“Kanon mənim
övladımdı”
Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan
ərazisində tarixən geniş
yayılmış qədim musiqi alətlərindən
biri də kanondu. Bu gün gənclər
arasında qədim xalq çalğı
alətlərinə maraq az
olsa da, onları yaşadan ifaçılarımız var. Bu gün
kanonu yaşadan, onu qoruyan ifaçılardan
da biri Humay
Abbasovadı. Humay xanımla olan
müsahibəni təqdim
edirik.
- Humay xanım, ilk öncə sizi tanıyaq...
-
1976-cı il oktyabrın 5-də ziyalı
ailəsində doğulmuşam.
Anam rus dili müəlliməsi,
atam isə əməkdar jurnalist Zakir Abbasdır. İki övladım var, hər ikisi tələbədi. Qızımın
20 yaşı var. BDU-da
jurnalistika fakultəsinin
3- cü kursunda, oğlum isə Mədəniyyət və
İncəsənət Universitetinin
aktyorluq fakultəsinin
2- ci kursunda təhsil alırlar. Özüm isə artıq 22 ildir ki, Bakı
şəhəri Suraxanı
rayonu 36 saylı uşaq musiqi məktəbində kanon alətindən dərs deyirəm. Müəllimə vəzifəsində çalışıram. Hər
il şagirdlərim
Respublika müsabiqələrində
iştirak edirlər. Diplom və fəxri fərmanlarla təltif olunurlar, uğur qazanırlar.
Eyni zamanda bir çox xalq artistlərinin, əməkdar artistlərin
ansambllarında, bir çox xanəndələrimizin,
müğənnilərimizin ansambllarında kanon ifaçılığı ilə
fəaliyyət göstərirəm. Bu ansambllarla
birgə demək olar ki, bütün
televiziya kanallarında
verilişlərdə, konsert salonlarında,
dövlət tədbirlərində
çıxış edirəm.
- Niyə məhz kanonu seçdiniz, kanona olan sevginiz hardandı?
- Kanonla tanışlığım
9 yaşımda, valideynlərimin
sayəsində olub. Mən körpə ikən atamın bir tarı vardı. Anam danışırdı ki,
səni yatızdırmaq
istəyirdik, ağlayırdın,
yatmırdın. Atan
tar çalan kimi yuxuya gedirdin. Atam musiqi məktəbini bitirməyib. Özü öyrənib
tarda ifa etməyi. Körpəlikdən qanıma hopub
musiqi. Bütün günü televiziya
ekranının qarşısında
musiqiyə qulaq asıb, rəqs edib mahnı oxuyurmuşam. Masanın üzərində
pianino çalırmışam
kimi hərəkətlərimi
görən valideynlərim
5 yaşımda mənə
pianino aldılar.
Hələ uşaqikən
musiqiyə getməmişdən pianinoda
eşitdiyim musiqiləri
ifa edirdim. Musiqi məktəbinə yaşım
düşəndə valideynlərim
məni ora yazdırmaq qərarına
gəldilər. Orada
musiqi duyumumu yoxladılar və çox
bəyəndilər. Valideynlərim
məni pianino alətinə yazdırmaq istəyirdilər,amma məktəbin rəhbərliyi
məsləhət görüb
ki, məktəbdə
yeni alət sinifi açılıb- kanon aləti, bəlkə qızınızı
bu alətə yazdırasınız. Valideynlərim
alətlə tanış olub məni kanona yazdırdılar və mən ilk dəfə kanon alətini 1 nömrəli Uşaq İncəsənət məktəbində
gördüm. Bu aləti çox sevdim. Görünüşü, səsi elə
bil nağıllar aləmindən gəlmişdi,
heyran oldum bu alətə və çox həvəslə də məşğul olub öyrənməyə başladım.
- Kanonda daha çox
muğam ifaçılarını
müşayiət etmək
asandı, ya estrada?
- Kanon elə bir alətdir ki, bircə siminə toxunduqda səsi doğrudan da insanı valeh edir. Belə bir
alətdə hər bir musiqi, istər
klassika olsun, istər muğamlarımız,
xalq mahnılarımız,
istərsə də xarici bəstəkarların
əsərləri olsun
çox gözəl səslənir. Bu aləti sevə-sevə ifa etməyi bacaran bir musiqiçi
kimi mənim üçün o qədər
də böyük fərq etmir. Muğamlarımız olsun,
ya estrada
musiqilərimiz olsun, hamısını müşayiət
edirəm. Amma musiqidən musiqiyə
də təbii ki, fərq var. Musiqi var insanın
ruhuna daha yaxın olur və bu musiqilər
musiqiçinin ifasında
daha gözəl səslənir. Çətinlikdən isə heç bir söhbət gedə bilməz. Öz peşəsini sevən insan üçün çətinlik
onun sənətində
mane ola bilməz.
