Zəngəzur- Azərbaycanın

unudulmaz qan yaddaşı

 

Ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqırımı siyasəti barədə yalnız ötən əsrin 80-ci illərinin sonundan və 90-cı illərin əvvəllərindən açıqlamalar verilməyə başlanıldı. 70 illik yasaqdan sonra müstəqillik dövründə aparılan tədqiqatlar və araşdırmalar göstərir ki, tariximizin öyrənilməmiş səhifələrinin tədqiqi indi çox mühüm əhəmiyyət kəsb edir. Son illərə qədər isə bir çox faktlar, o cümlədən Bakı kommunasının fəaliyyəti səhv təlqin edilib, Zəngəzur qəzasının igid oğulları Sultan bəy və Xosrov bəy qardaşları barəsində heç bir tədqiqat aparılmayıb. Bu günlərdə Zəngəzurun Azərbaycana qaytarılması barədə məsələnin gündəmə gəlməsi bu mövzunu yenidən aktuallaşdırıb və Zəngəzurda böyüyüb, boya-başa çatmış, bu yurdun müdafiəsi uğrunda mücadilə göstərmiş qəhrəman oğullarımızın bir daha xatırlanmasına vəsilə olub.

 

Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov deyir ki, Zəngəzur Azərbaycanın unudulmaz qan yaddaşı kitabıdır. O, qeyd edib ki, XX əsrin əvvəllərindən sonunadək erməni vəhşilikləri ilə ilk qarşılaşan, onlara müqavimət göstərən də Zəngəzur torpağı və zəngəzurlular olublar: "Ən dəhşətlisi budur ki, 70 il qadağalarla, saxta beynəlmiləlçilik təbliğatı ilə faciələri bizə unutdurmağa çalışıblar. Yaşlı nəsildən fərqli olaraq, orta nəsil Zəngəzur adlı qədim torpaqlarımızın qanlı göz yaşında boğulduğundan xəbərsizdir. Xalqımızın sirri açılmamış elə tarixi-qəhrəmanlıq səhifələri var ki, bugünkü və gələcək nəsillərimiz bunları bilməlidir. Bu mənada Qarabağ və Zəngəzurun erməni quldurlarından qorunmasında və qırğınların digər bölgələrə yayılmasının qarşısının alınmasında misilsiz qəhrəmanlıq göstərmiş Sultan bəy və Xosrov bəy kimi xalq qəhrəmanlarımız haqqında araşdırmalar aparmaq, onları üzə çıxarmaq xüsusi əhəmiyyət kəsb edir". Şikar Qasımov deyir ki, Zəngəzurun igid oğlu Sultan bəyin soykökü indiki Laçın rayonunun Qurdgəzi (Qurdqajı - Kürdhacı) kəndi ilə bağlıdır. Bu kəndin ilk adı Qurdgəzi olub: "Lakin çar Rusiyasının yeritdiyi milli ayrı-seçkilik siyasətinə uyğun olaraq məqsədli şəkildə Qurdgəzi (Qurdqajı) kəndi Kürdhacı adını alıb və bolşevik hökuməti qurulduqdan sonra elə bu adla da sənədləşdirilib. XX əsrin əvvəlində azərbaycanlılara qarşı ermənilərin törətdikləri qırğınlar planlı şəkildə həyata keçirilməyə başlandı. O zaman Paşa bəy oğlu Sultan bəy Zəngəzurda igidliyi, vətənpərvərliyi, səxavəti və mərdanəliyi ilə böyük hörmət sahibi idi. Ümummilli lider Heydər Əliyev də Şuşa və Laçın rayonlarının sakinləri ilə görüşü zamanı bu igid insanın adını xüsusi vurğulayaraq "Sultan bəy cəsur bir qəhrəman olub" - demişdi. Bütün bunları nəzərə alaraq xalqımızın qəhrəman oğlunun Zəngəzurun, Göyçənin və Qarabağın erməni talanlarından qorunması uğrunda göstərdiyi fədakarlıqlardan ətraflı söz açmaq əhəmiyyətli olduğu qədər də şərəflidir. Ermənilərin 1905-1907-ci