Söz və mətbuat
azadlığı
demokratiyanın göstəricisidir
Azərbaycanda bu göstərici ən yüksək səviyyədədir
Müasir qloballaşma
dövründə azad və müstəqil
kütləvi informasiya vasitələrinin
mövcudluğu cəmiyyət həyatında
əhəmiyyətli təsirə malikdir.
Onun başlıca vəzifəsi cəmiyyəti
onu maraqlandıran məsələlər
barədə məlumatlandırmaq, zəruri informasiyalarla
təmin etməkdir. Siyasi mədəniyyətin
formalaşmasında, siyasi plüralizmin
dərinləşməsində müstəsna rola
malik medianın əsas funksiyası məhz
ictimaiyyətin obyektiv informasiyaya
olan tələbatını ödəməkdir.
Mediya bu missiyanı
qanunvericiliyə zidd olmayan
üsullarla informasiyaları toplayıb
hazırlamaq və yaymaqla həyata
keçirməlidir.
Millət vəkili Rəfael Cəbrayılov qeyd edir ki, mətbuat cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır. Tirajlanan söz eyni zamanda ictimai rəyə - əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə, davranışlarına, beləliklə də siyasi proseslərə, bütövlükdə siyasətə təsir göstərir. Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, habelə həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir: "KİV cəmiyyətlə dövlət, ictimaiyyətlə və vətəndaşlarla hakimiyyət strukturları arasında bir növ əlaqələndirici həlqə rolunu oynayır. Bu mənada, yazılı mətbuat, elektron kütləvi informasiya vasitələri yeni dövrdə sadəcə informasiya vermək, maarifləndirmək və əyləndirmək kimi funksiyalarla məhdudlaşmırlar. Onlar eyni zamanda ictimai nəzarətçi, tənqidçi, müdafiəçi kimi funksiyaları özündə daşıyırlar. Bundan başqa, mediya cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlər, ictimaiyyəti maraqlandıran ayrı-ayrı məsələlər üzrə ictimai müzakirə açmaqla, diskussiyalar təşkil etməklə, müxtəlif rəylər formalaşdırmaqla kommunikativ funksiya həyata keçirir. İnformasiya azadlığı həm də fərdi hüquqi məna daşıyır - insanın mümkün qədər çoxsaylı mənbələrdən dolğun və obyektiv məlumat almaq, öz fikirlərini və dünyagörüşünü genişləndirmək, şəxsiyyət kimi formalaşmaq, özünü ifadə etmək tələbatını ödəyir. İnsanın ətraf aləmə, cəmiyyətə, dövlətə, ictimai-siyasi proseslərə münasibəti daha çox onun KİV-dən aldığı informasiyalar əsasında formalaşır. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir. Demokratik dəyərlərə yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, söz və mətbuat azadlıqları təmin olunub. Lakin müşahidələr göstərir ki, yaradılmış yüksək şərait bəzi hallarda söz və mətbuat azadlıqlarından sui-istifadəyə gətirib çıxarır: nəinki cəmiyyət üzvlərinin konstitusiya və qanunlarla qorunan şərəf
və ləyaqətinə toxunulur, eyni zamanda, dövlətin və xalqın milli təhlükəsizliyinə real təhdidlər meydana çıxır. Uzağa getməyək, elə cəbhə bölgəsində vəziyyətin gərginləşməsi zəminində cərəyan edən proseslər respublikada bir çox kütləvi informasiya vasitələrinin - xüsusən də elektron medianın ekstremal şəraitdə informasiya siyasətinə hazır olmadığını göstərdi. Həmin günlərdə bir sıra xəbər portallarında, eləcə də yazılı mətbuatda reallığı əks etdirməyən, rəsmi mənbələrə deyil, emosiyalara əsaslanan əsassız, qeyri-ciddi məlumatların "ayaq tutub yeriməsi", hərbi sirlərin yayılması informasiya təhlükəsizliyi məsələsini ölkəmiz üçün yenidən aktuallaşdırdı. Ümumiyyətlə, müşahidələr göstərir ki, söz, fikir və mətbuat azadlığı üçün respublikamızda yaradılmış liberal və tolerant mühit bəzi hallarda bu sahədə müəyyən problemlərin ortaya çıxmasına, xüsusən də informasiyanın toplayıcısı və cəmiyyətə ötürücüsü funksiyasını yerinə yetirən kütləvi informasiya vasitələrində qanunların və peşə davranışı normalarının kobud şəkildə pozulması hallarına da gətirib çıxarır". Millət vəkili hesab edir ki, ciddi mətbuatın nisbətən azlığı, bir sıra qəzetlərin və saytların öz fəaliyyətlərini şantaj üzərində