20 Yanvar – Millətin
Azadlıq
ruhunu oyadan gün!
O gecədən İstiqlal əmri gəlirdi
1990-cı ilin 20 yanvar gecəsindən üç on
ilə yaxın vaxt keçib. Amma o qanlı gecənin acı xatirəsi,
kədərli təəssüratları hələ də insanların ürəyini göynədir,
içini qanadır. Həmin gecənin qan-qadası, qorxusu, eləcə
də millətin
azadlıq mübarizəsinə köklənmiş ruhu daha
neçə on illər, neçə yüz illər qan
yaddaşına dönüb nəsildən nəsilə
ötürüləcək. Mən
o gecə şəhid ola bilmədim, amma
şahid oldum. 20 yanvar gecəsi və sonrakı
gün gördüyüm ürəkdağlayan mənzərələr,
keçirdiyim hisslər canıma-qanıma hopub. Hadisənin
fəlakətindən uzaqlaşmaq, unutmaq mümkün deyil,
yaddaşımı silkələyir...
***
Zaman o zaman idi ki, hər gün Azadlıq meydanında
mitinq keçirilirdi. İnsanlar işdən sonra meydana
toplaşır, hərəkat üzvləri tribunadan xalqı
milli-azadlıq mübarizəsinə çağırır, əhalini
bu mübarizədə fəal iştirak etməyə sövq
edirdilər. Hamı kimi mən də həmin
mitinqlərin iştirakçısı olurdum.
1990-cı
il yanvar ayının 19-u idi. Şəhərdə
demək olar ki, iş dayanmışdı.
Sovet qoşunu Bakının ətrafını
mühasirəyə almışdı. Mərkəzi
Komitənin qabağında iki-üç gün idi ki, mitinq
keçirilirdi. Xalq qoşunun geri çəkilməsini
tələb edirdi. Danışırdılar
ki, qoşun şəhərə daxil olacaq. Mərkəzi Komitənin rəhbərliyi isə bu
deyilənləri təkzib edərək şaiyə
olduğunu bildirirdi. Lakin xalq onlara
inanmırdı.
O gün işdən
günorta çıxıb Mərkəzi Komitənin
qabağına getdim. Baksovet izdiham içində
idi. Mitinqi Bakı Dövlət
Universitetinin müəllimi Vəkil Hacıyev idarə edirdi.
O, toplaşanları dəstə-dəstə Bakının ətrafına-tankların
qabağına getməyə səsləyirdi. Bir
neçə saat dayanıb evə getdim. Az
sonra Nazim gəldi. Onunla iki ay idi evlənmişdik.
Əhmədlidə kirayədə
yaşayırdıq. Şəhərdəki
vəziyyətdən, Mərkəzi Komitənin
qabağındakı mitinqdən, Vəkil müəllimin
çağırışından danışmağa
başladım. Söylədim ki, deyəsən,
vəziyyət ciddidir, nəsə baş verəcək.
Bu vaxt küçədən səs eşitdik. Avtomobillərin
üstündən ruporlar vasitəsilə camaatı Mərkəzi
Komitənin qabağına çağırırdılar.
Bunu eşidən Nazim dik atıldı. Paltosunu geyinib qapıya tərəf getdi. Onu saxlaya bilmədim dalınca mən də
çıxdım. Corab geyinməyə belə
macal tapmadım, çəkmələrimi ayaqyalın geyinib
qapıya cumdum. Blokdan çıxanda
gördüm ki, Nazim yoldakı avtombillərdən birinə tərəf
gedir. Ardınca qaçmağa
başladım. Mindiyi avtomobil yerindən tərpənən
anda əlimi maşının qapısına çatdıra
bildim. O, məndən düşməyi tələb etdi.
Təkidlə onsuz evə
qayıtmayacağımı bildirdim. Əlacsız
qalıb birlikdə yola düşdük.
