20 yanvar-qəhrəmanlıq və şəhidlik
zirvəsi
Qəsbkarkar milli ruhumuzu sarsıda bilmədilər
20 Yanvar faciəsi - 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə Sovet
ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdır. 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi
iddiaları irəli sürən Ermənistanın təcavüzkar
hərəkətlərindən Bakının küçələrinə
və meydanlarına
çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə
qarşı sovet ordusunun
döyüş hissələrinin yeridilməsi
faciəyə gətirib çıxardı. 1990-cı ilin 20 yanvarında keçmiş
sovet dövlətinin hərb
maşınının Azərbaycan xalqına qarşı həyata
keçirdiyi qətllər insanlığa
qarşı törədilmiş ən ağır cinayətlərdən
biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaq. Milli
azadlığı, ölkəsinin ərazi bütövlüyü
uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə
günahsız insanın qətlə yetirilməsi və
yaralanması totalitar sovet
rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş
etdirdi. Bakıya yeridilmiş
qoşun kontingentinin
sayı 35 min nəfərə
çatırdı.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində 147 mülki vətəndaş öldürülüb, 700-dən çox adam yaralanıb. Yanvarın 20-si və ondan sonrakı günlərdə Bakıda daha 57 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada 2, yanvarın 26-da Lənkəranda 6 nəfər öldürülüb. Bu hadisələr zamanı 841 nəfər qanunsuz həbs olunub ki, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avto-maşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilib.
20 Yanvar qırğınının törədilməsi
səbəbləri
Artıq 1990-cı il qanlı 20 Yanvar faciəsindən 27 il keçir. Unudulması mümkün olmayan bu qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara "Qara Yanvar" gecəsi kimi həkk olunmuş həmin qanlı tarix təkcə acılarla xatırlanmayan, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində 1988-ci ildən başlayaraq güclənən erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən verilən dəstək və ölkəmizə qarşı qərəzli mövqe nəticəsində adıçəkilən vilayətin idarə və təşkilatları tədricən respublikamızın tabeliyindən çıxarılmış, azərbaycanlılar Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilmiş, soydaşlarımız ağır işgəncələrə, zorakılıqlara məruz qalmış və bu hadisələr xalqımızın səbrini tükəndirmişdi. Həmin dövrdəki sovet hökumətinin göstərişi ilə, xalqımızın haqlı etirazını boğmaq, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının qarşısını almaq üçün 20 Yanvar qırğını törədildi.
Qətliamın
miqyası ağlasığmaz həddə çatıb
Beləliklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilmiş, hərbi gəmilərdən çıxarılan desant qrupları, tanklar və digər hərbi texnikadan istifadə etməklə dinc əhalini gülləboran etmiş, nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulmuşdur. Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Hətta yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdür. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuş, yaralılar yerindəcə güllələnmiş, ağır hərbi texnikanın tırtılları altına salınmışlar. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv etmişlər. Qoşunun şəhərə daxil olması barədə rəsmi məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdır.
İnsanlıq əlahinə
törədilmiş cinayət
İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir. Baxmayaraq ki, 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər mövcuddur, bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar vardır, təəssüf ki, hələ də baş verən qətliam beynəlxalq hüquqi qiymətini almayıb, cinayətkarlar cəzasız qalmaqdadır. Yalnız faciə ilə bağlı ən ciddi və sərt bəyanatı vaxtilə Azərbaycan xalqı adından Ümummilli liderimiz Heydər Əliyev səsləndirmiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir. Həmin bəyanatda bu qanlı hadisə ilə bağlı sovet dövlətinin başçısını birbaşa ittiham etməsi onun cəsarətinin, xalqına məhəbbətinin sübutu idi.
Millətin qəhrəmanlıq
nümunəsi
Qeyd edilməlidir ki, bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməmiş və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələnmişdir. 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etmiş və bu gün respublikamızda hər il qeyd olunur. Faciə qurbanları Bakıda və respublikamızın müxtəlif bölgələrində müqəddəs and yerinə, ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanlarında uyuyur, xalqımız həlak olmuş oğul və qızlarının milli-azadlıq mübarizəsini yüksək dəyərləndirərək daim onların məzarlarını ehtiramla yad edir. Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən "20 Yanvar şəhidi" fəxri adı verilmiş, habelə "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin şəhid ailələrinə Prezident təqaüdü verilir. Ancaq fakt ondan ibarətdir ki, Sovet dövləti beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, respublikamızın torpaqlarının 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, bir milyon soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir.
Alim
Olaylar.- 2017.- 19 yanvar.- S.13.