Orda bir kənd vardı...

 

Kərkililər doğma yurd yerlərinə qayıdacaqlarına əmindirlər

 

İllərdir ki, düşmən tapdağı altında olan yurd yerlərimizə səsimiz çatmır, ünümüz yetmir. O yurd yerlərimiz də gözlərini yollara dikib bizi gözləyir. O yurd yerlərindən biri də sərhəd bölgəsi, doğma diyarımızın alınmaz qalası olan Sədərək rayonunda, Tejkar dağının ətəyində yerləşən Kərki kəndidir. Kənd yaşıllığa bürünmüşdü. Elə bir yaşıllığa ki, uzaqdan baxanda meşəyə bənzədirdin. Möhrədən işlənmiş kipçərək evləri yaşıllıq gözəgörünməz etmişdi.

 

Ərənləri qurşaq tutar, at minər, cıdıra çıxardılar. Xanım-xatın gözəlləri oğlanlardan geri qalmazdılar. Bişirdiklərinin ətri beş-altı ev uzağa yayılardı.

Kəndin dişgöynədən bulaqları vardı. Minbir zümzümə ilə axırdılar. Meyvə və üzüm bağlarının məhsullarını şirinlikdən yemək olmurdu. Hələ qarpızını, qovununu demirəm.

Bu kiçik yurd yerinin özünəməxsus xüsusiyyətləri vardı. Kənddə ki bir xeyir iş oldu, ta toy qurtarana qədər hamı bir nəfər kimi o evə yığışırdı, təkcə mal-heyvan örüşdən qayıdanda tez gəlib yerbəyer etdikdən sonra toy evinə qayıdırdılar. Səhərəcən çal-çağır kəsilməzdi. Qara zurnanın səsi dağları tərpədərdi, qonşu kəndlərə gedib çıxardı.

Kənd adamları bir evə düşən yası bütün kəndin hüznü sayırdılar.

Bütün bunların hamısının başında ağsaqqallar və ağbirçəklər dururdu. Onların sözləri bu kəndin yazılmamış qanunları idi. Kimsə bu qanunlardan kənara çıxmaq barədə düşünə belə bilməzdi. Kəndin mövcudluğu dövründə belə şey görünməmişdi.

Beləcə, günlər aylara, aylar illərə qovuşur, bir nəsil digərini əvəz edirdi.

...Bir gün acı ruzigar o kəndin qapısını döydü. O gün kəndin işıqları söndü...Yaman söndü. Erməni vəhşiləri söndürdü...

...Arpaçayın sahilində yerləşən bu kəndin adı 1728-ci il tarixli "İrəvan quberniyasının müfəssəl dəftəri"ndə "Kərkiçik" adı ilə qeydə alınıb. "Kərki vətənpərvərləri" İctimai Birliyi tərəfindən "İşğal olunmuş torpağımız - Kərki kəndi və tarixi həqiqətlər" adlı araşdırmada bu kəndin tarixi, tarixi coğrafiyası haqqındakı məlumatlar Kərkinin qədim Azərbaycan torpağı olmasını bir daha təsdiqləyir. Naxçıvan Muxtar Respublikasının şimal-şərqində, Sədərək kəndinin 8-10 kilometrliyində yerləşən, 960 hektar ərazisi olan kəndin adı isə türk qıpçaq tayfası olan kərkililərlə bağlıdır. Kərki toponiminə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qarabağda Kərkicahan şəhəri, Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, Kərkidağ toponimi də bu tayfa adından qaynaqlanıb...

 

* * *

 

Kəngərli rayonunun Yeni Kərki kəndindəyəm. Doğma ata-baba yurdlarından didərgin salınaraq burada məskunlaşan insanlarla görüşməyə gəlmişəm. Kərki ilə bağlı acılı-şirinli xatirələrini dinləyirəm. O günlərin canlı şahidi Paşa Əhmədovun söhbəti:

