Heydər Əliyevin fikir,
söz və məlumat azadlığı,
plüralizmin təmin
olunmasında xidmətləri
Azərbaycan bu gün bütün
parametrlər üzrə özünün inkişaf
dövrünü yaşayır.
İstər siyasi, istər iqtisadi, istərsə də sosial,
mədəni və humanitar sahələrdə
bu inkişaf tempi özünü
göstərir. Bir məqamı qeyd etmək lazımdır ki,
Azərbaycan bütün bu
uğurlara tarixində ikinci
dəfə müstəqillik əldə etdikdən sonra nail olub. Daha doğrusu müstəqillik əldə
etdikdən bir neçə il sonra, ümummilli
lider Heydər Əliyevin ikinci
dəfə siyasi hakimiyyətə
qayıdışı nəticəsində. Yaxın tarixə
nəzər salsaq görərik ki, Azərbaycan XX əsrin 90-cı illərində
tarixində ikinci dəfə müstəqillik
əldə etdikdən sonra ölkə heç də
qarşısına qoyduğu hədəflərə
çata bilmirdi. Nəinki
bu hədəflərə çatmaq,
heç yenicə müstəqillik əldə
edən bir respublikanı yaşatmaq,
onun müstəqil, demokratik
bir ölkə kimi
davamlı olmasını təmin etmək çətin bir proses idi.
Bunun isə bir neçə səbəbi vardı. Birincisi, keçmiş SSRİ rəhbərliyi hələ də Azərbaycanın müstəqil bir respublika olması reallığı ilə barışmaq istəmirdi. Özü də bu münasibət təkcə Azərbaycana qarşı deyildi. Həmçinin digər keçmiş ittifaq ölkələrinin də müstəqilləşməsi Moksvanı qane etmirdi. Ona görə də şimal qonşumuz müntəzəm olaraq Azərbaycanda siyasi motivdə təxribatlara rəvac verir və müstəqilliyimizin məhv olmasına, yenidən Moskvanın boyunduruğu altına keçməyimizə çalışırdı. İkincisi, müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən qüvvələrin, konkret olaraq Ayaz Mütəllibov; eləcə də AXC-Müsavat hakimiyyətinin siyasi səriştəsizliyi Azərbaycanın müstəqilliyini kölgə altında qoymuşdu. Bir ildən artıq bir müddətdə ölkə demokratik, müstəqil Azərbaycan olaraq təqdim edilsə də, lakin bu demokratiklik, müstəqillik adlarını qeyd etdiyimiz hakimiyyətlərin atdığı addımlar, qəbul etdiyi qərarlarda özünü büruzə vermirdi. Əksinə ölkədə demək olar ki, antidemokratik bir mühit hökm sürürdü. Əgər Mütəllibov hakimiyyəti əsas etibarilə AXC-yə qarşı amansız mübarizə aparır, onun siyasi proseslərdə fəal iştirakına əngəl yaradırdısa, Ayaz Mütəllibovu devirərək hakimiyyəti ələ keçirən AXC-Müsavat birliyi isə mübarizəni ümummilli lider Heydər Əliyevə qarşı kökləndirmişdi. Belə ki, Heydər Əliyevə xüsusi rəğbəti olan şəxslərin, siyasilərin onun xeyir duası ilə yeni bir siyasi partiya yaratmasına qarşı çıxır, onun siyasi proseslərə qarışmasına qətiyyən imkan vermirdilər. Hətta Heydər Əliyevin sonradan sədrlik edəcəyi Yeni Azərbaycan Partiyasının yerlərdə təsis konfranslarının keçirilməsinə imkan verilmirdi. Polis basqını ilə bu kimi aktivliyin qarşısı alınırdı. Təbii ki, belə bir antidemokratik yanaşma, mühit beynəlxalq aləm tərəfindən də izlənilir və heç də təqdir olunmurdu. Əksinə yenicə müstəqillik əldə edən bir ölkə üçün yuxarıda adlarını qeydə etdiyimiz mənfi hallar kəskin tənqid edilirdi. Təsadüfi deyil ki, o dövrdə qəbul olunan bir neçə sənəddə Azərbaycan antidemokratik bir ölkə kimi xarakerizə edilir və müstəqil ölkəyə yaraşmayan bir mühitin olduğu qeyd edilirdi. Təbii ki, bütün bu mənfi hallar ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına qədər davam etdi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi demokratiya, insan hüquq və azadlıqlarının təmin olunması, plüralizm sahəsində də müsbət addımlar atılmağa başladı. Qısa zaman ərzində Heydər Əliyev Azərbaycanı dünyaya sözün həqiqi mənasında müstəqil, demokratik dəyərlərə malik bir ölkə kimi tanıda bildi. Özü də görülən işlər, həyata keçirilən islahatlar və atılan addımlarla. Heydər Əliyev uzun illərin siyasi təcrübəsi, zəngin idarəçilik qabiliyyətinə əsaslanaraq gözəl bilirdi ki, bir ölkənin beynəlxalq aləmdə müsbət imicinin formalaşdırılması, onun demokratik bir ölkə kimi tanıdılması üçün mütləq başlıca demokratik prinsipləri inkişaf etdirmək zəruridir, vacibdir. Bu prinsiplər sırasında ilk yerdə qərarlaşan amillər, şərtlər isə fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi idi. Yəni, qeyd edilən amillər ölkənin demokratiya güzgüsü, siması sayılırdı. Ona görə də ümummilli lider Heydər Əliyev qeyd edilən istiqamətlərdə müəyyən təqdirəlayiq addımlar atmağa başladı. Bu baxımdan ümummilli liderin 1998-ci ildə senzuranın ləğv edilməsi istiqamətində atmış olduğu addım xüsusi əhəmiyyət kəsb edirdi. Bununla ölkədə mövcud hakimiyyətin fikir, söz, məlumat və ifadə azadlığına nə qədər əhəmiyyət, önəm verdiyi öz təsdiqini tapdı. Artıq Azərbaycanda qəzet və jurnallar hansısa yazı və ya material, kiminsə müstəqil fikrinə görə senzuradan keçərək ağ səhifə şəkilində, yaxud qayçılanmış tərzdə işıq üzü görmürdü. Kütləvi informasiya vasitələri tam müstəqil, azad və sərbəst şəkildə fəaliyyət göstərirdi. Bununla da artıq Azərbaycanın fikir, söz, məlumat və ifadə azadlığına nə dərəcədə önəm verdiyi barədə beynəlxalq aləmdə müsbət rəy formalaşmışdı. Bundan sonrakı mərhələdə isə Heydər Əliyev mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində zəruri addımlar atmaqla Azərbycanda kütləvi informasiya vasitələrinin tam müstəqil və azad, sərbəst şəkildə fəaliyyətinə zəmin yaratdı. Bu sıraya ölkədə nəşr olunan kütləvi informasiya vasitələri, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması, ölkəyə gətirilən qəzet kağızı üçün nəzərdə tutulan verginin azaldılması və.s. aid idi. Heç şübhəsiz ki, bütün bu addımlar beynəlxalq aləm tərəfindən müsbət qarşılanır və təqdir edilirdi.