illərdə törətdikləri qırğınlar zamanı Sultan bəy misilsiz igidlik göstərir. Bütün Zəngəzur qəzasının müsəlman camaatını ayağa qaldırır, silah toplayır, varlı adamlara məcburi silah aldırır və yerli camaatdan döyüşçü dəstəsi yaradır. Sərhədlərin təhlükəsizliyini qorumaq məqsədilə hələ dinc vaxtlarda erməni tərəfə mühafizə məntəqələri qoydurarmış. Döyüşçüləri qarşısında həmişə deyərdi ki, döyüş vaxtı kim qarətçiliklə məşğul olsa, onu bölüyün qarşısında özüm güllələyəcəm. Odur ki, qaydaları pozanı ağır cəza gözləyərdi. Sultan bəy mükəmməl hərbi biliyə malik olduğu üçün döyüşdə "Dağlarda tufan", "Güllə ətdən keçib, ətdə soyumalı", "Zərbə dalınca zərbə", "Nalşəkilli mühasirə", "Üçbucaq", "Qəflətən hücum" və başqa hərbi taktikalardan istifadə edərmiş. Onun bu taktikasından bütün Zəngəzurda daşnak qoşunlarının dağıdılmasında böyük ustalıqla istifadə edilmişdi. Sultan bəy ermənilərin hərbi sirlərini öyrənmək üçün kəndlərdən zirək, qoçaq adamları seçərmiş. Hələ ermənilər İrəvan və Naxçıvan ərazilərində qırğın törədəndə Sultan bəy özü Dərələyəzi (Yeqnadzor), İstisuyu (Çermux) və bir neçə kəndi ermənilərdən təmizləmişdi. Hətta hücuma keçərkən döyüş yoldaşları onun qabaqda getməsinə mane olsalar da, Sultan bəy yenə də qoşunun önündə gedirmiş. Bu igid insan torpağının müdafiəsi uğrunda ermənilərə qarşı mübarizə apararkən varını, dövlətini əsirgəməmişdi. Hər dəfə döyüşqabağı və döyüşdən sonra əsgərlər üçün öz təsərrüfatından xeyli qaramalqoyun kəsdirər, qızıl pulla aldığı silahları kənd əhalisinə paylamaqdan zövq alarmış". Araşdırmaçı alim bildirir ki, Xosrov bəy özübütün imkanlarından istifadə edərək, türk və müsəlmanlar yaşayan kəndləri daşnakların hücumlarından qorumaq üçün silah-sursatla təchiz edirdi: "Bu silahlar Keçəldağ, Qaragöl, Üçtəpə, Burunkənd, Dığ, Şəlvə, Xınzirək, Qannıca, Minkənd, Quşçu, Mollaəhmədli, Güləbird, Malxələf, Fərəcan, Fərraş və digər döyüşlərdə əməlli-başlı kara gəlmişdi. Silah təminatı sayəsində Canqutaran dağının ətəyində təlim keçən 700 atlıdan ibarət Minkənd alayı Qaragöl, Üçtəpə, Burunkənd, Quşçu, Gorus istiqamətində hərəkət edib əsasən Xınzirək kəndinə doluşmuş çoxsaylı daşnak quldurlarına güclü zərbələr endirmişdi. Sultan bəyin Zəngəzur bölgəsində yaylaq məsələlərinin həlli, tərəkəmə ellərinin buralara arxayın gəlmələrinin təmin edilməsi və erməni birləşmələrinə layiqli cavab verilməsində də xüsusi xidməti olub. O, 1917-ci ilin yazında Cicimli kəndinin inzibati ərazisində yerləşən Məlik-Əjdər türbəsi yaxınlığındakı çadırda Araz çayı ətrafındakı bölgələrdən gəlmiş nümayəndələrlə yaylaq məsələsini müzakirə edir. Qatar (Qafan), Zəngilan, Cəbrayıl, Qubadlı bölgələrindən olan bəylərin iştirakı ilə keçən görüşdə deyirlər ki, əgər ermənilərin qarşısını ala bilməsək, bu il yaylaqlara elat gedə bilməyəcək, torpaqlarımız əldən gedəcəkdir. Çünki erməni daşnakları öz qüvvələrini Qaragöl həndəvərində yerləşdirmişlər. Sultan bəy təklifləri dinləyir və sonda döyüşün planını elan edir. Bildirir ki, Qaragöl döyüşü may ayının 10-da səhər saat 4-də başlanacaq. 