Qadının göz
yaşları
(mənzum dram xarakterli hekayə)
O:
İndi
dur.
Aç
əllərini yanlara doğru,
Quc
taleyini,
Gəl,
quc, sən məni...
QADIN:
Söz
verirəm, daha ağlamayacağam,
Sənə
yas saxlamayacağam.
Öləcəm,
Amma
ağlamayacağam...
O:
Səni
düşündükcə titrəyir bədənim,
Əsir
əllərim...
Fikrimdə-zikrimdə ancaq sən varsan.
Bir də sənin şirin xəyalın...
QADIN:
Sus!
Danışma heç nə,
Fikrimdən çıxartmaq istəyirəm
səni.
Qəlbimdən sadəcə atmaq...
O:
Necə
də yanılırsan,
Hissə qapılırsan.
Hə, bir də əsəb...
İçindəki intiqam hissinin yaratdığı
əsəb dalğası...
QADIN:
Axmaqsan, axmaq.
Məni
sevdiyin, əziz tutduğun üçün...
Bəli. Sən axmaqsan...
Və axır
qəlbimdən də
çıxacaqsan.
Var olan hər şeydən
çıxdığın kimi...
O:
Bu həyatda tək günahım,
Səni
atıb getməyim oldu...
Yoxsa səni sevməyim elə gözəldi ki,
Yazda açan tər çiçəklər kimi...
QADIN:
Axır ki, öldürdün sən məni.
Ruhumu, bütün bədənimi...
Axı unutmaq niyə bu qədər çətindir
Kədər sıxır, sıxır
Qəlbimi, hər şeyimi...
O:
O gül qoxulu vücudun,
Elə gülün ruhu tək özəldir ruhun...
Ah, necə də gözəlmiş sənə
sahib olmaq...
İndisə nəsibim ancaq ağlamaq, ağlamaq...
QADIN:
Get daha.
Tanımıram mən səni.
Unutdum, eşidirsən, unutdum artıq...
İstəyirsən yerdə qal, istəyirsən göyə çıx,
Özün bilərsən...
O:
Bilirəm, çox ağırdır.
Yoxluğum səni acıdır.
İnan
ki,
Məni
də sənsizlik məhv edir...
QADIN:
Göz yaşlarıma heyfim gəlir,
Bu qədər ağlamaq
axı niyə?
Sən ki vəfasızsan.
Gərək yox, vəfasıza
ağlamaq...
O:
Bəlkə də haqlısan.
Mənimtək vəfasız...
Məntək biganə bir insan
Yox olub torpağın qaranlığında.
Qəlibimin acısı dinmir
ki, dinmir,
Könlüm axtarır həqiqət
aralığında,
Səni
və sən deyə bütün xəyalları...
Deyərək "O" birdəfəlik yox oldu. Məzar başında ağlayan
qadınsa yavaş-yavaş
damcılayan yağmurun
təsiriylə qalxdı.
Ayaqları qıc olmuşdu.
Amma təpər tapıb getdi. Oradan uzaqlaşdı. Gecənin qaranlığında, ay işığında
azacıq görünən
simasında kədər
vardı. Bəli. Kədər.
Ancaq içdən-içə
sevinirdi. Ürəyi bir
qədər rahatlamışdı,
çünki deyəsən,
artıq istədiyi olmuşdu. Son sözünü
deyə bilmişdi vəfasız sevgilisinə...
Düz bir həftə əvvəl evlənmə
təklifi təxminiylə
(qadın belə düşünürdü) "O", qadını bir kafeyə dəvət etmiş, əvəzində
isə qadına verdiyi sadəcə əlvida məktubu oldu. Getdi. Bir daha dönməmək
üçün getdi.
Anaq son dəfə gözlərinə
baxdı. İllərdir sevdiyi qadının ay çöhrəsindəki o məzlum
cizgiləri gördü.
Amma acımadı. Acıya bilmədi.
Çünki getməsəydi
xəyanət edəcəkdi,
illərin saf sevgisinə, bəlkə də özünə...
Onun bir adı yoxdu. Qadın onu
sadəcə "O" deyə
xatırlayır. Ürəyini
verdiyi, bütün ruhunu, bədənini və qadınlıq namusunu etimad etdiyi onu...
Ayrılmağında bir səbəb əsas idi. Taleyin kirli
oyunu. Dörd il dalbadal
gözəl anlar yaşayan ikilinin arasını nə sosial problemlər, nə cəmiyyətin mənasız düşüncələri,
nə də başqa şey ayırmadı. Sadəcə xəstəlik, bəli,
qarşısı alınmaz
və mübarizə edilməz ağır xəstəlik. Bunu isə
qadın sadəcə
ayrıldıqlarından bir
ay sonra bildi. O da dəfnində...
İndi o anları xatırlamağın
yəqin ki, heç bir anlamı yoxdu. Yox ki, artıq hər şey bitmişdi. Ona görə ki, ömrünə bir ay qalmış bəlkə də özünə layiq bilmədiyi üçün (çünki
əks halda sırf mənəvi dayaq olsun - deyə
deyərdi. Axı
necə də olmasa, onlar dörd
möhtəşəm ili bir yerdə
keçirmişdilər.)...
Eqoist və lovğa insanlar tək ölürlər. Bəli, bu
məhz belədir.
Onların yarısı
çarəsizlikdən, yarısı
da sadəcə belə istəyir deyə... Çarəsizlikdən,
ona görə ki, dünyaya ancaq bir baxış
bucağından baxan adam gec-tez
təbii olaraq toplumdan uzaqlaşır və tənha həyata məhkum edilir... "Belə istəyirlər", ona görə ki, həyatla ölümün
arasında inanılmaz
və təsvirolunmaz bir həzz duyğusunu
kimləsə bölüşmək
və ya kiminsə onlara əngəl olmasını
görmək istəmirlər...
Qadın onsuz son bir ayda nə qədər arıqlamış, çöhrəsi solğunlaşmış, fikirdən saçlarının yarısı ağarsa da, yenə də həyata əzmlə tutunur, yaşamağa çalışırdı. Amma vəfasızlığı, "O"-nun vəfasızlığını unuda bilmirdi. Axı niyə, hər şey belə bitməliydi... Qadının sual dolu gözləri ağlamaqdan köz kimi qızarmışdı. Bu günsə tənha addımlarla irəlilədikcə sanki hava da onun dərdinə şərik olurdu. Yağış öz rəşadətli damcılarını mübarizlik və məhrəmlik duyğusuyla birlikdə qadına doğru göndərirdi. Və sanki uzaqlarda bir səs elə hey pıçıldayırdı:
İndi dur.
Aç əllərini yanlara doğru,
Quc taleyini,
Gəl, quc, sən məni...
Qadın durmadan irəliləyir, məzarlıqda danışdığı ruhun sözlərini, ümumiyyətlə hər şeyini unutmaq istəyirdi. Gözlərisə həmişə olduğu kimi sözünə baxmır, ağlayırdı.
Qadının göz yaşları torpaq altda yatan vəfasız sevgilini fəlakət dolu bir sel kimi qorxudur, ondan sanki vəfasızlığının intiqamını alırdı...
Elşən İsmayıl
Olaylar.- 2017.- 20-23 yanvar.- S.12.