Azərbaycanda plüralizm

ənənələri inkişaf etdirilir

 

Plüralizm sözü son onilliklər ərzində cəmiyyətimizdə, ictimai həyatımızda tez-tez işlənən sözlərdəndir. Çox vaxt bu sözün əsl mənasına varmadan ondan istifadə edirik. Bəzən də onu yalnız istədiyimiz mənada səsləndiririk. Elə Qərb mütəxəssislərinin də "plüralizm" və onun ayrılmaz hissəsi hesab olunan "tolerantlıq" barədə fikirləri müxtəlifdir. Tarixi mənbələrə görə, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəlib.

Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir. 17-ci əsrə qədər adamlar fərqli mövqelərin, dinlərin və s. mövcudluğun dövlətlərin dağılmasına səbəb olan qeyri-sabitliyə və münaqişələrə gətirəcəyinə inanırdılar. Yekdillik isə dövlətin zəruri şərti sayılırdı. Xatırladaq ki, Plüralizm latınca "plüralis" sözündən olub "çoxluq" deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz müxtariyyatına doğru inkişaf etməyə başlayır. Politoloqlar demokratik, hüquqi dövlət quruculuğunda plüralizmin inhisarçılığın istənilən formasının əleyhinə çıxış etdiyini göstərməklə, plüralist tipli ümumi mühüm əlamətləri də qeyd edirlər. Bu əlamətlər ondan ibarətdir ki, sosial davranışın hərəkət dinamikasını buxovlayan stereotiplərin "silinib getməsini" stimullaşdırır; Qeyri-dözümlüyün, qarşıdurmanın, dünyanı ikiqütblü varlıq kimi anlamağın əsaslarını aradan qaldırır; Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək şəxsiyyətin azadlığı dərəcəsini artırır. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müvafiq səlahiyyətlərə malik olan müxtəlif mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin" - müstəqil mətbuatın olması deməkdir. Siyasi ekspertlər hesab edirlər ki, plüralizm bir mədəniyyət olmaqla yanaşı, cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir. Plüralizm müxtəliflik, rəngarənglik və zənginlikdir. Bu cəmiyyətin normal və təbii halıdır. Çünki insan müstəqil fərddir, onun öz fikri, düşüncə tərzi və zövqü var. İnsana necə rahatdırsa elə də yaşamalıdır. O özünü cəmiyyətə və ya cəmiyyətdəki çoxluğa uyğunlaşdırmaq məcburiyyətində deyil. Vahid ideologiyaya məcbur edilmiş cəmiyyətlər gec-tez plüralizm mədəniyyətinə qovuşacaqlar. Plüralizm özü elmi plüralizm, siyasi plüralizm, dini plüralizm, mədəni plüralizm kimi terminlərə ayrılır. Siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir.

Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir. O ki, qaldı tolerantlıq məsələsinə, qeyd edək ki, tolerantlıq qətiyyən laqeydlik demək deyil. Laqeyd olmaq maraq göstərməmək deməkdir, bu isə tolerantlığa aid oluna bilməz. Tolerantlıq relyativizm də demək deyil. Relyativist baxış bəsləyəndə, biz bütün mövqeləri qəbul etməyə üstünlük veririk. Tolerantlıq isə o deməkdir ki, bizim öz mövqelərimiz olduğu və biz bu mövqeyi düzgün hesab etdiyimiz halda, biz bununla belə digərlərinə səhv, yanlış mövqe tutmaq hüqutunu veririk.Totalitar cəmiyyət isə bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.

 Demokratk təsisatların inkişaf etdiyi Azərbaycanda da plüralizmin inkişafı daim təmin olunmaqdadır. Təsadüfi deyil ki, ölkədə ideyaları və baxışlar müxtəlif olan kifayət qədər siyasi qruplar, partiyaların, təşkilatlar mövcuddur. Bu isə özündə onu ehtiva edir ki, Azərbaycan demokratiyanın inkişaf yolunda inamla irəliləyir. Bu isə düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafında xüsusi rolu olan media təmsilçiləri də daxil olmaqla, harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı siyasi uğurlardan qürur duyurlar. Bununla kifayətlənməyərək duymalı inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışırlar. Bu fikri xüsusi qeyd edən dövlət başçısı cənab İlham Əliyev deyib: "Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz". Bu gün Azərbaycanda sözün əsl mənasında siyasi plüralizm mövcuddur. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dəfələrlə Azərbaycanda azad söz və media mühitinin mövcudluğunu, ölkədə azad mətbuat, azad internetin olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir jurnalist istədiyi informasiyanı sərbəst toplaya, heç bir senzuraya məruz qalmadan cəmiyyətə yaya və topladığı məlumat və materialları ictimai müzakirəyə çıxara bilir: "İndiyədək Azərbaycanda yazıya görə həbsə alınan və yaxud təqib olunan jurnalist yoxdur. Amma təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr və təşkilatlar Azərbaycana birbaşa təsir göstərə bilməyəndə, onu istədikləri istiqamətə yönəldə bilməyəndə bu bəhanələrlə, o cümlədən guya azad media mühitinin olmaması, qeyri-hökumət təşkilatlarının təqibi və s. adlarla Azərbaycan dövlətinin ünvanına ayrı-ayrı mətbuat orqanlarında, ayrı-ayrı dairələrdə bu tipli tezislərlə çıxış edirlər. Amma bunların hamısı qərəzlidir, uydurmadır, subyektiv mülahizələrin təzahürüdür və Azərbaycandakı mövcud media və siyasi plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır". Ə. Həsənov vurğulayıb ki, əksinə, biz nəinki postsovet məkanının, eyni zamanda, dünyanın ən qabaqcıl, Qərbi Avropa ölkələrinin media mühiti ilə yarışmaq, rəqabət aparmaq gücünə malikik: "Ona görə də Azərbaycan dövləti və ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş media siyasəti bu gün Azərbaycanı həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə təmsil edə biləcək azad medianın, azad jurnalistikanın inkişaf etmiş elektron və çap media nümunələrinin meydana çıxmasına şərait yaradıb".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 13 yanvar.- S.15.