- Kanon ifaçıları arasında
gözəl xanımlardan
birisiniz. Gözəl və gənc
qalmağınızın sirri
nədir?
- Gözəl sualınıza və məni gözəl görə bildiyinizə görə təşəkkür edirəm.
Mənə elə gəlir
ki hər insanın gözəlliyi onun daxilindən gəlir. İnsanın siması gözəl
olmasa belə, daxili gözəldirsə
o insanın üzünə
yansıyır. Daxili gözəllik
isə ilahinin lütfüdü. Yaradan yaratdığı
heç bir bəndədə fərq qoymayıb. Hər insana özünə
məxsus gözəllik
bəxş edib.
O gözəlliyi qoruyub
saxlamaq isə insanın özündən
asılıdı. Gərək daxilini,
ruhunu təmiz saxlamağı bacarasan ki, daxili gözəlliyin
səni gözəl göstərsin.
- Məlum məsələdir ki,ifaçılar gəlirlərini
toylardan əldə edirlər.Qədim musiqi aləti ifaçıları
bu gün maddi ehtiyaclarını necə təmin edirlər?
- Bayaq dediyim kimi
mən artıq 22 ildir ki, musiqi
məktəbində müəllimə
işləyirəm və
işlədiyim dərs
saatına əsasən
dövlətimizin bizə
ayırdığı miqdarda
maaş alıram. İndiki zamanda bir ailəni
və o ailədə ali məktəblərdə
oxuyan tələbə
uşaqları müəllim
maaşı ilə dolandırmaq çox çətindir. Bu danılmaz faktdır.
Sizin də bildirdiyiniz kimi mənim ifa etdiyim alət
qədim musiqi aləti olmağına baxmayaraq, indiki zamanda toylarda, xınalarda, el şənliklərində
mənə və mənim ifa etdiyim musiqi alətinə ehtiyac duyulur. Mən konsertlərdə efirlərdə çıxış
etdiyim ansambllarla birgə toylarda da iştirak edirəm. Təbii ki, bu sənəti də, bu ruzunu da
bizə Allah bəxş
edir. Buna görə şükürlər
olsun.
- Milli musiqimizə dövlət tərəfindən
göstərilən dəstək
sizi qane edirmi?
- Bəli, indiki zamanda dövlətimiz milli musiqimizə, gənc musiqiçilərimizə
çox dəstək
olur. Musiqimizi, ifamızı nümayiş
elətdirmək üçün
müxtəlif müsabiqələr,
konsertlər təşkil
edirlər. Bu da gənclərdə çox böyük həvəs yaradaraq milli musiqimizin inkşaf etməsində çox müsbət rol oynayır.
- Bütün simli alətlərin bir sarı simi
olur. Kanonda hansı simi, hansı notu sevirsiniz?
- Mənim ifa etdiyim musiqi aləti elə bir alətdir ki, bu alətdə
hər notu 3 sim təşkil edir. Bu simlərin,
bu notların biri olmasa mən
kanondan istədiyim ifanı ala bilmərəm.
Ona görə də mənim üçün kanonun təkcə simi, yox hər
bir xırda detalı çox əzizdi. Kanon sanki mənim
bir övladımdı.
Balalarımı necə əzizləyib,
sığallayıramsa kanonla
da o cür rəftar edirəm.
- Kanonda hansı musiqini ifa etməyi
sevirsiniz?
-Mən payız ayında doğulduğuma
görə ruh halım romantikdi. Buna görə də
mənim ruhuma yaxın olan, insanın ruhunu oxşayan ən çox həzin musiqilərdir.
- Humay xanım, sonda bilmək istərdik ki, ədəbiyyata münasibətiniz necədir
mütaliə ilə məşqul olursunuzmu?
- Ədəbiyyata yanaşmam çox həssasdı. Şeir, qəzəl, romanlar, hekayələri oxumağı çox sevirəm. Maraqlı yazarların, maraqlı, insana toxunan əsərlərinə rast gəldikdə böyük zövqlə mütaliə edirəm. Özüm də şeir yazıram. Şairlərdən çox- çox üzür istiyirəm. Əgər yazdıqlarıma şeir demək olarsa...
Sadəcə olaraq içimdən gələn hissləri, duyğuları misralara düzürəm- şeir formasında.
Nigar
Olaylar.- 2017.- 19 oktyabr.- S.11.