stullar" absurd tamaşasında iştirak edirəm.

Həm elmi götürmüşəm builki elmi işimdə çəkildiyim bir   sıra ekranlaşdırmaları təhlil edib, araşdırmışam. 

- Həmidə xanım, gündə 18 - 19 saat çəkilişlərdə olduğunuzu qeyd etdiniz. Seriallarda iştirak edən aktyorlar əməklərinin qarşılığını ala bilirlərmi?

- Təbii ki, biz öz aktyorlarımızla türk seriallarında çəkilən aktyorların əmək haqqlarını müqayisə edə bilmərik. Çünki, onlarda əhalinin sayı daha çoxdu bu da izləmə sayına, reytinqə, serialarası yayımlanan reklama sonda qonorara təsir edir.

Digər kanallara nisbətən bizim yayımlandığımız kanalda maddi baxımdan heç bir problemimiz yoxdu. Təbii ki, serialda çəkilən aktyorların qonorarları əsas obrazlar, köməkçi obrazlar, gənc aktyorlar sənətkarlara görə fərqlənir. Əsas odur ki, artıq kanallar arasında rəqabət var, seriallar intensiv çəkilir.

Köhnə türk filmləri çəkiləndə bizim tamaşaçılarımız onların filmlərinin sadəlövlüklərini qəbul etmirdilər. Çox primitiv film kimi qəbul edirdilər. Amma indi vəziyyət əksinədi. Biz indi həm türk, həm Şərq filmlərinin necə inkişaf etdiyini görürük. Artıq Şərq filmləri səviyyələrinə görə Qərb filmlərini üstələyir. Mən həmişə Qərb filmlərini üstün hesab edirdim. Çünki, Qərb kinosu müəllif kinosudu, qərb filmləri tamaşaçını inkişaf elətdirən, onun düşüncəsinə, mədəniyyətinə təsir edən kinodu. Burada müəlliflər hər hansı problemə öz fərdi ideyalarını, fikirlərini göstərə bilirlər.

Amma indi istər İran filmləri olsun, istər türk filmləri, Yaponiya filmləri artıq qərb filmlərini üstələyir. Kann kimi dünya əhəmiyyətli film festivallarında qalib olurlar, Oskar alırlar. Kann festivalının qalibləri Oskar mükafatının qaliblərindən daha üstündü. Şərq filmləri öncə Qərbin baş mükafatlarını qazandı, daha sonra Oskar almağa başladılar. beləliklə, Şərq filmlərinin auditoriyası genişləndi.

- Azərbaycan filmləri bütün bu uğurlardan niyə bu qədər uzaqdı?

- Vəziyyəti Türkiyə ilə müqayisə edək. Mən həmişə tələbələrimə demişəm ki, Türkiyə kinosunun alman qolu var. Türkiyə kinematoqrafiyası zamanında gənclərini - aktyorlarını, rejissorlarını daha çox Almaniyada təhsil almalarına şərait yaratdılar. Həmin gənclər təhsillərini bitirdikdən sonra Almaniyada qalmaqla yanaşı, həmişə türk mövzularına - öz mövzularına müraciət edirlər. Fatih Akının "Divara qarşı" filmi Berlin festivalının baş mükafatına layiq görüldü. bu gənclər özlərini Qərbdə tanıtdılar.

2000 - ci illərdən sonra biz xaricdə təhsil almağa göndərdiyimiz gənclər ya bizim mövzulara müraciət etmirlər, ya vətənə qayıtmırlar, ya da artıq kinoda fəaliyyət göstərmirlər. Türkiyənin uğuru onda oldu ki, gənc kadrları milli yöndə yetişdirdilər onlarda türk kinematoqrafiyasını dünya arenasına çıxaran filmlər çəkməyə başladılar. Biz isə hələ göndərdiyimiz kadrların gəlməsini gözləyirik. zaman bu proses bizdə baş versə o zaman bizim öz Nuri Bilgə Ceylanımız, Kim Ki Dukumuz, Fatif Akınımız yetişəcək. Bizim kino bazamız var. Biz Rusiya kinematoqrafiyasından bəhrələnmişik, amma beynəlxalq miqyaslı kadrlar yetişdirməmişik. Universitetimiz var, tələbələr yetişdirir, amma sənətdə təcrübə böyük rol oynayır.Biz yaradıcı gənclərimizi kino sənayesi inkişaf etmiş ölkələrə təcrübəyə göndərməliyik. Onlar həmin ölkələrin təcrübələrindən bəhrələnib, milli dəyərlərimizi zənginləşdirən mövzularda filmlər çəkməlidilər. Belə olduğu təqdirdə, Azərbaycan kinosu daha çox inkişaf edəcək.

- Amma serial bazarı tez bir zamanda demək olar ki, formalaşdı.