Azərbaycanın fikir, söz, məlumat və ifadə azadlığı baxımından müsbət imicinin formalaşdırılması ilə paralel olaraq, ölkədə plüralizmin təmin edilməsi istiqamətində də işlər görülür, addımlar atılırdı. Artıq Azərbaycanda çoxpartiyalı sistem formalaşmışdı. Mövcud hakimiyyət hər bir siyasi partiyanın normal fəaliyyət göstərməsi üçün onun ofislə, qərargahla təmin edilməsi istiqamətində zəruri addımlar atırdı. Qısa müddətdə yaradılan onlarla siyasi partiya Azərbaycanın siyasi palitrasını formalaşdırırdı. Bu və ya digər partiya ölkədə keçirilən istənilən seçkidə iştirak edir, öz gücü, reytinqini ortaya qoyurdu. Həmçinin hakimiyyət siyasi partiyaların təklif və təşəbbüslırinə də açıq idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə siyasi plüralizmi təsdiq edən əsas hadisələrdən biri də ölkə parlamentində Dağlıq Qarabağ probleminə dair dinləmələrin, müzakirələrin keçirilməsi və həmin dinləmələrə, müzakirələrə ölkənin bütün siyasi partiyalarının dəvət edilməsi oldu. 2001-ci il, fevral ayının 23-24-ü tarixlərində qanunverici orqanda təşkil edilən bu müzakirələr bir tərəfdən hakimiyyətin, eyni zamanda xalqın Qarabağ probleminə olan münasubətini, mövqeyini ortaya qoyurdusa, digər tərəfdən Azərbaycanda siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunuğunu nümayiş etdirirdi. Qeyd edək ki, sözügedən müzakirələrə təkcə qanunverici orqanda təmsil olunan partiyalar dəvət edilməmişdi. Eyni zamanda parlamentdə təmsil olunmayan siyasi partiyalar da sözügedən müzakirələrdə iştirak edirdi.
Heydər Əliyevin hakimiyyəti dövründə siyasi plüralizmin ən bariz nümunələrindən biri də o zaman ölkənin əsas ana müxalifət partiyası sayılan Azərbaycan Milli İstiqlal Partiyasının 5 illik yubileyinə ölkə prezidentinin təbrik məktubu göndərməsi idi. Məlumat üçün qeyd edək ki, həmin yubiley tədbirində ölkənin ən yüksək elitası iştirak edirdi. Dövlət başçısının partiyanın yubiley tədbirinə ünvanlamış olduğu təbrik məktubunu isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çatdırırdı. Bu hadisə Azərbaycanda siyasi plüralizmin mövcud olduğunun ən bariz nümunəsi və əyani sübutu idi. Və qeyd etdiyimiz bu hal da beynəlxalq təşkilat və qurumlar tərəfindən müsbət dəyərləndirilirdi.
Beləliklə, Azərbaycan bütün parametrlər üzrə inkişaf etməklə yanaşı, əsas demokratik prinsiplərə də sadiqlik nümayiş etdirir, bu prinsiplərin ən yüksək səviyyədə təmin olunması istiqamətində konkret addımlar atırdı. Bütün bu amillər isə Azərbaycanın bir demokratik ölkə olaraq imicini artırır, onun beynəlxalq aləmdə nüfuzunun artmasına müsbət təsir göstərirdi.
Günümüzdə də Heydər Əliyev siyasi kursu davam etdirilərək ölkədə fikir. söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində məqsədyönlü addımlar atılır, vacib islahatlar həyata keçirilir, qərarlar qəbul edilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə fikir, söz və məlumat, ifadə azadlığının təmin edilməsi istiqamətində gördüyü işlər, atdığı addımlar Azərbaycanı hər bir sahədə olduğu kimi media sahəsində də lider ölkələrdən birinə çevirib. Eyni zamanda günümüzdə plüralizm də yüksək səviyyədə təmin olunur. Ölkədə çoxsaylı partiyaların mövcud olması, onların normal şərtlər altında fəaliyyət göstərməsi, eyni zamanda siyasi partiyalara yaradılan bu və ya digər şərait də Azərbaycandakı plüralizmdən xəbər verir.
Olaylar.- 2017.- 26 oktyabr.- S.15.