“Kütləvi informasiya vasitələri haqqında”

Qanun söz və mətbuat azadlığına zəmanət verir

 

Azərbaycanın demokratik prinsiplərə sadiqliyi, bu istiqamətdə atdığı davamlı addımlar hər bir sahə kimi kütləvi informasiya vasitələrinin fəaliyyətinə də öz müsbət təsirini göstərir. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda fikir, söz və ifadə azadlığı, plüralizm inkişaf edib, ölkədə azad, müstəqil media fəaliyyət göstərir. Sevindirici haldır ki, bu müsbət tendensiya bir sıra beynəlxalq əhəmiyyətli qeyri-hökumət təşkilatlarının hesabat və rəylərində də irəliyə doğru atılmış addım kimi xarakterizə edilir.

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin mətbuatın durumu ilə bağlı hesabatında qeyd edilir ki, Azərbaycanda 5000-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Hazırda ölkə səviyyəsində 50-dən çox jurnal, 36-dan çox gündəlik qəzet, 100-dən çox həftəlik qəzet, rayonlarda isə 80-ə yaxın qəzet işıq üzü görür. Azərbaycanda mətbuata tətbiq edilən senzura 1998-ci ildə ləğv edilib və 2000-ci ildə qəbul edilmiş "Kütləvi informasiya vasitələri haqqında" Qanun, fövqəladə vəziyyətlər zamanı bəzi media fəaliyyətlərinə qoyulması mümkün məhdudiyyətlər istisna olmaqla istənilən senzura aktını qadağan edir. Bununla belə, diffamasiya qanunvericiliklə cinayət əməli hesab olunur. Jurnalistlərin peşə etikası və özünə-nəzarət mexanizmləri isə yaxşı inkişaf etməyib. Ölkədə çap və internet mediası çox şaxəli olmasına baxmayaraq, KİV-in, xüsusilə yayım mediasının müstəqilliyinin artırılması istiqamətində görüləsi işlər çoxdur. Ümumilikdə Azərbaycanda KİV-in müstəqilliyinə zəmanət verən səmərəli hüquqi-institusional mexanizm inkişaf etdirilməlidir. KİV-in, xüsusilə yayım mediasının korrupsiyaya qarşı mübarizə haqqında ictimai maarifləndirmə proqramları məhduddur. KİV-in idarə edilməsinin maliyyə aspektlərinin, o cümlədən onların maliyyə xərclərinin şəffaflığının təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycanın reklam bazarının kiçik olması və şirkətlərin öz reklamlarını müxalif qəzetlərdə yerləşdirməkdən çəkinmələri müxalifət mediasının maliyyə imkanlarını məhdudlaşdırır.

KİV haqqında qanun çap mətbuat vasitəsi yaratmaq istəyən fiziki və ya hüquqi şəxsdən dövlət orqanlarından rəsmi icazə almasını istəməsə də, həmin qurum tərəfindən nəşr edilməmişdən 7 gün öncə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verilməsini tələb edir. Hesab olunur ki, Azərbaycanda yayım mediasına nisbətən çap mediasının yaradılması üçün daha əlverişli şərait mövcuddur. Çap mətbuatı orqanının təsis edilməsi və vergi qaydaları iqtisadiyyatın digər sahələri ilə müqayisədə həm ədalətli, həm də əlverişli olması ilə seçilir. Məsələn, qəzetlər idxal etdikləri kağız üçün 18% vergidən azaddırlar. Əksər azərbaycanlıların informasiya əldə etdiyi dövlət və özəl yayım kanallarının (kabel televiziyaları vasitəsilə xarici televiziya kanalları da daxil olmaqla) fəaliyyətini tənzimləyən iki qanun "İctimai televiziya və radio yayımı haqqında" və "Televiziya və radio yayımı haqqında" qanunlardır. Hökumət İctimai Televiziya və Radio Yayımları Şirkətini 2005-ci ildə "Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin keyfiyyətli informasiyaya olan ümumi maraqlarını təmin etmək və informasiyanın söz və fikir azadlığı kimi anlayışlar əsasında hazırlanılması və yayılması" məqsədilə yaradıb. Müvafiq qanun ictimai yayımın rəhbər tutmalı olduğu əsas prinsiplər sırasında, "müstəqillik, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü, plüralizm" kimi dəyərləri sadalayır. Təcrübə onu göstərir ki, qəzeti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək yayım aparmaq üçün tələb olunan lisenziyanı almaq qədər problemli deyil. "Televiziya və radio yayımı haqqında" Qanuna görə, özəl yayımçılar yayım üçün Milli Televiziya və Radio Şurası tərəfindən təşkil olunmuş tenderdə iştirak edərək lisenziya əldə etməlidirlər. Qiymətləndirmə meyarları çox genişdir və şəxsi mülahizələrə açıqdır.

Hesabatda həmçinin qeyd edilir ki, hökumət, həmçinin, İnformasiya məsələləri üzrə Müvəkkilin yaradılmasını nəzərdə tutan qanuna dəyişikliklər edib və onun səlahiyyətlərini başqa bir quruma, İnsan Hüquqları üzrə Müvəkkilə həvalə edib. Hökumətin bu qərarını tənqid edənlər də var. Onların fikrincə İnsan Hüquqları üzrə Müvəkkilin onsuz da kifayət qədər öhdəlikləri var və yeni bir vəzifənin quruma həvalə edilməsi, iş yükünü artırır və işin effektivliyini azaldır.