Mərkəzi Komitənin qabağına çatanda
izdiham gündüz gördüyümdən on dəfə,
yüz dəfə çox idi. Əhali Kommunist
küçəsi boyu səpələnmişdi. Vəkil
müəllim də tribunada öz missiyasını yerinə
yetirirdi:
- 20 nəfər
Əzizbəyov metrosunun ətrafına; 15 nəfər
Sabunçu dairəsinə; 25 nəfər Salyanski
kazarmanın yanına; 10-15 nəfər Biləcəri tərəfə
və s...
Hər dəfə
Vəkil müəllim bu çağırışları edəndə
Nazim məni
məzəmmət edirdi ki, gəlməsəydim indi o da gedərdi.
Cavab verirdim ki, gəl birlikdə gedək. Razı olmurdu.
Saat 24 tamamda avtovağzal tərəfdən güllə
səsləri eşidilməyə başladı. Biz elə
bildik ki, havaya güllə atırlar. Bu
vaxt bir avtomobil izdihama yaxınlaşdı. İçindəkilər
düşüb həyəcanla qışqırdılar:
-
Dağılışın, ruslar gəlirlər.
- Nə
ruslar, hansı ruslar? - camaat yerbəyerdən
soruşdu.
- Sovet
ordusunun əsgərləri camaatı qıra-qıra bura gəlirlər,
dağılışın.
Heç kim inanmaq istəmədi, suallar bir-birinə
qarışdı:
- Necə
yəni milləti qırırlar, əliyalın camaata güllə
atırlar?
- Ola bilməz...
- Qoy gəlsinlər,
yerimizdən tərpənməyəcəyik...
Vəkil
müəllim tribunadan səsləndi:
-
İnanmayın, camaat, təxribatdı... onların dediyinə
uymayın...yerinizdən tərpənməyin... heç yana getməyin.
Bunu
eşidən bir dəstə adam həmin gənclərin
üstünə yeridi, az qala onları öldürəcəkdilər.
Birtəhər qaçıb canlarını
qurtardılar. O axşam özümüzünkülərin
əlindən qurtaran bu gənclər bilmirəm, erməni-rus
birləşməsindən də qurtara bildilərmi?
Biz özümüzdə-sözümüzdə
deyildik. Mərkəzi Komitənin
qabağında dura bilmirdik, var-gəl edirdik. Nazimin qolundan yapışmışdım, qorxurdum
ki, birdən məni qoyub qaçar. Tankların
qabağına gedən avtobuslara minər. Bilmirdik deyilənlərə inanaq,
yoxsa inanmayaq? Hər halda mən
inanmırdım. Çox titrəyirdim.
Saat biri keçmiş Nazimə dedim:
- Gəl
gedək evə, artıq dura bilmirəm. Yalan
danışırlar, inanma, günahsız adamlara güllə
atmazlar.
-
Qorxursan? - Nazim diqqətlə üzümə baxdı.
- Yox.
-
Üşüyürsən?
-
Üşüyürəm, - deyə tələsik cavab verdim.
Əslində titrəməyim
üşüdüyümdən deyil, qorxumdan idi. Nazimdən
dolayı qorxurdum. Qorxurdum ki, gələn xəbərlərin
təsiri altında güllələr atılan tərəfə
gedər. Ona görə də hər vəchlə
çalışırdım ki, onun qolunu buraxmayım.
Narazı halda dilləndi:
-
Yaxşı, gedək... sən mənə mane olursan.
Metronun "Bakı soveti" stansiyası pulsuz işləyirdi. Dinməz-söyləməz
eskalatorla aşağı düşdük. İkimiz də ürəyimizlə
danışırdıq. Mən fikirləşirdim:
"Nazim olmasaydı mən də gedərdim, bəlkə
yalan danışırlar. Nə də razı
olmur ki, birlikdə gedək görək nə var, nə
yox"? Yüz faiz əmin idim ki, o da eynilə
mənim kimi fikirləşirdi. Sonralar biz o
gecəni müzakirə edəndə o
yanılmadığımı, eynilə mənim kimi
düşündüyünü söylədi. Perronda
5-10 adam var idi. Qatar gəldi.
