Öz yolunun sahibi Sahib
Telefonum zəng çaldı. Köhnəlməyən köhnə dostlarımdan biri idi. - Bu günlərdə 70 yaşım tamam olur, - dedi və susdu; əzəli-əbədi dağlar, daşlar, gəldi-gedər buludlar, axıb tükənməyən çaylar kimi susdu...
Əvvəlcə istədim xoş bir söz deyim, təbrik edim, lakin sükutun qışqıran səsi mane oldu. Min illik qalanın baxımsız bünövrə daşları necə susa-susa qışqırırsa, eləcə qıyya çəkirdi sükut. Və sükutun söylədiyi həqiqətləri dinləyə-dinləyə, nəhayət, dedim ki, mübarək olsun...
O, Azərbaycan Televiziyasının neçə ildir ki, təqaüdə çıxan ali dərəcəli, ustad rejissorlarındandır. Əvvəllər "Xəbərlər" redaksiyasında, daha sonra isə mənim rəhbərlik etdiyim "Ədəbi dram verilişləri" baş redaksiyasında işləyib; işgüzarlığı, işə məsuliyyətli münasibəti, telerejissorluğun klassik yaradıcılıq yollarına sədaqəti, nəhayət, Azərbaycan Televiziya, xüsusilə, Telefilm tarixinə daxil olan sənət uğurları ilə seçilib, necə deyərlər, adını milli telesalnaməmizə həkk edib Sahib Əhmədov.
Qəfil telefon zəngindən sonra qəflətən başladığım bu məqalənin ilk cümlələrini yaza-yaza, təxminən, iyirmi illik yaradıcı əməkdaşlığımızın veriliş və sənədli filmlərlə zəngin yollarını düşünürəm. "Qədim yurdun baharı", "Naxçıvanın qış nağılı", "Tarixin yollarında" (Tarixçi alim, professor Vəli Əliyev haqqında), "Bir ömürlük xatirə" (Dilçi alim, professor Nəsir Məmmədov haqqında), "Naxçıvan: azadlığın addımları" (Üç film), "Əbədiyyət ünvanı", "Naxçıvan inkişaf yollarında", "İnkişafın yeni mərhələsi", "Bir ovuc torpağın poeziyası", "Mirzə Cəlil möcüzəsi", "Heydər Əliyev və Naxçıvan", "Şərqdə doğan günəş" və başqa sənədli telefilmlərin rejissoru olan Sahib Əhmədovun sükutunu, susa-susa dediklərini eşidirəm. Bu ara sükutun dolaylarında başqa bir səs də baş qaldırır. "Bir ovuc torpağın poeziyası" yaxşıdır deyir, filmin adı mümkünsə belə olsun; sükutun sirli sahillərinə, sıldırım qayalarına boylanıram və aramızdan vaxtsız getmiş nurlu bir insanın, TƏBƏSSÜM TARİXÇƏSİ Elman Həbibin gülümsər baxışlarını görürəm; özünəməxsus təmkinlə, inam və ümidlə mənə baxır, hamımız "Bir ovuc torpaq olacağıq əvvəl-axır, - deyir, - mənim haqqımda çəkdiyiniz bu filmin adını "Bir ovuc torpağın poeziyası" qoyun...
Gecə yarıdan keçmişdi. İnandağ tərəfdən sərin meh əsən əsrarlı bir gecəydi. İstedadlı şair, publisist, təxminən on il Naxçıvan MR Dövlət Teleradiosunun sədri olan Elman Həbibin təzə evinin həyətində oturmuşduq, çay içə-içə artıq çəkilişləri başlamış filmin adı, əsas bədii-sənədli istiqamətləri, yaradıcılıq intonasiyası, İsa Həbibbəyli, Nurəddin Həbibov, Tofiq Məmmədov, Asim Yadigar və başqa iştirakçıları haqqında düşünür, götür-qoy edirdik. Elmanın həvəslə, həyəcanla irəli sürdüyü təklif hamımızı tutmuşdu. Rejissor Sahib də, operator Müşfiq də Elmanı dinləyə-dinləyə mənə baxırdılar. Dedim ki, mənə baxmayın, filmin əsas müəllifi rejissordur, əvvəlcə Sahibin fikrini öyrənək. Sahib adəti üzrə qımışdı, tez də özünü yığışdırıb rəsmi görkəm aldı, - yaxşı fikirdir, dedi, sonra da əlavə etdi, amma bir az ölümü-zadı yada salır, bir az da uzundur, bir az ışıqlı ad olsa...
