"O, bu meydanın ortasında
lap çoxdan
özünə yer tutub"
İşığın sönməsin,
Qulu Kəngərli!
Qələmi
götürüb birinci cümləni yazmaq əzabını həmkarlarım yaxşı bilirlər
- o da peşəkar jurnalist
haqqında nəsə səmimi bir yazı yazmaq istəyəsən,
həm də elə bir jurnalist ki, şərəfini və ləyaqətini,
eləcə də peşə məsuliyyətini və əxlaqını hər şeydən
üstün tutan SÖZ adamı ola. Bu SÖZ
adamı
sadaladığım
parametrləri özündə daşıyan, Azərbaycan jurnalistikasında
öz dəst-xətti olan, təkcə peşəkarlığı
ilə deyil, həm də illərin
ağrı-acısını arxada qoyan, təlatümlü
zamanların fırtınasından çıxan və məni
bu anlarda haqqında yazacağım yazıya "necə
başlayım, hansı cümləni qurum?" deyə özümə verdiyim sual
qarşında qoyan Qulu Kəngərlidi.
Əslində jurnalsit üçün öz sənətini bilməkdən doğan peşəkarlıq çox azdır. Əsil jurnalist insani keyfiyyətlərə və dəyərlərə malik, xalqının tarixini, dilini, mənəvi dünyasını bilən və sevən, özünəqədərki jurnalistika və mətbuat tarixindən xəbərdar olan, əqidəsinə, doğru bildiyi yoluna sadiq qalan vətəndaşdı. Qulu Kəngərli məhz belə vətəndaş-jurnalistdi.
Jurnalist SÖZ sənətkarıdı. Hər söz ayrılıqda yalnız bir məna daşıyır. Jurnalist isə həmin mənaya özünün hiss və duyğularını bükərək həyəcanını yükləyəndə SÖZ rəngarəng çalarlara bürünür, xoş ovqatla "bəzənir", mükəmməl bir sənət əsərinə çevrilir. Qulu Kəngərli belə sənətkar - jurnalistdi.
Jurnalist həmişə yaza-yaza öz içində böyüyür, onu narahat edən suallara cavab tapmağa çalışır, hansısa hissin dərinliklərinə enib orda özünü "itirib-batırır". Doğrudu, bir az uğurlu, bir az uğursuz yazıları da olur. Ancaq əgər hər şeyin əzəli SÖZdürsə, sonu da SÖZdür. Müqəddəs SÖZ jurnalistin içində yaranmış narahat suallara cavab tapmaqda əlindən tutub kömək edir. Belə "köməkçiyə" xəyanət etmək olmaz. Qulu Kəngərli SÖZün vəfalı dostudur.
Jurnalist o zaman hörmətə, diqqətə layiq olur ki, sənətinə, qələminə, imzasına hamıdan əvvəl özü hörmət edir, peşəsinin məsuliyyətini hiss edir, ağırlığına tab gətirir. Qulu Kəngərli məhz bu cür sanballı, ağır ləngərli jurnalistlərdəndi. O, həm də heç vaxt yorulmayan, usanmayan, xeyirxah, səxavətli, təmənnasız, sözün bütün mənalarında yaxşı nə varsa özündə ehtiva edən xarakter sahibidi.
