Söz və məlumat azadlığı dövlətin

demokratik nailiyyətlərinin tərkib hissəsidir

 

Azərbaycanda müasir standartlara cavab verən müstəqil KİV formalaşıb

 

Hazırda ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Mətbuatda fikir söyləmək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur.

Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafında xüsusi rolu olan media təmsilçiləri də daxil olmaqla, harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Bu fikri xüsusi qeyd edən dövlət başçısı cənab İlham Əliyev deyib: "Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz". C.Məmmədli bildirib ki, bu və ya digər informasiya təqdim olunarkən dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə daxildir: "Müasir dövrdə demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axınına şərait yaradıb. Xüsusi jurnalistika təhsili almayan bir çox mətbuat işçiləri tanıyırıq ki, onların mətbuada məhsuldar və peşəkar yaradıcılığı heç bir mübahisə doğurmur. Lakin bununla belə, hər bir peşənin, ixtisasın, xüsusi nəzəri modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir. Azərbaycan jurnalistika məkanında KİV qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarına qeyri-peşəkarların axınından doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə gətirib çıxarır. Jurnalistika xüsusi elm sahəsidir. "Jurnalistika aləminə daxil olarkən, ilk növbədə bu aləmi təşkil edən elementləri bütöv görə bilmək, "jurnalistika" anlayışının mahiyyətini dərk etmək lazımdır. Bunun üçünsə, bəzi təsəvvürlərdə olduğu kimi, köşklərdəki yüzlərlə qəzeti görmək, çoxsaatlı teleproqramlara baxmaq kifayət deyil. Çünki bunlar "jurnalistika" deyilən mürəkkəb bir sahənin nəticə məhsullarıdır. Jurnalistika bu məhsulun yaranmasının, onun oxucuya, tamaşaçıya necə çatdırılmasının sirlərini öyrədən bir mürəkkəb mexanizmdir. Bu mürəkkəb mexanizm, bu mürəkkəb anlayış birdən-birə yaranmayıb. Qəzetdən mətbuat anlayışına, mətbuatdan kütləvi informasiya anlayışına, bundan kütləvi kommunikasiya anlayışına və nəhayət, bütün bunları özündə ehtiva edən mediaya uzanan yolda jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərini öyrənmək çox vacibdir. Ölkəmizdə yüzlərlə mətbuat orqanı qeydiyyatdan keçərək fəaliyyət göstərir. Azərbaycanda fikir, söz və məlumat azadlığı dövlətimizin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir". Heç kəsə sirr deyil ki, bir neçə il öncə görülən bütün effektiv tədbirlərə baxmayaraq, mətbuatda bir sıra problemlər bu sahədə çalışanları və mətbuatın inkişafında maraqlı olan hakimiyyət dairələrini ciddi şəkildə narahat edirdi. Xüsusi olaraq, mətbuatda peşəkarlıq səviyyəsinin artırılması, jurnalistlərin sosial problemlərinin həllinə nail olunması, mətbuatın siyasiləşməsinin və siyasi maraq qruplarının əlində təmərküzləşməsinin qarşısının alınması rəsmi səviyyələrdə keçirilən görüşlərdə başlıca problemlər olaraq qaldırılır, həlli yolları araşdırılırdı. Təbii ki, bu tədbirləri həyata keçirərkən o qədər ciddi və ölçülmüş addımlar atılmalı idi ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və bu tədbirlər mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaratsın. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini özündə ehtiva edir və dövlətin mətbuat siyasətini tam mənada ifadə edir. Bu konsepsiyadan irəli gələrək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının başlıca üstünlükləri ondan ibarətdir ki, ötən illərin təcrüəbəsi artıq sübut edib ki, bu qurum vasitəsilə mətbuat orqanları dövlətin dəstəyindən bəhrələlənərək müstəqil maliyyələşmə sistemini yarada və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edə, mətbuat orqanlarının müxtəlif siyasi dairələrin asılılığından azad edə, mətbuatın ifrat siyasiləşməsinin qarşısını ala bildi. Bütün bunlar isə, nəticə etibarilə özünü mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" təsdiq edilib. Göründüyü kimi "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" ölkədə mövcud olan mətbuat azadlığının əyani sübutdur. "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır" - deyən Prezident İlham Əliyevin bu fikirləri dövlət başçısının ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Milli mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti Sərəncamın imzalanması, mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə onlarla jurnalistin Prezident İlham Əliyevin Sərancamı ilə dövlətin orden və medalları ilə, fəxri fərmanlarla təltif edilməsi mətbuatın inkişafına, jurnalistlərin əməyinə verilən qiymətin davamlılığının nəticəsidir. Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət "dördüncü hakimiyyət" adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 14-16 yanvar.- S.15.