Elman gülümsədi:
Qardaş, sənin bir azların bir
çoxlar oldu...
Hamımız güldük.
Əslində, mən də Sahibin sözləri ilə şərikəm, amma Elmanın təklif etdiyi ad da qeyri-adiliyi, bədii-fəlsəfi sanbalı ilə cəlbedicidir, - hər iki dostumun mövqeyinə hörmətimi, səmimi münasibətimi bildirib, əsas sözümü dedim. - Bu adı filmin bütöv məzmununa, fəlsəfəsinə uyğunlaşdıra bilsək, əla olar, bu da hörmətli şairin poetik qüdrətiylə bağlı məsələdir, yəni uyğun bir şeir yazmalıdır.
Elman Həbib zarafatıma zarafatla da
cavab verdi:
Böyük yazıçıya deyim
ki, bu şair lələşin əsil poetik qüdrət
sahibidir, lakin Sahibin sözünə də hörmələ
yanaşıram, amma sahibsizlik də bir başqa dərddir...
Yenə güldük.
Hə, şair, yaradıcı heyət
səndən bir şeir istəyir, həmin dediyin adda və
ladda...
Mən o şeiri otuz il əvvəl,
yaradıcılığımın ilk
dövründə yazmışam və ilk kitabımda da çap olunub. -
Elman Həbibin bu sözləri hamımızı təəccübləndirdi.
Sonra otuzdan çox kitabın müəllifi
Elman Həbib otuz il əvvəl
yazdığı "Bir ovuc torpağın poeziyası"
adlı həmin şeirini söylədi. Şeirin
ovqatı, ruhi intonasiyası, fəlsəfəsi əsil biz istəyən
idi, məhz neçə gündür ki, mübahisə və
müzakirələrlə axtardığımızı
tapmışdıq.
Sonra operator Müşfiq
Qasımov, rejissor Sahib Əhmədov Elman Həbibin təzə
evinin həyətində, saçaq-saçaq ulduzları
sayraşan, ayı gülümsəyən sükut dolu səmanın
altında çəkiliş texnikasını sazladılar,
hazır vəziyyətə gətirdilər. Şair bir az əvvəl
birnəfəsə dediyi şeirini kamera qarşısında dəfələrlə
çaşa-çaşa, az qala zülm çəkə-çəkə
söylədi. Və nəhayət, şeirin son
misrasını deyib dərindən nəfəs aldı,
alnında puçurlayan təri sildi, Sahibə baxa-baxa sirr dolu
acı bir təbəssümlə dilləndi: - Doğrudan da
çox ağır şeirdir... - Susub yenə dərindən
nəfəs aldı, - Bakıda bir də fikirləşərsiniz,
özünüz baxın da... - Və uzun-uzadı susdu, elə
susdu ki, sükutun soyuq qar-qırovlu
qışqırığından qulaq tutulur, canda ruh, damarda
qan göynəyirdi...
Və "Bir ovuc torpağın
poeziyası" adlı həmin sənədli telefilm 1909-cu il 4 sentyabrda efirə gedəndən bir az sonra
Elman Həbib qəflətən dünyasını dəyişdi.
Bu xəbər hamımızı sarsıtdı, heyrətləndirdi,
ruhumuzda sirli-susqun küləklər əsdi, otuz il əvvəl yazılan şeirin qəfil
çağırış zərbələri qəlbimizin
qapılarını döydü. Elman Həbib o kədərli
şeiri niyə qəfildən yada saldı, niyə əzab
çəkə-çəkə dedi və niyə
uzun-uzadı susdu - bilən olmadı...