***
Onunla mənim dostluğum, yoldaşlığım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğumuz illərdən başlayıb. Və o başlanğıc hələ də bitməyib. Bu günə qədər keçdiyimiz yollarda, arxada qoyduğumuz illərdə həmkar olaraq birlikdə addımladığımız günlər, aylar çox olub. 1990-cı illərin əvvəlində Azərbaycan radiosunda işləyirdi. Tez-tez mənim işlədiyim "Qafqaz" İnformasiya-Reklam Şirkətinə gəlirdi. Qulu ilə dostluqları zamanın çovğununa, tufanına tab gətirən, heç nə ilə sınmayan, Azərbaycan jurnalistikasının mogikanlarından olan cənnətlik Məmməd Nazimoğlu ilə birlikdə işləyirdik. Şirkətin nəzdindəki redaksiyada "Kuryer" qəzeti və "Arzu" dəb toplusu çıxarırdıq. Qrup yoldaşı olaraq ən çox da Məmmədin yanına gəlirdi. Çay süfrəsi arxasında oturub söhbətləşir, dərd-sərimizi bölüşür, xoş anlarımızdan söz açır, eləcə də dünyanın gərdişini müzakirə edirdik. Onu da deyim ki, çox vaxt təkcə üçümüz deyil, birlikdə çalışdığımız tələbə yoldaşlarımdan Rauf Ağayev, Mirzə Yusifov da söhbətə qoşulurdu. Cümşüd İsgəndər isə şirkətin sahibi idi, işi cox olduğundan bəzən bizimlə otura bilmirdi.
20 yanvar hadisəsi zamanı bütün Azərbaycan xalqı kimi bizim də kədərimiz, acımız ürəyimizə çökərək ağırlıq edirdi. Bu ağırlıqdan necə xilas olmaq üçün yollar arayırdıq. Hadisədən təxminən 8-10 gün keçmişdi. Belə qərara gəldik ki, şəhidlərin 40-na kimi bir buklet hazırlayaq. Anındaca bu işi Qulu boynuna götürdü. Doğrudu, mənim də bir az əməyim oldu. Amma meydanda ən çox Qulu göründü. Gecə bilmədi, gündüz bilmədi şəhidlərin evinə getdi. Onunla birlikdə Məmməd Nazimoğlu da şəhid qapılarını döydü. Gözü yaşlı, övladlarının itkisini canında daşıyan, ürəkləri paramparça olan şəhid anaları ilə söhbət etmək, sual vermək, fakt öyrənmək elə də asan deyildi. Çox ağrılı bir iş idi. Hər dəfə topladığı materialları redaksiyaya gətirib çap makinasında yığılmağa verəndə Qulunun hansı əzablardan keçdiyini, mənəvi işgəncənin hansı məqamlarını ürəyinə hopdurduğunu aydınca görür, hiss edirdik. Amma o, yolundan dönmədi. Yanvar şəhidləri haqqında materialı on beş günə topladı.
O zamanlar Bakıda bütün mətbəələr bağlanmışdı. Sovet ordusunun şəhərdə tanklarla gəzdiyi günlər idi, hər küçədə, döngədə əli avtomatlı sovet əsgəri ilə üz-üzə gəlirdik. Xalqı qorxu, xof altında saxlamağa çalışan SSRİ rəhbərliyinin gözü qarşısında belə bir iş görmək, insanları hər bir şəhidlə ayrıca tanış etmək qəhrəmanlıq tələb edirdi. Bunun üçün hər cür təhdidi, hətta ölüm qorxusunu belə gözə alan Qulu Kəngərlinin hazırladığı materiallar Bayılda - necə olmuşdusa yaddan çıxıb bağlanmayan mətbəədə çap olundu. Tirajı yüz mini keçən "Şəhidlər" bukleti şəhidlərin əbədi yolçuluğa çıxdıqları 40-cı gündə insanlara paylanıldı. Bir müddət sonra Qulu müəllim eyni mövzuda, amma bir qədər fərqli, bir qədər də geniş əhatəli bukleti "Azərbaycan" nəşriyyatında çap etdirdi. Bu dəfə bütün işləri təkbaşına görmüşdü. Bu, onun vətəndaşlıq borcu və millət sevgisi idi. Bu, onun peşə borcu və insanlıq vəzifəsi idi.
