Azərbycanda məlumat
azadlığının
təminatı yüksək səviyyədədir
Əhalinin 70 faizdən
artığı internet istifadəçisidir
Azərbaycanda fikir, söz və məlumat
azadlığının bariz nümunəsi kimi ölkədə
internetin inkişaf səviyyəsini göstərmək olar.
Hazırda ölkə vətəndaşlarının 70 faizindən
artığının internetə çıxış
imkanı var. Hətta, ən ucqar dağ rayinlarında belə
müasir informasiya texnologiya kommunikasiyasının
imkanlarından istifadə edilir. O da faktdır ki, dövlət
müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında
söz, fikir və məlumat azadlığı sahəsində
ciddi problemlər mövcud idi.
Kütləvi
informasiya vasitələrində senzuranın tətbiq edilməsi,
mətbuat orqanlarının maddi-texniki bazasının zəifliyi,
jurnalistlərin peşəkarlığının
aşağı səviyyəsi vətəndaş cəmiyyətinin
mühüm elementlərindən biri olan fikir, söz və məlumat
azadlığının inkişafına mane olurdu. 1990-cı
illərin ortalarında respublikada ictimai-siyasi sabitlik təmin
edildikdən sonra ölkənin davamlı inkişaf
strategiyası müəyyənləşdirildi, demokratik islahatların
həyata keçirilməsinə başlanıldı.
Müasir jurnalistikanın inkişaf etdirilməsi, milli mətbuatın
mütərəqqi ənənələrinin qorunub
saxlanılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin
müasir dövrün tələblərinə
uyğunlaşdırılması, beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiq edilməsi istiqamətində
müvafiq işlər görüldü. 1995-ci il noyabrın
12-də keçirilmiş ümumxalq səsverməsində
(referendumda) qəbul edilmiş Azərbaycan
Respublikasının Konstitusiyasında hər kəsin fikir və
söz azadlığı, qanuni yolla istədiyi məlumatı
axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və
yaymaq hüququ təsbit olundu, informasiya azadlığına təminat
verildi, kütləvi informasiya vasitələrində, o
cümlədən mətbuatda dövlət senzurası
qadağan edildi. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında
Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə
ləğv olundu. 1999-cu ildə "Kütləvi informasiya
vasitələri haqqında" Azərbaycan Respublikasının
yeni Qanunu qəbul edildi, 2001-2002-ci illərdə beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq şəraitində bu sahədəki
qanunvericilik bazası tam təkmilləşdirilərək,
beynəlxalq standartlara uyğunlaşdırıldı. 2000-ci
ildə kütləvi informasiya vasitələrinin fəaliyyətinə
nəzarət funksiyasını yerinə yetirən Mətbuat
və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə
isə cəmiyyət, dövlət orqanları və kütləvi
informasiya vasitələri arasında münasibətlərin
ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat
Şurası yaradıldı. 2002-ci il iyunun 25-də
"Televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. Həmin Qanunun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 5 oktyabr tarixli Fərmanının 1-ci bəndi ilə
Milli Televiziya və Radio Şurası yaradıldı.
Şuranın əsas vəzifəsi televiziya və radio
yayımlarının fəaliyyətini tənzimləmək,
yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq,
televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl
edilməsi üzərində nəzarəti həyata
keçirməkdən ibarətdir.
2005-ci ildə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
dövlət televiziyası olan AzTV-1 "Azərbaycan Televiziya
və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə
çevrildi. Beynəlxalq ekspertlərin iştirakı ilə
hazırlanmış "İctimai televiziya və radio
yayımı haqqında" Qanuna uyğun olaraq, həmin il
"İctimai Televiziya və Radio Yayımları Şirkəti"
fəaliyyətə başladı. Sonrakı illərdə
kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin
təmin edilməsi məqsədi ilə digər qanunvericilik
aktları qəbul edildi. Beynəlxalq və yerli ekspertlərin
iştirakı ilə hazırlanmış və 2005-ci ildə
qəbul olunmuş "İnformasiya əldə etmək
haqqında" Azərbaycan Respublikasının Qanunu hər kəsin
sərbəst, maneəsiz, hamı üçün bərabər
şərtlərlə informasiya əldə etməsinə
hüquqi təminat yaratdı. Kütləvi informasiya vasitələrinin
müstəqilliyinin dəstəklənməsi və
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi
ilə mətbuat orqanlarının vergi yükünün
azaldılması, qəzet redaksiyalarına kreditlərin
ayrılması, qəzetlərin borclarının dövlət
vəsaiti hesabına silinməsi, aparıcı kütləvi
informasiya vasitələrinə maliyyə yardımı
göstərilməsi, jurnalistlərin
mükafatlandırılması və sair son illərdə Azərbaycanda
həyata keçirilmiş mühüm tədbirlərdir.
Hazırda Azərbaycan Respublikasında 3500-dən artıq
kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına
alınmışdır. Onların əksəriyyəti qəzet
və jurnal, 30-dan çoxu informasiya agentliyi, 44-ü elektron
kütləvi informasiya vasitəsidir. Ölkədə 7
ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası
və 11 radiostansiya fəaliyyət göstərir. Kütləvi
informasiya vasitələrinin əksəriyyəti müstəqil
hüquqi və fiziki şəxslər, ictimai qurumlar, siyasi
partiyalar tərəfindən təsis edilmişdir. Respublikada
çoxlu sayda jurnalist təşkilatları və ictimai birlikləri
fəaliyyət göstərir.
Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının sürətli
inkişafı internetin imkanlarının genişlənməsinə
də şərait yaratmış və ölkədə
müasir internet şəbəkəsi
formalaşmışdır. Azərbaycan Prezidenti 17 fevral
2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan
Respublikasının İnkişafı Naminə İnformasiya
və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)"sını təsdiq etmiş və
bununla da qarşıdan gələn dövrdə
informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri
müəyyən olunmuşdur. Strategiya çərçivəsində
"Elektron Azərbaycan - 2005-2008-ci illər" və
"Elektron Azərbaycan - 2010-2012-ci illər" dövlət
proqramları qəbul olunmuş və icra edilmişdir.
Ümumdünya İqtisadi Forumunun hesabatına görə,
hazırda ölkə üzrə internet istifadəçilərinin
sayı əhalinin 80%-ni təşkil edir. İnternet
provayderinin sayı 40-a çatmışdır. Son illər
genişzolaqlı sürətli internet istifadəçilərinin
sayı 50 faizə yaxınlaşmışdır ki, bu da
ümumdünya orta göstəricisindən 2 dəfə
yüksəkdir. Son 5 ildə internet trafikinin
giriş-çıxış həcmi 40 dəfə yüksəlmiş
və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən
istifadə haqları region ölkələrindəki tariflərlə
uyğunlaşdırılmışdır. Bölgələrdə
internet istifadəçilərinin sayı 12-15 dəfə
çoxalmışdır. Ucqar kəndləri də nəzərə
almaqla Azərbaycanın bütün bölgələrində
internetdən istifadə etmək üçün şərait
yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan
ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə,
o cümlədən 1.2 milyon Facebook istifadəçisi,
vardır. Az. domenində qeydiyyatdan keçmiş internet
saytlarının sayı 20 mini ötmüşdür. Ölkədə
300 yüzə yaxın xəbər və analitik internet
saytı fəaliyyət göstərir və onların
sayı durmadan artır. 2011-ci il mayın 23-də "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı
imzalanmışdır. Fərmana əsasən, dövlət
orqanları öz fəaliyyət istiqamətlərinə
uyğun olaraq bütün sahələrdə elektron xidmətlər
təşkil etmişlər. Elektron xidmətlərin "bir pəncərə"
prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi
ilə www.e-gov.az vahid elektron hökumət portalı
yaradılmışdır. Nazirlər Kabinetinin 2012-ci il 22
oktyabr tarixli qərarı ilə dövlət
orqanlarının göstərdiyi elektron xidmətlərin
növləri 417-yə çatdırılmışdır.
Etnik və dini azlıqların KİV-dən sərbəst
faydalanmalarına heç bir məhdudiyyət
qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər
dərc edilir və ya xaricdən gətirilir.
Azərbaycan Hökuməti söz və fikir azadlığının təmin olunması ilə bağlı beynəlxalq əməkdaşlığa üstünlük verir. Belə ki, hökumət dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasında ifadə və informasiya azadlığının təmin edilməsi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya əsaslanaraq, Avropa Şurası, BMT-nin İfadə Azadlığı üzrə Xüsusi Məruzəçisi, KİV azadlığı üzrə ATƏT nümayəndəsinin Ofisi və digər qurumlarla əməkdaşlığı davam etdirməyə hazırdır. Beynəlxalq təşkilatlar tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsinə yardım, jurnalistika sahəsində özünütənzimləməyə dəstək, o cümlədən media strukturlarına köməklik, eləcə də ifadə və informasiya azadlığı sahələrində Avropa standartlarının tətbiqi istiqamətində məlumatlılıq səviyyəsinin artırılması Azərbaycan Hökuməti tərəfindən yüksək dəyərləndirilir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq 2007-ci il aprelin 24-27-də BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo Azərbaycanda səfərdə olmuş, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş və bir sıra rəsmi görüşlər keçirmişdir. Səfərin nəticələrinə əsasən, o, 2008-ci ilin martında BMT-nin İnsan Hüquqları Şurasına hesabat təqdim etmişdir. ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsi D.Miyatoviç 2011-ci il mayın 11-də "Diffamasiyanın dekriminallaşdırılması" adlı konfrans və 2012-ci il noyabrın 6-9-da Bakıda keçirilmiş "İnternet idarəçiliyi" Forumuna qatılmaq məqsədilə Azərbaycanda səfərdə olmuş və bir sıra rəsmilərlə görüşlər keçirmişdir. 2015-ci il 12-14 mart tarixlərində ABŞ-ın "Yayımçılar Direktorları Heyəti"nin Beynəlxalq Yayımlar Bürosunun direktor müavini Cefri Trimbl və "Azadlıq Radiosu"nun həm-direktoru Con Cambalvo Azərbaycanda səfərdə olmuşlar. Nümayəndə heyəti səfər zamanı bir sıra rəsmi görüşlər keçirmişdir. Hazırda Azərbaycan soz və fikir azdalığının təmin olunması istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək iqtidarındadır və bu sahədə uğurlu fəaliyyətini davam etdirir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2017.- 20-23 yanvar.- S.15.