“Rejissura ilə nəfəs
alıram... “
Məncə, teatr qarderobdan deyil,
rejissorun ssenari yazılmış vərəqləri əlinə
almasından başlayır və tamaşaçı ilə
ünsiyyətdə bitir. Teatr rejissoru
tamaşaçının bu ünsiyyətdən doğan həyəcanını,
hiss və duyğularını
canlı olaraq qəlbinin süzgəcindən
keçirib gözlərinə hopdurur.
Bir də
var televiziya rejissoru. Bu mənada onun işi daha fərqlidi, hətta
deyərdim ki, daha çətindi. O,
tamaşaçının hansı hisslər
keçirdiyini, əsəri bəyənib-bəyənmədiyini
həmin anda bilmək komfortundan məhrumdu. Əsər bitəndən
sonra tamaşaçı
alqışının sevinçini yaşaya bilmir. Televiziya rejissorunun teatrdakı həmkarından bir fərqi də
odur ki, tamaşa lentə
köçürüləndən sonra uğursuz səhnələri "düzəltmək"
mümkün deyil.
Əslində
isə rejissor istər teatrda, istərsə də televiziyada
tamaşanın tam səlahiyyətli
sahibi, həmçinin də çəkiliş prosesinə rəhbərlik
edəndir. Tamaşanın quruluşu, ona yanaşması, hadisələrə
baxışı, eləcə də digər priyomlar
birbaşa rejissorun ixtiyarındadır. Rejissor tamaşanı idarə edəndi. Əgər tamaşanı bir ailə
saysaq, rejissor o ailənin başçısıdı. Bəs,
bu ailənin məskunlaşdığı evə (teatr, teleiziya)
rejissor könüllü gedir, yoxsa taleyin qisməti, ya da
alın yazısıdı? Bu suala cavab almaq üçün
xeyli vaxtdı görüşmək istədiyim və bəzi
səbəblərdən baş tutmayan, amma "gün bu
gün imiş" dediyim həmsöhbətimin - rejissor Məhərrəm Bədirzadənin
yanına yollandım.
Bilmirəm
Məhərrəm Bədirzadəni hansisa qeyri-adi sözlərlə, obrazli
ifadələrlə təqdim etməyə gərək
varmı? Məncə, yoxdu. Çünki rejissorluq özü
qeyri-adilikdi. Məhərrəm müəllimi yaxından
tanıyanlar bunu onun şəxsiyyətində görə
bilirlər. Bu sənətin incəlikləri
ilə ehtiva olunan bütün yorumlarda, yanaşmalarda əks
olunan həyat həqiqətləri rejissor təqdimatında
obraz olaraq tamaşaçıya çatdırılır.
Ki... bu işin də öhdəsindən Məhərrəm müəllim
ustalıqla gələ bilir. Odur ki, həyatın
ağrılarının kürəyini yerə vurmuş,
ötənlərin şirinli-acılı xatirələrini
ürəyinə hopdurmuş, illərin təcrübəsinə
söykənmiş Məhərrəm müəllimdən bəzəksiz-düzəksiz, birbaşa
soruşdum:
-Niyə aktyor deyil, məhz rejissor
oldunuz?
-Əslində aktyor olmaq istəyirdim, atam isə
razi deyildi, "mütrüf olacaqsan" deyirdi. Amma mənim
bu sənətə olan marağımdan çox sevgim
atamın etirazını üstələdi. 60-ci illərdə
gənclərin əsasən üç məşğuliyyəti
var idi: idman, dram və ədəbiyyat
dərnəyi. Mən də dram
dərnəyinə getdiyim üçün Teatr
İnstitutunu seçmişdim. 1963-cü ildə rejissorluq
fakültəsinə qəbul oldum - Rza Sarabskinin kursuna. Rza
Sarabskinin atası Azərbaycanın
xalq artisti Hüseynqulu Sarabski həm opera müğənnisi,
həm də aktyor, rejissor idi. Belə bir sənətkarın oğlundan dərs
almaq böyük xoşbəxtlik idi. İkinci kursda əsgərliyə
yollandım, qayıdandan sonra başqa bir böyük sənətkarın
- Mehdi Məmmədovun kursunda təhsilimi davam etdirdim. Rejissorluq
kursunda altı nəfər idik. Üçüncü kursda
oxuyanda Azərbaycan radiosunda rejissor kimi fəaliyyətə
başladım. 1967-ci ildən bu günə kimi də televiziyada işləyirəm.