Biz vaqona daxil olanda bir cavan oğlan
ağlayırdı. Onun yanında oturan Nazim soruşdu:
- Niyə
ağlayırsan? Hardan gəlirsən?
-
Avtovağzalın qabağında camaatı qırdılar, -
deyə oğlan göz yaşlarını sildi. - Qıza,
uşağa, qocaya, cavana belə baxmadılar,
hamısını gülləbəran etdilər. Güclə qaçıb canımı qurtara
bilmişəm.
Yenə də inanmadım. Nazim dönüb mənə
baxdı. Və o an gözlərində
acı bir təəssüf, həyəcan, nifrət və
intiqam hissini gördüm. Gözləri ilə
məni məzəmmət edirdi, sanki günahkar mən idim.
-Mamagilə
gedirik...
-Hə
gedək, - əlüstü cavab verdim.
Səhər yuxudan duranda onu evdə görmədim. Nə vaxt
oyanmışdı, hara getmişdi - kimsənin xəbəri
olmamışdı. Bəlkə də
heç yatmamışdı. Allah bilir, bəlkə
də hamımızı yuxuya verib özü aradan
çıxmışdı. Rəfiqəmə zəng
vurdum, səhərəcən güllə səsindən
yatmadıqlarını dedi.
Sanki sinəmdə ürəyim qırıldı. Nazimdən
dolayı canımı bir qorxu aldı. Rəfiqəmin
nə danışdığının fərqində deyildim,
sanki qulaqlarım tutulmuşdu, eşidə bilmirdim. O da mənim
halımı hiss etmiş kimi çox danışmadı.
Qaynanamla sağollaşıb şəhərə
yollandım. Nazimi Mərkəzi Komitənin qabağında
tapacağım ümidilə metroya mindim. Metrodan
çıxanda gözlərimə inanmadm. Kommunist (indiki İstiqlaliyyat) küçəsinin
başlanğıcından düz Mərkəzi Komitənin qabağınadək
tanklar düzülmüşdü. Hər
tankın üstündə əli avtomatlı dörd əsgər
var idi. Kinolarda gördüklərim istisna
olmaqla ilk dəfə idi ki, gerçək tank
görürdüm. Vahimə məni bürüdü. Mərkəzi Komitənin qarşısına getdim.
Yenə də Vəkil müəllim tribunada idi.
Bu dəfə
dünənkindən fərqli elanlar verirdi:
- Filankəsov
Filankəs, valideynlərin səni axtarır, saatın
altına gəl...
Onu yenə
də tribunada
görməyim nədənsə mənə xoş gəlmədi.
Ürəyimdə baş qaldıran,
özümün də anlaya bilməyəcəyim bir hiss məni
oradan uzaqlaşdırmağa vadar etdi. Baksovetə
döndüm. Burada iş yoldaşım Nailəni
gördüm. Yenicə onunla söhbətə
başlamışdım ki, birdən güllə səsləri
eşitdim. Tanklardan metroya tərəf
güllə yağırdı. Sağımdan, solumdan,
başımın üstündən güllələr
uçuşurdu. Metronun qabağına
toplaşanlar İçərişəhərə tərəf
qaçmağa başladılar. Güllələrdən
yayınaraq yeraltı keçidin yanındakı iri
ağacın dalında gizlənməyə macal tapa bildim.
Atəş səsləri kəsiləndən sonra
dönüb arxaya baxanda gördüm ki, bir nəfər yerdə
qan içindədir. Bu, mənim universitet müəllimim idi -
jurnalistika fakultəsində "Qəzet tərtibi"ndən
dərs deyən Əliş Nəbili. Məndən
ötən güllə müəllimimə dəymişdi.
Qışqırmaq istədim, səsim
çıxmadı. Gözlərim
böyüdü. Təcili yardım maşını gəlib onu
apardı. Xoşbəxtlikdən Əliş müəllim
o mənfur güllədən sağaldı, hələ bir
müddət işlədi də...
Yenidən Mərkəzi Komitənin qabağına getdim.
