“Tamaşaçı öz seriallarımıza baxmaq istəyir”
Son zamanlar yerli
seriallarımıza olan tamaşaçı marağı əlbəttə
ki, sevindirici haldı. Artıq demək olar ki, yerli seriallar
arasında rəqabət formalaşıb. Tamaşaçılar
arasında maraqla qarşılanan və izlənən
"Ögey ana" və "Barama" seriallarının
ssenari qrupunun üzvü Reyhan İsayeva ilə seriallar
haqqında danışdıq.
- Reyhan xanım, serial aləmində
məncə yenisiniz...
- Serial
sahəsində ilk işim 2015 - 2016 - cı illərdə
yayımlanan "Dəfnə ağacı" serialı olub. Filmlər üçün də ssenarilər
yazırdım. 2013 - cü ildə Mədəniyyət
və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" ssenari
müsabiqəsində "Gözlənti" adlı ssenarim
qalib olmuşdu. O zaman qəzetdə fəaliyyət göstərirdim,
amma paralel olaraq ssenarilər yazırdım. Daha
sonra da serial sahəsinə gəldim.
- Youtube - da hazırda üzərində
işlədiyiniz "Ögey ana" və "Barama"
seriallarının yeterincə izləmə sayı var. Hər
kəsə məlumdur ki, azərbaycanlı
tamaşaçılar türk seriallarına aludədilər və
zamanla yerli seriallardan uzaq olmaları da prodakşınlardan məhz izlədikləri
serialları tələb edirdilər. Amma bu gün deyəsən,
mənzərə bir qədər fərqlidi.
- Kino
üzrə yazar olduğumdan bu araşdırma hər zaman mənim
üçün də maraqlı olub. Tamaşaçı
nə qədər dünya filmlərinə və
seriallarına baxsa da, mütləq öz filmlərimizə,
seriallarımıza baxmaq istəyir. Nəyə görə?
Çünki, baxdığı filmlərdə,
seriallarda özünü görmək istəyir. Öz mühitini görmək istəyir. Bu ona daha əziz, daha doğma olacaq. Azərbaycanda serial sahəsi yeni yaranıb. Hətta deyərdim ilk 10 illiyi başa vurmayıb. Biz bu sektorda yeniyik.
Türklərdə olduğu kimi serial təcrübəmiz
yoxdu. Təbii ki, zamanla biz də inkişaf
edirik və öz tamaşaçımızı
qazanırıq. Əgər, bu gün biz -
serial prodakşınları öz
tamaşaçılarını toplaya bilirlərsə
artıq bu bizim uğurumuzdu.
- Bildiyimiz kim, üzərində
çalışdığınız seriallardan biri
"Ögey ana" bədii filminin motivləri əsasındadı.
Niyə məhz "Ögey ana" filmini
seçdiniz?
- "MEDIAMASTER" şirkəti bir neçə variant
irəli sürmüşdü. "Ögey ana" da
onlardan biri idi. Biz də sonda bu variantın
üzərində qaldıq. Və bu serial
üzərində işləməyə başlayanda təbii
ki, cəmiyyətə müəyyən mesajlar verməyi hədəfləmişdik.
Hər kəsə məlumdur ki, bu gün bizim cəmiyyətimizdə
ailəsindən orta yaşlı şəxslərin yenidən
ailə qurma problemi var. Məhz buna görə biz "Ögey
ana" filminin üzərində qaldıq. Cəmiyyətdə baş verənləri təhlil
etdikdən sonra biz də insanların bu probleminə toxunmaq istədik.
Serial filmin motivləri əsasındadır və
təbii ki, biz burada bir çox dəyişikliklər etdik,
serialı bu günkü cəmiyyətimizə
uyğunlaşdırmağa çlışdıq. Düşünürəm ki, etdiyimiz dəyişikliklər
də uğurlu oldu.
- "Ögey ana"
serialında ən diqqət çəkən məqam autizmli
xəstəyə yer verilməsidi. Bu gün autizm cəmiyyətimizdə
geniş yayılmış və təəssüf ki, fərqlilik
kimi yox, xəstəlik kimi qəbul olunur. Autizmli
insanlara serialda yer verilməsi kimin ideyası idi? Və
autizmli xəstənin obrazını yazarkən autizm mərkəzləri,
psixoloqlarla məsləhətləşmələr oldumu?
- Bu ssenarist
qrupunun və rejissorun birgə qərarı idi. Ssenari
qrupu öncədən ailədə üç fərqli
uşağı gündəmə gətirməyi
düşünürdü. Əslində
bu ssenari bizə də material verir. Ailədə
fərqli uşaqların olması, fərqli xarekterdə olan gənclərin
evdə baş verən hadisələrə, proseslərə təbii
ki, fərqli reaksiyaları olacaq. Ailədə
bir qız - ailənin bütün məişət
yükü onun üzərindədi, İsmayıl - dəliqanlı,
haqqını tələb edən, Ümid - autizmli gənci
canlandıran obrazdı.