-50 illik bir ömür... bu rəqəm
sizin televiziya ilə bağlı taleyinizin çox məqamlarından
xəbər verir. Bu taledə
hansi məqam var ki, onu xatırlamaq istəmirsiniz?
-O ki
deyirlər filan iş yeri ikinci
evimdi, Azərbaycann televiziyası da mənim üçün
elədi. Bu evdə çox yaşantılarım - sevincim, kədərim,
xoşbəxt anlarım, qəmli vaxtlarım olub. Ötən
50 ildə bu evdə keçirdiyim xoş saatları toplasam,
qanqaraldıcı məqamların üstünə
çıxıb onu görünməz edər. Təbii ki, hər
bir insanın taleyində ali məqamlarla yanaşı, istənilməyən
hadisələr də yaşanır. Amma o taledə gözəl
insanlar, yaxın dostlar, sevimli
iş yoldaşları adamın doğmaları, əzizləri
qədər yaxın olanda xoşagəlməz hadisələr
yaxşılıqlar arsında tez itib-batır. Bu baxımdan mən
deyə bilərəm ki, televiziya taleyimdən heç
narazı olmadım. Əks halda bu gün orada olmazdım. Azərbaycan
televiziyası mənə arzularımı həyata keçirmək
üçün bir məkandı. Mən burada
özümü çox rahat ifadə edə bilirəm.
İllərin o tayindan bu günə boylanan elə xatirələrim
var ki, bəzilərinin kökündə quruluş verdiyim
tamaşalar, ədəbi-bədii verilişlər, bir çox
proqramlar durur...
x. x. x
Əslində
Məhərrəm müəllim bu sual ətrafında xeyli
danışdı. Və mən hiss etdim ki, ömründən
keçən hadisələri, görüntüləri o, sənətindən
doğan peşəkarlıq və rejissor ustalığı
ilə sözə
çevirib
çatdırmağa çalışır. Bu da o deməkdir
ki, Məhərrəm müəllim bir ömür sevdiyi
işin orbitindən çıxa bilməyib. Konfutsinin bir
deyimi var: "Əgər sevdiyiniz işlə məşğul
olsanız, ömür boyu işləmiş hesab
olunmazsınız". Rejissor Məhərrəm Bədirzadə
ilə həmsöhbət olduğum müddətdə bu
deyimin doğruluğuna əmin oldum. Elə bu əminliklə
də növbəti sualımı verdim:
-Rejissura sizin üçün nədi?
- Rejissura
mənim həyatımdı. Bu sənətlə nəfəs
alıram, obrazlarla yaşayıram. Aktyor təkcə ifa etdiyi
rolu yaşayır, öz xarakterindən həmin obraza nəsə "pay verir".
Rejissor isə bunu bütün obrazlarla paylaşır - bərabər
surətdə, birinə az, o birinə çox ola bilməz. Ona görə də hər bir obraz mənim
üçün əzizdi. Tamaşalarımdakı
obrazların həyatı, taleyi
aktyorların ifasında tamaşaçıya
çatdırılır.
Əgər obraz tamaşaçını qane edirsə uğurumdu, zəif
alınarsa bunda təbii ki, mənim
də payım var. Yazıçı hadisəni qələmə
alır, sözlə təsvir edir. Oxucu onun
yazdıqlarını yalnız ürəyinin,
ağlının süzgəcindən keçirib anlayır,
təsəvvür edir. Rejissor
isə bütün bunları, sözün həqiqi mənasında,
gözləri ilə görür və onu
canlandırmağı bacarır. Bu mənada rejissorun ikinci bir
həyatı var ki, bu, heç də birinci həyatından
geri qalmır. Hər hansı
bir tamaşanı hazırlayarkən
günlərlə, aylarla fikirlərim, düşüncələrim
yalnız həmin əsərə köklənir. Gecə
də, gündüz də məşq etdiyimiz tamaşa ilə
yaşayıram. Hər bir aktyorun
rolunu özlüyümdə məşq edirəm, mizan qururam, priyomları
düşünürəm və s. Bütün bunlar mənim təkcə işim deyil. Bu, həm
də mənim taleyimdi, xarakterimə,
dünyagörüşümə, həyata və insanlara
baxışıma, düşüncə və
davranışıma uyğun yaşam tərzimdi...