Sənəddə reket jurnalistikaya qarşı aparılan mübarizədən də söz açılır. Bildirilir ki, bəzilərinin fikrincə adları Mətbuat Şurası tərəfindən hazırlanan "qara siyahı"ya daxil edilən media qurumlarının maliyyə vəsaiti tapması çətinləşir. Mətbuat Şurası mütəmadi olaraq "reket" fəaliyyəti ilə məşğul olan və ya peşəkar jurnalist etikasına riayət etməyən bu qəzetlərin "qara siyahısı"nı nəşr edir. Bir qeyri-hökumət təşkilatı olaraq Mətbuat Şurasının reket qəzetlərin siyahısını hazırlaması birmənalı qarşılanmır. Dövlət 2009-cu ildə təsis olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə yerli mətbuat orqanlarına maliyyə dəstəyi verir. Fondun Nizamnaməsində əsas məqsədlərindən biri kimi fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi bəyan olunur. Hesabatda jurnalistlərə pulsuz mənzillərin verilməsinə də toxunulur. Qeyd olunur ki, 155 jurnalistə, o cümlədən müxalif mətbuatın 15 nümayəndəsinə mənzillər paylanıb. Hökumət bildirib ki, aztəminatlı jurnalistləri evlə təmin etmək təşəbbüsü onların xarici təsirlərdən azad şəkildə işləməsinə imkan verəcək.

Azərbaycan Respublikasının Konstitusiyası və mətbuatın fəaliyyətini tənzimləyən "Kütləvi informasiya vasitələri haqqında" Qanun söz və mətbuat azadlığına zəmanət verir. İnformasiya azadlığı haqqında Konstitusiyanın 50-ci maddəsi bəyan edir ki, KİV azaddır və dövlətin mətbuata senzurası qadağandır. "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 1-ci maddəsi Konstitusiyanın ruhuna uyğun şəkildə dövlətin mətbuat azadlığının təminatındakı rolunu vurğulayır. Qanunun 8-ci maddəsi isə KİV-in dövlət qurumlarından informasiya əldə etmək hüququnu bəyan edir və dövlət orqanlarından media tərəfindən onlara ünvanlanan informasiya sorğularına cavab verməsini tələb edir. Qanunun 50-ci maddəsi dövlət qurumlarında akkreditə olunmuş jurnalistlərin maneəsiz tədbirlərdə iştirak etməsi və informasiya əldə edə bilməsi müddəasını əks etdirir.

Sənəddə bildirilir ki, mətbuat orqanlarının hesabatlılığını təmin etməli olan Jurnalistlərin Peşə Etikası Kodeksi və medianın "özünütənzimləməsini" həyata keçirən Mətbuat Şurası mövcuddur. 2003-cü ildə təsis olunmuş Mətbuat Şurasının missiyası jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, Jurnalistlərin Peşə Etikası Kodeksinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Qurumun əsas fəaliyyəti KİV-lərlə bağlı daxil olmuş şikayətləri araşdırmaq, şikayətçi və cavabdeh təşkilat arasında anlaşma əldə edilməsinin mümkünlüyünü müəyyən etməkdir. Qurumun jurnalistika etikasını pozanlara ("reket" jurnalistika ilə məşğul olanlara) qarşı istifadə etdiyi əsas cəza vasitəsi onların adlarının Şura tərəfindən tərtib olunan "qara siyahıya" salınmasıdır. Bu cür ictimai qınaqdan "peşə prinsiplərinə tam laqeyd yanaşan, yazılarında tənqid obyektinin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna bilərəkdən ziyan vuran" KİV-lərə qarşı istifadə olunur. Jurnalistlərin Peşə Etikası Kodeksinin ATƏT və Mətbuat Şurası tərəfindən birgə yenilənmiş forması 2010- cu ildə ictimaiyyətə təqdim olunub. Bu sənəd jurnalist və KİV-dən tələb edir ki, səhvi kimin müəyyən etməsindən asılı olmayaraq kütləvi informasiya vasitələləri buraxdıqları səhvləri ən qısa zamanda düzəltsinlər. Düzəliş açıq şəkildə göstərməlidir ki, nəşr edilən informasiya tam yoxsa qismən yanlış olub. Bəzi ekspertlərin fikrincə Kodeks "kağız üzərində" qalmış və hesabatlılığın təmin edilməsi istiqamətində hər hansı müsbət dəyişikliyə gətirib çıxarmamışdır. Hesab olunur ki, şikayətlərin bir çoxunun Şura səviyyəsində həlli potensial məhkəmə işlərinin qarşısını alır və beləliklə jurnalistləri ifrat cərimələrdən, o cümlədən həbslərdən qurtarır. Azərbaycanın yayım məkanında hesabatlılığı təmin etməli əsas qurum Milli Televiziya və Radio Şurasıdır. Şuranın vəzifələri "televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Əsas KİV-lərin jurnalistlərinin və bəzi redaktorların ictimaiyyətlə ünsiyyəti üçün imkan yaradan interaktiv bloqları var. Əsas kommunikasiya kanalı sosial media, xüsusilə Facebookdur. Eyni zamanda, Azərbaycanın əsas kütləvi informasiya vasitələrinin elektron və Facebook səhifələrində oxucuların şərh və rəylərini paylaşması üçün də imkanlar olur.

 

Olaylar.- 2017.- 24 yanvar.- S.15.