qurmaları, insanların şərəf və ləyaqətini təhqir etmələri, şəxsi toxunulmazlıq hüququnun pozulması, ən başlıcası, milli maraqların nəzərə alınmaması cəmiyyətdə haqlı narazılıq doğurur, insanlığın ali zinəti olan sözün ucuzlaşmasına, dəyərdən düşməsinə səbəb olur: "Cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatı prosesində fəal mövqe tutmalı olan bir çox qəzetlərin fəaliyyəti, təəssüf ki, tamamilə əks mənzərə yaradır. Mətbuat azadlığına, əks fikrə, informasiya yayımına maksimum şəraitin yaradılması, dövlət məmurlarının, ictimai-siyasi xadimlərin dözümlü, tolerant münasibəti məsuliyyətsiz "yazarları" daha da "pərvazlandırır", onların qanunları açıq-aşkar pozmasına şərait yaradır. Cəzasızlıq mühitindən ruhlanan belə "yazarlar" artıq həm də təhqir və böhtana görə hüquqi məsuliyyətdən azad edən yeni qanunların qəbulunu israrla tələb edir, mətbuat xaosu üçün presedent formalaşdırmağa çalışırlar. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə 2010-cu il 22 iyul tarixdə keçirilmiş görüşdə dövlət başçısı İlham Əliyev mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələrini vermişdi. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycan mətbuatının birmənalı mövqedən çıxış etməsi zərurətini də önə çəkmişdi: "Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq". Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyev mətbuatla bağlı müxtəlif dövrdə verdiyi açıqlamalar bir daha göstərir ki, ölkə rəhbəri demokratik proseslərin dərinləşdirilməsində, mülki cəmiyyət quruculuğunda medianın imkanlarını və rolunu yüksək dəyərləndirir: "Qəzetlərin fəaliyyətindəki çatışmazlıqları, üstün cəhətləri incəliklərinə qədər diqqətə çatdıran dövlət başçısı ölkədə jurnalist peşəkarlığının artırılması, KİV-in iqtisadi müstəqilliyinin təmini üçün reklam bazarının inkişaf etdirilməsi, peşə etikasına ciddi riayət edilməsi, milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik təbliğatının gücləndirilməsi ilə bağlı da fikirlərini açıqlayıb. Qərbdə demokratiyaya yanaşmada onilliklər boyu dəyişməz qalmış bir prinsip mövcuddur: "Sənin azadlığın başqalarının hüquqları başlayan yerdə bitir". Bu müddəa 2009-cu il 18 mart tarixində keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də təsbit edilmişdir: "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Şübhəsiz, informasiya və mətbuat azadlığı da məhz qanunların imkan verdiyi hüquqi çərçivədə tənzimlənir. Hər bir dövlətdə demokratiyanın səviyyəsi söz və mətbuat azadlığının müəyyən olunmuş səviyyəsi ilə ölçülür. KİV-in, jurnalistikanın vəziyyəti, söz və mətbuat azadlığının səviyyəsi demokratiyanın "barometridir". Şübhəsiz ki, hər bir hüquq kimi söz və mətbuat azadlığı da mütləq xarakter daşımır, onun müəyyən çərçivələri, sədləri var. Müəyyən bir qəbildən olan hüquq və azadlıqların hüdudsuzluğu digər qəbildən olan hüquq və azadlıqlarla toqquşaraq, hüquqi dövlətin əsas prinsipləri ilə bir araya sığmayan hüquqi xaosa gətirib çıxara bilər. Hüquq və azadlıqlar hüquqi vəzifələrlə uzlaşdırılmaqla digər qəbildən olan hüquq və azadlıqılarla təmas xətti dəqiq müəyyən edilməlidir ki, heç kim hüdudsuz hüquq və azadlıqlara malik olmasın. Çünki hüdudsuz hüquq və azadlıqlar yalnız digər hüquq və azadlıqların pozulması hesabına reallaşır. Belə hallar isə hüquqi dövlətdə yolverilməzdir. Hüquq və azadlıqların hüquqi vəzifələrlə uzlaşdırılması Azərbaycan Respublikası qanunvericiyilində dünya təcrübəsinə uyğun olaraq sivil formada həllini tapmışdır. Məsələn, "Kütləvi informasiya vasitələri haqqında" qanunda jurnalistlərin hüquqları ilə yanaşı, vəzifələri də geniş əksini tapıb. Qanunun 10-cu maddəsində kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi göstərilib: "Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 13 yanvar.- S.12.