Həmsöhbətim
bu yaşam tərzinin sərhədləri
daxilində rejissor taleyinin televiziya ömrünü
qüsursuz yaşamağa çalışır. Televiziya
qaynar həyatdı. O da bu həyatın içində illərdi öz "məhsullarını qaynadır". "Qaynatdlğl
bütün məhsullar" çox da gözəl və rahat "həzm"
olunur. "Komediyalar aləminə
səyahət" , eləcə də "Səhər
görüşləri" və
"Dalğa" tamaşaçıların
çox sevdiyi verilişlər
olub. 70-ci illərdə televiziyada verilişlərin hansı
çətinliklər hesabina başa
gəldiyini nəzərə alsaq, Məhərrəm
müəllimin üç il rejissorluq etdiyi "Səhər
görüşləri"nə olan tamaşaçı
sevgisinin kökündə nələr
dayandığını başa düşmək çətin deyil. Rejissor zəhmətindən
doğan sevginin ortaya qoyduğu
veriliş haqqında Məhərrəm müəllim belə
danişdı:
- Əslində ilk verilişi
başqa rejissorlar hazırlamışdılar. Amma
televiziyanın o vaxtkı sədri Qurban Yusifzadənin
xoşuna gəlməmişdi. Özüm təklif etdim ki,
verilişi mənə həvalə
etsinlər. Veriliş həftəlik idi, üç gün
qalmış razılıq verdilər. İki gün gecə-gündüz
məşq etdik. Verilişdə Əliağa Ağayev, Səyavuş
Aslan, Hüseynağa Sadıqov iştirak edirdilər. Aylar
keçdikcə "Səhər görüşləri"
o qədər populyar oldu ki, ulu
öndər Heydər Əliyev rayonlara gedəndə insanlar
xahiş ediblər ki, o verilişi təkrar verin, biz də
baxmaq istəyirik. Zəhmətkeşlərin arzusunu nəzərə
alıb "Səhər görüşləri"ni
axşamlar da təkrar verirdilər. Mən bu verilişə 3
il rejissorluq etmişəm. Hacıbaba Bağırov, Səyavuş
Aslan, Nəsibə Zeynalova, Gülşən Qurbanova "Səhər görüşləri"
ilə populyar oldular. Veriliş demək olar ki, satirası,
yumoru ilə bir məktəb oldu. Seyfəddin Dağlı,
Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi qələm
sahibləri bu verilişə səhnəciklər
yazırdılar. Aktyorlar da sorğu-sualsız mənim
çağırışıma gəlirdilər.
Çünki mən onlara sərbəstlik
verirdim. Aktyorla rejissor qarşılıqlı surətdə
bir-birinə inanırsa, bu o deməkdir ki, tamaşa gözlənilən nəticəni
verəcəkdir. Hətta başqa rejissorlar Nəsibə
Zeynalovanı çəkəndə deyirdi ki, Məhərrəm
gəlsin dayansın orda. O, mənə çox
inanırdı...
x. x. x
Ağlım
kəsəndən Azərbaycan televiziyasında bir çox verilişlərin və
xeyli sayda tamaşanın subtitrlərində
"Rejissoru Məhərrəm Bədirzadə" sözlərini
oxumuşam. Və həmin o
üç kəlməlik təqdimat
rejissorun adını yaddaşıma əbədi həkk
edib. Əminəm mənim kimi minlərlə, milyonlarla
tamaşaçı Məhərrəm
müəllimin adını
ekrandan oxuyublar və qiyabi olaraq onun şəxsiyyətini
seviblər. Məhərrəm müəllimin şəxsiyyətinə
olan diqqət və hörmət quruluş verdiyi əsərlərin
tamaşaçı sevgisi qazanması üçün də
stimul olub.
Yaradıcı
insan o zaman xoşbəxt olur ki, şəxsən tanımasalar
da ortaya qoyduğu yaradıcılıq məhsulları sevilir.
