Söz və mətbuat azadlığı Azərbaycan

cəmiyyətin prioritet dəyərinə çevrilib

 

Məlumat azadlığının tərkib hissəsi informasiya əldə etmək hüququdur

 

Azərbaycan xalqının söz, mətbuat azadlığı uğrunda tarixi mübarizəsinin real məzmun kəsb edərək praktik surətdə gerçəkləşməsi XIX əsrə təsadüf edir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.

1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan bu qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı olmuşdur. Məhz bu mübarizənin nəticəsi olaraq da 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - "Əkinçi" qəzeti işıq üzü görmüşdür. Zərdabi və onun məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərlərinə götürmüşdülər. "Əkinçi"nin səhifələrində xalqa zülm edən bəylər, mülkədarlar kəskin tənqid edilir, insanların elm, təhsil, savad alması, maariflənməsinin vacibliyi geniş təbliğ edilirdi. Məhz buna görə də qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi maneələr törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə "Əkinçi"nin nəşrini dayandırmalı oldu. Görkəmli ziyalı 1905-ci ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində "Əkinçi"ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çar senzurasının təqiblərini açıb göstərmişdir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra, tarixi ənənələrini yaratmaq və inkişaf etdirmək kursu götürdü. Beləliklə, azad medianın inkişafı ilə bağlı demokratik qanunlar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. "Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Əsl, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Humanist olduğu qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtanyalanlara qarşı barışmaz olan Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi. Söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Ümummilli Lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, ordenmedallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmış, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunmuşdur. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoymuşdur. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilmişdir. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynamışdır. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" söyləyən Ulu Öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur. Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: "Bütövlükdə sözinformasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Sözinformasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyükuğurlu yol keçmişdir". Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Cənab İlham Əliyev prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" buna əyani sübutdur. "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyasiyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır" - deyən Prezident İlham Əliyevin bu fikirləri dövlət başçısının ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Milli mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti Sərəncamın imzalanması, mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə onlarla jurnalistin Prezident İlham Əliyevin Sərancamı ilə dövlətin orden və medalları ilə, fəxri fərmanlarla təltif edilməsi mətbuatın inkişafına, jurnalistlərin əməyinə verilən qiymətin davamlılığının nəticəsidir.

Qətiyyətlə demək olar ki, hazırda ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar vardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Fikirsöz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.

         

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 12 yanvar.- S.12.