Ümidin obrazını biz daha sonrakı seriyalarda
açacağıq. Ailədə daha bir əks tərəf isə
qaynanadı.
Fərqli ailə çaları verməkdə məqsədimiz
öncə də qeyd etdiyim kimi bizə növbəti hadisələrin
yaranması, ailə - məişət dramının daha da
qabardılmasıdı. Serialda növbəti seriyaların
olması üçün problemlər vacib amildi. Serialda bir də Sevincin - Ögey ananın
qızı var ki, o anasının ikinci dəfə ailə
qurmasını qəbul edir. Demək olar
ki, serialda iki tərəf - qəbul edən və qəbul etməyən
tərəflərin ziddiyyəti qabardılır. Dramaturgiyanın qanunlarına əməl etməyə
çalışırıq.
Qeyd edim ki, autizm mərkəzləri ilə, psixoloqlarla
görüşüb, müəyyən məsləhətlər
almışıq. Amma Umid obrazını canlandıran aktyor
Elçin Muradov özü də mütəmadi olaraq autizm mərkəzlərinə
gedib, orada baş verənləri uzun müddət
müşahidə edib. Bir neçə həkim,
psixoloq da bizə bildirmişdi ki, Elçin Muradov Ümid
obrazını çox dəqiq canlandırır.
Burada həm də fantaziya məhsulu var. Ümidin
davamlı kitab oxuması, hadisəyə uyğun sitatlar
çəkməsi-bütün bunlar fantaziya məhsuludu.
- "Barama"
serialında hadisələr, persanajlar sırf təxəyyül
məhsuludu. "Ögey
ana" serialında isə motivlər var, müəyyən
izlər var. Hansı seriala ssenari yazmaq daha rahatdı?
-
"Ögey ana"
- da motiv sadəcə bir xəttdi: Orta yaşlı
insanlar ailə qurur. Qalan bütün hadisələr,
konfiliktlər tamamilə fərqlidir. Deməzdim
ki, motivlər əsasında işləmək daha rahatdı.
Mənə görə hər ikisində işləmək
eynidi. Hər iki serialda istər - istəməz
ssenaristlər öz fantaziyalarını işə
salmalıdılar. Sadəcə hər iki
serialda janr fərqliliyi var. Biri ailə - məişət
dramı, digəri isə kriminal dramdı. Bildiyiniz kimi, "Ögey ana" gündəlik
yayımlanır, "Barama" isə həftədə bir dəfə
yayımlanır. Janr baxımından
hansının işləmək daha asan olduğunu demək
istəyirəm. "Barama" - da - kriminal dram
janrında işləmək, fantaziyanı inkişaf etdirmək,
dinamikanı qorumaq
ssenarist üçün daha rahatdı. Burada hər
an gözlənilməz anda nəsə etmək
mümkündü. Amma "Ögey ana" - da
vəziyyət bir qədər fərqlidi. Burada
qəhrəmanlar arasında ailə-məişət zəminində,
psixoloji konfiliktlər yaratmalısan. Bu
fikrimcə daha çətindi.
- Bir çox aktyor müəyyən
səhnələrə etiraz edirlər. Bu
cür hal daha çox sevgi səhnələrində
müşahidə olur. Sizin
çalışdığınız seriallarda aktyorlar
ssenaristlərə hansısa səhnələrin
yazılmaması kimi şərtlər qoyur?
- Hələ
ki, bu cür hallara rast gəlməmişik. "Ögey
ana" - da material çoxdu. 3 ssenarist - Nicat Dadaşov, Elçin
Muradov və mən, birgə işləyirik və aya 18 - 20
seriya təhvil verməliyik. Hansısa səhnəni
yazaq, ya yazmayaq haqqında düşünməyə vaxt olmur.
Amma həmişə aktyorlara da deyirik ki,
hansı səhnədə nəyisə daha yaxşı eləmək
olarsa, gəlin onu məsləhətli şəkildə edək.
Bizim seriallarda çox professional, peşəkar
aktyorlar var. Onlarla məsləhətləşmək bizim
üçün fəxrdi. Təkliflər
alırıq, məsləhətlərini dinləyirik. Peşəkar aktyorlarla işləsək də hələ
onların kaprizləri ilə rastlaşmamışıq.
Onu da qeyd edim ki, gənclər də öz rollarına,
işlərinə qarşı çox məsuliyyətlidilər. İsmayıl
obrazını canlandıran Ziya Ağa hələ seriala
hazırlıq, danışıqlar vaxtı hər gün bizə
zəng edərək ssenariləri istəyirdi. Rolu ilə
çəkiliş meydanında deyil, öncədən tanış olmaq, hazırlaşmaq istəyirdi.