Və bu sevgi həmin yaradıcı şəxsin sözün yaxşı mənasında,
şöhrət tapmasına təkan verir. Məncə, Məhərrəm
müəllimə şöhrət qazandıran "Mən sənin dayınam"
(Elçin), "Gəlinlər"
(Mirzəağa Atəş),
"Qaynana əməliyyatı (Əhməd Orucoğlu),
"Gəl qohum olaq" (İsi Məlikzadə), "Yubiley" (A.P.Çexov),
"Sərgüzəşti-vəziri-xani-Lənkəran"
(M.F.Axundov) tamaşalarıdı. Bu tamaşalarda incə yumor, gözlənilməz
anlar, xoş həyəcanlar rejissor ustalığı ilə
hazırlanib. Onun Ənvər
Seyidovun romanları əsasında quruluş verdiyi "Gürzə",
"Ünvansız eşq", "Təlatüm" ,
Aydın Ağazadənin "Sonuncu şahid" filmlərini
də tamaşaçılar
çox böyük maraqla izləyiblər.
AzTV və
onun kollektivi Məhərrəm müəllim üçün
çox doğmadı. Qəlbində,
xatirəsində hər kəsin öz guşəsi var. Bu
guşədə məskunlaşan
aktyorlar, diktorlar, aparıcılar, ssenaristlər,
jurnalistlərlə yanaşı, televiziyanın texniki heyətindən tutmuş
gözətçisinə qədər hər kəs ona
hörmət edir, diqqət göstərir. Bunların
arasında eləsi var ki, rejissora daha yaxındı, daha
doğmadı. Məhərrəm Bədirzadə işlədiyi müddətdə hər zaman
televiziya rəhbərlərinin hörmətini, diqqətini və
qayğısını qazanıb. Deyir ki, bu gün də sədr
Arif Alişanov mənim üçün gərəkli şəraiti
yaradıb. Hazırladığım
verilişlərə heç bir irad tutmur,
yaradıcılığıma böyük qiymət verir.
-Məhərrəm
müəllim, heç elə olubmu ki, özünüzü sənətinizdən
bezmiş kimi hiss edəsəniz?
-Yox, bezməmişəm
də, usanmamışam da. Əksinə illər keçdikcə
yaradıcılıq məni daha çox içinə çəkib.
Mənim ordan çıxmağım mümkün deyil. Amma nə
gizlədim, inciyən vaxtlarım olub. Biganəlik və
etinasızlıqdan dolayı
içimdə yaranan firtinalarda çabalasam da, imtina etmək, uzaqlaşmaq barədə qətiyyən düşünməmişəm.
-İş yerinizi dəyişmək
fikrinə də düşməmisiz?
-Bu,
mümkün deyil. Bura mənim evimdi. Bu evin bir hissəsində
əllərimlə qurduğum, yaratdığım yuvamdan uzaqlaşa bilmərəm. ANS-dən
də, Lider-dən də dəvət
almışam. Amma doğma yuvamı qoyub getməmişəm. Oralar nə qədər
yaxşı olsa da mən rahatlıq tapa bilmərəm. Son bir neçə ildə AzTV-də
yaradılan geniş şərait, texniki imkanlar əməkdaşlar
üçün istənilən meydanı açıb. Bu
yeniliklər birbaşa televiziyanın indiki rəhbərinin
adı ilə bağlıdı...
x.x.x.