***
Onun filmlərindən çalınan zənglərin,
döyülən qapıların səsi gəlir. O səslərin
ritmini, ahəngini tutanda, tapanda, təsviri baxımdan həll
edəndə inanıram ki, film alınacaq.
"Şərqdə
doğan günəş" filminin ilk çəkiliş
günü Naxçıvanın qədim guşələrindən
birinə -- Duzdağa getmişdik. Yağışın
yuyub, günəşin yandırıb
şırım-şırım etdiyi xına rəngli
Duzdağ yamaclarından yodlu duz qarışıq yanıq iyi
gəlirdi. Daş, dəmir dövrlərinin
simvolik görüntülərini, əbədiyyətə
dönən sükut dolu səslərini çəkmək istəyirdik.
Müşfiq çox axtarandan sonra qıraq bir təpədə
kamerası ilə mövqe tutmuşdu. Sahib və naxçıvanlı cavan assistent
çox böyük əziyyətlə kövrək,
yarğanlı yamacın lap yuxarısına
çıxmışdılar, naxçıvanlı məşhur
arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Bəxşəliyev
və mən gözümüzü monitora zilləmişdik.
Sahib Duzdağın hündür yamacından
qışqırdı:
Müşfiq, başla! - Sonra
assistentlə birlikdə bəlkə min illərdir sükut
içində mürgüləyən daşları, qara qonur
qaya parçalarını tərpədib aşağı
diyirlətdilər. Qeyri-adi bir mənzərə
yarandı. Sanki yamac yarğanlayır,
daş-torpaq seli axıb dərənin dibinə gedirdi.
Monitora baxa-baxa, sükutun səslərini
dinləyə-dinləyə arxeoloq dostuma dedim:
Möcüzəli mənzərədir,
film alınacaq.
Arxeoloq da razılığını
bildirdi:
Hə, heç düşünməzdim
ki, belə qeyri-adi mənzərə çəkilə bilər,
atalar doğru deyib, çörəyi ver çörəkçiyə,
birini də üstəlik...
Hər dəfə "Şərqdə doğan
günəş" filmi efirdə göstəriləndə,
o səsli-sükutlu kadrları təzədən izləyəndə
arxeoloq dostumun, görkəmli alim Vəli Baxşəliyevin həmin
işıq dolu sözlərini yenidən eşidirəm, sənətkar
dostlarımın - Sahiblə Müşfiqin uğurlarına
yenidən sevinirəm.
"Şərqdə
doğan günəş" filmi Sahib Əhmədovun ən
yaxşı rejissor işlərindən biri oldu. Bu filmdən sonra mənə
Naxçıvan MR Əməkdar İncəsənət
xadimi, Sahib Əhmədova isə Naxçıvan MR Əməkdar
Mədəniyyət işçisi fəxri adları verildi.
Film haqqında resenziyalar, məqalələr yazıldı,
görkəmli sənətşünaslar söz dedi, yüksək
fikir bildirdi.
O, Naxçıvan haqqında 15 filmin
rejissorudur. Azərbaycanın bu qədim
sivilizasiya beşiyi, unikal elm və mədəniyyət mərkəzini
həmin filmlərin çəkiliş yollarında
qarış-qarış gəzib. Gəmiqayanın,
İnandağın, Əlincəqalanın zirvələrində,
Əshabi-Kəhfin, Göyçə gölün, Batabatın
möcüzəli mənzərələrində, beş min
yaşlı Naxçıvan şəhər mədəniyyətinin,
bağlar və dağlar gözəli Ordubadın misilsiz
memarlıq dünyasında çəkdiyi hər uğurlu,
yeni, orijinal kadra bütün qəlbi-qanıyla sevinib, beləcə
sevinə-sevinə xoşbəxt olub, qəlbində sükutun
sirli sahələrinə, xoşbəxtlik adasına
sığınıb Sahib Əhmədov. Məncə
dünyanın ən böyük xoşbəxtliyi dəbdəbəli
malikanələrdə, villalarda deyil, qəlbində tapıb
qovuşduğun o xoşbəxtlik adasındadır.Azərbaycan
teleməkanının sayıb-seçilən ustad
rejissorlarından olan Sahib Əhmədov o xoşbəxtlik
adasının SAHİBİ və SAKİNİDİR.