- Serialdakı obrazları yaradan,
onlara həyat verən ssenaristlərdi. Sizcə,
ssenaristlər kastinqlərdə iştirak etməlidi və siz
iştirak edirdiniz?
-
Haqlısınız. Obrazları, hadisələri
ssenaristlər yaradır. Ona görə də
düşünürəm ki, ssenaristlər də kastinqlərdə
iştirak etsələr daha yaxşı olar. Xoşbəxtlikdən rejissorumuz Sain Qəhrəman
çox açıqfikirli insandı. Kastinqlərdə,
aktyor seçimində bizimlə də məsləhətləşirdi.
Nəinki rejissor,
layihənin rəhbəri Rüstəm Əliyevlə
də aktyor seçimində məsləhətləşmələrimiz
olub.
Qeyd edim ki, "Barama" serialının ssenari müəllifləri
mən, Tural Baxış və Aqşin Fatehdir. Aqşin həm
də layihə rəhbəri olduğu üçün burda
kastinq demək olar ki, yazı prosesində baş verir. Yazdıqca hər üçümüz
yazdığımız personaja, rola uyğun aktyor seçimi
barədə müzakirələr aparırdıq. Təbii ki, rejissor Vüsal Hacı-Qədirin
iştirakı və razılığı ilə.
- İstərdim bir az
Türk serilalları ilə müqayisə aparım. Türklərdə
hadisələr uzadılır, uzadılan hadisələrin
içərisində tamaşaçı yeni hadisələr,
qəhrəmanlar, problemlərlə tanış
olur. Fikrimcə, "Ögey ana" - da isə
hadisələr öz həllini daha tez tapır. Məsələn,
Ariflə Sevinc səhv etmirəmsə, ikinci seriyada artıq
ailə qurdular.
- Bizim
serialda konfiliktlər Sevinc evə gələndən sonra
başlamalı idi. Burda sevgi xəttindən
çox bir ailə dramı daha qabarıq göstərilir.
Qəhrəmanlarımız Sevinc və Arif
artıq ikinci baharlarını yaşayan, uzun illər bir -
birlərini tanıyan, öz qərarlarından əmin olan
insanlardı.
- Serialı izləyəndə
müəyyən bölümlərdən sonra biz qəhrəmanları
işbaşında görmürük. Məsələn,
Dadaşın, Leylinin işdəki həyatı, iş mühütü
tamaşaçıya müəmmalı qalır. Və Təranə obrazı haqqında fikrimi bildirmək
istəyirəm. Obraz olaraq sakit, fağır bir qadın
deyil. Əksinə konfilikt yaradan obrazlardan biridi.
Amma Təranə digər obrazlarla ünsiyyəti demək olar
ki, yoxdu. Yalnız 8 - ci seriyada oğlundan, həyat
yoldaşından başqa digər obrazla -Sevinc ilə
ünsiyyəti oldu.
- Gündəlik
serialda ola bilər ki, 10-15-ci seriayada da siz
personajın iş yerini görə bilmirsiz. Lakin 20-30 hətta
daha sonrakı seriyalıarda siz onların iş yeri ilə tanış olacaqsız. Nəyə
görə belə olur. Bu serialda əsas
hadisələr evdə baş verir. Yəni
konfliktin mərkəzi məhz evdir. Tamaşaçını
daha çox evdəki problemlərlə fokuslayırıq.
Daha sonra isə sujeti şaxələndirdikdə artıq
iş yerlərinə və ya digər məkanlara
keçirik. Həm də nəzərə
alın gündəlik serialdı. Burda vaxt
və texniki məsələlər də önəm
daşıyır. Həftəlik serialda isə
vəziyyət bir qədər fərqlidir. Daha çox məkana çıxmaq imkanımız
olur.
- Serialda bir neçə obraz var ki,
tamaşaçılar tərəfindən böyük maraqla
qarşılandı. Gənc aktyorların
tamaşaçılar tərəfindən qəbulolunması
sevindirici haldı. Bir də qaynana obrazı - Zemfira xanm haqqında
danışmaq istəyirəm. Fikrimcə, Nəsibə
Zeynalovadan sonra artıq qaynana obrazı yarandı.
- Bu rolu
Zemfira Əbdülsəmədovanın seçilməsi demək olar
ki, hamımızın yekdil qərarı oldu. Qaynana
obrazını hamımız Zemfira xanımın
canlandırmasını istəyirdik. Bizim
ssenaridə qaynana zəhmlidi, məqsədyönlü nəsə
edən qaynanadı.
- Məşhur türk rejissoru,
ssenaristi Birol Güvən serial çəkilişləri
zamanı aktyorların çəkiliş meydanında və
ya digər məkanlardan fotolar paylaşmasına, müsahibələr
verməsinə qadağa qoyur. Səbəb isə
tamaşaçını aktyorundan sehrindən
çıxarmamaqdı. Sizcə doğru
qadağadı?