Amma o, borcunu bununla bitmiş saymadı. Şəhidlərlə bağlı işini elə həmin ildəcə çap etdirdiyi "Qara yanvar şəhidləri" adlı kitabında daha geniş formada təkrar yazdı. Kitab həm də rus dilində çap olundu. Bir il sonra - 1991-ci ildə "Erməni lobbisi. Azərbaycan faciəsi" kitabını oxucuların diqqətinə çatdırdı. Bu kitabda mənfur qonşularımızın çirkin mahiyyətini qələmə aldı. Erməni lobbisinin Azərbaycan xalqına qarşı yönəlmiş yaramaz fəaliyyətini tarixi faktlarla yazdı, ifşa etdi. 1997-ci ildə isə "Qanlı şənbəyə gedən yol" kitabı ilə sübut etdi ki, o, millətini sevən, xalqına dəyər verən, vətənin ağrı-acısını ürəyində gəzdirən bir insandı. Özünün dəyərini isə yazdığı publisitik yazıların çəkisi, çap etdirdiyi kitabların məzmunu ilə ortaya qoydu.
***
Qulu özü bu hadisəni mənə danışıb. 1988 ya da 1989-cu il idi. O zaman Qulunun "Odlar yurdu" qəzetində ABŞ-da yaşayan azərbaycanşünas alim Todeuş Svyataxovski ilə müsahibəsi çap olunub. Azərbaycan mətbuatında ilk dəfə belə bir fikir yer alıb ki, Ermənistan ərazisi, o cümlədən də İrəvan Azərbaycan torpaqlarıdı. Məqalə ilə əlaqədar Mərkəzi Komitədə müşavirə çağırılıb. Müşavirədə qəzetin redaktoru Ramiz Əsgər və yazı müəllifi Qulu Kəngərlidən başqa çoxlu sayda redaktor və MK-nın məsul işçiləri iştirak ediblər. Həmin dövrdə Elçin Əfəndiyev "VƏTƏN " Cəmiyyətinin sədri idi, qəzet də bu qurumun orqanı kimi fəaliyyət göstərirdi.
Müşavirədə Elçinə irad tutublar ki, belə materialın çap olunması yolverilməzdi. Cavab versin görək bu cür yazının çap olunmasına niyə icazə verib? Elçin qəzeti də, yazını və müəllifi də müdafiə edərək deyib ki, deyilən fikir doğrudur, heç bir yanlışlıq yoxdu. O torpaqlar tarixən Azərbaycanın deyilmi? Fikrini əsaslı faktlarla sübut edib. Bundan sonra qərara alınıb ki, yazı Azərinform xətti ilə Azərbaycan və rus dillərində fəaliyyət göstərən bütün qəzetlərdə çap olunsun. Elə də olub, lakin Qulu Kəngərlinin imzası çıxarılıb.
Daha bir fakt. 90-cı illərdə həmin qəzetdə elə olurdu ki, Qulu Kəngərlinin bir nömrədə dörd yazısı gedirdi. Qulu Kəngərli, Qulu Dərələyəzli, Qulu Kazımov, Q.K. imzaları ilə yazılan bu yazılarda o, Azərbaycan həqiqətlərini qələmə alaraq dünyaya açılan qəzet pəncərəsindən özünün və Azərbaycanın haqq səsini eşitdirirdi. Bir dəfə yazılarının birində Mirzə Xəzərə ünvanlanan tənqidi fikirlərini qeyd edib. Həmin axşam Mirzə Xəzər "Azadlıq" radiosunda öz reaksiyasını belə verib: "Azərbaycanda bir jurnalist peyda olub, dörd soyadı var. Bu adamın müxtəlif imzalarla yazı yazmaqda məqsədi nədi, görəsən"?
Bu, o demək idi ki, SÖZ hədəfə dəyərək sahibini ağrıtmışdı...
***
Bunlar Qulu Kəngərlinin jurnalist fəaliyyətinin bir
damlasıdı. Ötüb-keçmiş
zamanlarda başına gələn qəribə olaylardı.
Amma bu günkü fəaliyyətindən də
yazmasam günah etmiş olaram.