Mən Azərbaycan Televiziyasında
Bünyad Məmmədov, Kərim Kərimov, Vaqif Ağayev,
Nazim Abbas, Tarıyel Vəliyev,
Rauf Mirzəyev, Ramiz Həsənoğlu, Məhərrəm
Bədirzadə, Ələkbər Kazımovski, Ələkbər
Muradov, Rövşən Almuradlı, Miri Razyev, Elmira Şirməmmədova,
İradə Aydəmirova, Nadir Diridağlı, Etibar Babayev,
Sevil İbrahimova, Teymur Quliyev, Mehriban Hüseynli, Ramina Qarayeva,
Elnurə Kazımova, Nigar Əliyeva, Bəhram Yaqublu, Sərxan
Əhmədoğlu və başqa rejissorlarla çoxsaylı
bayram proqramları, silsilə verilişlər, bədii və
sənədli filmlər işləmişəm. Bu möhtəşəm
siyahıda Sahib Əhmədovun da özünəməxsus
yeri, mövqeyi var, Fikir və forma vəhdətinə, mətn
və təsvirin analitik sintezinə nail olmaq, ekran əsərinin
uğurlu ritmi, ilk kadrdan tapılaraq davam və inkişaf edən
təsvir-səs simvolikası, klassik
ölçü-biçini, mizan-tərəzini gözləmək,
sənədliliklə bədiiliyin mükəmməl
harmoniyası... bütün bunlar Sahib Əhmədov
telerejissurasının özəl keyfiyyətləri, sənətkarlıq
məziyyətləri sayıla bilər. Onun
filmlərində bədii-sənədli yükü, estetik
çəkisi olmayan kadr tapmaq çətin məsələdir.
Bir sözlə, O, REJİSSORDUR, gənc nəslə
USTAD DƏRSLƏR deyə biləcək bir sənətkardır.
Qəfil telefon zəngiylə
başladığım, birnəfəsə
yazdığım bu yazıda ənənəvi bioqrafik məqamlara
toxunmadım; o, harda dünyaya gəlib, hansı universitetin
hansı fakultəsini hansı ildə bitirib, haralarda işləyib,
kimlərdən sənət dərsi alıb, kimlərə sənətkarlıq
dərsi keçib... bütün bunları deməyə ehtiyac
görmədim. Əsası odur ki, o, ciddi bir rejissor taleyi
yaşayıb, Azərbaycan Televiziyasının qızıl
fondunu bir sıra uğurlu verilişlər, sənədli filmlərlə
zənginləşdirib. Və gəlib
çatıb 70 yaşına. 2017-ci ilin 6
avqustunda yetmiş yaşı tamam olan ustad rejissor Sahib Əhmədovun
hələ gediləcək yolları qalıb. O yollarda
yeni-yeni filmlər gözləyir bizi...
Mən köhməlməyən
köhnə dostumu, bu istedadlı sənətkarı, fədakar
ziyalını, möhtərəm və mötəbər mədəniyyət
xadimini sükutun xoşbəxtlik adasına sığınan
70 illik şərəfli yubileyində ürəkdən təbrik
edirəm, ona can sağlığı, yeni-yeni
yaradıcılıq uğurları, tükənməz sənət
sevincləri və gediləcək yolları inadla və inamla
getmək əzmi arzulayıram. Bu dünyada öz yolunun
halal SAHİBİ olmaqdan, öz yolunu axıra qədər
şərəflə getməkdən böyük xoşbəxtlik
yoxdur.
Sadıq
Elcanlı
Olaylar.- 2017.
-23-25 sentyabr.- S.12.