- Vəziyyət elə bir həddə çatmışdı ki, ilk olaraq qadınları, qocaları, uşaqları kənddən çıxardıq. Ermənilər ağlasığmaz təxribatlara əl atır, elektrik enerjisini və rabitə xətlərini tez-tez kəsirdilər. Mal-qaranı örüşə çıxara bilmirdik. 333 nəfər əhalisi olan kənd 2 il - 1988-1990-cı illərdə bu vəziyyətdə yaşadı. Nə vaxta qədər belə davam edəcəyi barədə düşünmədən mənfur ermənilərin hücumlarının qarşısını ov silahları ilə aldıq, öz doğma yurd yerimizi müdafiə edə bildik. Bu, 1990-cı il yanvarın 16-dək çəkdi. Artıq yanvarın 17-nə keçən gecə kənddə 17 kişi qalmışdı. Kənd 3 minə yaxın erməni silahlı birləşmələri tərəfindən mühasirədə idi... Vəziyyətin gərginliyini özünüz təsəvvür edin. Dörd bir tərəfdən mühasirəyə alındığımızı biləndə artıq çıxış yolu axtarmağın yeri deyildi. Sanki yelkənsiz, sahibsiz adada idik. Heç bir yerdən işıq ucu görünmürdü. Doğma yurd yerindən çıxmaqdan başqa əlacımız qalmamışdı. Razılaşdıq ki, yaxşı tanıdığımız ensiz bir cığırla gecə vaxtı kənddən çıxaq. Bu yolu ermənilər ona görə saxlamışdılar ki, Kərkidə qalanları həmin cığırda məhv edə bilsinlər. Ona görə də ancaq gecə çıxmağımız təhlükəsiz ola bilərdi. Şaxta getdikcə güclənirdi. Məndə olan durbinlə "Şurud dərəsi" istiqamətindən yola düşdük. Ermənilərin ağlına gəlməyən bu yolla mən dəstənin əvvəlində gedir, durbinlə ətrafa baxırdım. Bu minvalla 6-7 saat yol getdikdən sonra Sədərəyə çatdıq.

- Kərkidə 1988-ci ildə başlanan hadisələr 1989-cu ilin dekabr ayının sonlarında daha gərgin vəziyyətə çatmışdı. Bunu nəzərə alaraq o vaxt Sədərək kəndindəki məktəblərin birində toplantı keçirildi. Vəziyyətdən çıxış yolu axtarıldı. Naxçıvan Vilayət Partiya Komitəsinə, Dövlət Təhlükəsizlik Komitəsinə və Daxili İşlər Nazirliyinə teleqram göndərildi. Kəndin vəziyyətinin ağır olduğu bilinsə də, heç bir tədbir görülmədi. Ümid qaldı kənd sakinlərinin özlərinə. Kəndin üç yerində post quruldu. Hər postda 15 nəfər könüllü dayanırdı. Qonşu rayonlardan da buraya könüllülər gəlirdilər. İki il ərzində Kərki dəfələrlə atəşə tutuldu. Köhnə Kərki, O tay, Sənəm zağası, kəndin girəcəyindəki Şırran körpüsü tərəfdən atışmalar daha intensiv xarakter almışdı. Guya bizi müdafiə etməyə gələn rus hərbçiləri isə öz işlərində idilər. Qədim bir oğuz-türk yurdunun düçar olduğu və insan ağlına sığışmayan hadisələr onların gözlərinin qarşısında baş verirdi. Ən ağır gün yanvarın 15-i və 16-sı oldu. Bir neçə kənd sakini ağır yaralandı. Artıq quduzlaşmış ermənilərin hücumlarının qarşısını almaq mümkün deyildi. Bu sözləri Kəngərli Rayon İcra Hakimiyyətində çalışan Mahir İsmayılov deyir.

Ömrünün doqquzuncu on illiyinə qədəm qoymuş təqaüdçü Seyran İsmayılova da Kərkidə baş verən hadisələri gözləri ilə görüb:

- Heç kim inanmazdı ki, bir gün biz o kəndsiz qalacağıq. O kənd də bizsiz qalmağa məcbur ediləcək. Gözləmirdik belə olacağını. Ancaq sən saydığını say, gör fələk nə sayır. Mən və mənim kimi yaşlı insanların gözləri hələ də yol çəkir. Oradan çıxan kərkililərin bir qismi Şərur, Babək, Ordubad rayonlarında, Naxçıvan və Bakı şəhərlərində, bir qismi isə Qax rayonunda yaşayırlar. Dövlətimiz kərkililərə hər cür qayğı göstərsə də, doğma yurd həsrəti hələ də içimizi yandırır. Ora qayıtmaq ümidlərimiz hələ də yaşayır. Bugünkü gənclik Yeni Kərkidə böyüyüb. Bizim gördüyümüz Kərki haqqında ancaq söhbətlərimizi eşidib.