1917-ci ilin may ayının 10-da Sultan bəyin rəhbərliyi ilə başlanan döyüşdə daşnaklar müqavimət göstərə bilməyərək qaçmağı üstün tuturlar. Qaragöl döyüşündə Sultan bəy 9 uzaqvuran, 5 yaxınvuran toplardan, 40 pulemyotdan, 3 min müxtəlif növ tüfəngdən, 120 qılıncdan, 50-dən çox gürzdən və minlərlə canlı qüvvədən istifadə etmişdi. Döyüş axşama qədər sürmüş və demək olar ki, daşnakların əsas hərbi sursatı məhv edilmişdi. Xeyli erməni əsir alınmışdı". Şikar Qasımovun sözlərinə görə, 1917-ci ilin sonları və 1918-ci ildə Naxçıvanı talan edən Andronik Ozanyan Sisyana (Zəngəzura) və oradan da Qarabağa keçmək üçün dəstəsi ilə hərəkət edir. Andronik Zəngəzura keçəndən sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Bazarçay boyunca yerləşən Ərikli, Pulkənd, Şikarlı (Şükarlı), Məliklər, Saybalı, Əlili, Zabazadır, Dulus, Ağdu, Şam, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Şükürbəyli və digər kəndləri xaraba qoyub əhalini qırıb çatırlar. Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini dağıtmışdı. Ağdu kəndində məscidə adamları yığıb bütün çıxışları bağlayıb. Sonra da məscidin damını söküb, içəri küləş doldurub od vurublar. Bakıda, Şamaxıda, Lənkəranda olduğu kimi insanları daha çox məscidlərdə məhv edirdilər. Andronikin quldur dəstəsi Zəngəzur qəzasının qərb hissəsini işğal etdikdən sonra şərqə doğru hərəkət edir. İndiki Laçın rayonunun sərhəd kəndləri iki dəfə 1918-ci ildə millətçi daşnakların vəhşi basqınlarına məruz qalmışdı. Sərhədə yaxın azərbaycanlıların yaşadığı Cağazur, Malıbəy, Mollaəhmədli, Zabuxb. kəndlər hələ "Qanlı dərə" döyüşünədək vəhşicəsinə talan olunmuş, evlər yandırılmışdı. Erməni kəndlərinin yaxınlığında yerləşən Cicimli və Ağalıq (Aşağı) Cicimli kəndləri 1905-ci ildən sonra ikinci dəfə - 1918-ci ildə erməni quldurları tərəfindən talan edilmişdi. Azğınlaşmış erməni dəstələri Tat kəndinin əhalisinin başına olmazın müsibətlər gətirmişlər. Daşnak ordusunun XX əsrin əvvəllərində Zəngəzurda törətdiyi vəhşiliklərdən ən dəhşətlisi Tat qırğını olmuşdur. Yerli əhalinin Sultan bəy kimi igid oğullarla birgə mübarizəsi və Bakı milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin gördüyü işlər, həyata keçirdiyi tədbirlər sayəsində Andronikin azğınlaşmış ordusunun qarşısına sədd çəkilmişdi. Andronikin quldur dəstəsinin hücumundan Zəngəzurun kəndlərini xilas etmək üçün Sultan bəy Gorus-Sisyan (İşıqlı dağı) istiqamətində qeyri-bərabər döyüşə girir. Döyüşdə uğursuzluğu görərək tez taktikanı dəyişərək geri çəkilir. Hərbi qərargahı əlverişli bildiyi Hoçaz kəndində yerləşdirir. Ətraf kəndlərdən toplanan könüllülərdən ibarət dəstələrə isə Sultan bəyin ən yaxın silahdaşları olan Seyid Həmid və Cağazurlü Ağaməmmədi rəhbər təyin edir. Döyüşdə əsas rol oynayan toplar Hoçaz