Dövlətin informasiya
və mətbuat
siyasəti söz,
fikir və məlumat
azadlığının
təmin edilməsinə yönəlib
Azərbaycan
Respublikasında söz, fikir,
məlumat, o cümlədən mətbuat
azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi
dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas vəzifələrindən
biridir. Dövlətin informasiya
və mətbuat siyasəti Azərbaycan Respublikasının
Konstitusiyasında əks olunmuş söz, fikir və məlumat
azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun
ardıcıl və tam təmin edilməsinə
yönəlib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadə "Mətbuatın azad fəaliyyətinə siyasi-hüquqi təminat" adlı məqaləsində qeyd edir ki, kütləvi informasiya vasitələrinin inkişafına və mətbuata dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin və mətbuatın müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu əks etdirir. Məqalə müəllifi yazır ki, müstəqillik illərində əldə edilmiş nailiyyətlər Azərbaycanda demokratik təsisatların inkişafına mühüm töhfə verib: "KİV-in sərbəst fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazası tam təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb. 1999-cu ildə qəbul edilmiş "KİV haqqında" qanun, 2005-ci ildə qəbul edilmiş "İnfor-masiya əldə etmək haqqında" qanun və digər qanunlar KİV-in hərtərəfli inkişafına təminat yaradıb. KİV-in kəmiyyətinə görə, bu gün Azərbaycan MDB ölkələri arasında lider mövqelərdən birini tutur. Demokratik inkişaf yoluna keçən ölkələrdə qərarlaşan münasibətlər sistemi üçün plüralizm, tolerantlıq, liberalizm, azad düşüncə və s. kimi dəyərlərin bütün anlamlarda kəsişmə nöqtəsi insan amilidir. Baxış tərzindən asılı olmayaraq, hər bir təhlilçi bu kimi ümumqəbul olunmuş keyfiyyətlərin açıqlanmasında insan fenomeni ilə qarşılaşır. Bunun da obyektiv əsası var və ondan ibarətdir ki, ictimai münasibətlərin subyekti özünün tələbatları, mənafeləri və digər özəl xüsusiyyətləri ilə çıxış edən insandır. İnsan sivilizasiyanın bütün mərhələlərində təbiətlə, daha sonra ictimai quruluşlarının ziddiyyətləri ilə, insanlar-arası münasibətlərin paradoksları ilə, dövlətlərarası münaqişələrdən irəli gələn qarşıdurmalar ilə, nəhayət, elm və texnikanın inkişafının nəticələri ilə toqquşmuşdur. Hər bir halda isə pozulan insan haqları və bu haqların məcmusu olan insan ləyaqətinin aşağılanması olur. Tarixən dinamik şəkildə dəyişən situasiyaların xarakterindən asılı olaraq, insan haqlarının reallaşması və təsbiti mexanizmləri, formaları çeşidli olması ilə xarakterikdir. İnsan cəmiyyətin inkişafının hər bir mərhələsində fərqli istehsal münasibətləri, sosial tənzimləyici, hüquqi-normativ, mənəvi-mədəni kimi məhdudlaşdırıcı normalar ilə üz-üzə qalmışdır. Bu normalar əksər hallarda cəmiyyətin imkanlı təbəqələrinin mənafelərinə çevrilmişdir ki, nəticə olaraq insan hüquqsuzluğu presedenti
yaranmışdır. Əvvəlki mərhələdə epizodik olan bu hal sonrakı tarixi epoxalarda mahiyyət xarakteri almışdır". Vüqar Rəhimzadə qeyd edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün müstəqil Konstitusiyasını yaratdı: "1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə yaradılmış bu Kons-titusiyanın memarı ulu öndər Heydər Əliyev oldu. Konstitusiyanın xalqa verdiyi çox ciddi azadlıq hüquqlarından biri mətbuatla, söz, fikir azadlığı ilə bağlıdır. Konstitusiyanın 47-ci maddəsinin I bəndində deyilir: "Hər kəsin fikir və söz azadlığı vardır" (1, 575). Azərbaycan vətəndaşına verilən bu hüquq, əsasən, KİV vasitəsilə həyata keçirilir. Ona görə də Azərbaycan Konstitusiyasının qeyd etdiyimiz müddəasının II bəndində deyilir: "Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir. KİV-də, o cümlədən mətbuatda dövlət senzurası qadağandır" (1, 575). Konstitusiyanın bu təminatı ölkədə "KİV haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Müəlliflik hüququ haqqında", "Rabitə haqqında", "Dövlət sirri haqqında", "Televiziya və radio verilişləri haqqında", "İctimai teleradio haqqında" və s. qanunların meydana gəlməsinə səbəb oldu. Bütün bunlarla bərabər, ulu