Sanki şüurumu itirmişdim. Özüm də bilmirdim ki, nə istəyirəm,
buralarda niyə dönüb-dolanıram? Beynimdəki bir
nöqtəyə çəkiç taqqıltısı kimi
dəyən "Nazim... Nazim..." səsinin təsiri
altında gözlərim adamların arasında onu
axtarırdı. Bir neçə dəfə istədim
ki, Vəkil müəllimə yaxınlaşıb Nazimin də
adını çəkməsini xahiş edim, amma içimdəki
hansısa bir qüvvə məni tribunaya tərəf getməyə qoymurdu.
Bir qədər dayanandan sonra qayıtmaq qərarına gəldim. Fikirləşdim
ki, Nazim evdə olacaq, onu burada axtarmağım əbəsdi.
Filarmoniyanın qabağındakı insan selinin
arasından yol açıb kecmək istəyirdim ki,
gördüm sürətlə gələn BMP düz
izdihamın üstünə yeriyir. İnsanlar
qaçmağa başladılar. Qaça bilməyib
BMP-nin təkərlərinin altında qalanlar da çox oldu...
Evə necə çatdığımı bilmədim. Stolda oturub
başımı əllərimin arasına alaraq nə baş
verdiyini fikirləşəndə yadıma düşdü ki,
həmin məqamda Baksovetə düşmək mümkün
olmadı. Camaat piyada 28 May metrosuna tərəf
getməyə başladı, mən də onlara qoşuldum.
Bir də onu xatırladım ki, yolu
itirmişdim, bir nəfər oğlan əlimdən tutub metroya
düşürdü. Sonrası yadımda
deyildi. Nazimi fikirləşə-fikirləşə
donub qalmışdım, yerimdən tərpənə bilmirdim.
Beləcə neçə saat qaldığımı, stolda nə
qədər oturduğumu indi də xatırlaya bilmirəm...
Nazim axşam gəldi. Demə gecəni yata
bilməyib, obaşdan durub şəhərə gedib. Məni də aparmaq istəyib, amma oyatmağa
qıymayıb. Günorta gəlib görüb ki, mən
yoxam, kirayə
qaldığımız evə zəng vurub, cavab almayandan sonra
başlayıb o da məni Baksovetdə axtarmağa. Bir-birimizdən xəbərsiz birimiz o birimizi
axtarmışıq. Başıma gələnləri
ona söylədim. Hər ikimiz baş verən
faciənin təsiri altında idik. Gördüklərimizi,
eşitdiklərimizi danışır, bir-birimizə təsəlli
verirdik. Lakin heç birimiz şokdan qopa
bilmirdik.
Hələ faciə baş verməmişdən əvvəl
televiziyanın enerji bloku partladıldığı
üçün informasiya qıtlığı idi. Evdə radiosu olanlar
"Azadlıq", "Bi-Bi-Si", "Amerikanın səsi"
radiostansiyalarına qulaq asır, baş vermiş hadisə barədə
məlumat əldə edirdilər. Bizim isə
radiomuz olmadığı üçün yenə də
qaynanamgilə getməyi planlaşdırdıq. Çox yorğun idik, heç birimizdə taqət
qalmamışdı. Mənəvi yorğunluq,
içimizdəki təlatüm, fırtına, üstəlik
də nifrət, kin, qəzəb hissi içimizi göynədir,
bizi yandırıb-yaxırdı...
Səhəri dirigözlü açdım. Gözümü yuman kimi gündüz gördüyüm tanklar,
avtomatlarından açılan güllələr, BMP-nin rezin
təkərləri altında qalan günahsız insanlar, ətrafdakıların
qışqırtısı, bağırtısı göz
qapaqlarımı açmağa vadar edirdi. Əliş
müəllimin yarasından axan qan gözümün
önündən çəkimirdi. Özümdən
asılı olmayaraq ağlayırdım...
O gecə
doğulan uşaqların bu gecə 27 yaşı olacaq...
Züleyxa NADİR
Olaylar.- 2017.- 20-23
yanvar.- S.14.