Söz, fikir və
məlumat azadlığının təmin olunması
yönündə əsaslı
nailiyyətlər əldə edilib
Cavid Şahverdiyev:
"KİVDF-nin fəalliyyəti də olduqca şəffafdır"
Azərbaycan
tarixində ikinci dəfə müstəqillik
əldə etdikdən sonra hər bir sahə kimi KİV-in də inkişafı əsas diqqət
mərkəzində oldu. Xüsusilə,
ümummilli lider Heydər
Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə
qayıdışından sonra dövlət
tərəfindən medianın inkişafına xüsusi olaraq diqqət
artdı. Qısa zamanda sovet
dövründən qalan senzura
ləğv edildi, ölkədə
müstəqil mətbu orqanlar
yaradıldı. Bu gün də Heydər Əliyev siyasi
kursu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının
medianın inkişafına yönəlik addımları və
dövlət tərəfindən bu sahənin
inkişafı məqsədilə edilən yardımlar ölkədə
fikir, söz və məlumat
azadlığının, plüralizmin təmin
olunmasına gətirib çıxarıb. Elə mətbuat
nümayəndələri, KİV rəhbərləri də bu qənaətdədirlər. Avrasiya
İnformasiya Agentliyinin
(www.avrasiya.net) təsisçisi və baş
direktoru Cavid
Şahverdiyevlə də müsahibəmiz məhz bu mövzudadır.
-Cavid bəy, Azərbaycanda mətbuatıln
vəziyyətini necə dəyərləndirərdiniz?
-Azərbaycan mətbuatı bu gün öz inkişafının ən yüksək səviyyəsindədir. Baxın, mətbuatımızın bütün problemləri həll olunub. Azərbaycan hakimiyyəti 1993-cü ildən mətbuatımızın "Azərbaycan" nəşriyyatına borcunu silib. "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun qəbul olunub, senzura ləğv edilib. Qəzet və jurnalların, elektron medianın sayı ildən-ilə artır. Mətbuata yaradılan demokratiyadan bütün media əhli yararlanır. Söz və mətbuat azadlığı qorunur. İstənilən media orqanında hakimiyyət strukturları belə tənqid olunur, mediamızda da obyektivlik qorunub saxlanılır. Azərbaycanda medianın inkişafını əngəlləyən heç bir maneəyə rast gəlmək mümkün deyil, jurnalistlər sərbəst şəkildə fikirlərini ictimailəşdirə bilirlər, heç bir təzyiqlə belə üzləşmirlər və üzləşə də bilməzlər. Çünki ölkədə jurnalistlərin informasiya əldə etmək haqqında hüquqları tanınıb, mövcud qanunvericilik çərçivəsində onların toxunulmazlıq hüqüqu qorunur. Ümumilikdə isə, bu gün Azərbaycan mətbuatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Ulu öndər Heydər Əliyevin media ilə bağlı siyasi kursunu bu gün onun layiqli varisi prezident İlham Əliyev uğurla davam etdirir. Davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur. Bu məsələyə toxunan dövlət başçısı "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər" - deyib. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı yönündə fundamental addımlar atıldı, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə əsaslı nailiyyətlər əldə edildi. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər media sektorunun inkişafını sürətləndirən amillərdəndir. Bir faktı da qeyd etmək yerinə düşər ki, KİVDF-nin fəalliyyəti də olduqca şəffafdır. Fond son illər fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. 2009-cu ildən hazırkı dövrə qədər Fonda dövlət büdcəsindən 27 milyon manata yaxın maliyyə vəsaiti ayrılıb. Həmin vəsait hesabına mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.
-Ölkədə
fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın
müstəqilləşməsinə nə dərəcədə
müsbət təsir göstərib?
-Kifayət qədər. Özü də bütün bu müsbət təsirlər qanuniləşdirilib. Hələ Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə prezidenti İlham Əliyev isə bu barədə deyib: "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır". Bütün bunların göstəricisidir ki, bu gün Azərbaycanda 5000-dən artıq KİV qeydiyyatdan keçmiş, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşmışdır. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
-Azərbaycanın medianın inkişafı sahəsində regionun lider dövləti rolunu oynamasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər nə dərəcədə əhəmiyyətlidir?
-Azərbaycan yalnız Qafqazda deyil, bütün dünyada media sahəsində də liderliyini qoruyub saxlayır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür.
-Etiraf edək ki, bu gün fikir
və söz azadlığından
sui-istifadə edən KİV-lər var. Bəs
həmin KİV-lərə qarşı sizcə hansı
addımlar atılmalıdır?
-Təəssüflər olsun ki, bundan sui-istifadə edənlər də sıramızda az deyil. Onlara qarşı birlikdə mübarizə aparmalıyıq. Azərbaycanda elektron media bolluğunda mediaya təsadüfən gələnlər çoxdur. Onlar mediadan təmizlənməlidirlər. Düzdür, son günlər DTX tərəfindən belə bir təmizləmə əməliyyatına başlanılıb və effektiv nəticələr əldə olunub. Amma bu davamlı xarakter almalıdır. Təsadüflər aramızda çoxdurlar, onların mövcudluğu mediamıza ləkədir. Mətbuat Şurası dövlətin müvafiq strukturları ilə birgə monitorinq aparmalıdır, həmin təsadüflərin fəaliyyəti yoxlanılmalıdır, araşdırılmalıdır, haradan maliyyələşdirildikləri üzə çıxarılmalıdır, ifşa olunmalıdırlar. Onlar Mətbuat Şurasının "qara siyahı"sına düşməklə canlarını qurtarmamalıdırlar, onların qapadılması üçün Şuraya dövlət səlahiyyəti verilməlidir. Ümumiyyətlə, millətin danışan dili olan Azərbaycan jurnalistikası cəmiyyətdə get-gedə daha ikrahdoğurucu vəziyyətə düşür. Utanmadan, çəkinmədən şantaja əl atırlar, reportaj hazırlamaq adıyla bölgələrə üz tuturlar, dövlət strukturlarının qapılarını döyürlər. Həmin təsadüflər şəbəkə halında fəaliyyət göstərirlər. Təbii ki, bu bütünlükdə mediamızın adına ləkədir. Elə media təmsilçiləri var ki, demokratiyadan sui-istifadə edərək məmurlara, ictimai-siyasi xadimlərimizə, tanınmışlarımıza şər, böhtan atır. Məhkəmə çəkişmələri sonda həmin media orqanının üzrxahlıq və ya təkzib verməsiylə bitir. Yenidən fəaliyyətini davam etdirir. Bu kimi şəxslərlə dövlət səviyyəsində mübarizə aparılmalıdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 10 yanvar.- S.15.