Yeni Kərki kənd tam orta məktəbinin müəllimi Aygün Bayramova deyir ki, bugünkü gəncləri Vətənimizə məhəbbət ruhunda tərbiyə etmək üçün bütün qüvvəmizlə çalışırıq. Kərkililər qoçaq, məğrur insanlardır. Onların 1988-1990-cı illərdə yaşadıqlarını, gördüklərini, çəkdikləri əzab-əziyyətləri davamlı şəkildə məktəblilərə çatdırmağa, onların Vətənə, doğma Kərkiyə məhəbbət ruhunda tərbiyə edilməsinə, xalqımızın ulu tarixinin olduğu kimi öyrədilməsinə çalışırıq. Kərki ilə bağlı hazırladığımız sərgi bugünkü məktəblilərə qədim yaşayış məntəqəsinin o illərdəki keşməkeşli günlərini bütün çalarları ilə göstərir.

Kənd ziyalısı Elşad Məmmədov:

- Etiraf etmək lazımdır ki, Kərki kəndi mövcud olduğu dövrdə bir o qədər də diqqət görməyib. Yalnız kənd sakinlərinin şikayətlərindən sonra 1989-cu ilin aprel ayında kəndin sosial-iqtisadi inkişafı ilə bağlı ovaxtkı Naxçıvan MSSR Nazirlər Soveti qərar qəbul etmişdi. Lakin gec idi. Çünki 1988-ci ildə başlanan hadisələr elə sürətlə davam edirdi ki, o vaxt ancaq kəndi və kənd adamlarını qurtarmaqdan söhbət gedə bilərdi. Təəssüf ki, kəndi qurtarmaq mümkün olmadı. Kərkililər nə qədər müqavimət göstərsələr də, o yurd yerimiz ermənilərin əlinə keçdi. İnsanların bir qismi isə Yeni Kərki kəndində məskunlaşdılar. Öz ata-baba torpaqlarından zorla çıxarılmış bu kəndin sakinlərinin üz­ləşdikləri problemlərin aradan qaldırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi hesabına kərkililərin problemləri öz həllini tapdı, onlar üçün ayrılmış torpaq sahəsində yeni mənzillər tikildi. Kənd sakinlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlər görüldü. Kənddə inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, bələdiyyə, feldşer-mama məntəqəsi, məktəb yaradıldı, kənd qazlaşdırıldı, telefon çəkildi. 2010-cu ildə isə kənddə kompleks quruculuq işləri aparıldı, yeni məktəb binası, kənd mərkəzi və məişət evi inşa edildi. Kərkililər elektrik enerjisi, mavi yanacaq, rabitə xidməti haqlarını güzəştli şərtlərlə ödəyirlər.

 

* * *

 

Yeni Kərki kənd tam orta məktəbinin XI sinfində oldum. Burada 6 şagird təhsil alır. Sinifdə qürurverici bir məqamla rastlaşdım. 17 yaşlı bu şagirdlər Kərkinin 27 il bundan əvvəlki iki il yaşanan həyatını əzbər bilirlər. Məktəbin aşağı siniflərində oxuyan uşaqlarla da söhbət etmək keçdi fikrimdən. Elə o anda düşündüm ki, bu yaşlarda olan uşaqların valideynləri Kərkini görməyiblər, onlar Kərkinin işğalından sonra anadan olublar. Həmin valideynlərin uşaqlarının, yəqin ki, Kərki haqqında təsəvvürləri olmaz. Demə, fikrimdə yanılmışam. Uşaqlardan birinin dedikləri məni həm düşündürdü, həm də qəlbimi qürurla doldurdu:

- Babam Kərki kəndinin şəklini böyüdüb öz otağından asıb. O şəklə baxanda gözləri dolur. Babama söz vermişəm ki, hərbçi olacağam, Kərkini ermənilərdən alacağam.

 

* * *

 

Uşağın bu sözlərində gələcəyə nikbin baxışları duymaq çətin deyildi. Elə onun sinif yoldaşlarının da çöhrələrindən bunu oxudum. Məktəbin qapısından çıxanda ürəyimdə dedim ki, dövlətimizin həyata keçirdiyi sülhməramlı siyasət, Azərbaycan Ordusunun getdikcə güclənməsi, kərkililərin yurd-torpaq yanğısı, sabaha böyük ümidləri sizi Kərkiyə qaytaracaq. O gün uzaqda deyil.

 

Muxtar Məmmədov

 

Olaylar.- 2017.- 20-23 yanvar.- S.10.