- Məncə,
əksinə. Bilirsiniz, niyə. Bu onların işidi. Təsəvvür edin,
günün 12 - 15 saatını işləyirlər, can
qoyurlar. Həm də öz işləri ilə
sevinirlər, xoşbəxtdirlər. Və
bu sevinclərini bölüşmək istəyirlər. Əgər, serialda kiminsə kiminləsə
konfilikti varsa, o demək deyil ki, onlar birgə foto paylaşa
bilməzlər.
- Son araşdırmalara görə
uğurlu serialların ssenari müəllifləri
qadınlardı. Sizcə, filmdə, serialda konfiliktləri,
dramaturgiyanı qurmaqda qadınlar daha peşəkardılar?
- Fərqliliyi
bilmirəm. Qadına hər hansı sadə bir
söz, hadisəni danışanda ondan min dənə variant,
versiya çıxaracaq. Amma kişiyə deyəndə
ki, bu hadisə belə baş verdi. Kişi bunu dediyin kimi qəbul edəcək.
Əlavə nələrisə düşünməyəcək,
başqa versiyaların ola biləcəyi
heç yadına da düşməyəcək. Qadın bir
sözü yüz mənada fikirləşəcək, amma kişi olduğu kimi qəbul edəcək. Yəqin, bu səbəbdən qadın ssenaristlərin
filmləri, serialları daha baxımlıdı. Həm də qadının gündəlik fəaliyyəti
daha şaxəlidi. Qadın həm anadı, həm həyat
yoldaşıdı, həm "həkimdi"... Qadının beyni daim aktivdi, işləyir.
Məncə, kişilərin qayğıları
qadınlara nisbətən azdı. Onların daha rahat
işləmək imkanları var.
- "Barama" serialı
kriminal mühütü təsvir edir. Və serialda uşaqlar da çəkilir.
Növbəti bölümlərdə
uşaqların hadisələrə təsiri olacaq?
- "Barama" serialında məndən öncə 8
bölüm çəkilmişdi. Daha sonra
pradakşına qadın ssenarist tələb olundu və məni
dəvət etdilər. Uşaq obrazı
bizdə seriallrda çox azdı. Fikrimcə,
uşaq obrazlarını sseriallara gətirmək
lazımdı. Mən "Barama"da
uşaq obrazlarını görəndə çox sevindim.
Uşaqların növbəti bölümlərdə
təbii ki, hadisələrə müəyyən təsiri
olacaq. Amma süjeti açmaq istəmirəm.
Uşaqların atadan, anadan uzaq böyümələrinin
onlara verdiyi psixoloji travmalar serialda uşaqların
dialoqlarında da açıq-aşkar hiss olunur.
- Özünüz də
"Barama" serialında rol almısınız
-"Barama" - da həm də uşaqların
anasını Kəmalə rolunu canlandırıram. Serialın
prodüsseri, əsas rolun ifaçısı və həm də
ssenari müəlliflərindən biri Aqşin Fateh mənə
bu rolu təklif etdi. Əvvəl tərəddüd
etdim. Lakin, sonda məni razı sala bildilər.
- "Barama" nın
digər seriallardan fərqi həm də iki
meyxanaçının eyni serialda çəkilməsidi.
- Hətta
3. Vasif Əzimov və Şəhriyar Məcidi.
Bu bütün dünyada var. Tanınmış
adamlar, müğənnilər filmlərdə, seriallarda rol
alırlar. Belə layihələr adətən
daha çox tamaşaçı kütləsi cəlb edir.
"Barama" da tamaşaçılar
arasında böyük səs - küyə səbəb oldu.
Və ümid edirəm ki, biz etimadları doğruldub
tamaşaçıların ürəyincə olan uğurlu
bir iş təqdim etdik və sona qədər də bu
uğuru qoruyub saxlayacayıq.
- Bir neçə serialın ssenari
müəllifi kimi tamaşaçılara nə demək istərdiz?
- Daha
keyfiyyətli, daha baxımlı iş göstərməyə
etməyə çalışırıq. İstərdim
ki, tamaşaçılar bizə dəstək olsunlar. Yerli serialları dəstəkləsinlər. Razıyam, tənqid etsinlər. Amma
haqlı tənqid, təbii ki. Daha yaxşı iş
görməyimiz üçün səhvlərimizi desinlər.
Amma bu tənqid təhqirə keçməsin.
Aktyor oyununda, ssenaridə, rejissor işində
nöqsanları qeyd etsinlər. Etik çərçivəni
qorumaqla bizə kömək olsunlar. Biz də onlara daha
yaxşı iş təqdim etməyə çalışaq.
Nigar Adil
Olaylar.- 2017.- 26 oktyabr.- S.12.