- Sitkom seriallarımız Türkiyə təcrübəsi sayəsində  inkişaf etdi. "Aramızda qalsın", "Qaynana"  sitkom serialının bünövrəsini qoydu. bu sistemlə növbəti seriallar "Həyat qəribəsən", "Bir ailəm var" serialları çəkildi.

Müasir dövrdə bizdə müəllif kinosu inkişaf edir. Şamil Əliyevin "Çölçü" filmi, İlqar Nəcəfin "Nar bağı", Elçin Musaoğlunun "Nabat" filmləri beynəlxaql mükafatlara layiq görülür. Bu sayı çoxaltmaq lazımdı.

Bizim gənclərə sadəcə təcrübə lazımdı. Təhsil olmalıdı, bununla yanaşı təcrübə mütləqdi. Moskva Kino İnstitutunda  müəllimimiz həmişə bizə deyirdi ki, "mən sizə baza verdim, əsas müəlliminiz isə təcrübəniz olacaq".

Ümidverici gənclərimiz mütləq beynəlxalq aləmdə tanınan sənətkarların təcrübələrindən bəhrələnməlidirlər.

- Həmidə xanım, uzun illərdir ki, bu sənətdəsiniz, bir çox filmlərdə əsas obrazları yaratmısınız. Amm universitetdə tələbələrə aktyorluq sənətindən deyil, nəzəriyyədən dərs keçirsiniz.

- Əvvəldən elə oldu. 22 il dövlət televiziyasında "Retro" verilişinin aparıcısı olmuşam. "Retro" da tamaşaçılara dünya kino tarixindən bəhs edirdik. hələ o zamanlar universitetdə Kinoşünaslıq kafedrası yox idi. 1990 - ildə Teatr televiziya kafedrasının nəzdində Kino tarixi fənnindən dərs eməyə başladım. Daha sonra Almaniya, Amerika kino tarixlərindən bəhs edən kitablar yazdım. 7 il  Kinoşünaslıq kafedrasının rəhbəri oldum. Düşünürəm ki, artıq aktyorluq sənətindən dərs demək gecdi. Həm çox çətindi. Aktyorluq sənətindən dərs deyən bütün sənətkarlarımız öz yaradıcılıqlarının 90 faizini universitetə həsr edirlər.

- Bildiyim qədəri ilə siz özünüz hekayələr yazırsıznız. zamansa, həyatınızdan bəhs edəcək  avtobioqrafik roman yazmağı düşünürsünüzmü?

- Kinomuz böhran vəziyyətində olanda bir çox mətbuat orqanlarında hekayələrim, esselərim, kino haqqında məqalələrim dərc olundu. Bir necə qəzetlərlə, jurnallarla əməkdaşlıq etdim. Hələ də saytlardan təkliflər gəlir. Yazanda özümdə dincəlirəm. Amma təəssüf ki, vaxtım yoxdu. Çəkilişlərlə bağlı gün ərzində cəmi 3 saat yatıb dincələ bilirəm. Çox istərdim ki, belə bir roman yazım. Amma heyif ki, buna vaxt yoxdu.Keçən il heç bir serialda çəkilmədim. Boş zamanımda bir lirik - komediya, bir serial ssenarisi yazdım. Ssenarilərimi çəkilməsi üçün heç bir rejissora təqdim etməmişəm. Müəllif hüquqlarından keçirtmişəm. Yaxın günlərdə onları yayımlamaq istərdim.

- Sənətdə öz sözünü demiş bir çox sənətkarlar müəyyən zamandan sonra maddi sıxıntılarla üzləşirlər. Sizcə, aidiyyatı qurumlar sənətkarları bu problemlərdən uzaq etməlidilər?

- Rus kanalında vaxtı ilə məşhur olan, tanınmış aktyorların 70 - 80 yaşlarındakı, acınacaqlı vəziyyətlərini göstərən veriliş yayımlanır. Tamaşaçılarla qocaman aktyorların  görüşünü keçirir, qaldıqları şərait ilə hər kəsi tanış edirlər. O verilişə baxandan sonra düşünürəm ki, insan ömrünün üçün ən çətin mərhələsi qocalıqdı. İnsan nə qədər ki, gəncdi, gücü var, qocalıq haqqında, xəstəlik barəsində düşünmür. Heç bir insan belə çətinlikdən sığortalanmadığı üçün, təbii ki, aktyorda sabah nə olacağını bilmir.  Amma təəssüflər olsun ki, həyatın bu mərhələsi də olur. İstərdim ki, ölkəmizdə də belə bir veriliş yayımlansın. Düzdü, bizdə Rusiyaya baxanda bu cür vəziyyətdə olan aktyorlar azdı. Mən o verilişə baxandan sonra çox təsirləndim. Çünki, hər bir insan xəstəliyə, tənhalığa mübtəla ola bilər. İnsanlar bir - birlərinə qarşı həddindən artıq diqqətli olmalıdırlar.

 

Nigar Adil

 

Olaylar.- 2017.- 29 noyabr.- S. 12.