O, 1998-ci ildən
AzərTacın Orta Asiyadakı müxbiridi. Özbəkistan,
Qırğızıstan, Tacikistan və Pakistanda fəaliyyət
göstərir. Azərbaycanı dörd ölkədə
təmsil etmək, xəbər yazmaq Qulu Kəngərli kimi
peşəkardan ötrü çətin deyil.
O, təkcə
xəbər yazıb Azərbaycana göndərmir, həm də
Özbəkistan və Qırğızıstan mətbuatında
Azərbaycan haqqında materiallar yazır. Bu,
onun ordakı işinin bir elementidi. Bundan başqa Qulu müəllim Azərbaycan
yazıçılarının
əsərlərinin özbək dilinə tərcümə
olunub çap olunmasında da
böyük zəhmət çəkir, mənəvi dəstəyini
əsirgəmir. Sabir Rüstəmxanlının
"Göy Tanrı", Anarın "Mən, sən, o və
telefon", "Qırmızı limuzin", Yunus
Oğuzun "Əmir Teymur",
"Şah arvadı və cadugər", "Sultan Alp
Arslan" əsərləri, "XX əsr Azərbaycan
poeziyası antologiyası", Hidayətin "Dağların
mahnısı"əsərləri, eləcə də Azərbaycan
yazıçılarının "Ömürdən uzun gecə"
adlı hekayələr kitabının çap olunub ərsəyə
gəlməsində çox böyük zəhməti var.
Özbəkistanda nəşr olunan "Cahan ədəbiyyatı" jurnalında Hüseyn Cavidin
"Şeyx Sənan", Elçinin "Baladadaşın
toy hamamı" və "Baladadaşın məhəbbəti"
povestlərinin çap
olunması da bilavasitə Qulu Kəngərlinin əməyinin
məhuludu. Ay ərzində 50-60 xəbər yazıb Azərbaycana
göndərmək, yerli mətbuatda imazanı tanıtmaq, beynəlxalq tədbirlərdə
iştirak etmək - bunlar hamısı cəldlik, çeviklik
və operativlik tələb edir. İllərin təcrübəsini
toplamış Qulu Kəngərli üçün bu, onun həyat
tərzinin bir hissəsi, sevdiyi işdi.
Həyatda
seçdiyi yola bütün varlığı ilə
bağlanan, məsləkinə və əqidəsinə
heç vaxt xəyanət etməyən, daim yararlı və xeyirli
işlər görən,
yaxşılıq etməyə can atan, bununla da
çoxlarından fərqlənən xeyli sayda insan
tanıyıram. Bunlar müxtəlif peşə
sahibləri, elm adamları, ziyalılar, vəzifəli şəxslərdi.
Qulu Kəngərli isə bütün bunların önündə
gedən, hətta çəkinmədən deyirəm ki,
fövqündə dayanan bir jurnalistdi. O, hadisələrin
içinə girməyi bacaran, xəbəri məqamında
hazırlayıb çatdıran jurnalistdi. Bu da
radiodan gələn bir operativlik və peşəkarlıqdı.
Uzun illər Azərbaycan radiosunda dinləyicilərə
günün ən aktual xəbərlərini
çatdıraraq peşəkar xəbər ustasına
çevrilən tək-tək jurnalislərdən olan Qulu Kəngərli
bu meydanın ortasında lap çoxdan özünə yer
tutub.
***
Bu gün Qulu Kəngərli ömrünün 60-cı
baharına əlvida deyərək 61- ın qapısından
içəri girir. Yüz faiz əminəm ki, dönüb
arxaya baxanda keçmişin acılı-şirinli xatirələrini
vərəqləyərək ötən günlərin
nostalji hisslərinə yüklənir. Təbii
ki, bu "yükün" nə olduğunu özü daha
yaxşı bilir. Mən isə tələbə
yoldaşı kimi uzun illərin dostluğu fonunda yol gəldiyi
60 ilin bəzi məqamlarına çıraq tuta
bildim.Əslində daha çox yazmaq olar. Amma 40 illik
jurnalist fəaliyyətini bir yazıya yerləşdirmək
mümkün deyil. 60 illlik ömrün
dolaylarındakı yaşantının nədən ibarət
olduğunu özündən başqa kimsə bilməz. Sadəcə bu
yaşantının göünən tərəfinin, həm də
sözün geniş mənasında işıqlı səmtinin
və SÖZ dünyasındakı fəaliyyətinin cüzi
bir hissəsini yada saldım.