dağında qurulur. Mərkiz dərəsində və Malıbəy kəndi qarşısındakı döyüşdə ermənilər xeyli itki verirlər. Döyüşdə Sultan bəyin nişançıları tərəfindən erməni komandirləri məhv edilir. Yalnız Mərkiz dərəsində Ağaməmmədin dəstəsi tərəfindən 120 nəfərdən çox erməni qulduru öldürülürxeyli silah-sursat ələ keçirilir. Andronikin göstərişi ilə 300 nəfərlik təlim görmüş millətçi daşnaklardan ibarət qoşun dəstəsi hazırlanmışdı. Bu dəstə Minkənd-Şəlvə-Murovdağ, sonra isə gizli yol ilə Sarıbaba dağının arxasından Şuşa rayonunun Xəlfəli, Şırlan və Zarıslı tərəfə hücum edib Qarabağa keçməli idi. Ancaq daşnaklar bu planın həyata keçirilməsinə yeganə maneə ola biləcək qüvvə Sultan bəy Sultanovu hesab edirlər. Yerli daşnak tör-töküntüləri Androniki arxayın edərək başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq donan kimi, dəvələr ağzı arana yatanda alaçıqlarını söküb köçürlər. Bu yerlər boş olur. Sultan bəyin isə böyük təsərrüfatı var. Başı qarışıb öz təsərrüfatına. Andronik məqsədinə nail olmaq üçün hərbi sursatını gətirib yığır Qaragölün ətrafına, gözləyir ki, el yaylaqdan köçsün. Fikri Qarabağa keçmək idi. Bu plandan xəbər tutan Sultan bəy müdafiə məqsədilə bütün qüvvələri səfərbər edirAndronikin hücumunu gözləyir. Üç gün döyüş gedir. Düşmən bir addım da olsun torpağımıza buraxılmır. Deyilənə görə, bu məğlubiyyətdən sonra Andronik Sultan bəyin yanına bayraqla elçi göndərir. Sultan bəyin döyüşə xüsusi hazırlaşdığını və səxavətini eşidən Andronik öz aləmində elə düşünür ki, bəlkə bəyi hiylə ilə aldada bildi. Ona görə də Sultan bəylə sazişə girmək fikrinə düşür. Qarabağa hərəkət marşrutunu dəyişir. Xosrov bəyin Qarabağa general-qubernator təyin edilməsini eşidən Andronik Sultan bəyin qorxusundan Qarabağa keçə bilməyəcəyini yəqin edir və hiyləyə əl atır. Din xadimlərinin toxunulmazlığından istifadə edərək keşiş MesrofuSultan bəyin kirvəsi Saşanı danışığa göndərir. Keşiş Andronikin məktubunu Sultan bəyə təqdim edir. Məktubda deyilirdi: "Sultan bəy, bizə Abdallar oylağından keçib Şuşaya, oradan da keçib Dərbənd tərəfdən gələn rusların qarşısını almağa və ermənilərin təsərrüfat işlərinə kömək etməyə getməyimizə icazə versəniz, keçməyimizin təhlükəsizliyini təmin etsəniz sizə istədiyiniz qədər qızıl verərəm. Hörmətlə: Andronik paşa". Sultan bəyin isə bütün məkrli planlardan xəbəri var idi. Deyilənlərə görə, qardaşı Xosrov bəy Sultanov onu Andronikin bu hiyləgər planından xəbərdar etmişdi. Onunla məsləhətləşmiş, hiyləyə hiylə ilə cavab verməyi məsləhət bilərək, Sultan bəyə daşnak qoşunlarının Qarabağa keçməsinə mane olmamasını təkid də etmişdi. Sultan bəy keşişə deyir: "Elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı "paşa" sizə yaraşan ad deyil. Bu ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə, ermənisiniz. Onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar".

 

S. İsmayılbəyli

 

Olaylar.- 2017.- 12 yanvar.- S.10.