öndər Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında", "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" fərmanlar imzalayıb. Bütün bunlar ölkədə söz və mətbuat azadlığına dövlətin verdiyi təminatdır. Müasir mərhələdə Azərbaycanda KİV-lə bağlı qanunlar Avropa standartlarına cavab verir. Hazırda KİV biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. KİV- bir sıra əhəmiyyətli funksıyalar həyata keçirir. Bu funksiyalar aşağıdakılardır: vətəndaşların məlumatlandırılması, təhsil, sosiallaşma, nəzarət, inteqrasiya, səfər-bəretmə və s. KİV-in hər hansı istiqamətdə baş verən dəyişikliklərə xidmət vasitəsi kimi çıxış etməsi son nəticədə konkret ictimai-tarixi şəraitlə şərtlənən vəzifə və tələblərdən irəli gəlir. KİV məhz dəyişikliklərə imkan yaradan vasitə və əlavə kimi səciyyələnir. Vətəndaşların siyasi cəhətdən məlumatlanmağa daxilı tələbatı ilə KİV-in fəaliyyətinin ahəngdarlığı mühüm sosial məna kəsb edir. KİV ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus rol oynayır. Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında münasibətlərin nizamlanması funksiyasını yerinə yetirən, 2003-cü il martın 15-də jurnalistlərin birinci qurultayında yaradılan Mətbuat Şurası (MŞ) fəaliyyət göstərir. MŞ dövlət strukturları, qəzet və jurnalların redaksiyaları və jurnalist təşkilatları tərəfindən təsis edilib. Məqsəd jurnalist standartlarına uyğun olaraq, Azərbaycan mətbuatının keyfiyyətinin və onun elan olunmuş azadlığının, cəmiyyətin informasiya əldə etmək hüququnun qorunması, jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, KİV-in fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həll variantlarının araşdırılması, mətbuatın davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, araşdırılması və bununla bağlı qərarların çıxarılması və s. məsələlərdən ibarətdir. MŞ-nın yaradılması Azərbaycan mətbuatında yeni bir mərhələnin başlanğıcını qoydu". Məqalə müəllifi bildirir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da KİV sahəsində müəyyən problemlər mövcud idi və bu problemlərin aradan qaldırılması məqsədilə mühüm işlər həyata keçirilir: "Son illərə diqqət yetirək. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiqləndi. Sənədin təsdiqlənməsi ilə milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu. Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-lərin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi məqsədilə təsdiqlənən bu sənəddə qeyd edildiyi kimi, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Konsepsiyaya uyğun olaraq ölkə Prezidentinin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVİDDF) yaradıldı. Məqsəd müstəqil mətbuatın inkişafını təmin etmək, mətbuatın maddi-texniki baz-asını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Lakin ötən 2010-cu il mətbuat tarixində daha mühüm hadisələrlə yadda qaldı. Növbəti "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında", "Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə, 100-ə yaxın jurnalistin fəxri adlarla təltif olunması haqqında sərəncamlar bu qayğının davamlılığını təsdiqləyir və qələm sahibləri üçün böyük mənəvi dividentdir. Onların peşələrinə belə diqqətli yanaşması şübhəsiz ki, gələcək fəaliyyətlərinə müsbət təsir göstərir. Jurnalistlərin mənzil problemlərinin həlli ilə bağlı imzalanmış Sərəncam isə xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə ayrılmış 5 milyon manat məbləğində vəsait mətbuat tarixində müsbət mənada böyük bir hadisə idi. Mətbuata dövlət tərəfindən qayğının bu səviyyədə olduğu halda, onun dəyərləndirilməsi vacib məqamlardan-dır. Bu mənada, 2010-cu ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin "Jurnaistlərin dostu" mükafatı ilə bağlı keçirdiyi sorğunun nəticələri jurnalist ictimaiyyətinin obyektiv yanaşma tərzinin təsdiqi baxımından müstəsna səciyyə daşıdı. Keçirilən sorğunun nəticələrinə uyğun olaraq Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" nominasiyasının qalibi olması tamamilə təbii hal idi və hər bir sağlam düşüncəli jurnalistin ürəyindən olan bir istək idi".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 17 yanvar.- S.15.