Əslində
60 yaş nədir ki?! Hələ ömrün uzun
yolları var, bu yollarda addımlamaq var. Bu
yolda yıxılsan da,
büdrəsən də yenidən ayaqda durmaq var. Nə
etməli, həyat belədi: tufanlı, boranlı. Gərək bu tufanlardan
keçib borandan adlaya biləsən. Nəyin arxasınca
düşdüyünü, nəyi
axtardığını
biləsən. İnsan nə axtarır ki?! İnsan nəyi gözləyir ki?! Xoşbəxtliyimi, səadətimi? Bəlkə insan ömrü boyu
özünü
axtarır?! Heç bir təyyarə, heç bir gəmi,
digər bir
nəqliyyat vasitəsi insanın özünü özündən
uzaqlaşdıra bilməz. Xoşbəxtlik axtarmaq o demək
deyil ki, onun
üçün düz-dünyanı gəzib-dolaşasan. Xoşbəxtlik və bədbəxtlik insanın
öz içindədir. Onu yük kimi
özünlə daşıyırsan - belədən beləyə,
elədən eləyə. Bu, çox etibarlı
yükdür. Hara gedirsən get nə itəcək, nə
batacaq, nə
azalacaq, nə də ki, artacaq. Tələbə dostuma
yalnız xoşbəxtlik yükü daşımağı
arzulayaraq daha bir neçə kəlmə ünvanlamaq istəyirəm:
- Keçmiş günlərə boylanıb orada nə axtarmağından asılı olmayaraq ən gözəl günlərin hələ yaşamadıqlarındı. Ötən günlərini, aylarını, illərini toplasan 60 edərmi? Azmı olar, çoxmu olar? Bunu özün daha yaxşı bilirsən. Amma onu bil ki, biz - səni sevənlər, eləcə də sənin sevdilklərin, doğmaların, əzizlərin qocalığın qapısına, müdrikliyin zirvəsinə doğru uzanan cığırda həmişə səninləyik. Bu qoca dünya başını aldadıb alnına 60 yazıb. Amma 61-ın qapısından içəri girəndə səni yaşlandırmağa başı qarışan dünyanın daha da gözəl olduğunu görəcəksən. İnan ki, qapısından içəri girdiyin ünvan taleyinin sonu olmayacaq. Bu zamana kimi yaşadığın ömürdə gözəl izlər qoymusan, sonrakı həyatında da bunu davam etdirəcəksən. Çünki xoşbəxt ailən, gül balaların var.
60 insanın üzündəki cizgilərdə ötən illərin acısını-şirinini gizlədən, yüzlərlə kövrək ümidi saxlayan və bu ümidlərlə gələcəyin qapısını açan bir yaşdır! 60 keçmişlə bu günün üz-üzə gəldiyi, sevginin, məhəbbətin şəfqətə, mərhəmətə döndüyü bir yaşdır! 60 hər atanda yek düşən hiyləgər bir zər, qazancı olmayan xain qumar, amma bu həqiqəti amansız illərin, vəfasız dünyanın üzünə çırparaq ucalığa qalxan bir yaşdı! 60 dopdolu bir ömür, 60 min yaşanmış öyüddü! 60 yaş parlaq işıqdı!
İşığın sönməsin, Qulu Kəngərli!
Və... qalan ömrün bu işığın nuruna boyansın!
Züleyxa NADİR
Olaylar.- 2017.- 10 yanvar.- S.10.