Əslində bəziləri üçün getmək asandı, dönmək ondan da rahatdı. Amma Məhərrəm müəllimin doğma evi olan AzTV-dən getməməyinin bünövrəsində nə dayandığını anlamaq elə də çətin deyil. İnsan ömrünün 50 ilini "xərclədiyi" mühitdən necə uzaqlaşa bilər? 50 il bir insan ömrüdü, amma həm də 50 il nədi ki? 50 il əvvəl ürəyində baş qaldıran arzuların hamısına ötən illər hansı bəhrəni verib? Bu suala Məhərrəm müəllim belə cavab verdi ki, yaradıcı insana 50 il, 100 il də azlıq edir. Çünki yaradıcılığın sərhədləri olmadığı kimi, o, zamana da sığmır. Zaman yaradıcı insanın heç vaxt xeyrinə işləmir. İllər yavaş-yavaş onun varını-yoxunu əlindən alır. Amma ötən illərin yaradıcılıq taleyimdə qoyduğu xoş məqamlardan tutmuş, ağrılı xatirələrə qədər gəldiyim yolda yaxşılıq emək, insanlara doğruluğun, dürüstlüyün istiqamətini göstərmək, ikiüzlü, yalançı adamlardan qaçmaq, qorxmamaq, cəsarət göstərmək, prinsipiallıq nümayiş etdirmək xeyrimə olub. Bəlkə də illərə bu sadaladıqlarımla meydan oxumuşam. Bütün bunlar doğma AzTV-də yaşanıb. Yaşanmışlardan üz döndərmək olmur, arxa çevirmək doğru deyil...
Məhərrəm müəllim televiziyada 42 tamaşa, 5 serial hazırlayıb. 60 yaşında Əməkdar İncəsənət Xadimi adı alıb. 2000-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Bu mükafatı Teatr Xadimlər İttifaqı təsis edib və televiziya rejissorları arasında yeganə sənətkardı ki, Məhərrəm Bədirzadəyə verilib - "Gəlinlər" tamaşasına görə. 16 il Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. Məşhur aktyorlar Sevil Xəlilova, Ramiz Əzizbəyli, Afaq Bəşirqızı, Mərahim Fərzəlibəyov tələbələri olub. Məhərrəm Bədirzadə müxtəlif səpkili rollari ifa edən Nahidə Orucova, Nurəddin Mehdixanlı, Mirzə Ağabəyli, Ramiz Novruz, İlham və Namiq Kamal qardaşları, Sevinc Əliyeva, Midhət Aydın, Pərvanə Qurbanova, Yasin Qarayev, Əjdər Həmidov, Rafiq Əzimov, Rafael Dadaşov, Yaşar Nuri, Səyavuş Aslan, Nəsibə Zeynalova kimi aktyorlarla işləməkdən hər zaman zövq alıb.
Komediya aktyoru olan Səyavuş Aslanı "Sehrli güzgü" tamaşasında ilk dəfə dramatik rola çəkib. Həmin tamaşada Kamal Xudaverdiyev, Məmmədrza Şeyxzamanovla yanaşı rol alan Səyavuş Aslan sonralar deyirdi ki, dramatik rolları ifa etməyə onu Məhərrəm Bədirzadə həvəsləndirib. Bu gün Azərbaycan televiziyasında işləyən gənc rejissorlar Sərxan Aydınoğlu, Bəhram Yaqublu, Elnurə Kazımova da Məhərrəm müəllimin tələbələridi. Bu gənclər peşəkar rejissordan öyrənir, onun ustalığının sirlərinə vaqif olurlar. Gənc aktyor Ənvər Məmmədov isə Məhərrəm Bədirzadəni özünün idealı sayır.
Məhərrəm
müəllim teatrdan fərqli olan televiziyanin rejissorudu. Mənə
elə gəlir ki, yaradıcılıq baxımından
teatrın və televiziyanın səhnəsində fərq
yoxdu. Yetər ki, yaradanlar
yaratdıqlarını bu səhnədə göstərə
bilsinlər. Onsuz da televiziyada
oynayan aktyorlar teatrdan dəvət olunurlar. Bir çox hallarda
teatr məktəbindən keçənlər televiziyanın
yaradıcılıq studiyasından boy göstərirlər. Bu baxımdan Məhərrəm
müəllimi bütün teatrların rejissoru saymaq olar. Hətta
90-cı illərdə Akademik Milli Dram Teatrında Cahan
Əfruzun "İlham pərisi" əsərinə
quruluş verib. Rejissorun bu tamaşası çox da rəğbətlə
qarşılanıb. Əminəm ki, Məhərrəm müəllim
bu gün də teatrda tamaşa hazırlayar, amma televiziyanin
aurasından çıxmaq onun üçün çox
çətindi. Televiziya sevgisi onun teatr istəyini üstələyir.
MƏHƏRRƏM
BƏDİRZADƏ
Züleyxa Nadir
Olaylar.- 2017.- 27 oktyabr.- S.12.